Valideynlər uşaqlar haqqında nəyi bilməlidir

 

(əvvəli ötən şənbə saylarımızda)

 

23 oktyabr - 22 noyabr arasında doğulan uşaqların xarakteri

 

Bu aralıqda doğulanlar astrologiyada ƏQRƏB adlanır. Belə demək mümkünsə, onlar məqsəd uğrunda mübarizə aparmaq üçün doğulmuşlar. Bu bürc altında iki tip uşaq doğulur: birinci tip döyüşkən, hərbçi, əsl aristokratdır, ikincilər - zahirən sakit qapalı, amma ağıllı, nüfuzedici sərraf olur.

Hər iki tipdən olanlar sərbəst və enerjili, qürurlu və eqoistdir, biliklərə sonsuz həvəs göstərir, mistikayla, axirət elmləri ilə maraqlanırlar. Hər iki tip gözəlliyə, cah-cəlala vurğundur. Onlar təbiəti və heyvanları sevirlər, onları sirli və naməlum şeylər cəlb edir. Hər iki tipdən olan ƏQRƏBlər dürüst oldu-olmadı, mühakimə yürüdür, heç nəyə əsaslanmadan şübhələnir.

Döyüşkən ƏQRƏBlər lap ilk vaxtdan müxtəlif hərəkətlərə, sərgüzəştlərə cəhd edirlər, ona görə də valideynlər onların tərbiyəsində çətinlik çəkir. Bu cür uşaqlar dediyindən dönmür, şıltaq və nadincdir, bildiyi kimi hərəkət etmək istəyir, qısqancdır, tez-tez kobud və sərtdir. İkinci tip uşaqlar sakit, daha doğrusu, qapalıdır, özünü təmkinli, sirli aparır. Yaradıcı ehtiras üçün onlara sakitlik, harmoniya və şərait lazımdır. Dost, həmfikir kimi onlar səmimi, vəfalı və sədaqətlidir. Haqlı olduğunu bilsələr heç bir güzəştə getməzlər.

Valideynlər fikir verməlidir ki, onlar kimlə dostluq edir, kimlə oynayır, çünki çox şey onların dostlarından asılı olur. ƏQRƏBlər mühafizəkardır, eyni zamanda proqressiv tendensiyaları müdafiə edə bilərlər, daha çox praktik və praqmatik, daha çox realistdirlər, nəinki idealist və romantik. Təmizlik və səliqəlilik onların əsas keyfiyyətlərindəndir. Qızğın və impulsiv, hirsli və tez inciyən, höccət və bədgüman olmasına baxmayaraq, dost və işgüzar münasibətlərdə onlar səmimi və vicdanlıdır. Bəzən ifrata varmaq da onların xislətindədir. Fəal surətdə ad-san və şöhrət axtarışında olurlar. Gülməyi sevirlər, satira və yumor ürəklərinə yatır, eyni zamanda fleqmatik və bədbin olurlar. Deyəsən, belə uşaqların çoxu, hər halda, tək və qapalı qalmağı sevir. Belə uşaqlar tamaşa və seyr etməyi xoşlayırlar. İstifadə edə bilsələr, onlarda güclü yaradıcılıq ehtirası var. ƏQRƏBlər böyük, qeyri-adi adamları, azad və müstəqil, məşhur və tanınan adamları xoşlayırlar. Onların beyni həmişə nəsə yeni fikir və ideyalarla məşğul olur. Onlar bir tərəfdən diqqətli və qayğıkeş, sadiq və vəfalıdırlar, sevə bildikləri kimi nifrət etməyi də bacarırlar. Digər tərəfdən qapalı, olduqca kinli və qisasçıdırlar, qəzəbləndirsən, cinayət işlədə bilər.

ƏQRƏBlərin xolerik-fleqmatik temperamenti tez-tez onlara mane olur, çünki onlarda hamını və hər şeyi tənqid etmək, hamıya qarşı çıxmaq meyli yaranır.

Göründüyü kimi, maraqlı xarakterdir, amma problemsiz deyil.

Oğlanlara nisbətən, qız-ƏQRƏBlərin birinci və ikinci tipi arasında fərq daha böyükdür. Birinci tip qızlarda kübar əda, bəzən başqalarının həyatını "zəhərləyən" şıltaqlıq da müşahidə oluna bilər. İkincilər qapalı qadınlardır, çox zaman dindar olurlar.

Ünsiyyət zamanı belə uşaqların aqressiv davranış tərzini, güzəştə getmədiklərini nəzərə alın. Həddən artıq yumşaqlıq da göstərməyin. Onların bildiyi şeyi yaxşı olar ki, deməyəsiz. Siz yalnız soruşun, hiss olunmadan söhbətə istiqamət verin və dinləyin, onlar özləri danışacaqlar. Onların möhkəm yaddaşı olduğu üçün mübahisə və təkrarlardan qaçın.

ƏQRƏBlər hərbçi olmaq, polisdə işləmək, müəllim və ya cərrah olmaq istəyirsə, onları uşaqlıqdan müdafiə etmək lazımdır. Onlarda bədənin və orqanizmin fiziki vəziyyətinə qəribə bir maraq var. Hələ yeniyetməlik dövründə onlar bitki və otların müalicəvi xassələrini bilir, yaşa dolanda isə xəstələri terapevt kimi müalicə edirlər. Onlar fəlsəfə və filologiya, elm və texnika ilə, incəsənətlə, xüsusən musiqi və teatr sənəti ilə çox maraqlanırlar.

Orqanizmlərinin zəif nahiyələri bunlardır: qarnın aşağı hissəsi, qasıq və cinsiyyət sistemi, öd kisəsi, böyrək və vena sistemi. O cümlədən boğaz- burun xəstəlikləri, sətəlcəm, göz ağrıları onlara xasdır.

 

22 noyabr - 21 dekabr arasında doğulan uşaqların xarakteri

 

Bunlar OXATANdır. OXATANlar yaşadıqları dövrün tipik nümayəndəsi, gələcəyin elçisidirlər. Xolerik-impulsiv temperamentli, şən ovqatlıdır, yüksək şəxsi ləyaqəti, "Mən"i var.

Onlar əsasən xeyirxah, doğruçu, ədalətlidir, amma həddən artıq açıq və sözü birbaşa deyəndirlər. Heç vaxt inadkarlıq etmirlər, ürəyigeniş, qəlbən səxavətli olurlar.

Əvvəlcə məhəllədə, sonra məktəbdə yaşıdları arasında oynayarkən onlarda başçılıq, özünü göstərmək iddiası müşahidə olunur. Onlar məşhurlaşmaq, tanınmaq istəyirlər, hərdən görürsən ki, hansı uşağınsa əşyasını ən müxtəlif üsullarla onun əlindən almağa çalışır.

OXATAN uşaqlar bacarıqlı istedadlı olur. Səhərlər bircə dəfə dərsini oxusa, yadında qalar.

Bu bürcün qızları da yorulmaq nədi bilmir. Musiqi altında saatlarla oynamaq onlar üçün heç nədir. Bunlar o qızlardır ki, son dəbli mini yubkada, yaxud cins şalvarda küçələri ələk-vələk eləyir. Onları öz fikirlərindən döndərə bilməzsən, əksinə onlar çalışırlar ki, mühafizəkar valideynlərini də "tərbiyə etsinlər". Onlar məcburiyyət, zor və tabeçilik tanımır.

Bəli, OXATAN bürcü gələcəyi təsadüfən nişan almayıb ki.

OXATANlar evdə oturmağı xoşlamır, səfərə çıxmağı, təbiəti, heyvanları sevirlər. İlk yaşlardan adi adamların, kütlələrin görə bilmədiyi, təsəvvür etmədiyi uzaq gələcəyi görür, ona doğru gedirlər. Bu işdə OXATANlara güclü intuisiya, uzağı görmək qabiliyyəti, ağıllı mühakimə və məqsədə çatmaq əzmi kömək edir. Əlbəttə, onların həyatında uğursuzluqlar da baş verir, amma onlar ruhdan düşmürlər. Onların optimizmi, ümid və inamı tükənməzdir. Əgər bu gün alınmırsa, sabah mütləq alınacaq. Onlar həmin sabahkı günlə yaşayır. Təşkilatçılıq və gözəl natiqlik qabiliyyəti onlara praktik fəaliyyətdə yüksək nailiyyətlər əldə etməyə imkan verir. Onlar yorulmaq bilmir, hər vaxt mənəvi dünyasını zənginləşdirməyə, sosial səviyyədə parlamağa çalışır. Doğrudur, hərtərəfli qabiliyyət, sonsuz istək və maraqlar bəzən onun qüvvəsini dağıdır. Onların maddi vəziyyəti yalnız özlərindən, öz səy və bacarığından asılıdır.

OXATANlar əsasən iki tipə bölünür: birincilərin böyük həyat qüvvəsi var, qarşısı alınmazdır, sivilizasiyanı xoşlamırlar, başqalarını arxasınca apara bilir.

İkinci tiplər də maraqlıdır. Bunlar alim, siyasətçi, hüquqşünas, səyyah kimi yetişir, risk və ağılagəlməz sərgüzəştləri xoşlayırlar. Belə uşaqlarla ünsiyyətə girərkən doğru danışmaq, yalnız düzünü demək və ədalətli olmaq lazımdır. Əks halda, onların inamı həmişəlik qırıla bilər. Həyatınızın çətin bir anını, başınıza gələn bir hadisəni, haçansa etdiyiniz bir səhvi onlara ürəklə danışın, bu yalnız xeyir verər.

Heç vaxt OXATAN uşaqların adətinə, xasiyyətinə rişxənd etməyin. Çalışın ki, o da bəzi şeylərdə haqlı olsun, "udsun". Belə olsa, ikinci dəfə özü sizə yaxınlaşacaq.

OXATANların ən həssas yeri: bud və baldırlar, qasın nahiyəsi, kürək əzələləri, bütün vegetativ əsəb sistemi.

Xəstəlikləri: bel ağrısı, işias (oturaq əsəbin iltihabı), revmatizm, podaqra (oynaq və toxuma xəstəliyi), omba buğumlarının qırılması, yuxarı tənəffüs orqanlarının xəstələnməsi və soyuqdəymə, angina, böyrək və öd kisəsi, maddələr mübadiləsinin pozulması, spazma.

 

(ardı var)

 

 

Ədalət.- 2011.- 2 aprel.- S. 14.