SEVGİ SƏTİRLƏRİ

 

Dünən bir kimsəsiz qonaq kimiydim, 

Yaxşı ki, taleyin yadına düşdüm.

Dünən odu sönmüş ocaq kimiydim,

İlahi gözlərin oduna düşdüm.

 

Dünən cana gəldim gül nəfəsindən,

Varlığım titrədi incə səsindən

Qurtulub hicranın daş qəfəsindən,

Bir şirin sevdanın badına düşdüm.

 

Sevgisiz bilmirəm ölmüşəm, sağam,

Saralan çiçəyəm, solan yarpağam.

Yandırsan təzəcə alışacağam,

Bəlkə də bəxtinə, adına düşdüm.

  

 Vüsala yetsə də yüzündən biri,

 Sevgidi şairin Məkkəsi, piri.

 Eşqimin könüllü olub əsiri,

 Sənin tilsiminə, caduna düşdüm.

  

 İnan sözlərimə, nigaran olma

 Ömrün günəşi ol, çən, duman olma.

 Şairi aldadıb, peşiman olma,

 Demə ki, neynədim, mən qana düşdüm?

  

 Ürəyim nurlanar yaz səhəritək,

 Gəlsən görüşümə nazlı pəritək.

 Mən də bu dünyanın bəxtəvəritək

 Deyərəm ən gözəl qadına düşdüm,

 İlahi gözlərin oduna düşdüm!

 

 

VALOKARDİN

 

Döş cibimdə valokardin

Gəzdirirəm valokardin.

Annam məndən hey soruşur:

"Axı nədir, bala dərdin

Axı sənin nə yaşın var,

Bükülürsən yumaq kimi

Səni görmək istəyirəm

Əyilməyən bir dağ kimi.

Ürəyindən ağrı qopur,

Sinəm olur para-para

Söylə, xəstə ürək hara,

Mən böyüdən oğul hara?

Qurban olum, at biryolluq

O zəhrimar papirosu

Qurban olum, o masanın

Üstündəki yazı-pozu

Qoy yarımçıq qalsın,

Mənə gərək deyil adın-sanın.

Sən gərəksən mənə, oğul,

Ağrımasın təki canın."

Ağrımasın!

Kim istəyər

Öz canından gileylənə?

Yazıq anam ilhamı da

Qənim sayır indi mənə.

O, nə bilsin ürəyimi

Nə ağrıdır, nə göynədir.

Sevincimdən xəbəri var,Xəbəri yox dərdim nədir.

Dərdim nədir? –

Qoy özüm də

Cavab verim bu suala.

Neştər olub sancır məni

Dərd ürəkdə qala-qala.

Mənə ləkə vuran olsa,

Ürək dözər.

Mənə tələ quran olsa,

Ürək dözər.

Ürəyimi qıran olsa,

Ürək dözər.

Öz atamın silləsinə,

Bir dostun söz gülləsinə

gərib sinə,

Ürək dözər.

Qara nəfəs ucalsam da

Şerin çətin pilləsinə,

Ürək dözər.

Bir dostumun

məzarını qucaqlasam,

Ürək dözər.

Ürəyimdə gizli-gizli 

Mən ağlasam, 

Ürək dözər!

Ürək dözər!

Bu ağrıya

Valokardin gərək deyil.

Bir ürək ki, əzab çəkmir,

Ürək deyil, ürək deyil!

Ürək dözmür, nadan sənə

Alim kimi dərs deyəndə. 

Öz işinin xatirinə

Susub onu dinləyəndə.

Ürək dözmür gizlədəndə

Ürəyinin sözünü sən,

Ürək dözmür bilə-bilə

İkiləyib özünü sən,

Evdə bir cür danışasan,              `           `                     

İşdə bir cür.

Ürək dözmür,

Ən müqəddəs duyğuların

Ürəyindən çıxıb köçür,

Ürək dözmür hiylələrə,

Ürək dözmür yalanlara.

Ürək dözmür həm sənətkar,

Həm "diplomat" olanlara.

Sən ürəyi aldadırsan,

Ürək səndən acıq alır,

Ürəyində sağalmayan

Ağrı qalır, acı qalır.

İnləyirsən, bükülürsən,

Sübhə kimi keşiyində

Ana qalır, bacı qalır.

Deyir: - Nədir, bala, dərdin?

- Valokardin verin mənə,

Valokardin!

- Gəl nəbzimi yoxla, ana!

- Oğul nəbzin yaxşı vurur.

-Yuxla ana, yuxla ana ,

Dincəl barı.

Bəlkə mənim öz cəzamdır 

Ürəyimin ağrıları .

Öz cəzamdır! - 

Bu ağrıya,

Bu əzaba gərək düşəm,

Mən dilimlə ürəyimin

Arasına sədd çəkmişəm.

Dodağımdan çıxmasa da,

Ürəyimi üzə-üzə

Gizli qalan cəsarətim

Ağrı olub çıxır üzə.

Hər ürəyim ağrıyanda

Demə: "Nədir, bala, dərdin?"

Valokardin gətir ana, 

Valokardin!

 

 

ƏSGƏR ANASI

 

Ay əsgər anası, gözlərin aydın!

Şad xəbər qapını döyməyə gəlib. 

Əsgər paltarında gedən övladın

Bəylik patarını geyməyə gəlib.

 

Bir yüngül qədəmli gəlin soraqla,

Qaynana olmalı çağındır sənin. 

O, top-tüfənglə yox, çəkic-oraqla

Ucaltsın başını ana vətənin.

 

Baxıb övladına sən də cavanlaş 

Başına yığılsın nəvə-nəticə.

Nə qəlbində həsrət, nə gözündə yaş,

Sakitcə, arxayın yuxla hər gecə.

 

Ömrünə, gününə şirinlik qatıb,

Yüz sevinc, yüz şadlıq borcu var hələ.

Əsgəri borcunu verib, qayıdıb,

Qabaqda övladlıq borcu var hələ.

 

Vüqarı dağlarla olsun tən onun,

Buğda xaralları qalansın çin-çin, 

Barıt iyi gələn əlindən onun

Bu gün çörək ətri, gül iyi gəlsin.

 

Bağrı tuş olmasın qəfil mərmiyə,

Dağların bağrını mərmiylə yarsın, 

Səngərlər qazmasın qorunum deyə,

O, qazıb torpağı mədən axtarsın.

 

Ana ürəyində gəzir xoş dilək;

"Hərb" deyib, döşünə döyən olmasın.

Sonuncu əsgər də gəlsin balantək,

Əsgər anasıyam deyən olmasın!

      

  

GÖRÜŞ

 

Biz ki, unutmuşduq ilk məhəbbəti,

Ah, bu qəfil görüş kaş olmayaydı!  

Mənim gözlərimdə eşqin həsrəti,

Sənin gözlərində yaş olmayaydı!

 

Mən də bəxtiyaram, sən də bəxtiyar, 

Bəs bu həsrət nədir, bu məlal nədir? 

Saxlama, qoy gedim,

gözləyənim var,

Gedimmi? –

Bir "hə" de, o sual nədir?

 

Dayanma qarşımda günahkar kimi,

Mən ki, günahını bağışlamışam.

Hələ qəlbi geniş adamlar kimi

Sənin toyunu da alqışlamışam.

 

Bil ki, sevgilimdən sənə salam var,

İstəsən ərinlə qonaq gəl bizə.

Mənim ciyərparam bircə balam va

Açır qapımızı əlbəəl sizə.

 

Niyə zilləmisən gözlərini sən?

Mənə əvvəlki tək baxma amandır!

Mən ki, əl çəkmişəm məhəbbətimdən

Qəlbimi odlara yaxma, amandır!

 

Peşiman olmağın nədir əlacı?

Yüz fikir bir borcu ödəməz indi.

Mə sənə qardaşam, sən mənə bacı,

İlk eşqə tapmısan bir əvəz indi.

 

Yanmasın ulduzum tez yanıb sönsə,

Vədəsiz şadlığı istəmərəm mən.

Özgənin eşqinə göz dikməkdənsə

Həsrətin qoynunda can verərəm mən.

 

Sevin, əzizləyin bir-birinizi,

Ayrılıq diləsəm dilim lal olsun.

Qolboyun, mehriban görəndə sizi 

Mənim şair könlüm oy xoşhal olsun.

 

Şirin söz eşitsəm dodağınızdan,

Bilin ki, sədası ürəyimdədir. 

Gəlsə körpə səsi otağınızdan.

Hər xeyir-duası ürəyimdədir.

 

Pozmaram bir evin birliyini mən,

Görsəm ev yıxılır gedib quraram.  

Əl əldən soyursa, ürək ürəkdən,

Sizi eşqinizə qovuşduraram.

 

Gəl nə peşiman ol, nə qəlbini sıx,

Çətindir o günə qayıtmaq, çətin.

Əvvəli sevincdir, sonu ayrılıq,

Taleyi gətirmir ilk məhəbbətin.

 

Qoy bu ürək sözüm getməsin hədər:

Məni sevirsənsə, ismətini sev.

Mən öz sevgilimi sevdiyim qədər,

Sən də öz ərini, qismətini sev.

 

Biz ki, unutmuşduq ilk məhəbbəti,

Ah, bu qəfil görüş kaş olmayaydı!

Mənim gözlərimdə eşqin həsrəti, 

Sənin gözlərində yaş olmayaydı!

 

 

MƏHƏBBƏT

 

Bir masanın arxasında ikimiz

Gələn gündən otururuq yanaşı.

Neçə dostdan eşitmişik burda biz:

"Gör necə də bir-birinə yaraşır!"

 

Ürəyimi açmasam da özünə,

Təkcə onu düşünürəm, anıram.

Bir gözaltı baxmaq üçün üzünə

Dəftərinə gizlicə boylanıram.

 

Bir oğlan var,

burda qazdan ayıqdır. 

Vızıldayır qulağıma arıtək:

- Elə baxma, müəllimdən ayıbdır,

Gəlsənə öz yerimizi dəyişək?

 

- Yox, - deyirəm, - gözüm bura öyrəşib,

Burdan yaxşı eşidirəm dərsi mən.

Görürəm ki, qız rahatca əyləşib,

Gülümsəyir, - 

razı qalıb sözümdən.

 

Qəlbimizin hər sevinci, hər qəmi

Dinməsək də gözümüzdən oxunur.

Mürəkkəbə batıranda qələmi  

Əllərimiz bir-birinə toxunur.

  

Sevgi var ki, vurulasan uzaqdan,

Sevdiyini ildə bir yol görəsən.

Nə yamanmış nəfəsini duyasan,  

Ürəyini açmayasan ona sən!

 

Mən qızlarla danışıram ürəkdən,

Hər biriylə zarafat da edirəm.

Titrəyirəm görən kimi onu mən,

Nitqim batır, dərin fikrə gedirəm.

 

O çoxbilmiş oğlan gülüb halıma,

Öz də vurur: - belə boyun bükərsən!

Ürəyimdə deyirəm o zalıma: 

"Mən çəkəni sən də bir vaxt çəkərsən".

 

Bəzən dərsdən axşamçağı tək gedir,

İstəyirəm evlərinə ötürəm.

Hansı qüvvə ürəyimi titrədir, 

Ancaq ona "sağ ol" deyib ötürəm.

 

Deməyin ki, nağıl açıb sevgidən,

Unutmuşam nədir bilik, imtahan.

Ya geciksəm, ya dərsimi bilməsəm,  

Hamıdan çox utanıram o qazdan.

 

 

ÜNVANSIZ ŞEİR

 

Bilirəm yerini, ünvanını da

Ancaq görüşünə bel bağlamıram.

Öldür o sonuncu gümanını da,

Mən səni gəzmirəm, soraqlamıram.

 

Qapından keçirəm gözüyumulu,

Qəsdən öz yolumu ordan salıram.

Mən kiməm? Dünənki eşqinin qulu,

Bu gün həsrətindən qisas alıram.

 

Bir də görüşümüz baş tutan deyil,

Bəlkə yuxularda bunu görəsən.

Səni ürəyimdə yaşıdıram, bil,

Sən mənə təbərrik bir xatirəsən.

 

Qorxuram deyələr kefdə, büsatda

Ömür keçirirsən, qərq olum dərdə.

Qorxuram görəndə səni həyatda

Ölsün o yaşayan xatirələr də.

 

 

Tofiq Bayram

 

Ədalət.- 2011.- 2 aprel.- S. 20.