BOYNU ƏYRİ KİŞİ
Qızım Ləmana
"Mənim
planetim" deyərək böyük ədəbi mühitə
top-tüfənglə, səs-səda ilə gəlib
"Daş evlər"də oturub "Nekroloq" yaza-yaza
"Bəhanələr"dən istifadə edib
"Qaçhaqaç"a başlayan və hələ
"Palıd toxumu"nu gözdən keçirə-keçirə
dərin xəyala dalıb neçə-neçə
"İt intervüsü" və ondan da dadlı-duzlu məsələn,
"Ağdamda Qədir Rüstəmovla atüstü söhbət"
kimi yaddaşımıza hopan, özümüzünküləşən
əsərlərin müəllifi Seyran Səxavət
baharın bu gözəl günlərində 65-ə "Əleyküsalam!"
dedi. Biz də onun 65 yaşının işığında
bir balaca fürsət tapıb uzaqlara üz tutduq, gələcəkdən
danışdıq, Abdulla müəllimlə birlikdə
qardaşımızın səssiz-küysüz qeyd olunan 65
yaşında ondan qürur duyduğumuzu dilə gətirdik.
Zarafat deyil: təpədən-dırnağa özü olan və
özü olduğu qədər də Qarabağ olan,
Qarabağ olduğu qədər Azərbaycan olan Seyran Səxavət
65-dən 75-ə körpü salmağa başlayır.
İnanırıq və bilirik ki, o bütün məqsədlərinə
çatdığı kimi 75-ə də inşallah "Əleyküsalam!"
deyəcək. Bir daha təbrik edirik.
- Alo, bura məscidin
mürdəşir şöbəsidi?
- Bəli.
-
Bağışlayın, mən kiminlə danışıram?
- Baş mürdəşirlə.
-
Bağışlayın, ölünün birini neçəyə
yuyursunuz?
- O baxır
ölünün çəkisinə, boy-buxununa...
- Çəkisi səksən
kilo, boyu da bir metr yetmiş dörd.
- Yüz əlli dollara.
- Üzr istəyirəm,
qohumlardan gəlib kömək eləyən olsa ucuz eləmək
olar?
- Yox. Kənar
adamları içəri buraxmağa ixtiyarımız yoxdu.
- Sağ olun.
- Siz də sağ olun. Nə
vaxt lazım olsa, qulluğunuzda hazırıq. Dud... Dud... Dud...
Dud... Dud...
* * *
İstədi ki, həyətə
baxan pəncərəni açıb siqaret çəksin, həmin
hamilə qadını yenə gördü. Hamilə qadın
yuxarı mərtəbələrə tərəf boylanıb
səsini başına atdı: - Xlor var, xlor, xlor, mebel
yağııı!!!
İstədi pəncərəni
açıb var səsi ilə qışqırsın: -
Axı bu məmləkətdə nöyüt də var,
nöyüüüt, nöyüüüt! - Abırına
qısıldı. Ancaq hamilə qadın əlindəki
konistrləri yerə qoyub mələyirdi: - Xlor var, xlooor,
xlooor, mebel yağııı!!!
Hamıdan qabaq xlorsatan gəlirdi,
dalınca da qatıqsatan, süpürgəsatan, ətsatan,
balsatan, hər şey satan...
Bu şəhərdə
hər şey satılır. Hər şeyi sata-sata
çevrilib satqın olmarıq ki, görəsən?..
Nisbətən xəlvəti
sayılan, səs-küydən bir az uzaq olan arxa otağa
keçmişdi. Kresloda əyləşmiş, boynu sola əyilmişdi,
gözləri yol çəkirdi. Bu yolun isə nə əvvəli,
nə sonu vardı. Özü də tərpənib eləmirdi
- adama elə gəlirdi ki, onu kreslo ilə birlikdə düzəltmişdilər.
Onun baxışları bu dünyanın hüdudlarını
çoxdan keçib getmiş və bir cüt mil kimi naməlum
bir nöqtəyə sancılan andaca donmuşdu - tərpənsəydi,
bəlkə də milə dönmüş
baxışları qayıdıb gözlərini tökərdi,
onu dünya işığına həsrət qoyardı.
Bəs, bu kişinin
boynu niyə sol tərəfə əyilmişdi, hə?.. Bir
az da diqqətlə baxsanız, görərsiniz ki, elə
deyil, onun boynu sola əyilməyib, sadəcə olaraq
başını qoyub ürəyinin üstünə.
Dünyanın səs-küyündən təngə gələndə
həmişə belə eləyir - başlayır ürəyinin
səsinə qulaq asmağa - əlli ildən çoxdu belədi
- əlli ildən çoxdu Allah onu belə boynu əyri
yaradıb.
Aləm qopsaydı, boynu
əyri kişinin xəbəri olmazdı. Aləm qopsaydı,
boynu əyri kişinin boynu düzəlməzdi. Abşeron
bağlarındakı ağaclar kimi əyri idi bu kişinin
boynu - hara düzəlirdi ki... Gərək küləklər
tərsinə əsəydi...
Boynu əyri kişi
oturub bu dünyanın dərdini çəkirdi - gücü
çatmırdı. Dizini yerə qoyub çəkirdi -
gücü çatmırdı. Lap gücü
çatsaydı bu dünyanın dərdini hara aparacaqdı,
hara tökəcəkdi - bu barədə heç özü
fikirləşməmişdi.
O, son vaxtlarda dünyadan
tez-tez küsürdü, necə deyərlər, dünya ilə
yola getmirdi. Küsüb öz aləminə çəkilirdi,
təklik ona bu dünyada olmaqdan da əzab-əziyyətli
görünəndə, getdiyi kimi də qayıdırdı.
Özü qayıdırdı - onun dalınca heç bir minnətçi-filan
getmirdi. Həmişə belə qayıtmalar onu öz
gözündə bir az da hörmətsiz eləyirdi -
Allahın da, bəndənin də nəzərindən
düşüb olurdu heç nə... Kim idi onu saya salan...
Həmişə belə
vəziyyətə düşəndə başı
başlayırdı uğuldamağa, elə bil
başının içində üzqırxan maşın
işləyirdi. Balaca qızı ilə bir az söhbət edən
kimi keçib gedirdi
Otağın kiçik
pəncərəsindən içəri dolan küləyin
qanadının altından bir sərçə
çıxdı, özünü ora-bura çırpandan
sonra çilçırağa qondu. Sərçə
çaşmışdı, harada olduğunu dərk eləmirdi,
heç buna çalışmırdı da, çünki
öz quş beyninə bələd idi.
Çilçırağın üstündən
qanadlandı, otaqda dövrə vura-vura, ciggildiyə-ciggildiyə
canını qurtarmaq istəyirdi. Xeyli dövrə vurandan sonra
özünü pəncərənin pərdəsiz
şüşəsinə çırpdı, kənd
uşaqlarının əski parçalarından düzəltdiyi
balaca top kimi yerə düşdü, dimdiyindən iki damcı
qan gəldi, rəngsiz döşəmə iki damcı
qızardı. Ancaq sərçə nahaq yerə belə elədi,
gərək uça-uça gedib kresloda oturan kişinin əyri
boynuna qonaydı və elə biləydi ki, əyri bir
budağa qonub... Onsuz da boynu əyri kişinin xəbəri
olmazdı - o, bilmirdi ki, onun otağında ölü var...
Boynu əyri kişi bilmədi ki, onun otağında qan
tökülüb, bilmədi ki, oturduğu yerdə qana
düşüb - öz aləmində idi...
Sərçə gərək
kresloda oturan kişinin əyilmiş boynuna qonaydı - belə
olsaydı kişinin boynu tumurcuqlayardı, yarpaqlayardı və
sərçə də çox asanlıqla bu yarpaqların
arasında quşlar necə xoşbəxt ola bilərlərsə,
eləcə xoşbəxt olardı... Ancaq olmadı - qorxdu.
Boynu əyri kişi də oturduğu yerdə bitərdi -
ağac olardı - nə qədər adam olmaq olar eee...
Adına da deyərdilər Oturan Ağac. Yer üzünün ən
məşhur ağacı olardı, ağacların
şahı olardı - kreslosu da vardı... ancaq olmadı.
Boynu əyri kişi
ağlı kəsəndən başını ürəyinin
üstünə qoyub onun səsinə qulaq asırdı. Bu
kişi gördüklərindən bezmişdi, indi də
eşitdiyini görmək istəyirdi və elə
görürdü də - eşitdiyini gözünə təpirdi...
Divarın o üzündə
yaşayan, aylarla Dubaydan vurub Parisdən çıxan,
gün-güzəran dalınca dünyanı ələk-vələk
eliyən, səsli-küylü, şən qonşu
qadının gülüşləri Niaqara şəlaləsi
kimi boynu əyri kişinin başından tökülüb
ayağından çıxdı - xəbəri olmadı.
Oğlunun Ceri adlı pişiyi pəncəsilə
qapını aralayıb içəri girdi, təəccüblə
onun sir-sifətinə baxıb nədənsə arxayın
olandan sonra körpə bığlarını qabardıb hələ
qanı və canı soyumamış sərçəyə
yaxınlaşdı, əvvəlcə döşəmənin
bir-iki damcı qızartısını yaladı, sonra sərçənin
boğazından yapışıb xəlvətə çəkildi
- yenə xəbəri olmadı. Bir azdan pişik dodaqlarını
yalaya-yalaya geri qayıtdı, çömbəldi, xeyli öz
sahibinə tamaşa elədi, bir də iştahla
dodaqlarını yaladı. Adamın əti ürpəşdi;
yaxşı ki, boynu əyri kişiyə baxan pişik pələngin
nəslindən olsa da, pələngin özü deyildi. Və
yaxud da, yaxşı ki, boynu əyri kişi insan idi - sərçə
deyildi.
Pişik boynu əyri
kişiyə xeyli tamaşa eliyəndən sonra, sağ pəncəsilə
qulağını qaşıdı, dodaqlarını bir də
yaladı, elə bil kresloda oturan kişiylə bir otaqda olmaqdan
darıxdı, ulu babası pələng kimi cəld
oturduğu yerdən qalxdı və nəslinə-kökünə
yaraşan amiranə addımlarla otağı tərk elədi,
pişik olduğu yadına düşən kimi isə
başladı sərçənin didilmiş tükləri ilə
oynamağa. Və bilmədi ki, sərçənin didilmiş
tükləri ilə yox, sərçənin ruhu ilə
oynayırdı...
Onsuz da adamlar sərçə
kimi tüklənmir ha... Elə boynu əyri kişi də...
İnstitutda oxuyan
böyük oğlu saqqız çeynəyə-çeynəyə
içəri girdi, qulaqlarında da rus demişkən,
nauşnik - kişinin oğlu musiqiyə qulaq asırdı. O,
həmişə bu vaxtlar üzvü olduğu "Qara Dəmir"
Cəmiyyətinin yığıncağından gəlirdi. Hər
yerdə nauşnik qulağında olurdu; toyda, yasda, institutda,
metroda-şəkil çəkdirəndə də onu
başından çıxardıb bir tərəfə
qoymurdu. Son beş-altı ildə nə qədər şəkil
çəkdirmişdisə, hamısı, bax beləcə
musiqiyə qulaq asdığı yerdə. Zalım oğlu elə
bil anadangəlmə beləydi.
Atasına fikir vermədi
- onun kresloda belə oturmağına adət eləmişdi.
Televizoru yandırdı, ayaq üstə divara söykənib
bir az baxdı və tez də bezdi. Ağzındakı
saqqızı şar kimi üfürüb partlatdı, sonra da
vecsiz-vecsiz çeynəməyə davam etdi.
Oğul ani
atasını süzdü, pişik kimi o da darıxdı,
televizoru söndürmədən, musiqiyə qulaq asa-asa
otağı tərk etdi, qapını bağlayıb həyətə
düşdü və səs-küyə qarışdı.
Boynu əyri kişinin
yaşadığı evin beş-on
addımlığındakı divarları qocalmış
dördmərtəbəli məktəbin qəfil zəngi nizə
kimi onun halsızlığına sancılıb yüngülcə
silkələdi. Dərs qurtarmışdı, uşaqların
hay-küyü buraları başına
götürmüşdü - hamısı
danışırdı, özü də
qışqıra-qışqıra, it yiyəsini
tanımırdı, yiyəsi də iti. Elə bil
dünyanın ən böyük bazarı gəlib onun evinin
içindən, yaxud da beyninin içindən keçib
gedirdi. Hər gün belə idi. Bəzən boynu əyri
kişi qulaq kəsilirdi, ancaq bir söz belə başa
düşə bilmirdi. Axırda da bu qərara gəlirdi ki, yəqin
millətin gələcəyindən danışırlar. Sonra
isə özündən soruşurdu: - Millətin gələcəyindən
yavaş-yavaş, pıçıltı ilə
danışmaq olmaz ki? Yəqin olmaz də... - beləcə
razılaşırdı. "Xalqın səsi nə qədər
bərk gəlsə, o qədər yaxşıdır...
axı, bunlar hələ xalq deyil uşaqdılar...
Yaxşı, olsun gənc xalq... axı bunlar gənc də
deyillər. Yaxşı, olsun körpə xalq, südəmər
xalq". Məhlənin həmin məktəbdə oxuyan
uşaqlarının məktəbi daşa basıb pəncərələri
qırıq-qırıq elədiklərini, bundan zövq
aldıqlarını, sevindiklərini xatırladı və
ürəyinin dayanmağına bir şey qalmadı. O gün
məktəbi yaman daşa basdılar. Məktəb diz
çökdü, saçlarını dizlərinin
üstünə töküb zülüm-zülüm
ağladı, əllərini yuxarı qaldırıb göylərdən
imdad dilədi, "südüm sizə haram olsun" demədi
- elə bil Məhsəti Gəncəvini daş-qalaq eliyirdilər...
Boynu əyri kişi o
gün pəncərədən nə qədər
qışqırsa da, onun səsi eşidilmədi, onun səsinə
səs verən olmadı. O gün onun könlündən nələr
keçsə də, bütün Azərbaycan xalqı öz
işində idi. O vaxtdan boynu əyri kişi Azərbaycan
xalqı ilə küsülüdü və Azərbaycan
xalqının da bundan xəbəri yox idi.
Uşaqlar isə qalib
ordunun əsgərləri kimi üst-başlarını
çırpıb heç bir itki vermədən evlərinə
dağılmışdılar.
Məktəb dizinə
döyə-döyə, saçını yola-yola
hönkür-hönkür ağlayırdı - məktəb
onu daşqalaq eliyən balalarını ağlayırdı - məktəb
sonsuz qadın kimi ağı deyirdi...
Boynu əyri kişi
dördüncü mərtəbədəki mənzilinin məktəbə
baxan pəncərəsində açılıb
qalmışdı. Elə bil bu "pəncərə"
heç vaxt bağlanmayacaqdı.
Kiçik oğlu
içəri girəndə atasını həmişəki
kimi kreslonun üstündə gördü, gəlib onun
üzündən öpdü, salam verib dedi:
- Ata, pulun
var?
- Neynirsən, ay oğul
pulu?
- Dostumun on yeddi
yaşı tamam olur...
- Yoxdu... ancaq bu
yaxınlarda olacaq.
On birinci sinifdə oxuyan
kiçik oğul altı ildi ki, bu sözləri eşidirdi,
adət eləmişdi.
- Allah qoysa, - dedi və
o da böyük qardaşının dalınca getdi.
Oğlunun arxasınca
ürəyi qaldı, uşağa yazığı gəldi.
Gözləri doldu. Bircə dəfə gözlərini
qırpdı, bəs elədi, gözlərindən axan yaş
yanaqları ilə üzü aşağı
süzülüb çənəsinin çuxurunda birləşərək
iri bir damcıya dönürdü, orda da qərar tutmayıb
sinəsinə damdıqca ürəyi isinirdi və
yavaş-yavaş özünə gəlirdi - elə bil
bütün varlığının donu
açılırdı, qırışı
hamarlanırdı. Dünyada var olduğunu hiss eliyən kimi
asta-asta ayağa qalxdı və onun bu hərəkəti
ayağa qalxan adamdan çox, nəyisə qaldıran adama daha
çox oxşayırdı. Əllərinin arxası ilə
gözlərini silib məktəb tərəfə baxan pəncərəni
açdı, siqaret yandırdı, dərindən bir neçə
dəfə qullab vurandan sonra hava ilə birlikdə iştahla
içəri çəkdi. Bu hərəkəti bir neçə
dəfə təkrar eliyəndən sonra özünə gəldi.
Hava qaşqabağını sallamışdı, Bakı
küləyi öz borcunu namusla yerinə yetirirdi, həm də
axşamüstü idi - payız axşamı; hər şey
onun xoşladığı kimidi - bircə leysan
yağış çatmırdı. Bərk istəyirdi ki,
yağış yağsın və yağanda göyə
baxsın, yağış onun gözünün içinə
yağsın; indi də könlündən bu keçirdi.
Divar saatı
altını vuran kimi qapının zəngi də
çalındı, telefon da bu tərəfdən. Bu evdə
belə şeylər tez-tez olur. Qapını açdı: - Gəl,
gəl. - dedi və yadına düşdü ki, onun yanına
bu gün jurnalist gəlməliydi və gəldi. Onun qoluna
girib pəncərənin qabağına gətirdi: - Gör nə
gözəl yağır... Gəl axıracan baxaq -
başını qaldırıb göyə baxmaq istədi,
ancaq eləmədi, əlini pəncərədən
çölə çıxartdı, - bəh-bəh, gör
nə yağır... bax, ay oğul...
- Vallah, doğulduğum yerdə həmişə yağış,
duman... - jurnalist dilləndi.
- Londonda doğulmusan, -
boynu əyri kişi gözünü pəncərədən
çəkmədən soruşdu.
- Yox, Lənkəranda...
- Lap yaxşı, - boynu
əyri kişi gözünü pəncərədən
çəkməyib dedi, - yağışa baxa-baxa söhbət
eliyə bilərik?
- Xeyr, mənim öz
stilim var, gərək əyləşib söhbət eliyək.
- Neynək...
Jurnalist gülümsədi
və öz aləmində razı qaldığını belə
bildirdi.
Boynu əyri kişi dinməz-söyləməz
keçib öz yerində əyləşdi. Jurnalist tez-tələsik
diktafonu çıxartdı, yoxladı: - bir-iki, bir-iki...
hazırsınız?
Boynu əyri kişi onun
bu sualını fotoqrafların verdiyi suala daha çox
oxşatdı. Jurnalist diktafonun düyməsini basıb dedi: -
Sizinlə çox açıq söhbət eləyəcəyik
ha... Özü də mənim suallarım qəliz olsa inciməyin...
- Buyur bala, qəliz
deyirsən qəliz olsun...
- Deməli, belə... -
bloknotunu açdı, - birinci sualım belədi: -
Xalqımız sizi bir sənətkar kimi sevir, sizin namusla, qeyrətlə...
Boynu əyri kişi onun
sözünü kəsdi: - Mətləbə keç...
Jurnalist bir az pərt
olsa da, bir az da ürəkləndi, zorla gülümsəyib
dedi: - Oldu, - və tələsik də əlavə etdi, - bic
doğulmuş uşaqlar tarix boyu həmişə olub, onlara
münasibətiniz?
- Münasibətim
çox yaxşıdı. Bic doğulanların bəxti
çox yeyin olur. Haq-hesaba vursan görərsən ki, çox
vaxt dünyanın sahibi onlar olub. Bic doğulmuş uşaqlar
çox cins uşaqlar olub. Bir şey ki, el-obanın
yaxından köməyi ilə başa gələ, onun nəyi
pisdi. Rəhmətlik Miçurin dəli olmuşdu ki,
ağacları bir-birinə calayırdı. Ağacların
şüuru və namusu olmadığına görə bu
proses onlarda insanların əli ilə həyata keçirilir.
İnsanlarda isə bu calaq məsələsi şüurlu
şəkildə və ehtiyatla, xəlvəti, həm də
intim şəkildə baş alıb gedir - bayaq dediyim kimi,
el-obanın yaxından köməyi ilə bir-birimizə
calana-calana gedirik də... Bic doğulmuş uşaqlara el
arasında qırx çalanın damazlığı da deyirlər
- onlar hər şeyə qadirdilər.
- İkinci sual: siz bic
doğulmuş uşaq görmüsünüz?
- Bəli... özü də
ekiz.
- Bic, hələ üstəlik
də ekiz?
- Bayaq dedim axı, -
gülümsəyir, - el gücü, sel gücü.
Miçurin özü də bic olub... elə Gertsen də...
- Gertsen də?!
- Nədi ki, qohumunuzdu?
- Yoox... Allah vurmuşdu
onu...
İstiləndi,
qızardı, dodaqlarını yalayıb növbəti suala
keçdi:
- Siz çox məlumatlı
adamsınız, onda deyin görək, bizim ölkəmizdəki
görkəmli adamların içində bic doğulanı
varmı?
- Var! -
Dil-dodağını çeynədi, - var, var, -
sıxılmış dişləri aralanan kimi dedi, - var... Dədə
Qorqud, Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Mirzə Cəlil,
vəssalam! - Bir az da əsəbləşdi. - Yerdə qalan
müdriklərimizin hamısının ətəyində
namaz qılmaq olar - istəyir dünənki müdriklərimiz,
istəyir bugünkü. - Bir an fikrə getdi, - bir də son
vaxtlar Üzeyir bəydən şübhələnmişəm
- deyəsən o da...
Jurnalist kreslonun
üstündə donmuşdu, bircə boynu əyilməmişdi.
Özünə gələn
kimi sual verdi:
- Bu qəzəb sizdə
hardandı? - birinci sualdan sonra bloknotu bağlamışdı.
- Onu da özün fikirləş tap.
- Mən
tapa bilmərəm, xahiş edirəm, deyin görək, bu qəzəb sizdə hardandı belə?
- Sevgidən.
Jurnalist elə bil ki, sevinən
kimi oldu:
- Günlərin bir
günü xalqdan imtahan götürsəniz...
Boynu əyri kişi onun
sözünü kəsdi: - Hansı predmetdən?
- Əxlaqdan xalqa
neçə verərdiniz?
- Əxlaqdan iki...
yaltaqlıqdan beş, tamahdan beş.
- Bəs
özünüzə...
- Özümə?
Yaltaqlıqdan iki verərdim, tamahdan da iki, əxlaqdan da xalq
imtahan götürər, neçə versə bəsimdi...
- Birdən xalq da sizə
iki verdi?
- Cəhənnəmə
versin, xalq indiyəcən kimə düz qiymət verib ki,
qaldım mən.
- Heç kimə
düz qiymət verməyib?
- Heç kimə.
- Bəs deyirlər
xalqın gözü tərəzidi...
- Bu sözləri xalq
özü özü haqqında deyib və təvazökarlıqdan
uzaq şeydi. Tərəzi bu xalqın gözündə yox, əlindədi...
Jurnalist oturduğu yerdən
dik qalxdı və az qala boynu əyri kişiyə yalvardı:
- Bəs xalqı bu vəziyyətdən necə xilas etmək
olar, onu necə təmizləmək olar?
Boynu əyri kişi
yerində qurcalandı, gözlərini bir nöqtəyə
zillədi, sağ əlini bir neçə dəfə havada
oynadıb dizinə çırpandan sonra dedi:
- Sən meşədə
böyümüsən də... - jurnalistin diksindiyini hiss eləmədi,
- meşədə çürüntü torpağa
qarışır, üstünə qar-yağış
tökülür, təmizlənib gedir. Xalqda isə
çürüntünün torpağa qarışmaq
şansı, imkanı yoxdu - çünki xalq meşə
deyil, insan da ağac. Meşədə gedən bu kortəbii
proses cəmiyyətdə şüurlu surətdə baş
verməlidi.
- Bir az qısa
deyə bilərsiniz?
- jurnalist risk elədi.
- Qısası
budur ki, qurbanı olduğumuz xalqımızı yetkin, əxlaqlı, mədəni
xalqlar cərgəsinə
çıxartmaq üçün
gecikmədən, dövlət
səviyyəsində yer
üzündə analoqu
olmayan bir institut yaratmaq lazımdır. Sonra isə genetik seçim yolu ilə təzə doğulmuş körpələri
- oğlan və qızları bizlərdən
və bizi əhatə edən bu mühitdən uzaqlaşdırıb tam ayırmaq,
onlar üçün
son dərəcə sağlam
bir mühit və hər cür şərait yaratmaq, bir millət
kimi hər şeyi təzədən başlamaq lazımdır
- jurnalistin gözünün
içinə baxdı,
- başqa yol yoxdur, vəssalam!
- Bu, neçə
ilə başa gələr?
- Yüz ilə... orta
hesabla...
- Başqa yol yoxdu?
- Mən görmürəm...
bir də, bala, xalqı təmizləmək paltar yumaq deyil ki. Əgər
yüz il sənə çox gəlirsə, onda o paltaryuyan
maşın olur ee, siz də gedin bir dənə
"Xalqyuyan" maşın ixtira eləyin, tökün
xalqı o maşina, yusun təmizləsin də...
Xeyli susdular... Boynu əyri
kişinin sonbeşiyi, altıncı sinifdə oxuyan
qızı icazəsiz-filansız içəri girdi: - Ata, bu
gün beş aldım, gündəliyimə baxırsan?
- Sonra! Sonra! - qız
uşağının qəlbinə dəydiyini söz
ağzından çıxandan sonra hiss elədi və tez də
özünə bəraət qazandırdı: Noolsun, heç
o boyda nəhənglərin ("bic doğulmuş" tarixi
şəxsiyyətlərimizi nəzərdə tuturdu) tarix
boyu qəlbinə dəyiblərsə və dünya
dağılmayıbsa indi də dağılmaz... heç nə
olmaz...
Boynu əyri kişinin
ürəyindən keçənlərdən jurnalistin xəbəri
olsaydı bir az da çaşardı, xəbəri olmadı və
çaşmadı.
- Bir sual da, -
boğazını artladı, - Azərbaycanda elə məşhur
ailələr var ki, elə son yüzilliyi götürsək
tarixin bir-birilə daban-dabana zidd olduğu müxtəlif zaman
kəsiklərində həmişə bu xalqdan
yarıyıblar, hətta yeri düşəndə heç
xalqı da bəyənməyiblər, xalqa yuxarıdan
baxıblar. Bax, o cür nəslə-kökə, o cür ailələrə
necə baxırsınız? Firavan, şan-şöhrətli
yaşamaq xatirinə dünən dediyi sözü bu gün tərsinə
danışan, sabah nə deyəcəyi isə qətiyyən
məlum olmayan ailələri deyirəm.
- O cür adamların, təəssüflər
olsun ki, ailələrin, hətta nəsillərin min sifəti
olur, biri məlum olanda o biri sifətini göstərir - yəni
sifətdən boldular. Onlar çürüntüdülər.
Çoxusu da xoşqeyrət olur. Bax, xalqı onlardan təmizləmək
üçün o bayaq dediyim institutu yaratmaq lazımdır. O
cür məşhur və "aparıcı" nəsillərdən
bu xalqı qorumaq lazımdır. Yoxsa, hamı onlara oxşamaq
istəyəcək və sonra bu istəyin qabağını
Allah da ala bilməyəcək... Mənim şəxsi
münasibətimə gəlincə isə, mən onlardan iyrənirəm.
Onların nəinki sifətini görmək, onlar baxan
güzgüyə baxmaq da təhlükəlidi. Bax, xalqın
iyrəndiyi əsl bic doğulmuşlar, haramzadələr
onlardı. Yoxsa, yazıq Füzuli...
İkisi də birtəhər
olmuşdu. O qədər susdular ki, qız çay gətirdi,
deməli, bir çay dəstgahı başa gələnə
qədər susublar. Sükut pozuldu:
- Ata, jurnalist əmidi?
- Bəli, qızım.
- Böyüyəndə
mən də jurnalist olacam.
- Allah qoysa, - jurnalist
xeyir-dua verdi, - nədən yazassan?
- Atamdan yazacam, - dili azca
dolaşdı, - yazacam ki, atam düz adamdı,
yaxşıdı, çoxlu pulumuz yoxdu, axı neçə
ildi işləmir, elə oturur evdə. Amma deyir ki... - səsi
titrəyir, - hər şey yaxşı olacaq.
Bayaqdan titrəyən səsi
qırıldı, atasının sinəsinə
sığındı, körpə quş kimi titrəyirdi:
- Mənim atamın nə
yaşı var ki, cəmisi əlli iki. Onu hamı
tanıyır... - atasının qollarının arasından
çıxıb iri gözlərini jurnalistə dikib dedi:
- Atam deyir ki, hər
şey yaxşı olacaq... çayınızı için də...
- Qızım gündəliyini
gətir baxaq.
Qız elə sevindi ki,
axırıncı "beş"i atasına, bütün
gündəliyini jurnalistə göstərdi, - hamısı
beşdi, - dedi və ehmalca çıxıb getdi.
Boynu əyri kişi
yerindən qalxıb pəncərəyə
yaxınlaşdı:
- Bir az dincəl...
Jurnalist o saat "təslim" oldu.
Gecə yarıya qədər
söhbət uzandı və tamamlanmadı. Bu söhbət
heç vaxt qurtarmayacaq - ikisi də bir-birindən xəbərsiz
bu qənaətə gəlmişdi. Diktafonun lenti də, bloknot
da çoxdan dolmuşdu. Boynu əyri kişinin ürəyi isə
boşalmamışdı. Jurnalistin getməyini istəmirdi.
Bir azdan yenə özü ilə tək qalmalıdı -
üzbəüz. Özü ilə tək qalmaq dünyanı
idarə etməkdən qat-qat çətindi - hələ
Allahdan başqa özü ilə tək qalan olmayıb. Əstəğfürullah...
Qapıdan
çıxanda boynu əyri kişi jurnalistə dedi:
- Mənim dediklərimə
o qədər bənd olma, cavansan. Bir xahişim də var, o bic
doğulanların siyahısını çap eləmə ha,
acığımdan deyirdim - onu özün üçün tərsinə
yozarsan.
- Gecəniz xeyrə
qalsın.
Qapını
bağladı və təkləndi. Qeyri-ixtiyari gəlib pəncərənin
qabağında dayandı. Özünə söz verdi ki, bir də
kresloda oturmasın. Yağış dünyanı yuyub-təmizləməklə
məşğul idi. Dünya gözəlləşirdi -
göylərin insan sifəti görməyən gözəlliyi
yerə tökülürdü. Dünya gözəl idi və
yağışa düşmüşdü. İndi bu gözəlin
sünbülündən su damırdı. Əhsən!..
Yağış boynu əyri
kişinin gözünün qabağında səhərəyaxın
kəsdi. Boynu əyri kişinin pəncərəsinin
qabağında bir gözəl dayanmışdı - bu gözəlin
adı Səhər idi. Boynu əyri kişi Səhərlə
üzbəüz dayanmışdı. Səhər də iri,
ala gözlərini boynu əyri kişinin üzünü zilləmişdi.
Deyirlər gözəllə üz-üzə dayananda ən
eybəcər adamın özü də gözəlləşir.
Boynu əyri kişi yer üzündə yaşayan
bütün azərbaycanlıları bu Səhərlə
üzbəüz görmək istədi. Ancaq sən
saydığını say, gör Azərbaycan xalqı nə
sayır - axırda saydıqlarınızı
tutuşdurarsınız, boynu əyri kişi...
- Alo, bura qəbiristanlıqdı?
- Bəli.
-
Bağışlayın, mən kiminlə danışıram?
- Baş qəbirqazanın
müavini ilə.
-
Bağışlayın, qəbirin birini neçəyə
qazırsınız?
- O baxır
ölünün gövdəsinə, eninə, uzununa.
- Ölünün
uzunluğu, - səsi titrədi, - bir metr yetmiş dörd...
- Yüz əlli dollar.
- Üzr istəyirəm,
özümüz də gəlib kömək eləsək bir
az ucuz olar?
- Xeyr, ixtiyarımız
yoxdu.
- Sağ olun.
- Siz də sağ olun, nə
vaxt lazım olsa, qulluğunuzda hazırıq. Səsiniz mənə
çox tanış gəlir, kim idi ki, danışan?
- Azərbaycan
xalqı...
Çox axtardı
kağız tapmadı. Stolun siyirtməsində altı il
bundan qabaq ölmüş əmək kitabçası əlinə
keçdi, vərəqlədi, gördü ki, on altı
yaşından işləyir. Əmək
kitabçasının boş vərəqində əlindəki
diyircəkli qələmlə Mürdəşirin, Qəbirqazanın,
Mollanın, qırx gün ərzində urvatsız bir adam üçün
verilən ehsanın pullarını dəqiq hesabladı və
onun aləmində çox fantastik bir rəqəm
alındı. Bədəni buza döndü. Fikirləşdi
ki, yaşamaqla ölmək arasında o qədər də
böyük fərq yoxdu. Dərindən fikirləşəndə
isə ölmək daha çox pul aparırdı. Əlindəki
qələmi bir tərəfə tulladı. Əmək
kitabçasının hesab apardığı vərəqini
cırdı, alışqanla onu külqabında
yandırdı ki, uşaqların əlinə keçər,
qorxub eliyərlər. Kağız yanıb qurtaran kimi vaxtilə
dostunun ona yadigar verdiyi şüşə külqabı tən
ortadan iki yerə bölündü.
Boynu əyri kişi
qalxıb pəncərəyə yaxınlaşdı, pəncərəsini
payızın üzünə açdı. Çiskinləyirdi.
Payızdan utanmasaydı
var gücü ilə qışqırardı:
- Yaşasın Azərbaycan
xalqı!!!
30 sentyabr 1997-ci il
SEYRAN SƏXAVƏT
Ədalət.- 2011.- 2 aprel.- S. 12-13.