"YÜZ İL DƏ KEÇƏRSƏ
BU AYRILIQDAN..."
Söhrab Tahir: "Məni təqib edən
jandarmalardan qurtarmaq üçün özümü dərədən
atdım və bilirdim ki, ölməyəcəyəm"
Bu il 85 yaşı tamam
olacaq Azərbaycanın xalq şairi Söhrab Tahiri oxuculara təqdim
etməyə ehtiyac yoxdur. O taylı, bu taylı Azərbaycanın
birləşdirici körpüsü sayılan şairi həmişə
şux, vüqarlı, əzəmətli görmüşəm.
Elə 85 yaşın astanasında olan şair, göz dəyməsin,
bu gün də belədir. Ancaq içində nə çəkdiyini
isə elə bircə bənd şeiri ilə bildirib:
"Azad qardaşım var, onunla xoşam,
İstərəm sahili sahilə qoşam,
İkiyə bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm
daha..."
Bəli, ikiyə
bölünmüş Azərbaycanın dərdli, yaralı
şairi, ədəbiyyatımızın canlı klassiki
Söhrab Tahir 85 illik ömrün iki qardaşın birləşməsi
uğrunda mübarizəyə həsr edib. 1926-cı ildə Cənubi
Azərbaycanın Astarasında dünyaya gəlib. Hələ
Sovet dövründə, daha doğrusu, 1976-cı ildə
yazdığı və hər misrasından od-alov yağan
"Azərbaycan" poemasında deyirdi:
" Yüz il də keçərsə bu
ayrılıqdan,
Öz birlik haqqını bu xalq alacaq,
Bir gün mənim xalqım birləşən zaman,
Dünyada ən zəngin bir xalq olacaq..."
Beləcə ikiyə
bölünmüş vətənimizin dərdini bir an da
unutmayan, 1945-ci ildə əlində silah şah rejiminə
qarşı vuruşaraq, Seyid Cəfər Pişəvəri
hökumətinin qurulmasında yaxından iştirak edən
S.Tahirlə yenə üz-üzəyik. İstədik yenə
də onun bu yubiley ərəfəsində
18 yaşında qoyub gəldiyi və assimliyasiyaya uğramayan
Cənubi Azərbaycanın şirin ləhcəsində etdiyi
maraqlı söhbətlərə bir daha qulaq kəsilək.
Prezident İlham Əliyevin bağışladığı və
"Sovetski"də yerləşən yeni hündürmərtəbəli
binadakı evində etdiyimiz söhbətlər inanırıq
ki, oxucuların da ürəyindən olacaq.
- Söhrab müəllim, bu il sizin 85 yaşınız
tamam olacaq. Ancaq maraqlıdır ki, biz sizi 60 yaşında necə
görmüşüksə, dəyişmədən eləcə
də qalmısınız. Belə cavan
qalmağınızın sirri nədir?
- Cavan qalmağın bir sirri
var ki, o da hamıya aid ola bilər. Bunun üçün gərək
ürəyin pak olsun, ən başlıcası isə
heç kəsə və heç nəyə paxıllıq
etməyəsən. Həmişə işləməlisən,
sağlam olmaq üçün isə hərəkətdə
olmalısan. Bütün bunlara həmişə əməl
etmişəm. İndi də həftədə
üç-dörd dəfə hərəkət
üçün xeyli yol gedirəm. Uşaqlıqdan o taydan gətirdiyim
pak, təmiz, xıltsız ürəklə
yaşaya-yaşaya gəlib 85 yaşa çatmışam.
Cavan olmağın bir səbəbi də ətrafda olan
dostların, digər insanların mənə göstərdikləri
diqqət və qayğısıdır. Ətrafdakı
adamların sirin söhbətləri, səmimi münasibətləri
mənə yaşamağa stimul verib. Amma gen, nəsil faktorunu
da unutmaq olmaz. Mənim babam o taydakı Astaranın Nünəkəran
kəndində 112 il yaşayıb. Özü də kənddə
yeganə savadlı adam olub. Kənd camaatının harasa
göndərdikləri məktubları yazarmış və ya
onlara gələn məktubları yiyələrinə
oxuyarmış. Bütün bu səbəbləri toplayanda gəlib
mənim 85 yaşıma çatmağımı təmin edir.
Bir də bu, Allahın işidir. Taleyimdən və
Allahımdan çox razıyam ki, bu yaşa qədər
yaşamaq xoşbəxtliyini mənə bəxş edib.
Yaşayışımdan, xalqımdan, dövlətimdən və
mənə yaradılan şəraitdən çox razıyam.
- Maraqlıdır 85 yaşın astanasında Söhrab
Tahirin yaradıcılıq həvəsi daha artıb, yoxsa
azalıb?
- Elçin bəy, mən sənə
deyim ki, son illərə qədər yaradıcılıq fəaliyyətim
çox sürətlə inkişaf edib. Son üç ilin ərzində
iki roman yazdım və onlar da əsərlərimin 18 və
19-cu cildlərində çap olundu. Amma indi hiss edirəm ki,
sol gözüm sıradan çıxıb.
Yoxlatdırmışam, bu, hər hansı xəstəliklə
bağlı deyil. Mənə dedilər ki, bu çox
oxumaqdandır. Xüsusi ilə ərəb əlifbası
çox çətindir və bu əlifbada yazılan
kitabları oxumaq gözə çox ziyanlıdır. Bu əlifbada
yazıb-oxuyan şərq alimlərinin əksəriyyəti həmişə
görmə qabiliyyətlərindən şikayət ediblər.
Mən də gözlərimə dinclik vermək
üçün yaradıcılıq fəaliyyətimi bir az
azaltmışam. Bu səbəbdən 10-12 əsərim,
bunların içərisində şeir də, nəsr də
var, yarımçıq qalıb. Gözləyirəm,
yaradıcılıq üçün güclü enerji hiss edən
kimi başlayacağam yazmağa. Elə ki, gördüm
gözlərim başladı qamaşmağa, dərhal
yazmağı saxlayıram. Buna görə
yaradıcılıq fəaliyyətim bir az azalıb.
- Biz sizi əvvəlcə şair, sonra nasir kimi
tanımışıq. Nəsir əsərlərini işləmək
təbii ki, çox enerji tələb edir. Bilmək istərdik
gözlərinizdə yaranmış problem bir qədər az
enerji tələb edən şeir
yaradıcılığına da təsir edirmi?
- Çox böyük təsir
edir. Bu yaşda adamın təfəkkürü bir az zəifləyir,
bir az deyingən olur, hər şeyə fikir verir, "bunu niyə
bura qoydun", "onu niyə elə dedin", "bu yeməyi
niyə belə bişirdin" və s. kimi ifadələr
adamın dilində tez-tez səslənir. Bu da mənə elə
gəlir ki, 85 yaşın xüsusiyyətləridir və təbiidir.
Amma çalışıram ki, bu deyingənliyimin
üstünü pərdələyim. Ona görə də
geyinib çıxıb gedirəm şəhərə gəzməyə.
5-6 saat gəzirəm. Həm sağlamlığıma xeyir
olur, həm də çox şeyləri görmürəm və
deyingənliyim də azalır (hər ikimiz
gülüşürük). Gəzinti zamanı dostlarla
söhbətləşirik, fikir mübadilələri
aparırıq və beləcə günü başa vurub gəlirəm
evə. Belədə əsəblərim də sakitləşir
və rahat oluram. Ancaq şeir
yaradıcılığımı tamamilə
dayandırmıram.
- Yəqin məlum səbəbdən dövrü mətbuat,
yeni nəsil şair və yazıçıları da izləyə
bilmirsiniz, eləmi?
- Düzünü deyim ki, mən
köşkdən qəzet, kitabxanadan təzə kitab daha
almıram. Mənim dostlarım ki, var onlar gəlib evdə mənə
həm mətbuatda gedən şeir, hekayə və ya müxtəlif
maraqlı yazılar, həm də yeni çıxan kitablar barədə
məlumatlar verirlər. Bu məlumatlar əsasında
poeziyamızın, nəsrimizin gənc nümayəndələri
haqqında az da olsa informasiya alıram. Bunların
içərisində məni ən çox maraqlandıran
kitab olanda oğlum Tahirə deyirəm ki, o kitabı tapıb gətirsin
və mən də yavaş-yavaş oxuyuram. Mətbuatı da,
yeni nəsil şair və yazıçıları da imkan
daxilində izləyə bilirəm. Bunsuz
sadəcə mümkün deyil.
- Sizə bu gün cəsarətlə
o taylı, bu taylı Azərbaycan ədəbiyyatının
canlı klassiki demək olar. Bildiyimiz kimi hələ 1945-ci ildə
S.C.Pişəvəri hökumətinin qurulmasında əldə
silah döyüşmüsünüz. Elə o vaxtdan da zabit
olmaq üçün bu taya oxumağa gəlmisiniz.
Maraqlıdır, şairlik istedadı sizdə əvvəldən
var idi, yoxsa doğrudan da müstəqil dövlətin zabiti
olmaq istəyirdiniz, ya da ki, bəlkə bu tayda zabit olmaq istəyi
baş tutmayandan sonra o taya olan həsrət, nisgil, dərd sizi
şairə çevirdi?
- Pişəvəri hökuməti qurulandan
sonra mən Təbrizdə zabit oxumaq üçün həkim
komissiyasından keçdim və bu taya bir çox
silahdaşlarımla birgə hərbi piyadalar məktəbinə
göndərildim. O zaman mən təyyarəçi olmaq istəyirdim
və bu barədə həkim komissiyasına da demişdim.
Onlar məni təkrar yoxladılar və dedilər ki, təyyarəçi olmaq üçün
sənin ürəyin zəifdir
- Üzr istəyirəm, o necə zəif ürəkdir
ki, gətirib 85 yaşa çatdırıb?
- Yox, Elçin bəy. O cəhətdən
ürəyim zəif deyildi ki, müxtəlif şirniyyatlar
yeyib gücləndirəsən. Sadəcə, fəzada edilən
manevrlər üçün mənim ürəyim zəif
sayılıb. Mən hələ 1946-47-ci və sonrakı illərdə
Azərbaycanı hansı faciələr gözlədiyini
bilmirdim. Ona görə də böyük bir istəklə təyyarəçi olmaq arzusundayam. Sonralar Pişəvəri
hökumətinin şah rejimi tərəfindən qanla
boğulması, xalqımızın sayseçmə
oğullarının edamları, qətilləri
təyyarəçi olmaq istəyən
bir zabiti şairə çevirdi, özü də
döyüşkən şairə.
- Söhrab müəllim, o döyüşkən
sözünü çox yerində işlətdiniz.
Doğrudan da sizin vətən, xalq, torpaq haqqında olan
şeirləriniz odlu-alovlu, döyüşkən misralardan
ibarətdir. O taylı, bu taylı Azərbaycana
çoxsaylı belə döyüşkən şeirlər,
poemalar həsr etmisiniz. Məsələn, Səfər Qəhrəmaniyə
həsr etdiyiniz "30 il zindanda", "Səttarxan",
"Nənəmin evi", "Azərbaycan" kimi odlu-alovlu
poemalar, "Məmləkətim", "Döyüş
lövhələri", "Qanlı cümə" və
s. kimi qan qoxuyan şeirlər bu qəbildəndir. Bunların
içərisində bildiyiniz kimi "Azərbaycan"
poeması mənim üçün çox əzizdir. O
poemanı mən 1988-ci ilin meydan hadisələri zamanı ocaq
başında dəfələrlə oxumuşam.
Könüllü getdiyim Qarabağ döyüşlərində
həmin poema dərc olunmuş "Döyüş lövhələri"
kitabını əsgərlərimə dəfələrlə
oxumuşam və "Azərbaycan" poemasından ruhlanan əsgərlərin
düşmənə nifrəti bir az artırdı. İndi məni
maraqlandıran nədir? Bilmək istəyirəm, Sovet
hökumətinin qılıncının dalı da,
qabağı da kəsən vaxtlarda, yəni 1976-cı ildə
yazıb, 1981-ci ildə çap etdirdiyiniz, həmçinin hər
iki dövlətə, SSRİ-yə və İrana, kəskin
ittihamlar səslənən bu poemanı yazmağa sizi hansı
güc, hansı cəsarət, hansı hiss və hansı səbəb
vadar etdi?
- Hər yerdə təbliğ
etdiyin "Azərbaycan" poemasının
yazılmasının maraqlı səbəbi var. Deməli, Təbriz
universitetində polkovnik Deyhəm adlı bir müəllim var idi. O
kiçik bir poema yazmışdı və o poema da Azərbaycan
adında xalqın olmadığını, onların
İranın Səlcuqlar tərəfindən işğalı
zamanı fars qızları ilə Səlcuq əsgərlərinin
izdivacından əmələ gəlməsini iddia edirdi.
Bununla bərabər poemada Azərbaycan xalqına qarşı
ağır formada təhqir də yazmışdı. Mən bu
poemanı oxuyandan sonra çox əsəbləşdim və
elə o vaxtdan buna və bu kimi düşünənlərə
cavab olaraq "Azərbaycan" poemasını beynimdə uzun
müddət xəmir kündəsi kimi gəzdirdim, dəfələrlə
atıb-tutdum, yaydım, yığdım və nəhayət
xəmir turşudu. Bundan sonra "Azərbaycan" poeması
yarandı. Bilirəm, xəbərim var, mənə deyiblər
ki, sən o poemanı 1992-ci ildə milli ordumuzun yenicə
formalaşması dövründə Qarabağ
döyüşlərində komandir kimi öz əsgərlərinə
dəfələrlə əzbərdən söyləmisən,
onlarda vətənpərvərlik, döyüşkənlik
hisslərini oyatmısan, düşmənə nifrət hissi yaratmısan. Əsgərlər
bundan ruhlanıb daha yaxşı döyüşüblər və
s. Onu da düz deyirsən ki, həmin vaxt Sovet hökumətinin qılıncının
dalı da kəsirdi, qabağı da. Belə bir vaxtda mən o
poemanı yazanda dedilər ki, bunu çap eləməyəcəklər.
Doğrudan da bir neçə il çap eləmədilər.
1979-cu ildə İranda şah rejiminə qarşı inqilab
başladı və rejim devrildi. Yeni İran hökuməti ilə
Sovet hökumətinin münasibətləri hələ tam
aydın deyildi və mən də bundan istifadə edib
poemanı "Döyüş lövhələri"
adlı kitabıma saldım və 1981-ci ildə çap
olundu. Burada Cənubi Azərbaycandan olmağım da müəyyən
rol oynayırdı. Ona görə də çox vaxt Sovet
senzurası mənim əsərlərimə maneə
yaratmırdı ki, öz xalqı üçün yazır,
qoy yazsın. Mən də bundan istifadə edib çox
şeylər yazıb çap etdirə bilirdim. "Azərbaycan"
poemasını da eləcə yaranan siyasi ab-havadan istifadə eləyərək çap etdirdim. Həmin
kitabdakı digər kəskin şeirlərim də ixtisar edilmədən
çap olunmuşdu. O vaxt "Gənclik" nəşriyyatının
direktoru olmuş gözəl
şair İlyas Tapdığın da burada müəyyən
xidmətləri oldu. Hətta o vaxtki
senzurada oturan redaktorlar da mənim çox sərt, kəskin
olan şeirlərimi o taydan olan yaralı bir şair olduğuma
görə çox cüzi redaktə edirdilər. Bəzən
isə tamam çıxarırdılar və o
çıxarılmış şeirləri də növbəti
kitablarıma salıb, yavaş-yavaş çap etdirirdim. Bax
belə bir məqamda "Azərbaycan" poeması
qılınc kimi sıyrılıb qınından
çıxdı.
- Yaxşı, bir tərəfi başa düşdük,
Sovet senzurası o taydan olduğunuza görə müəyyən
qədər güzəştə gedib. Bəs, İran hökuməti
tərəfindən necə hər hansı təzyiq, təqib
olubmu?
- Olub. Deməli, mənim
yaradıcılığımda 57 poema var. Onların yalnız
15-i Sovet dövləti, Sovet Azərbaycanı mövzularına
həsr olunub. Qalanların hamısı İran həyatı,
orada azərbaycanlılırın
müstəqillik, dil, təsir uğrunda apardıqları
mübarizə, səngər döyüşləri, inqilablar
və s. haqqındadır. Bu əsərləri İranda
çox böyük maraqla oxuyurlar. Yeri gəlmişkən qoy
sizə bir maraqlı faktı danışım. Bizim hörmətli
professorumuz Vaqif Arzumanlı bir dəfə Təbrizin yaxınlığında
Şərəfxana adlı kiçik qəsəbədə
olan görüşdə iştirak edir. Orada bir nəfər
yaxınlaşır Vaqif müəllimə və əlindən
tutub iki dəfə öpərək soruşur: Ağeyi Vaqif,
siz o tayda Söhrab Tahiri tanıyırsınızmı? Vaqif
müəllim cavab verir ki, nəinki tanıyıram, hətta
biz Milli Münasibətlər İnstitutunda bir yerdə işləyirik.
Mən direktoram, o da mənim işçimdir. V.Arzumanlı
söyləyir ki, bunu deyən kimi həmin adam əlimi
üç dəfə öpüb dedi: Ağeyi Vaqif,
Söhrab Tahirə deyərsən ki, bir məclisdə onun
şeirini söylədiyim üçün iki il zindanda
yatmışam və bundan peşiman da deyiləm. Biz Söhrab
Tahiri çox sevirik.
Yəqin mənim hansısa
inqilabi şeirlərimdən birini söyləyib. Mənim
adım o vaxtlar İranda qara siyahıda idi. Elə bu tayda da mənim
şeirlərimi deyənlərdən istintaqa çəkilənlər
olub. Məsələn, Zərdab rayonunda olarkən oradakı qəzetin
baş redaktoru mənə yaxınlaşıb dedi ki,
Söhrab müəllim, mən sizin qəzetdə çap
olunmuş "Təbriz universitetinə məktub"
poemanızın müəyyən hissəsini bir toyda əzbərdən
söylədim. 3 gündən sonra gəlib məni apardılar
çək-çevir eləməyə ki, sən bu
poemanı haradan öyrənmisən? O da deyib ki, hansısa qəzetdən
oxumuşam, amma adı yadımda qalmayıb. Beləcə o
yazığı 3 gün orada saxlayıblar. 3 gündən
sonra həmin poemanın dərc olunduğu bir region qəzetini
tapıb gətiriblər və yalnız bundan sonra redaktoru
buraxıblar ki, sən, qəzetdə çap olunmuş
poemanı söyləmisən. Ona görə də
günahın yoxdur. Göründüyü kimi həm o tayda,
həm də bu tayda Cənubi Azərbaycan mövzusu çox həssas
bir mövzudur və həmişə diqqətlə izlənilib.
Sovet dövləti o vaxtlar istəmirdi ki, İranla münasibətlərə
xələl gəlsin.
(Ardı var)
Elçin MƏMMƏDLİ
Ədalət.- 2011.- 2 aprel.- S. 10.