Yaşar Nuri: "Tamaşaçılar məndən ötrü, mən onlardan ötrü darıxmışam"

 

Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın kino teatrında silinməz izlər qoymuş, sevə-sevə izlədiyimiz rolların yaradıcısı, xalq artisti Yaşar Nuriylə Milli Dram Teatrında görüşdük. Şən gülərüz halda gəldi görüşə. Bütün teatr ayaq üstə qarşıladı sənətkarı, bütün kollektiv onunla hal-əhval tutdu. O da hamıyla gülərüzlə salamlaşdı, zarafatlarından da qalmadı. Uzun müddət, Türkiyənin İstanbul Memorial Xəstəxanasında müalicə olunandan sonra Vətənə dönən Yaşar müəllim ilk geniş müsahibəsini APA-ya verdi.

- Ötən həftə yenidən İstanbul Memorial Xəstəxanasında müayinədən keçdiniz və müalicənizin birdəfəlik Azərbaycanda davam etdirməyinizə qərar verildi...

- Mən sizə deyirdim ki, özümü çox yaxşı hiss edirəm. Bu da sübut. Normalam şükür Allaha. Bu elə şeydir ki, heç birimizin əlində deyil. Sadəcə bir az yerişimdə problemlər var. O keçib gedəcək, buna inanıram. Mən 4 ay İstanbulda öz xoşuma yatmamışam. Məcburi yatızdırıb, müalicə edirdilər. Gördünüz ki, bu gün teatra öz ayağımla gəldim. Hələ bundan da yaxşı görəcəksiniz məni, gündən-günə yaxşılaşıram. Hələ mənim teatrda çox işim olacaq. Məni çox gözləyir... Darıxmışam, çox darıxmışam. Mən çox şeylər planlaşdıra bilərəm, amma deyim var "Sən saydığını say, gör fələk sayır". Tamaşaçılar məndən ötrü, mən onlardan ötrü darıxmışam... Bilirsiniz, İstanbulda müalicə olunduğum 4 ayda heç nədən qorxmadım. Biz qorxmaq üçün gəlməmişik bu həyata. Biz həyata göz açanda gərək qorxu hissindən uzaq olaq. Həyata gəlmək, yaşamaq artıq bütün əziyyətlərə boyun olmaq deməkdir. Heç nədən qorxmadım, sadəcə əziyyət olur bir az. Xəstəlikdir , gələndə qatarla gəlir. Qəzəldə deyildiyi kimi: "Mən bəlanı istərəm, çün bəla istər məni..."

- Səhhətinizdə yenidən problem yaranması özünüzə qarşı diqqətsizlikdən irəli gəlmirmi? Bəlkə özünüzə daha artıq vaxt ayırasınız?

- Diqqət deyəndə ki, evdə mənə yetəri qədər diqqət edirlər. Bilirsiniz, mən səhnə, kino üçün o qədər acmışdım ki... Ona görə gəldim və gələn kimi birdən-birə üç tamaşa - Musiqili Komediya Teatrında "Ər və arvad", Kukla Teatrında "Məşədi İbad", "Arşın mal alan" tamaşalarda, eyni zamanda "Bacanaqlar" serialının çəkilişi... Yəqin ki, bunlar məni bir az yordu. Oksigen çatışmazlığı, qan təzyiqi, beyinə qan sızma. Həkimlər bildirdilər ki, bu əsəb və yorğunluqla əlaqədardır.

- Deyirlər, "Başına gələn başmaqçı olar". Amma Siz yenə də həkimləri dinləməyib, onların tam razılığı olmasa da, teatrın açılışına gəldiniz...

- Axı həkim mənim ürəyimdə deyil. Hətta ürəyimdə olsa belə, bilə bilməz axı mənim məhəbbətimi. Mən söz vermişdim və mütləq gələcəkdim. Əlil arabasında da olsaydım, gələcəkdim, çünki teatr 40 ilə yaxındır, mənim evimdir. 10 yaşından bu həyatın içindəyəm, bu tozu uduram. Necə ola bilərdi ki, belə bir günə gəlməyim?

- Çoxsaylı tamaşaçılar Yaşar Nurinin səhnəyə çıxışını səbirsizliklə gözləyir. Yeni təkliflər almısınızmı?

- Bu dəfə heç nədən qorxmuram. Çoxsaylı rollar düşünürəm. "Niyyət" filminin rejissoru Samir Kərimoğlundan dəvət almışam. Çox maraqlı bir obrazdı, mayın axırında filmin çəkilişlərinə başlayacağıq. Görkəmli rejissor Vaqif Mustafayevlə birgə işimiz var, onu başlayacağam. Akademik Milli Dram Teatrında "Tiflis yengələri" pyesində rolum var. Bununla bərabər, "Özüm bir aktyoram, teatrım var" monotamaşasını tək oynayacağam. Artıq müdiriyyətlə danışmışıq, icazə verilib. Çox güman ki, bu tamaşada müasir Molla Nəsrəddin olacağam. Yəqin ki, tamaşa Sabirin motivləri əsasında hazırlanacaq. Bir telekanallardan dəvət alıram, ancaq gedə bilmirəm. Təklif, çoxdur. Səhnəyə çıxmalıyam, qurtardı getdi. Mütləq səhnəyə qayıdacağam!

- Əsaslı təmirdən çıxmış Akademik Milli Dram Teatrında artıq iki tamaşaya baxmısınız. Təəssüratlarınız maraqlı olardı.

- Təmir olunmuş bu möhtəşəm binada çox yenilik var. Bu boyda binada yenilik, kollektivin əzmini görməmək düzgün olmaz. Camaatda yeni həvəs, yeni istək var. Keçən ilə qədər hər kəs, rol verilənlərin çoxu belə oynamaqdan imtina edirdi. İndi hamı rol oynamaq istəyir. Tək görünüş yox, teatrda ümumi atmosfer dəyişib. Həm binanın özü, həm rəhbərlik, həm yeni rejimi... Teatrın hər yeni tamaşası, hər uğuru, məni bir addım irəli aparır.

- Bu il 60 yaşınızı qeyd edəcəksiniz. Yorulduğunuzu hiss etmirsiniz?

- 4 ildir, mən bu xəstəliklə əlləşirəm. Amma yorulmaq olmaz, yorulmaq mənlik deyil. Həyatda yorula bilərəm, səhnədə yox... İkincisi də, lazım olmasan, gərək özün yavaş-yavaş gedəsən. Mən səhnəyə çıxarkən alqışlanıram. Bilirsinizmi, səni növbəsiz mağazaya buraxarlar, qırmızı işıqda keçəsən, bağışlayarlar, amma tamaşaçı sevgisini qazanmaq çox çətin məsələdir. Mən bu sevgini hiss edirəm. Teatrın açılışında mən salona daxil olanda o cür alqışlandım. Gəldim evə, amma yenə özümü səhnədə hiss edirdim. Mən bildim ki, səhnəyə çıxanda, sənə əl çalırlarsa, səni öpürlərsə, sənə növbəsiz yer verirlərsə, deməli tamaşaçı məhəbbətini qazanmısan. Özümə qarşı tamaşaçı sevgisini hiss etdiyim üçün çox xoşbəxtəm. Bəzən dost-tanışlarım məni danlayır, deyirlər, "Əşşi elədiyini eləmisən, bu yaşda sən elədiyini heç kim eləməyib". Bəzi dostlarım isə "Yaşar, bu yaşa qədər sən nələr eləməmisən, bəsdir də" deyirlər. Deyirəm, yox bəs deyil, imkan olar, işləyərəm, olmaz da ki... Amma yenə gələcəyəm, yenə baxacağam. O əzmlə çalışıram ki, səhnəyə çıxım və çıxacağam. Nəinki burada, hələ Musiqili Komediyada, Gənc Tamaşaçılar Teatrında, Kukla Teatrında da işlərim var.

- Yubileyinizi necə qeyd etməyi düşünürsünüz?

- Vallah 60 illiyə tələsmirəm. Yubileyimlə maraqlanırlar, hörmətli nazirimiz də dedi ki, yubileyim regionlarda da keçiriləcək. Sözün düzü, mən özümü səhnədə çox gənc hiss edirəm. O rəqsləri ki, "Ər və arvad"da, "Məşədi İbad"da mən oynadım, deməli, hər şey çox yaxşıdır. Mən görəndə ki, 10 yaşında uşaq da axsayır, düşünürəm ki, həyatdır da, bəs o neynəsin? Mən indi 60 yaşında beləyəm, bəs o? Yubileyi də edəcəyik, inşallah. Həyata açıq və nikbin gözlə baxmaq lazımdır. Yaşamaq yaxşı şeydir, amma rahat yaşayasan. Pul heç nəyi həll eləmir, amma rahatlıq həll eləyir. 60 yaş nədir ki, hələ çox iş görəcəyəm...

 

 

Ədalət.- 2011.- 2 aprel.- S. 17.