XOŞ GÖRDÜK, ŞAİR RAMİZ ƏZİZBƏYLİ!

 

Az qala yarım əsrdir ki, yaxından tanıdığım, şəxsiyyətini, sənətini uca tutduğum xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, aktyor-kinorejissor Ramiz Əzizbəyli məni Azərbaycan radiosuna - aparıcısı olduğu "Gəl səhərim" verilişinə dəvət etmişdi. Bu çağırış, bu görüş ürəyimdən xəbər verirdi. Əsl səbəbi də o idi ki, o, ağır xəstəliyin kürəyini yerə vurub, yenə mikrofon arxasına keçərək öz sevimli dinləyicilərini salamlamağa gəlmişdi. Mənim də əlimə qızıl fürsət düşmüşdü ki, verilişdən sonra çay süfrəsi arxasında oturub söhbətləşək, ürək istəyincə dərdləşək, deyək, gülək...

Studiyada yerimizi tutub, səs rejissorunu gözləyirdik. O isə hələ gəlib çıxana oxşamırdı. Ramiz bir neçə dəfə qapını açıb çölə boylandı. Sonra da gülə-gülə:

- Bəlkə Sizə təzəcə aldığım bu kitabdan bir şeir oxuyum, - dedi. - Vaxtı bir az öldürək.

- Sənətkar, oxu, - deyə gülümsədim. - Sənin səsində şeir dinləmək mənə həmişə xoşdur.

Mənim nə deyəcəyimi gözləyirmiş kimi xoşallandı və oxumağa başladı:

 

Hamı qaçır bu dünyada...

Kimi dosta, kimi yada

Üz tutub - qaçır.

Acizin yanında "mənəm" deyənlər

Zalımdan çəkinir,

Söz udub qaçır.

 

İlk anlardan misralar məni qanadına aldı, düşüncələr aləminə apardı. Heç özüm də bilmədim ki, şeir necə sona çatdı.

 

Dünya özü boyda qaçış meydanı.

Vədəsini bilmədiyim

Bir axirət zamanı

Qaçıb-qaçıb yorulacaq.

Yorulacaq - dayanacaq,

Dayanacaq - durulacaq,

Sonra yenə qurulacaq,

Dünya - qaçış meydanı.

 

O, gözünü-gözümdən çəkmədən:

- Hə, qardaş, necədir, - deyə soruşdu. - Şeirə oxşayır, yoxsa gündə oxuduğumuz, bizi bezdirib-bezikdirən söz yığınıdır?

Mən onun eyhamına sualla cavab verdim:

- Əzizim, sənətkar ürəyinə yatmayan şeiri heç vədə oxumaz axı? Düşündürən şeirdir ki, qardaşımız Ramiz Əzizbəyli də onu belə ürəklə oxudu.

- Onda bu siqnal nüsxəsini sizə bağışlayıram, - deyə şahrızlandı və bir tərəfə çəkilib aydın xətlə bu sözləri yazdı: "Əziz dostum, böyük qardaşım, yazıçı-jurnalist Nahid Hacızadəyə ən xoş arzularla müəllifdən. 10.03.2011".

Avtoqrafdan azca yuxarıda kitabın adını oxudum: "Cızma-qaralar". Tələsik vərəqləri çevirib mündəricata göz yetirdim: Deyimilər, şeirlər, ithaflar, hekayələr. Düzü, toplunun adı məni çaşdırmışdı. Ürəyimdə dolandırdım: "Ramiz Əzizbəyli yenə yumorundan qalmır. Kitab çap etdirəndə də oxucularla məzələnir".

İlk səhifəni çevirib "Ön söz"ü oxuyanda gördüm ki, yanılmışam. Ramiz Əzizbəyli bizə müraciətən yazır: "Çox hörmətli oxucu! Əlinizdə olan bu "Cızma-qaralar"ı çap etdirməklə mən heç də özümü şair və yazıçı kimi təqdim etmək məqsədi güdmürəm. Məni yaxından tanıyanlar mənim səmimiyyətimə inanırlar. Siz də inanın. Dost-tanışım, mənim "Cızma-qaralar"ımı oxuyanların əksəriyyəti eyni sualı verirdilər: Niyə bunları çap etdirmirsən? Qoy səndən gələcəyə yadigar qalsın, axı həqiqətən: "Deyilən söz yadigardır".

Müəllif sözünü belə yekunlaşdırır: "Odur ki, sizlərə təqim olunan bu "Cızma-qaralar" da mənim müşahidələrimin, arzu və istəklərimin, hiss və həyəcanımın kağız üzərində əbədiləşmiş təzahürüdür. Oxuyun məni..."

"Cızma-qaralar" müəllifin sualları və cavabları ilə başlayır. "Mən kiməm? - Arzusu, istəyi dünyalara sığmayan, öz içində Yer kürəsi boyda məhəbbət dolu ürək gəzdirən, pencəyinin ölçüsü ilə yaşı üst-üstə düşən bir kişinin - Ramiz Əzizbəylinin - Q l a f a s ı.

Başqa bir sual-cavab: "Mən kiməm? - Böyük bir nəslin əxlaq davamçısı olan Əzizbəylilər ailəsinin hələ də süd qoxuyan sonbeşiyi - K ö r p ə".

Kitabın ilk bölməsi: "Deyimlər" adlanır. İllər boyu ürəkdə qətrə-qətrə cilalanan, sonra da şeirlə, ya da nəsrlə qələmə alınaraq həyata, insanlara üz tutan aforistik fikirlər bu bölmədə ipə-sapa düzülmüşdür. Müəllifin qənaəti belədir ki, "düşüncədə ismarlanan" - Söz dəqiq tələffüzdən mahiyyət tapar, enerjiyə çevrilib hərəkət alar və məqsədin hesabına tələb olunan ünvana istiqamətlənər".

Müəllif düşüncələrinə söykək olan deyimlərdən nümunələr: "Bir olan Azərbaycanda hamı bir-birindən soruşur: "Haralısan?"

 

Yaxud da:

 

"Ağlımla ürəyim tərs mütənasib,

Biri "hə" deyəndə, biri "yox" deyir.

 

Deyimlərin uzunu da var, qısası da. Geniş yayılanı, yaddaşlara yazılanı, zərb-məsələ çevriləni az deyil. Budur onlardan bir neçəsi: "Daxma olsun, doğma olsun", "Toxun acdan xəbəri olmadığı kimi, qeyrətsizin qeyrətdən xəbəri olmaz", "Ömür başdan-başa bir qəmli nəğmədir, vaxtsa oxunub qurtaracaqdır", "Mən əməl nərdivanının hər pilləsinə ayaq basdıqca Tanrıma yaxınlaşıram".

Ramiz Əzizbəyli qələmindən qopub, ürəklərə yol alan daha bir deyim: "Ahımı, naləmi çəkib canına, mənim əvəzimə ağlayır bulud".

Bu toplu - oxumağa başladığınız "Cızma-qaralar" kitabı bəlkə də müəllifin uzun illər boyu məclislərdə, görüşlərdə çəkinə-çəkinə, həyəcanla, ancaq qəlbən boyunu oxşaya-oxşaya oxuduğu şeirlərin xətrinə işıq üzü görüb, oxuculara üz tutub.

Ona görə də topluda təbii olaraq poetik nümunələrə daha geniş yer verilmişdir.

Kitab bir neçə bölmədən ibarət olsa da, əslində şeirlər məcmuəsidir. Burada verilmiş deyimlər də, hekayələr də müxtəlif illərdə yazılmış irili-xırdalı parçalar da ona yol yoldaşı kimi, söykək kimi verilmişdir.

Şeirlərin cərgəsində düzənlənən "Dördlüklər" məna dərinliyi, fikir aydınlığı və aforistik zənginliyi ilə oxucunu cəzb edir, düşündürür. Bu silsilədəki hər parça poetik bir hekayətdir, dediklərimizə ən gözəl illüstrasiyadır. Bir diqqət yetirin. O, vətən sevgisini belə qanadlı misralarla dilə gətirir:

 

Eşqim, məhəbbətim, arzum, diləyim,

Dünənim, bu günüm, xoş gələcəyim,

Səninlə bağlıdır, varsa hər nəyim,

Sənin torpağından yoğrulan bu can

Sənə qayıdacaq, can - Azərbaycan!

 

Ramiz Əzizbəyli ellər məhəbbəti qazanmış, sevilən, seçilən sənətkardır. Xalq artisti fəxri adını iftixarla daşıyır, hər addımda onun həm sevincini yaşayır, həm də məsuliyyətini daşıyır.

 

Mən haqlı olaraq xalq artistiyəm,

Bu şərəfli adı xalq verib mənə.

Odur ki, xalqımın xidmətindəyəm

Sənətim bağlıdır xalqım deyənə.

 

Müəllif fəxri adı elə-belə, hansısa yol ilə alanlara, bunu ömrü boyu üzünə tutalğac eləyənlərə, onun kölgəsində gizlənənlərə, bir sözlə sənətə parodiya olanlara qəlbən acıyır.

 

O da sənətkardır, bu da sənətkar,

Onun da, bunun da fəxri adı var.

Di gəl ki, birində xalq məhəbbəti,

O birində yalnız xalqın adı var.

 

Kitabda ömür-gün, həyatın eniş-yoxuşları, iztirabları, sınaqları haqqında da xeyli bayatı var. Ürəkdən qopan bu kövrək deyimlər ürəkləri yandırır:

 

Darağım teldən ayrı,

Torpağım beldən ayrı,

Bu nə dərddir, İlahi –

El düşüb eldən ayrı.

 

Azərbaycanlıların Ermənistandan son deportasiyasına həsr olunmuş və "Ayrı-ayrı" başlığı ilə kitabda yer almış bu silsilə belə bir bayatı ilə sona çatır.

 

Göyçə gözümdən ayrı,

Dağım düzümdən ayrı,

Fikir gedir, ayaq yox,

Ruhum özümdən ayrı.

 

Ramiz Əzizbəylinin poetik dünyası mövzu genişliyi ilə bir şeir çəmənzarına bənzəyir. Onun lirik şeirləri öz səmimiyyəti, axıcılığı ilə bir ahəngdə birləşir və oxucu qəlbində xoş duyğular oyadır. "Qonşuda bir qız vardı" dediklərimizə bir misaldır.

 

Qonşuda bir gözəl vardı,

adını bilmədiyim,

Qonşuda bir gözəl vardı,

bir yol dindirmədiyim,

Qonşuda bir gözəl vardı,

ilk baharla əkiz idi,

Qonşuda bir gözəl vardı,

günəşdən də təmiz idi.

 

Belə xoş hisslərlə, duyğularla qanadlanan bu məhəbbət şeiri novellavari sonluqla tamamlanır:

 

Qonşuluqda bir gözəl var

canımdan da əzizdir,

Qonşuluqda bir gözəl var

ilk eşqimlə əkizdir,

Qonşuluqda bir gözəl var.

sevindiyim, güldüyüm,

Qonşuda bir gözəl vardı,

qapısına gəldiyim...

Qonşuda bir gözəl vardı,

onu bu Oğlan apardı...

 

Ramiz Əzizbəyli azərbaycanlı olmağı ilə fəxr edir. Bu yurdun daşını, torpağını, dənizini, çaylarını, "şiş ucları buludlarla döyüşən" dağlarını, dərin dərələrini məhəbbətlə sevən şair ən gözəl şeirlərini bu ulu yurda, ulu torpağa həsr edib. Belə şeirlərdən biri - "Mən azərbaycanlıyam". Müəllif öz vətəni ilə nə qədər öyünsə də, qürur duysa da bir ağrı, bir nisgil qəlbini yandırıb-yaxır.

 

Haqqı, ədaləti uca tutanlar,

Vətən torpağına sadiq olanlar,

Qəlbi pak, vicdanı təmiz qalanlar

Ən əziz, istəkli qonağım olub.

Xudadan istədim gücü, qüvvəti,

Başqa bir təmənnam olmadı qəti,

Ən böyük qazancım - el məhəbbəti,

Ən ağır itkimsə - torpağım olub.

 

Ramiz Əzizbəyli ağrılı-acılı, əzab dolu ömrün dolaylarında, yoxuşlarında zəhmətə qovuşub, şirin, romantik bir həyat yolu keçib. Tale elə gətirib ki, uşaqlıq illərində atasını itirib, qardaş-bacı köməyi, qayğısı ilə böyüyüb. Öz istedadı ilə 10 yaşından səsi radio dalğalarında eşidilməyə başlayıb. Bu, 1957-ci ildə olub. O zaman Ramiz Əzizbəyli məktəbdə oxuyur, aparıcı kimi Azərbaycan radiosunun ayrı-ayrı verilişlərində tez-tez özünü sınayırdı.

Mən o vaxt universitetdə tələbə idim, cibimdə də ştatdankənar müxbirlik vəsiqəsi. Demək olar ki, ikimizin də radio ilə ünsiyyətimiz, doğmalığımız həmin çağlarda başlayıb. O zaman bir-birimizi uzaqdan-uzağa tanıyırdıq. İllər ötdükcə tanışlığımız dostluğa çevrildi. İkimiz radiodan televiziyaya qanadlandıq. Mən universitet təhsilimi başa vurdum. O, isə orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə daxil oldu.

İndi bu ali məktəbdə dərs deyir, professordur. Ramiz Əzizbəyli arxada qalmış bu yarıməsrlik zaman kəsiyində çox uğurlara imza atıb, ellər məhəbbəti qazanıb xalq artisti fəxri adına layiq görülüb.

Bu da taleyin bir töhfəsidir ki, gözünü açandan sənət adamlarının arasında olub, onlardan da həmişə hörmət, məhəbbət görüb. O, "Cızma-qaralar" kitabında xətrini həmişə uca tutduğu söz-sənət adamlarını unutmayıb. Bəlkə də buna görədir ki, "İthaflar" silsiləsindəki şeirlər bir hörmət, ehtiram çələngidir. Biz burada qəzəlxan şair Hacı Mailə, xalq artistləri aktyor Bəşir Sə-fəroğlu, Əminə Yusifqızı, İlham Namiq Kamal, xanəndə Arif Babayev, telerejissor, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadəyə, eləcə də bir sıra başqa peşə və sənət sahiblərinə həsr olunmuş ithaf şeirlərini oxuyuruq.

Müəllifin ustad sənətkarımız Bəşir Səfəroğlunun xatirəsinə həsr olunmuş ürək yandıran göynəkli şeir bu təsirli misralarla bitir:

 

Bu ağır itkidən qəlbim ağrıyır,

Çətin sağalacaq ürək yarası.

Sevimli Bəşirə matəm saxlayır

Körpə qələmimin cızma-qarası.

 

Xalq artisti Ramiz Əzizbəylinin bütün yaradıcılığı, sənət uğurları kino ilə bağlıdır. Yarım əsrdir ki, həm aktyor, həm də rejissor kimi bu sahədə uğurla çalışır. O, indiyəcən 40-a yaxın bədii filmdə rollar oynamış, yaddaqalan obrazlar yaratmışdır. İllər kinorejissor kimi də onun yaradıcılığına unudulmaz izlər həkk edib, nəqşələr salıb.

Ramiz Əzizbəyli "Pirverdinin xoruzu", "Bəxt üzüyü", "Yalan", "Qovğalı kəndinin gecə-ləri" və s. bədii filmlərə quruluş vermiş, neçə-neçə Beynəlxalq və Milli kino müsabiqələrinin mükafatlarını almışdır.

O, mahnı yaradıcılığında da qələmini sınamış, quruluş verdiyi bədii filmlərdə səslənən mahnılara mətn yazmışdır. Müəllifin oxuculara üz tutan bu toplusunda bizə çoxdan tanış olan bir sıra könül oxşayan mahnıların mətnlərini də görürük.

Kitabda müəllifin nəsr yaradıcılığına da müəyyən yer verilib. Əlbəttə, bu nümunələrin əksəriyyətində mövzular yenə də sənətkarın həyatı, gördüyü, duyduğu hadisələrlə bağlıdır.

Xalq artisti, professor, rejissor-pedaqoq Ramiz Əzizbəyli sözün bütün mənalarında yaradıcı insandır. O, yaşının bu yetkin çağında yenə də gecə-gündüz ilhamla çalışır, dərs deyir, sse-nari yazır, bədii yaradıcılıqla məşğul olur, rollar oynayır, filmlər çəkir. Bu, əlbəttə, onun uğurla çalışdığı bütün sahələrin tam siyahısı deyil.

"Cızma-qaralar" kitabını oxuyub, son səhifəni çevirəndə ürəyimdən bir səs gəldi: "Gərək zəng eləyib dostumuzu ürəkdən təbrik eləyim". Fikrim haçalanır: "Bəlkə təəssüratımı yazıb, qəzetlərdən birində dərc etdirəm", - deyirəm. Bu fikir ağlıma batır. Elə bil qələm dostum, Respublika Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin kitaba yazdığı "Yaşanılmış - yaşa dolmuş həqiqətlər" adlı son sözü bu istəyə təkan verir. Mən də onun bu səmimi fikirlərinə qoşuluram: "Cızma-qaralar" Ramiz Əzizbəylini bir aktyor və rejissor kimi sevənlərə həm də bir yazıçı və şair kimi tanıdacaq, tamaşaçıların üstünə oxucuların da sayı əlavə olunacaq".

Sözümun axırında ürəkdən gələn səslə deyirəm: Xoş gördük, şair Ramiz Əzizbəyli! Yeni filmlərin də, şeirlər kitabın da mübarək! Yaz, yarat, qardaş! Yaradıcı insanı yaşadan da, onu gələcəyə aparan da bax, budur!

  

  

Nahid Hacızadə

 

Ədalət.- 2011.- 2 aprel.- S. 18.