SƏMİMİ POEZİYA

 

(Əjdər Olun "Yaşa" şeirlər kitabı haqqında)

 

Əjdər Ol ədəbi nəsil etibarilə "səksənincilər" sırasındadır. Elə bir dövrdə ədəbiyyata gəlib ki, həmin illərdə poeziyada H.Arif, N.Xəzri, B.Vahabzadə, Qabil, M.Araz, C.Novruz, N.Həsənzadə kimi ustad şairlərimiz ən gözəl şeir və poemalarını yazmış, amma hələ sözlərini bitirməmişdilər. V.Səmədoğlu, Ə.Salahzadə, İ.İsmayılzadə, C.Yusifzadə, Ç.Əlioğlu, M.İsmayıl. A.Abdulla, S.Rüstəmxanlı, Z.Yaqub, R.Rövşən, V.Bayatlı isə Azərbaycan poeziyasının üslubca rəngarəng meyl və tendensiyalarını ifadə edib, inadla yollarına davam edirdilər.

Ə.Ol və onun mənsub olduğu nəsil isə həm ustadlardan və sonrakı nəsildən öyrənir, həm də fərqli bir poeziya yaratmağa can atırdılar. Təbii ki, can atmaq, cəhd etmək hələ böyük məqsədin reallaşması demək deyildi. İkimininci illərin astanasında məlum oldu ki, "səksənincilər"in bir çoxu artıq sözlərini deyib qurtarıblar, bir qismi elə yerindəcə sayır, amma yerdə qalan beş-on nəfər bu məqsədə -tamam fərqli, özünəməxsus poeziya yaratmaq məqsədinə nail olurlar. Onlardan biri də Əjdər Ol idi.

Budur, müəllif müxtəlif illərdə (daha çox son on ildə) yazdığı şeirlərilə "Yaşa" kitabında oxuculara üz tutur. Əjdərin bu kitabı doğrudan onun bir şair kimi xeyli irəlilədiyini sübut edir. Birincisi, ona görə ki, onun yeni şeirləri təzə söz demək, məlum mövzulara bir qədər fərqli aspektdə yanaşmaq cəhdinin uğurlu nəticəsi kimi diqqəti cəlb edir. İkincisi, ona görə ki, bu yeni şeirləri ilə yeni-ikinci bir Əjdər Ol doğulmur, sadəcə, eyni poetik nəfəsin təzə çalarlarını üzə çıxarır. Şair də, şeir də məqamı gələndə, nəfəs bütövlüyünü qorumaq şərtilə təzələnməlidir.

Kitab Əjdər Olun bir silsilə Vətən şeirləriylə açılır. Biz Vətəndən yazılan əksər şeirlərdə çılğın pafosa, tərənnümə, onun dağlarının, çaylarının, əzərinin, daşlarının, qayalarının, gözəl meşələrinin, bir sözlə, əlvan təbiət mənzərələrinin vəsfinə alışmışıq. Vətəndən yazılan az qisim şeir var ki, o şeirlərdə "Vətən daşı olmayandan Olmaz ölkə vətəndaşı" (M.Araz) kimi yaddaşa əbədi həkk olunan qızıl misralar axır.

Ə.Olun Vətən şeirlərində isə bir başqa təəssürat yaşayırsan. Şair Vətən haqqında çox sadə, amma səmimi danışır. Elə bil, anasını çox sevən bir oğul onun qarşısında öz sevgisini izhar edir. Onu tərifləyir də, onsuz yaşaya bilmədiyini, onunla nəfəs aldığını da gizləmir. Şeir bitəndə, sonuncu misra tamamlananda hiss edirsən ki, Vətənə saysız sevgiləri şeirin sakit, həzin, hər cür patetikadan uzaq tonuyla da ifadə etmək olarmış.

 

Kim nə deyir qoy desin,

səni sevib seçmişəm,

aranına düşmüşəm,

yaylağına köçmüşəm,

əlimə dəryaz alıb iki vər

ot biçmişəm,

iyini alım, vətən!

bir az yumşalım, vətən!

 

Dalğalanan zəmiyə

əllərimi çəkmişəm,

bir qələmə götürüb sucaq

yerdə əkmişəm,

bulağı ovuclayıb

mən başıma çəkmişəm

tamını dadım, vətən!

Soyadım, adım vətən!

 

Məni çəkib aparar

bircə ağız holavar,

köynəyimi şişirdər

dəli xəzri, gilavar,

islanmışam gur yağan

yağışda, nə var-nə var

səsini duyum vətən!

məst olum, uyum, vətən!

 

Bu sadə sətirlər arasından bir Vətən övladının səsi gəlir və bu səsdə sünilik duymuram. Kimsə deyib ki, insan öz sevgisini gərək qışqıra-qışqıra deməsin, bağırmasın, yersiz coşmasın. Bu şeir və eləcə də, Ə.Olun digər Vətən şeirləri Vətəni qışqırmadan sevməyin dadını verir. Kitabda həcmcə balaca bir poema da təqdim olunur: "Bir bayraq, doqquz əsgər". Poema bu misralarla başlayır: Bir bayraq, doqquz əsgər Qurd ağzından çıxdılar. Düşmən əhatəsində o ki var vurnuxdular. Duman çökdü araya. Dumana büründülər. Doqquz əsgər bir bayraq altında düşmən üzərinə yeriyirlər. Onların səkkizi Vətən yolunda həlak olur. Doqquzuncusu isə əsir düşür. Əlindəki dalğalanan bayrağı əsgərdən ayırırlar. Amma əsgərin gözündə bayraq öz mənasını itirmir.

 

Bəli, əsir əsgərin

Belə olur torpağı.

Bəli, əsir torpağın

Belə olur bayrağı.

Bilmirəm bakılıydı,

Yoxsa ki, qarabağlı.

Nə onun ölüsündən,

Nə də ki, dirisindən

Bir xəbər eşitmədim

Haçansa birisindən.

Bir bayraq, doqquz əsgər

Şəhid tək öldü, itdi.

Bilmədilər

Qarabağ

savaşı necə bitdi.

 

Əjdər Ol Şirvan torpağında dünyaya göz açıb. Bu yurdun öz gözəlliyi, öz hüsnü var. Amma Əjdər üçün təbiət gözəlliklərinin bölgəsi yoxdur. Əjdər təbiəti öz şair duyumunda dərk edir və həmişə buna can atır ki, təbiətlə öz hissi, duyğusu arasındakı harmoniyanı, vəhdəti poeziya dilinə çevirsin. O, Bakı küləyindən yazır və bu küləyin "qəzəbli, haraylı, döngəli, dolaylı, qoşunlu, alaylı" obrazını yaradır. O, Günəbaxan zəmisinə baxır və elə bir mənzərə təsvir edir ki, doğrudan da, Dalğalanır, çalxanır günəbaxan zəmisi, çatışmır bu dənizin bircə bəyaz gəmisi. Düşüb qızıl dalğaya, girib sarı dumana, üzəm gedəm şeh qopan ətirli bir limana. Kürən günəbaxanlar Günəş balalarıdır, nəğmələri bir qədim cütcü holavarıdır.

Mən ibtidai siniflər üçün yazılan dərsliklərdə Ə.Olun bircə şeirinə də rast gəlmədim. Halbuki, təbiəti, onun ayrı-ayrı atributlarını ibtidailərə sevdirmək üçün Əjdər Oldan da şeirlər seçmək mümkündür. Və həmin şeirlər o dərsliklərə düşən çox-çox yavan-yalxı şeirlərdən yüz qat yaxşıdır. Məsələn, "Qüzey" şeiri kimi:

 

Açıldı quş qanadları,

Üstü güney, altı qüzey.

Çırpındı yaş qanadları,

Şehə batıb qaldı qüzey.

 

O quş ki, baxmaz sözünə,

Qonmaz çiyninə, dizinə,

Çox da gün düşür üzünə

Yanağında xaldı qüzey.

 

Vədə çatdı, Günəş batdı,

Oyaq qaldı, yoxsa yatdı,

Yeri tutdu, göyü tutdu,

Gözümüzə doldu qüzey.

 

Əjdər Olun şeirlərini mövzular üzrə, standart bölgü əsasında təhlil eləmək fikrindən uzağam. Bircə onu deyə bilərəm ki, onun bütün şeirləri "lirik mən"in sakit, həzin, bir az da təmkinli monoloqunu xatırladır. Bir monoloqunda o, anasını xatırlayır, onun son anı, son nəfəsi yadına düşür: "Daim gülümsəyərdi, qaçardı göz yaşından. İndi də gülümsəyir boylanır baş daşından", başqa bir monoloqunda üzünü gələcəyə tutur:

 

İndi gələcəkdə yaşayıram mən,

Adəmin, Həvvanın gələcəyində.

Körpələr doğulur, qönçələr açır,

atamın, babamın gələcəyində.

Keçmiş dörd tərəfdən üstümə gəlir,

baxıram pozulmuş xəritələrə.

Günümün yarısı özümə düşür,

yarısı keçmişə-xatirələrə.

 

Monoloqların bir qismi gözəl qadınlara söylənilir. Füzuli dünyasına azacıq da olsa vaqif olan Əjdər Ol yaxşı bilir ki, bu zəmanədə təmiz, saf sevgi də tükənməkdədir, gözəl sevgi şeirləri də. Ona görə də, elə sevgi şeiri yazmaq lazımdır ki, hər cür sısqa, cılız hisslərdən uzaq olsun. Yaxşı sevgi şeiri necə doğulur? Əlbəttə, ürəkdə gözəlliyə, gözəllərə, sevgiyə inam olanda, "iynənin ucu boyda göz işıq sevəndə"

 

Sözündən qan damar yanaqlarıma,

Utana-utana çıxıb gedərəm.

Bir kimsə ovutmaz, oxşamaz məni,

Gözümü qəlbimə sıxıb gedərəm.

 

Gülər xısın-xısın yağışlı küçə,

Şimşəklər götürər hoydu-hoyduya.

Yağışın altında qalaram yalqız,

Ay-hay, bu adamlar məni duydu ha.

 

Heç də ağıllanmaz sərsəri yağış,

Elə bu könlüm də onun tayıdı.

Gözümdən axsa da sevgi yaşları,

Hamı elə bilir yağış suyudu.

 

Bulud aman verməz gözüm açıla,

Göyün insafından əlim üzülər.

İslana bilərəm belə yağışda,

Həyatım boyunca suyum süzülür.

 

Misallardan gördünüz ki, Ə.Olun şeir dili öz səlisliyi, poetik sadəliyi və şeir üçün başlıca amillərdən olan obrazlılığı ilə diqqəti cəlb edir. "Gözümü qəlbimə sıxıb gedirəm"-füzuliyanə deyimdir. Yağış altında islanan aşiqin gözündən axan yaşların yağış suyuna bənzədilməsi də ordan gəlir-klassik poeziyadan. Əjdərin digər şeirlərində də belə bənzətmələr çoxdur. Əjdər həm də xalqdan gələn sözləri, ifadələri, deyimləri şeirlərində işlətməyi çox sevir, bunların şeirdə yerinə düşdüyünün şahidi olursan.

Əjdər Ol Füzulini sevən, ona tapınan şairlərdəndir. O, Sabiri də sevir və bu iki şairin Əjdərə yaxşı mənada təsirini danmaq olmaz. Füzulidən o, sözə ehya verməyi, bir neçə misrada poetik gözəllik yaratmağın sirrini öyrənirsə və yeri gələndə, özü də buna can atırsa, Sabirdən haqq dərsini öyrənir. Bircə misal:

 

Elə usta ağlayırsan,

səndən ağı deyən çıxar.

Sanki yasda ağlayırsan,

bir müştərin, yiyən çıxar.

Sən nə üstə ağlayırsan,

Yaşın ləyən-ləyən çıxar?

Qışda, yazda ağlayırsan,

səndən Araz, Zəyəm çıxar.

Gözünün hər giləsindən

sulanmış bir göyəm çıxar.

 

Bu şeir mənə M.Ə.Sabirin "Ağladıqca kişi qeyrətsiz olur" məşhur misrasını xatırlatdı.

"Yaşa" şeirlər kitabı barədə bu qısa qeydlərimi buradaca bitirirəm. Elə üzümü Əjdərə tutub deyirəm: Yaz, yarat, yaşa! Qoy bu kitabın gələcək şeir topluların üçün bir körpü olsun...

  

 

Vaqif YUSİFLİ

 

Ədalət.- 2011.- 2 aprel.- S. 19.