Anar: ""Nobel" mükafatı təzə düşüb ağızlarına"

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Kulis.az-a müsahibəsində qarşıdan gələn qurultay, AYB-nin mətbu orqanları və şəxsi yaradıcılıq planları haqqında danışır...

- Qarşıdan AYB-nin qurultayı gəlir. Hazırlıqlar nə yerdədir?

- Qurultay payız aylarında keçiriləcək, indi ona hazırlıq gedir. Adətən məruzələr qurultayın gedişatında dinlənilir. Bu dəfə biz qərara aldıq ki, məruzələr qurultaya qədər olsun. Bu həm də daha ətraflı söhbətə imkan yaradacaq. İkinci yenilik də odur ki, məruzələri yalnız gənclərə həvalə etmişik. Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu hər il ədəbi prosesin müzakirəsini keçirir, orda alimlər ətraflı çıxış edib, ədəbi hadisələr haqda məlumat verirlər. Biz də burda gənc yazıçıların sözlərini dinləmək istədik. Artıq bir neçə məruzə oldu. Qismət gənc şairdir, cavanlar haqda məruzə etdi. Qulu Ağsəs şeir, Bəsti Əlibəyli tənqid haqda, İlqar Fəhmi nəsr, Qəşəm Nəcəfzadə uşaq ədəbiyyatı haqda məruzələr etdilər. Hələ üç məruzəmiz var, ədəbi əlaqələr haqda, filan. Bu, hazırlığın bir formatıdır. Başqa bir formatda isə rayonlarda, bölgələrdə görüşlər keçirmək fikrindəyik. Görək bölgələr necə işləyir, bizim 11 bölgədə filiallarımız var, onlardan da nümayəndələr seçəcəyik.

- Gənclər deyəndə, yadıma daha çox sizi tənqid edən gənclər düşür, bəlkə onlara qapılar açılsa, atalar və oğullar məsələsi də ortadan qalxar?

- Onlara hansı qapılar bağlıdır ki? Hansı saytı açırsan, onlar danışır, qəzet-jurnal çap etdirirlər. Televiziyaya çıxırlar. Yazıçılar Birliyini söymək üçün bizim öz tribunamızdan istifadə etməyəcəklər ki. Mən həmişə demişəm, işləmək istəyən gəlsin.

- Bəlkə nə istədiklərini çağırıb soruşmaq lazımdır?

- Dəfələrlə çağırmışıq, üzv yazılmağa dəvət etmişik. Onlar deyirlər ki, biz Yazıçılar Birliyini qəbul etmirik, onu dağıdıb, ora bayrağımızı sancacağıq. Onların istədiyi odur ki, çəkilin kənara, biz gələk. Onu da çox gözləməli olacaqlar. Onların içərisində bir az istedadlıları var, o qədər böyük yox, az-çox istedadlıları, amma iddiaları istedadlarından böyükdür. Deyirlər biz dahiyik, dahi də Nizamidir. Bir də, adam özü özünə dahi deməz, dahinin özündən illər sonra onun haqqında "dahi imiş" deyilir. Nə isə... İstəməzdim söhbətimiz onlar barədə olsun.

- Bir gün "yoruldum" deyib çıxıb getmək istəsəniz, öz postunuza kimi namizəd verərdiniz?

- Mənim hələ belə fikrim yoxdur, ona görə də başqa namizəd axtarmıram.

- Yəni o posta yalnız özünüzü namizəd görürsünüz də?

- Mən yox, qurultay kimi görərsə, ona da səs verərəm. Mən heç kimə deyə bilmərəm ki, onu yox, məni seçin.

- Yaradıcılığınızda bir ləngimə var. 2002-ci ildə "Ağ qoç, qara qoç" çıxdı, sonra da son illər Nazim Hikmət barədə əsəriniz, vəssalam. Oxucu Anardan başqa əsərlər gözləyir...

- Gözləyən oxusun də. Son illər M.F.Axundov barədə kinossenari yazmışam, "LİK Azerbaydjana" adlı kitabım çıxıb, "Əsrin əsiri" həm rus, həm Azərbaycan dillərində çap olunub. Dövri mətbuatda da çıxış edirəm, bundan başqa neynəməliyəm mən?

- Əsərlərinizi oxuyanda təsəvvürümdə möhtəşəm portretiniz yaranmışdı, "Ədəbiyyat qəzeti"ndə çalışdığım illərdə o portretlə sizin aranızda fərqin şahidi oldum...

- Məsələn?

- Elə "Ədəbiyyat qəzeti"nin vəziyyəti, ədəbiyyat yox, rəsmi dövlət qəzetinə çevrilib...

- O qəzet də daxil olmaqla, YB-nin bütün mətbu orqanları müstəqildir, mən baş redaktor deyiləm. Onlara demokratik qaydada rəhbərlik edirik. Mətbuat azaddırsa, redaktorların da fəaliyyətini məhdudlaşdırmağa ixtiyarımız yoxdur. Əvvəl də rəsmi yazılar olurdu, indi də var. Konkret "Ədəbiyyat qəzeti"nə gələndə, mən də çox şeydən razı deyiləm, dəfələrlə redaktora da demişəm. Bəzi təkliflər də vermişəm, ya eləyə bilmirlər, ya eləmək istəmirlər. Məsələn, telekanallar barədə icmal vermələrini istəmişdim. Bilirsiniz, belə bir praktika var. Biri gətirib zəif əsər verir, çap olunmur. Deyir ki, hə... bu Anarın işidir, qərəzli yanaşır. Mən redaktorlara etibar edirəm. Onlar buna cavabdehdirlər.

- AYB-nin mətbu orqanlarının hansı sizin istədiyiniz kimidir?

- Ayrı-seçkilik edə bilmərəm, buna vəzifəm yol vermir. 4 jurnalımız var, iki qəzetimiz. Biri bir az yaxşı gəlir işinin öhdəsindən, biri yox. Baxır redaktorun səviyyəsinə.

- Mənfi-müsbət qəhrəman var?

- Yox, mən bunu çoxdan demişəm ki, mənfi-müsbət insan olmadığı kimi mənfi-müsbət qəhrəmanlar da olmamalıdır. Hər bir insanda mənfi və müsbət cəhətlər var.

- Yəqin ona görə qəhrəmanlarınızı mənfiyə, müsbətə bölmək olmur. Bir dəfə ali məktəbdə əsərinizin müzakirəsində Təhminə barədə elə alovlu çıxış etdim ki, müəllim mənə dedi ki, bala, Təhminə sənin başını xarab eləyib, qoy onu kənara, oxu, amma özün ol... (müsahibə boyu ilk dəfə gülümsəyir)

- Hər bir insanın yaxşı, pis cəhətləri var.

- "Nobel" mükafatı barədə sizə sual verilib... (nə soruşacağımı duyub, dərhal cavab verir)

- "Nobel" mükafatı təzə düşüb ağızlarına. İndiyə qədər o mükafatı tanımayanlar indi deyirlər niyə Azərbaycan yazıçısı bu mükafatı ala bilmir. Mən də deyirəm ki, Ukrayna 40 milyondur, niyə heç bir yazıçısı bu mükafatı almayıb, Gürcüstan da həmçinin. O boyda Çindən cəmi bir nəfər alıb. Orta Asiya yazıçıları almayıb. Hindistandan bir nəfər alıb. Azərbaycan dilinin dairəsi məhduddur. "Nobel" mükafatı alanlar ingilis, ispan, fransız, rus dilində çox oxunanlardır. Meyarlardan biri də siyasi məsələdir. Əsasən quruluşa qarşı dissident olanlara verilir. 5 rus yazıçısı "Nobel" alıb - Bunin, Soljenitsın, Pasternak, Brodski Sovet quruluşuna qarşı idilər. Orxan Pamuk istedadlı yazıçıdır, amma erməni "soyqırımı" barədə türklərin dediyinin əksini deməsəydi, bəlkə də "Nobel" verilməzdi ona. Bu o demək deyil ki, layiqlilər də almayıb. Nobelçilər siyahısına nəzər salsanız, görərsiniz ki, adı ədəbiyyatdan silinib getmişlər də var. Və "Nobel" almayan elə yazıçılar var ki, alanlardan beş dəfə artıq layiqlidirlər. Təsadüf də rol oynayır. Bizim yığma futbol komandası dünya çempionu olanda yazıçılardan da kimsə "Nobel" alacaq.

- İndi nə üzərində işləyirsiniz?

- "LİK Azerbaydjana"nın 1-ci cildi çıxıb, 2-ci üzərində işləyirəm, ora da musiqiyə, rəssamlığa, teatr və kinoya aid yazılarım daxildir. Əlli faizi yeni yazılarımdır. Bu kitabı rus dilində yazmışam ki, özümüzdən başqa da kimsə oxusun.

- "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin ardını yazmaq fikriniz vardısa, onu niyə özünüz yazmayıb, Günelə həvalə etdiniz?

- Bəziləri deyirdi ki, o əsərin davamını yazın, deyirdim qəhrəman sonda ölürsə, o əsərin necə davamı ola bilər? Bir dəfə Günelin yanında dedim ki, bu olsa, yalnız gündəlik formasında olar. Günel də maraqlandı, yazdı.

- Günelin timsalında ədəbiyyata yeni istedad gəlir deyə bilərsiniz?

- O özü özünə yazar yox, həvəskar deyir. Mənim qızımı tərifləməyim düz deyil, amma ədəbi zövqümə inanırsınızsa, məncə, istedadlı yazıçıdır. Meyar istedaddır, kimin övladı olursan-ol, fərqi yoxdur.

- Mətbuata arzunuz...

- Bir az obyektiv olsunlar, yalan, böhtandan uzaq olsunlar. Bilmədiklərini yazmasınlar. Ən kəskin tənqidi qəbul edirəm, amma böhtanı, yalanı yox. Bu tənqid deyil, tərbiyəsizlikdir.

 

 

Ədalət.- 2011.- 8 aprel.- S. 3.