Kəlbəcərin işğalından
18 il keçir
Bu gün Kəlbəcərin
işğalından 18 il
keçir. İşğal
altında qalmış
rayonun təbii sərvətləri 18 ildir
ki, talan edilir.
Rayonu ərazisində sənaye
əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar
olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan
çox olan Ağduzdağ və Tutxun qızıl
yataqları; sənaye əhəmiyyətli ümumi
ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və
ehtiyatları 200 tondan çox olan Qamışlı və
Ağqaya civə yataqları; ehtiyatları 10941 min m3 olan və
mişar daşı istehsalına yararlı Kilsəli tuf
yatağı; ehtiyatları 1312 min m3 olan və kərpic
istehsalına yararlı Keşdək gil yatağı;
ehtiyatları 4473 min m3 olan və yüngül beton doldurucusu
kimi istifadə olunan Keçəldağ perlit yatağı;
ümumi ehtiyatları 2,2 mln. m3 olan 2 üzlük daşı
yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli
qum-çınqıl qarışığı yatağı;
gözəl dekorativliyə malik 4 mərmər oniksi
(ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton)
yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə
gözü) yatağı, ehtiyatları 1067 min m3 olan 1 listvenit
yatağı qalmışdır.
Kəlbəcərə
dünya şöhrəti qazandırmış Yuxarı
İstisu, Aşağı İstisu, Keşdək, Qarasu,
Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji
təsirə malik mineral su yataqları da (ümumi istismar
ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir.
Murovdağ,
Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin
və Qarabağ yaylasının bir hissəsinin əhatəsində
yerləşən Kəlbəcər şəhərinin ən
yüksək zirvələri Gamış dağı (3724 m) və
Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir,
Paleogen, Neogen və Antropogenin çökmə,
vulkanogen-çökmə və vulkanik süxurları
yayılmışdır. Ən böyük çayı Tərtər
(yuxarı axını) və onun qolları Lev çayı,
Tutqunçay və başqalarıdır.
Hazırda işğal
altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər
çayı üzərində inşa edilmişdir. Onun
ümumi su tutumu 560 milyon m3, bəndinin
hündürlüyü 125 metrdir. Tərtər
çayının yığıldığı bu nəhəng
su anbarının sağ və sol sahilindən çıxan
magistral kanallar vasitəsilə Tərtər, Bərdə,
Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının
ümumilikdə 79000 hektar əkin sahəsi
suvarılırdı. Sərsəng su anbarı işğal
altında olandan bəri ermənilər illik su sərfinin 85-90
faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə
qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə
illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin
aşağı düşməsinə və suvarmanın
qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə
xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv
olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində
olan su anbarından aşağıda yaşayan 400 min nəfər
əhali isə daim təhlükə altındadır.
Kəlbəcər
rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu
gölləri var. Əsasən çimli dağ-çəmən
və qonur dağ-meşə torpaqlarına malikdir.
1988-ci ildə
aparılmış son meşə quruluşu işlərinə
əsasən Kəlbəcər meşə təsərrüfatının
ərazisi 32774 hektar təşkil edirdi. Bundan əlavə
rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri,
qiymətli balıq növləri olan çayların ətrafında
yerləşmiş 13471 hektar qoruq meşələri, 15531
hektar ətraf mühitin mühafizəsi əhəmiyyətli
meşələr, 274 hektar yaşıllıqlar, 80 hektar
meşə-park zonası var idi.
Meşələrdə
bitən ağac və kolların bir neçəsi Azərbaycan
Respublikasının "Qırmızı kitab"ına
daxil edilmişdir. Kəlbəcər rayonunda dəniz səviyyəsindən
1500-2100 metr hündürlükdə bitən
Ayıfındığı və ya ağacvarı
fındıq bunlardan biridir. Bəzi
Ayıfındığı ağacının
hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə
çatırdı. Bu ağacın oduncağı qiymətli
mebel materialı kimi ermənilər tərəfindən
qırılaraq Ermənistana aparılır.
Kəlbəcər rayonu
ərazisində 4 mindən artıq müxtəlif növ
bitkilərdən 200-ə qədəri dərman bitkiləridir.
Rayonun mərkəzi və
şimal hissəsində enliyarpaqlı meşələr
(palıd, fıstıq, vələs), meşə-çöl
bitkiləri, yüksək və qismən orta dağlıqda
alp və subalp çəmənlikləri geniş yer tutur. Dağ
keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi,
ular, qartal və s. bu yerlər üçün xarakterik fauna
növləridir.
İNTİQAM
Ədalət.- 2011.- 2 aprel.- S. 5.