MEYVƏLƏR ŞAHININ "BÜLLUR SARAYI"

 

Həmyerliləri onunla fəxr edir

 

Hələ uzaqlardan baxanda belə o əzəmətli bina, modern görüntüsü və yaşıllıqlar çələngi ilə göz oxşayan o gözəl məkan öz büllur rəngi, büllur aurasıyla gerçəkdən Büllur Sarayı xatırladır. O özü hər şeyin belə olmasını istəmişdi. O - bir zamanlar futbol, voleybol, tennis oynamaqdan yorulmayan, təhlükələrdən, macəralardan çəkinməyən Fərhad! O - sonralar zəhməti, zəkası, yüksək mənəviyyatı ilə ucalıb zirvələr fəth edən Fərhad Əhmədov! O - məşhur iş adamı, elm adamı, doğma Azərbaycanını canından artıq sevən rusiyalı milyarder Fərhad Əhmədov! İndi Büllur Saray dediyimiz "Aznar" adlı bu nəhəng müəssisə məşhur həmyerlimizin respublikamıza, eləcə də boya-başa çatdığı, uşaqlıq və yeniyetməlik illərini yaşadığı Göyçaya verdiyi töhfələrdən biridir. Meyvələr şahının şöhrəti indi bu şirkət vasitəsiylə bütün dünyanı gəzir, Göyçay narının və onun məhsullarının analoqu olmadığını təsdiqləyir. Daha əvvəlki illərdəki kimi simvolik olaraq deyil, bütün komponentləri ilə! Tarixi, coğrafi, ənənəvi fəlsəfi mənsubiyyəti ilə!

Fərhad Əhmədov hər şeyin belə olmasını, məhz bu cür nəticələnməsini illərlə arzulamışdı. Zavoda sahib olduqdan sonra burada nələr etmədi ki? İnzibati binanın, istehsal korpuslarının modernləşməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, perspektiv üçün layihələrin həyata keçirilməsi və digər mühüm məsələlər üçün milyonlar xərclədi. Səbir və təmkinlə...

 

"AZNAR" DÜNYANI GƏZİR

 

Teymur Əhmədov adına "Aznar" Qapalı Səhmdar Cəmiyyəti öz uğurlarını ildən-ilə möhkəmləndirməkdədir. Müəssisənin baş direktoru Fərəc Əhmədovla söhbətimiz zamanı bu barədə daha geniş məlumat əldə etdik. F.Əhmədov bildirdi ki, mal dövriyyəsi 2009-cu illə müqayisədə 2010-cu ildə 8 faiz artmışdır. Zavoda olan nar emalı xətlərinin istehsal gücü saatda 14-15 tondur. 2011-ci ildə saatda 10 ton istehsal gücünə malik daha bir emal xətti alıb quraşdırmaq planlaşdırılıb. Bunun nəticəsi olaraq mövsüm ərzində 10-12 min ton nar məhsulu tədarük etməyə imkan yaranacaqdır. Hazırda yeni bazarlar fəth edilir. Avropa və Amerika bazarlarına inteqrasiya daha aktiv şəkil almaqdadır. Müqayisə üçün göstərmək olar ki, 2010-cu ildə məhsul satışının həcmi əvvəlki ilə nisbətən 10 faiz artmışdır. Cəmiyyətin məhsul satışının prioritet istiqaməti xarici bazarlar olduğundan həmin istiqamətdə sərfəli işlər görülmüşdür. Xarici bazarın 55 faizini MDB ölkələri təşkil edir. Rusiya Federasiyası 52 faiz nisbəti ilə liderdir. Satışın 25 faizi Avropa bazarının, 16 faizi Amerika bazarının, qalan 4 faizi isə yaxın və uzaq şərq ölkələrinin payına düşür. Ümumiyyətlə, xarici bazar cəmiyyətin ümumi satış planının 98,6 faizini təşkil edir.

 

"AZNAR"IN "QRAN-PRİ"Sİ

 

"Aznar" holdinqinə məxsus "Qrante" əmtəə nişanlı təbii meyvə şirələri "Qida dünyası World Food Moscow 2010" sərgisi çərçivəsində keçirilən "2010-cu ilin məhsulu" adlı beynəlxalq peşəkar dequstasiya müsabiqəsində ən yaxşı məhsul elan olunub. Azərbaycanın istehsalı olan təbii nar və heyva şirələri ən yaxşı sayılaraq "Qran-Pri"yə layiq görülüb. Bu məhsullar "Aznar"ın Göyçaydakı müəssisəsində hazırlanıb. "Qrante" nektarları isə qızıl medala layiq görülüb. Moskvadakı "Eksposentr" mərkəzi sərgi kompleksində keçirilən XIX beynəlxalq ərzaq məhsulları sərgisində 55 ölkədən 1200 şirkətin analoji məhsulları nümayiş olunub. Azərbaycan brendi kimi təqdim edilən bu məhsullar da onların arasından seçilib.

 

BÜTÜN İSTİQAMƏTLƏRDƏ UĞURLAR VƏ YENİLİKLƏR

 

Baş direktor F.Əhmədovla söhbətimiz zamanı öyrənirik ki, bu ilin yanvar ayında da müəssisənin məhsulları beynəlxalq sərgidə nümayiş etdirilib. ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində keçirilmiş 35 ölkənin 1000-dən artıq şirkətinin iştirak etdiyi sərgidə məhsullarımız Azərbaycanı layiqincə təmsil etmiş, xüsusən də nar şirəsi və narşərab iştirakçılarının böyük marağına səbəb olmuşdur.

2010-cu ildə zavod işçilərinin orta aylıq əmək haqqı 378 manat təşkil etmiş, işçilərin sayı 120-180 nəfər arasında (mövsümi işlərlə əlaqədar) dəyişmişdir. Keçən il cəmiyyət tərəfindən 188851 manat vəsait Dövlət Sosial Müdafiə Fonduna köçürülmüşdür.

Ümumiyyətlə, cəmiyyətin 2010-cu ildə gördüyü işlərdə prioritet kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sahibkarlara verdiyi tövsiyyələr əsas götürülərək uğurlar qazanılmışdır.

2011-ci ildə istehsal olunan məhsulların çeşidini artırmaq məqsədi ilə istehsal gücü saatda 6000 ədəd olan Tetra Bric Aseptic süzmə avadanlıqlarının alınması planlaşdırılıb.

Cəmiyyətin hazırda 1000 hektara yaxın torpaq sahələri var. Bu torpaqların da demək olar ki, hamısında nar və digər meyvələr əkilmiş və becərilməkdədir.

Yekəxana gölü və onun ətrafındakı ərazi "Aznar" tərəfindən uzunmüddətli razılaşma əsasında icarəyə götürülmüşdür. Orada müasir balıq təsərrüfatı yaradılır və gölətrafı sahələrdə üzüm plantasiyaları qurulur.

2010-cu ildə uzun müddət istifadəsiz qalaraq yararsız hala düşmüş Göyçay Pambıqəyirici Fabriki cəmiyyət tərəfindən özəlləşdirilərək həmin obyektdə respublikada analoqu olmayan 10.000 tonluq soyuducu kameraları qurmaq planlaşdırılır. Bir çox Avropa şirkətlərindən əməkdaşlıq barədə təkliflər alınır. Burada yeni istehsal sahələri də yaradılacaqdır.

Cəmiyyətin xeyriyyəçilik və sponsorluq işləri də ilboyu davam etdirilmişdir. Yekəxana gölü ətrafında yaşayan Kəlbəcər qaçqınlarına kompensasiyalar verilmişdir. Göyçay idman məktəbinə aylıq yardımlar, Ulaşlışıxlı kənd məktəbinə kompüterlər verilmiş, ictimai gənclər təşkilatı olan Göyçay İnkişaf Mərkəzinə göstərilən sponsorluq tədbirləri daha effektiv xarakter almışdır.

  

  

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 6 aprel.- S. 7.