Mənsum İbrahimov, "Qarabağ" muğam qrupu uğurlu qastrol səfəri

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimov aprelin 1-dən 5-ə kimi qastrol səfərində olub. Məşhur xanəndə "Qarabağ" muğam qrupu adı altında musiqiçiləri ilə birgə əvvəl Belçikada, sonra Hollandiyada konsert proqramları ilə çıxış edib. Səfərdən qayıdan Mənsum İbrahimov təəssüratlarını ilk olaraq Lent.az-a bölüşüb.

O bildirib ki, Hollandiyanın məşhur Troppen teatrının təşkil etdiyi səfər çərçivəsində ilk konsert aprelin 1-də Belçikanın Antverpen şəhərində baş tutub. Anşlaqla keçən konsertdə Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov və səfirliyin əməkdaşları da iştirak edib: "Konsert çox gözəl keçdi. Hətta konsert başa çatandan sonra salonun rəhbəri - musiqişünas xanım bizə yaxınlaşıb söhbət edəndə gözləri doldu. Dedi "mən sizin musiqinizə, muğamlarınıza valeh oldum. Bundan sonra mən sizin musiqinizin təbliğatçısı olacam". Biz ona Heydər Əliyev Fondunun buraxdığı "Qarabağ xanəndələri" diskini və öz albomumuzu hədiyyə verdik. Çox böyük məmnuniyyətlə qəbul etdi və bizə payızda orada daha bir konsert vermək təklif etdi".

Mənsum İbrahimov Hollandiya baş tutan növbəti üç konsert barədə də məlumat verib. Konsertlər aprelin 2-də Utrexdə, 3-də Amsterdamda olub. Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərovun da qatıldığı konsert tamaşaçılar tərəfdən böyük maraqla qarşılanıb. Xalq artisti konsertlərin bu qədər uğurlu keçməsində onu müşayiət edən musiqiçilərin də böyük zəhmətini xüsusi vurğulayıb: "Qeyd etdiyim kimi, hər dörd konsertdə "Qarabağ" muğam qrupu adı altında çıxış etdik. Bütün afişalarda, proqramlarda da bu cür yazılmışdı. Hesab edirəm ki, bunun özü də bir təbliğat vasitəsidir. Biz musiqiçi olaraq Qarabağın Azərbaycanın əzəli, əbədi torpağı olduğunu dünyaya bu cür tanıdırıq.

Bir ildir, hansı ölkəyə səfərə getsək, "Qarabağ" ansamblının adını xüsusi vurğulayırıq. Budəfəki konsertlərdə məni əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla yanaşı, balabanda Nizami Allahverdiyev, nağarada Kamran Kərimov müşayiət etdi. Çox xoş təəssüratlarla geri döndük. Düzdür, xeyli gərgin səfər oldu. İstirahət etmədən bir-birinin ardınca ayrı-ayrı şəhərlərdə konsert vermək çətin idi. Amma çəkdiyimiz zəhmət qazandığımız uğura dəydi".

 

 

Ədalət.- 2011.- 7 aprel.- S. 8.