Reklam sevməyən
həkim
O, Bakıda yaşayır, işləyir...
Ötən ilin
yayında səhhətimlə bağlı çox gərgin məqamlar
yaşayırdım. Həmin məqamların birində Azərbaycanın
dəyərli yazıçısı və son dərəcə
də qayğıkeş dostlardan biri olan Seyran Səxavət
özünəməxsus ciddiliklə dedi:
- Ayə, dur düş
qabağıma, səni aparım Vidadinin yanına. Təpədən-dırnağa
"remont" eləyib qaytarıb versin bizə, gəlib adam
kimi arağımızı içək.
Mən barəsində
çox eşitdiyim Vidadi həkimin kimliyini, hansı sahə
üzrə mütəxəssis olduğunu tədqiq
bilmirdim. Ona görə də təəccüblə onun
üzünə baxdım. Və Seyran müəllim də mənim
təəccübümü bir az da artıran ikinci həmləsini
etdi:
- Vidadi bax sənin bu
dostun, mənim bu qardaşım, eloğlumuz akademik Hətəm
Quliyevin doğmaca qardaşıdı. Bildin? Üzümə də
təəccüblə baxıb-eləmə...
Doğrusu mən uzun illərdən
bəri doğma münasibətdə olduğum
ziyalılığını və alimliyini
insanlığı ilə eyni səviyyədə tutan, dəyərləndirən
Hətəm müəllimin mənə bir neçə dəfə
Vidadi ilə bağlı xatırlamalarının mahiyyətini
indi anladım və vaxtında ona müraciət etmədiyim
üçün daxilən utandım da. Amma...
Amma görünür həyatın
öz qanunları olduğu kimi, insanların da bir-biri ilə
qarşılaşması, təmasda olması
üçün də müəyyən yazılmamış
qanunlar var. Bax elə o qanunların biri bu günlərdə məni
Vidadi həkimlə qarşılaşdırdı. Öncə
telefonla əlaqə saxladım, sonra
çalışdığı "Atlas" özəl
klinikasında qapısını döydüm. Bu
görüşüm heç də təsadüfi xarakter
daşımırdı. Çünki məni bu
görüşə ünvanlayan, səmtləndirən "Ədalət"
qəzetinin təsisçisi və millət vəkili Aqil Abbas
idi.
Öncə bir xatırlama
İndiki kimi
yadımdadır. Tarix dəyişsə də, zaman ötsə
də, amma o anları dəqiqliyi ilə xatırlayıram.
Üç il bundan öncəyə qədər millət vəkili
Aqil Abbas ölkənin baş şəhərində, eləcə
də qardaş Türkiyədə, o cümlədən səfər
etdiyi digər məmləkətlərdə də səhhəti
ilə bağlı çoxlu sayda həkimlərə
ardıcıl müraciətlər
edirdi. Və hər müraciətdən sonra da qalaq-qalaq həkim
təyinatları, dava-dərmanlar alınır, apteklərin
qapıları tez-tez döyülürdü. Amma nə bu
dava-dərmanların, nə həkim təyinatlarının
heç bir müsbət nəticəsi
görünmürdü. Ağrılar davam edir, Aqil Abbas da
ağrıkəsicilərlə gününü yola verirdi. Nəhayət...
Günlərin birində
yenə dostların tövsiyəsi ilə Aqil Abbas Vidadi həkimin
qapısını döydü. Onun pasiyenti oldu. İnanın
ki, dünyanın müxtəlif səhiyyə ocaqlarına
baş çəkmiş millət vəkili öz müalicəsini
məhz Vidadi həkimin təyinatı ilə, onun şəfalı
əllərinin köməyi ilə tapdı. Çox qısa
bir zamandan sonra Aqil Abbas mədəsindəki ağrılara son
qoydu.
***
Bax, elə bu fakt
özü istər-istəməz məni də millət vəkilinin
tapşırığı ilə Vidadi həkimin pasiyentinə
çevirdi. Qapısının önündə xeyli növbə
var idi. Düşünürdüm ki, onun qəbuluna
düşmək, onun zəhimli baxışları altında
suallarına cavab vermək çətin olacaq, amma
yanıldığımı dərhal da hiss etdim. Klinikaya
çatanda qəbul şöbəsindəki xanıma
yaxınlaşıb özümü təqdim etdim. Həmin
xanım da təbəssümlə dedi:
- Müəllim,
vaxtında gəlmisiniz. Vidadi həkim bütün xəstələrə
öncədən vaxt təyin edir. Ona görə heç kim
başqasının növbəsinə daxil ola bilmir, nə də artıq vaxt itirmir.
Tibb bacısı
danışa-danışa məni 12-ci otağa apardı.
Qapını döyüb içəri daxil olanda gözlərimə
inanmadım. Mən ki, bu insanı çox yaxından
tanıyıram, dəfələrlə xeyir-şər məclisində
bir yerdə olmuşuq... O da gülümsəyərək,
şair, xoş gəldin dedi. Mehriban görüşdük,
hal-əhval tutduq və gəlişimin məqsədini
bildirdim. Dərhal cibimdən çıxarıb iş stolunun
üstünə qoyduğum diktafonu götürüb dedi:
- Çox xahiş edirəm,
heç nə yazma. Mən reklamı xoşlamıram. Gəl
sadəcə söhbət edək, Seyran da, Hətəm də
sənin səhhətinlə bağlı mənə
danışıb. Qoy səni də bir yoxlayım, bu da olsun
bizim müsahibəmiz.
Təbii ki, onun
israrı ilə razılaşdım, amma peşəkarlıq
da hərdən adamın işinə yarayır. O məni
müayinə etdikcə mən də yaddaşıma
köçürtdüyüm bəzi sualların cavablarını
artıq ondan alırdım. Elə o cavablardan da bildim ki, Vidadi
Quliyev artıq doktorluq işini də yazıb tamamlayıb və
bu günlərdə müdafiə edəcək. Uzun müddət
respublikanın Onkoloji Mərkəzində şöbə
müdiri işləyib. Sonra iş yerini dəyişib,
müxtəlif özəl klinikalarda, bu gün isə
"Atlas"da çalışır.
Sözarası səhiyyəmizlə,
xüsusi ilə ölkənin xaricinə - İrana, Türkiyəyə,
Rusiyaya müalicə üçün üz tutan
soydaşlarımızla bağlı fikrini soruşdum. Dedi ki,
seçim etmək hər kəsin öz ixtiyarındadı.
Bizdə də kifayət qədər savadlı, təcrübəli
həkimlər var. O cümlədən də müasir tibbi
avadanlıqlar da yetərincədir. Sadəcə, biz də bir
az kompaniyaçılıq, bir az da "özgə yerin
halvası şirin olar" prinsipi həmişə
mentalitetimizdə özünü göstərib, digər tərəfdən
də ölkədən kənara üz tutanlar daha çox
maddi imkanları yerində olanlardı. Hətta bəziləri
qripi də xaricdə müalicə etdirməyə
üstünlük verir. Burda təəccüblənəsi və
narahat olası heç nə yoxdu. Hər kəs seçimində
sərbəstdi.
Mənim
üçün maraqlı idi ki, görəsən, Vidadi həkim
üçün ölkə səhiyyəsinin mənzərəsi,
ümumiyyətlə həkimlərin, tibbi personalın durumu,
xəstə-həkim münasibətləri hansı müstəvidə
görünür, hansı çalarlarla xarakterizə olunur.
Doğrusu bu sualın müxtəlif variantlarda istifadə etməklə
cavabını almağa çalışsam da, həkim birmənalı
olaraq bildirdi ki, savadlı həkimin, ümumiyyətlə
peşəkar insanın həmişə işi, iş yeri
olub və olacaqdı. Yəni yaxşı həkim həmişə
aranıb axtarılır. Onun həyat səviyyəsi təkcə
dövlətin verdiyi imtiyazlarla, əməkhaqqı ilə
deyil, həm də özünün yaxın çevrəsinin
ilıq münasibəti ilə də ölçülə
bilər. Bir az da konkret desək təkcə dostlar,
doğmalar, istedadlı, peşəkar, gərəkli şəxsə,
bir sözlə hər hansı bir sahə üzrə fəaliyyət
göstərən həkimə qayğı göstərsələr,
onun problemlərinin çözümündə
yardımçı olsalar, bu həm cəmiyyətin, həm də
tərəflərin hamısının xeyrinə işləmiş
olar.
Bəli, "Atlas"da
olduğum müddətdə mən bir daha əmin oldum ki, son
dərəcə təvazökar və son dərəcə də
həlim təbiətli Vidadi həkim indiki durumda öz peşəsinə,
öz andına sadiq olan tək-tək insanların
sırasındadı. Bu elə bir sıradır ki, o
işıq kimi hər tərəfdən diqqəti çəkir.
Sadəcə o işığı görmək, onu qiymətləndirmək
lazımdı. Çünki "uzaq yerin halvası nə qədər
şirin olur-olsun" burda, bu məmləkətdə, ölkənin
paytaxtında şəfa vermək qabiliyyətində, insan
kimi yanaşma gücündə olan həkimlərimiz az deyil.
Onlardan biri də Vidadi Hidayət oğlu Quliyevdi. Mən
heç kimə xəstəlik, ağrı-acı
arzulamıram. Amma xatırlatmaq istəyirəm ki, bizim, yəni
müalicəyə ehtiyacı olan insanların Vidadi Quliyev kimi
həkimi var.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 6 aprel.- S. 5.