BƏSTƏKAR ÖMRÜ
Ey könül mülkünün barı
Naxçıvan,
Ellərin sevgili yarı Naxçıvan...
Bu şux, əbədiyaşar
mahnını dinləyənlər, sonralar zümzümə
edəndə də heç ağıllarına gətirməyiblər
ki, onun müəllifi naxçıvanlı olmaya bilər.
Çünki diyara oğul məhəbbəti mahnının
melodiyasında belə açıq-aşkar duyulur. Ona görə
də istər-istəməz düşünürsən: belə
istək dolu mahnını ancaq bu torpaqda
doğulub-böyümüş, onun suyundan içmiş
övlad bəstələyə bilər.
"Barı
Naxçıvan" mahnısının müəllifi barədə
sonuncu müddəanın ikinci hissəsi uyğun gəlir:
1912-ci ildə Qarabağda - Füzuli şəhərində
anadan olmuş Məmməd Kərim oğlu Cavadovun
ömrünün müəyyən hissəsi şairlərin
"Nəqşi-cahan" adlandırdığı diyarla
bağlı olub.
O, Naxçıvana gedənə
qədər Asəf Zeynallı adına Musiqi Texnikumunu,
Konservatoriyanın nəfəs alətləri və bəstəkarlıq
şöbələrini bitirmişdi. Məmməd Cavadov Azərbaycanın
görkəmli, təkrarsız bəstəkarı Üzeyir
Hacıbəylidən dərs almış, musiqinin valeh edici
sirlərinə vaqeh olmuşdur. 1932-ci ildən 1938-ci ilə qədər
dahi bəstəkarın yaratdığı notlu xalq
çalğı alətləri orkestrində (indi Səid
Rüstəmov adına) işləmiş, Moskvada keçirilən
Azərbaycan mədəniyyəti ongünlüyünün
iştirakçısı olmuş, üç il Opera və
Balet Teatrında çalışmışdır. 1941-ci ildə
bəstəkar Tofiq Quliyevin və Niyazinin yaratdıqları
Dövlət "Caz" orkestrində saksafonçu,
1943-cü ildə Dövlət Akademik Dram Teatrında dirijor
işləmişdir. Onun musiqiyə olan marağı, həvəsi,
yaradıcılıq qüvvəsi günü-gündən
aşıb-daşırdı. Belə bir vaxtda rəhmətlik
Adil Isgəndərovun tövsiyəsi ilə Naxçıvan
Dövlət Dram Teatrına dirijor təyin edildi. Eyni zamanda
musiqi məktəbində müəllimliyə başladı.
Yeri gəlmişkən, Ramiz Mirişli, Nəriman Məmmədov,
Rəşid Məmmədov onun yetişdirmələridir.
Teatrda "Arşın
mal alan" musiqili komediyasına, "Leyli və Məcnun",
"Əsli və Kərəm" operalarına, başqa
tamaşalara dirijorluq edir, yorulmaq nədir bilmirdi. Üç
il keçməmiş artıq notlu xalq çalğı alətləri
orkestri, Dövlət "Caz" orkestri və
"Sazçı" qızlar ansamblı yaradır.
Yazıçı Nağı Nağıyevin Vətən
müharibəsi mövzusunda yazılmış "Polad"
dramına musiqi bəstələyir.
Məmməd Cavadov
1945-ci ildə əslən Ordubaddan olan, o dövrün
tanınmış şairi Hüseyn Əzimlə tanış
olur. Onun şerlərini oxuyanda "Barı
Naxçıvan" diqqətini cəlb edir. Beləliklə,
dillər əzbəri olmuş "Barı
Naxçıvan" mahnısı yaranır. Bəstəkar
eyni zamanda xalqımız tərəfindən sevilən,
şair Islam Səfərlinin "Bənövşə",
"Badamlı", "Cəngi" şeirlərinə də
musiqi bəstələyir. Bu mahnılar 11 fevral 1946-cı il
tarixdə Bəstəkarlar İttifaqının
Üzeyir Hacıbəylinin sədrliyi ilə keçən
iclasında həyata vəsiqə qazanır.
Bəstəkar Muxtar
Respublikanın əksər rayonlarında, kolxoz-sovxozlarda zəhmətkeşlərlə
tez-tez görüşlərdə olur, onların asudə
vaxtlarının səmərəli keçirilməsində
yaxından iştirak edir. Həmin təmaslarda onun
yaratdığı xalq çalğı alətləri və
caz orkestrlərinin, "Sazçı" qızlar
ansamblının solistləri - Zərqələm Cavadova, Sofya
İsmayılova, Gültəkin Səfərli,
Mənzər Məmmədova və digər müğənnilərin
ifası dinləyicilərə böyük zövq verir. Təşkil
etdiyi konsertlərdə tanınmış sənət xadimlərindən
Zəroş Həmzəyeva, Əyyub Haqverdiyev, Füruzə Əlixanova
alqışlarla qarşılanırdılar. Məmməd
Cavadov 1955-ci ildə ailə vəziyyəti ilə əlaqədar
olaraq ürəkdən bağlandığı diyarla
vidalaşaraq doğma rayonuna - Füzuliyə qayıdıb
pedaqoji texnikumda müəllim işləməyə başlayır.
...Naxçıvanda
topladığı təcrübə burada da köməyinə
çatır. Məktəbdə nəfəsli alətlər
orkestri yaradan Məmməd Cavadovun təşkilatçılığı,
qabiliyyəti diqqətdən yayınmır. Çox keçmədən
o rayon mədəniyyət evinə direktor təyin olunur. Onun
işində böyük canlanma yaranır, mədəniyyət
evində müxtəlif dərnəklər təşkil
olunur. Rayonda istedadlı uşaqlar arayıb-axtarılır.
Onların bacarığı üzə çıxır. Hətta
folklor ansamblı Danimarkada Azərbaycan musiqisini təmsil edir.
Direktorun təşəbbüsü ilə rayonda musiqi məktəbi
fəaliyyətə başlayır, xalq teatrı
yaradılır. Bu teatrda hazırlanan "Nişan
üzüyü", "Şeytan əməli", "Qara
libaslı adam", "Baş tutmayan kələk" və
başqa tamaşalara musiqini məhz Məmməd Cavadov bəstələyir.
Məmməd müəllim
sonralar bir müddət Ağdam orta ixtisas musiqi məktəbində
də çalışıb. Harada yaşamasından və
işləməsindən asılı olmayaraq vaxtının məhdudluğu
ilə barışmayıb, yaradıcılıqla da məşğul
olub. "İnciyib", "Salam
var", "Nə qaldı", "Şuşada",
"Özünə güvən", "Bizim
dağlar", "Danışaq" və yüzlərlə
digər yadda qalan mahnının, rəqslərin müəllifi
Məmməd Cavadov olmuşdur.
1993-cü ildə Məmməd
müəllimin taleyinə köçkünlük də nəsib
olur. Bir müddət Lənkəranda məskunlaşan bəstəkar
çox tez müddətdə burada da musiqisevərlərin rəğbətini
qazandı. "Bu yerlər", "Təkcə səni",
"Lənkəran" və sair mahnılar bu gözəl
diyarda yarandı.
İstedadlı bəstəkar
xalq şairləri Səməd Vurğunun, Mirvarid Dilbazinin, Nəriman
Həsənzadənin, Fikrət Qocanın, tanınmış
qələm sahibləri Mərkəz Qacarın, Abdulla
Qurbaninin, Oruc Sədanın, Şəkər Aslanın,
Mirhaşım Talışlının sözlərinə
bir-birindən gözəl mahnılar bəstələmiş
Məmməd Cavadov 2008-ci ildə Tanrı dərgahına
qovuşub.
Yaxşı olardı
ki, 2012-ci ildə 100 illiyi qeyd olunacaq unudulmaz bəstəkar,
musiqi dünyamızda müstəsna və əvəzsiz xidmətlər
göstərmiş Məmməd Cavadovun adını əlaqədar
təşkilatlar əbədiləşdirsinlər. Bu da
ölməz bəstəkarın ruhuna bizim hörmətimiz
olar.
Tağı KƏRİMLİ
Ədalət.- 2011.- 7 aprel.- S. 5.