Mirzə Fətəlidən
Vaqif İbrahimoğluna
qədər
Bir neçə il çəkən təmir-yenidənqurma
işlərindən sonra
Akademik Milli Dram Teatrı yenidən qapılarını
teatrsevərlərin üzünə
açdı. Martın
10-da 138-ci mövsümə xalq yazıçısı
İlyas Əfəndiyevin
"Qarabağnamə" tamaşası
ilə start verən ölkənin baş teatrı artıq qonaqlarını öz doğma binasında qarşılayır.
Yaradıcı kollektiv
yeni mövsümdə daha bir tamaşanı təqdim etdi.
Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin
"Sərgüzəşti- vəziri-xani-Lənkəran"
komediyasının premyerası oldu.
Foyedə
Əsl bayram ovqatı var idi. Gül dəstələri
ilə gələn tamaşaçılar üçüncü
zəngin çalınacağı
vaxtı gözləyirdilər.
Premyeranın anşlaq keçəcəyi
gələnlərin sayından
da bəlli idi. Təkcə kəmiyyət sarıdan
deyil, keyfiyyət baxımından da premyeranın bəxti gətirmişdi. Foyedə say-seçmə
ziyalılar söhbətləşir,
fikir mübadiləsi aparırdılar.
Baş nazirin müavini
Elçin Əfəndiyev həmin axşam həm də
teatrın daimi müəlliflərindən biri kimi təşrif
buyurmuşdu. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov,
vitse-spiker Bahar Muradova, mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev, akademik Bəkir Nəbiyev,
professorlar Aydın Dadaşov, Qulu Məhərrəmli,
yazıçı-dramaturq Əli Əmirli,
Yazıçılar Birliyinin katibi Rəşad Məcid dəvət
olunanlar arasında idilər. Xalq artisti Amaliya Pənahova bir
zamanlar səhnəsində müxtəlif obrazlar
yaratdığı bu teatra indi qonaq qismində dəvətli
idi. Səhhətinə görə səhnədən müvəqqəti
ayrı düşən xalq artisti Yaşar Nuriyə xüsusi
loja ayrılmışdı.
Akademik Teatrın rəhbərliyi
jurnalistlərin də bu bayram ovqatına köklənməsi
üçün hər cür şərait
yaratmışdı. Jurnalistlərə tamaşa barədə
press-reliz , proqram paylanmışdı. Qalırdı bircə
tamaşaya baxmaq.
Amma tamaşa zalına
keçməzdən öncə bir məsələni
xatırlayaq...
Mirzə Fətəlinin əl işi
Milli
dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli
Axundzadənin qələmə aldığı hər bir pyes
bizim üçün dəyərlidir. "Sərgüzəşti-vəziri-xani-Lənkəran"ın
isə dramaturgiyamızda özəl yeri var. Məhz bu pyeslə
Azərbaycan peşəkar teatrı 1873-cü il martın 10-da
yola çıxıb. Ötən müddət ərzində
bəzi istisnaları çıxmaq şərti ilə ölkəmizin
demək olar ki, bütün teatrları Mirzə Fətəlinin
bu əsərinə müraciət edib. Pyesin qəhrəmanları
Akademik Milli Teatrının səhnəsi üçün də
yad sayılmırlar. Əsər müxtəlif rejissorların
yozumunda baş teatrda tamaşaçılara təqdim edilib.
Görkəmli səhnə ustalarımız həmin
quruluşlarda yadda qalan obrazlar yaradıblar.
Qısa bir dövrdən
sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət
edib. Bu qayıdışın özəl bir səbəbi də
ondadır ki, tamaşa Mirzə Fətəlinin 200 illik yubileyinə
həsr olunub.
Səhnədə
Hə, indi tamaşaya
baxmaq olar. Amma üçüncü zəngə qədər
bir məsələni xatırlayaq...
Bu dəfə əsərə
tanınmış rejissor, əməkdar incəsənət
xadimi Vaqif İbrahimoğlu quruluş verib. Rejissor Tural Mustafayev,
rəssamı Reşid Şerifdir. Xalq artisti Səyavuş Kərimi
tamaşaya musiqi yazıb, Zakir Ağayev və Yelena Ağayeva
isə rəqslərə quruluş veriblər.
Hə, indi
işıqları söndürmək olar.
Səhnədə
yüksək təhlükəsizlik tədbirləri
görülüb. Xanın qorumaları sui-qəsd xofuna
görə hər yanı yoxlayırlar. İlk baxışdan
hər şey qaydasındadı.
Amma əslində...
Məmləkətdə
vəziyyət dözülməz həddədi. Lənkəran
xanı (Xalq artisti Nurəddin Mehdixanlı) gününü
meyxana deməklə, rəqqasəyə qoşulub oynamaqla
keçirir. Darıxanda da dərya kənarına seyrə
çıxır. Ədalətli qərar verməyə gələndə
çaşıb qalır. Bunun üçün lazım olan
müsbət keyfiyyətlərin heç biri Xana verilməyib.
Onun vəziri Mirzə Həbib
(əməkdar artist Cəfər Namiq Kamal) dildə
özünü güclü-qüvvətli göstərməyə
çalışsa da əslində qorxağın biridi,
üstəlik də yaxası iki arvadın əlindədi. Mirzə
Həbib Vəzifədə qalmaq üçün
baldızı Nisə xanımı Xana ərə vermək istəyir.
Nisə xanım (İlahə Həsənova) isə Xanın
qardaşı oğlu Teymur ağanı (Hikmət Rəhimov)
sevir.
Vəzirin
axmaqlığından istifadə edən arvadları Ziba (əməkdar
artist Münəvvər Əliyeva), Şölə xanım
(Şəlalə Şahvələdqızı) anası Pəri
xanım (Əminə Babayeva) kələk qururlar. Sadəlövh
Vəzir qurulan tora tez düşür.
Komediya xoşbəxt
sonluqla bitir. Dərya gəzintisi zamanı Xanın
qayığı batır. Teymur ağa əmisinin yerinə Xan
seçilir və sevgisinə qovuşur.
Vaqif İbrahimoğlunun işi
Vaqif İbrahimoğlu
istedadı və öz dəsti-xətti ilə seçilən
rejissorlardandı. Vaqif bəyin "Yuğ" və digər
teatrların səhnəsində quruluş verdiyi tamaşalara
münasibət birmənalı olmur. Akademik Milli Dram
Teatrında ərsəyə gətirdiyi "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
tamaşasına da müxtəlif cür yanaşma olacaq. Bunu
premyerada iştirak edən tamaşaçıların
reaksiyasından da görmək mümkün idi. Rejissorun
klassik əsərə, daha konkret, Vaqif İbrahimoğlunun Mirzə
Fətəli Axundzadənin yazdığına fəal
müdaxiləsi bəzi səhnələrdə müəyyən
narazılıq doğurdu.
Teatr asılqandan
başlasa da tamaşadan sonra seyrçinin yaddaşında
asılqan yox, səhnədə gördüyü aktyorlar
qalır. Tamaşanın rejissoru həmişə ciddi obrazlarda
görməyə alışdığımız Nurəddin
Mehdixanlını yeni ampulada sınadı. Sənətdə
çox sınaqlardan çıxmış xalq artisti bu
sınaqdan da uğurla keçdi. Bir tamaşaçı kimi mənim
qənaətim belədir ki, Nurəddin Mehdixanlının
yaratdığı Xan obrazı dolğun alınıb. Cəfər
Namiq Kamal, Hikmət Rəhimov, Münəvvər Əliyeva,
İlahə Həsənova, Şəlalə Şahvələdqızı,
Gənclər Teatrından yaxşı
tanıdığımız Ayşad Məmmədov təbii
ifaları ilə yadda qala bildilər.
Söz obyektiv və
peşəkar teatrşünaslarındı.
Premyeranın tələblərinə
görə quruluşçu rejissor sonda səhnəyə
çıxıb tamaşaçıların təbriklərini
və gül dəstələrini qəbul etməli idi. Lakin səhhətində
yaşanan problemlər üzündən Vaqif bəy premyerada
iştirak edə bilmədi.
Yastığınız
yüngül olsun, Vaqif bəy!
Etibar Cəbrayıloğlu
Ədalət.- 2011.- 2 aprel.- S. 16.