"BƏZƏN SƏNƏTİMDƏN KÜSÜRƏM"

 

Həmsöhbətim çoxlu sayda ödüllər qazanmış Seyran Cəfərlidi

 

İş günü yenicə başlamışdı. Çoxdan bəri görmədiyim, amma yaradıcılığını müxtəlif qəzet və jurnalların səhifələrində izlədiyim, tanınmış karikaturaçı rəssam Seyran Cəfərli qapımızı döydü. Oturub bir xeyli dərdləşdik. Yaradıcı insanların, fırça, qələm adamlarının qayğılarından danışdıq və elə etdiyimiz bu söhbət də özü-özlüyündə sonda bir müsahibəyə çevrildi. Və mən də məmnuniyyətlə o müsahibəni sizlərə təqdim edirəm.

 

ÖNCƏ QISA ARAYIŞ

 

Seyran Cəfərli İmişli rayonunun Cəfərli kəndində 1966-cı ildə doğulub. Necə deyərlər, kənd həyatının bütün mənzərələrini, Sovet dönəminin son illərinin müxtəlif məqamlarını təkcə yaddaşında deyil, həm də karandaşın gücü ilə ağ kağızlara köçürüb. Onu bü işə həvəsləndirən təbii ki, ilk öncə içindən gələn maraq hissi olub. Elə o maraq da sonda Seyran Cəfərlini bu günün tanınmış karikaturaçısına çevirib.

- Seyran müəllim, ilk yaradıcılıq işi, ilk karikatura, ümumiyyətlə isə həyatınızın həmin o anı necə yadınızda qalıb?

- Doğrusu uşaqlıdan şəkillərə, rəsmlərə böyük marağım olub. Düzdür, ailəmizdə, ümumiyyətlə nəslimizdə heç kim rəssamlıqla məşğul olmayıb. Amma nədənsə o illərin məşhur "Kirpi" jurnalını səbirsizliklə gözləmişəm, onun hər nömrəsindəki karikaturalara həvəslə baxmışam və hərdən də məndə belə bir daxili əminlik yaranıb ki, mən də karikatura çəkə bilərəm. Bax elə bu əminliyin təsiri ilə də başladım çəkməyə. Təbii ki, öncə gördüklərimi, xəyalımda canlandırdıqlarımı çəkməyə başladım. İlk karikaturam isə 1982-ci ildə "Kirpi" jurnalında dərc edildi. Onda bir anbardarın karikaturasını çəkmişdim. Bunun ardınca ikinci karikaturam "Kirpi"də dərc edildi. Beləcə həvəsim get-gedə artdı və bir də gördüm ki, bu işin vurğununa çevrilmişəm.

- Adətən karikaturanı çəkmək həm təxəyyüldən, həm də müşahidələrdən qaynaqlanır. Siz müşahidəyə üstünlük verirsiniz, yoxsa öz xəyalınızda qurduğunuz, təsəvvür etdiyiniz formalara üstünlük verirsiniz?

- Təbii ki, hər iki hal əksər karikaturaçılarda normal sayılır. Yəni bu sənətin sahibləri gördüklərini öz təxəyyülü ilə bir az cilalayır, ona bir növü nəfəs verir. Və mən də həmişə özümün güclü müşahidələrimlə yanaşı, izlədiyim məqamları və bir də təxəyyülümdə qurduqlarımı cəmləşdirib karikaturalar çəkməyə üstünlük verirəm. Doğrudur, indi artıq bizdə Sovet dönəmində olduğu kimi hansısa bir jek müdirinin, bazarkomun, ümumiyyətlə, bu qəbildən olan insanların karikaturasını çəkmək o qədər də böyük nə maraq doğurmur, nə də diqqət çəkmir. Çünki biz daha çox beynəlxalq aləm üçün onlarla iş birliyində çalışırıq. Yəni mənim karikaturasını çəkdiyim "jek müdiri" italiyalı, yaponiyalı, türkiyəli tamaşaçı üçün heç bir məna kəsb etmir. Artıq sənət öz çərçivələrini kifayət qədər genişləndiribdi.

- Seyran müəllim, mənim bildiyimə görə, siz dünyanın bir çox ölkələrində -Yaponiyada, Belçikada, Türkiyədə, Kipirdə və digərlərində keçirilən beynəlxalq müsabiqələrdə iştirak etmisiniz və 90-dan artıq ödülün, o cümlədən qızıl, gümüş, bürünc medalların sahibi olmusunuz. Əsərləriniz internet sayıtlarında, kataloqlarında yerləşdirilib. Bax bu əməkdaşlığı siz yenə davam etdirirsiniz, yoxsa?..

- Bəli. Doğrudan da dünyanın bir çox ölkələrində olmuşam. Karikaturalarımı bir çox muzeylər alıb və bu gün də Amerikanın məşhur karikatura jurnallarından biri olan "Witty World" beynəlxalq satirik jurnalı ilə əməkdaşlıq edirəm. Həmçinin onun Azərbaycanda təmsilçisiyəm. Ümumiyyətlə, isə bir çox ölkələrdə nəşr olunan qəzet və satirik jurnallar üçün mütəmadi olaraq karikaturalar çəkirəm. Məni üzən, narahat edən bir çox hallarda dəvətli olduğum beynəlxalq müsabiqələrə qatıla bilməməyimdir. Bu da ki, maliyyə imkanları ilə bağlıdır. Özünüz də yaxşı bilirsiniz ki, bizdə bu məsələ çox ciddi bir problemdir.

- Seyran müəllim, sizin söhbətlərinizdən hiss etdim ki, aprel ayının 15-18 arası Ankarada beynəlxalq sərgi keçiriləcək və bu sərgidə Azərbaycanı siz təmsil edəcəksiniz?

- Doğrudan da belədir. Aprelin 15-də Türkiyənin mədəniyyət və turizm bakanlığı Şəkillər Muzeyində 3 ölkədən olan karikaturaçının- Makedoniyadan Nataşa Kostovskaya, İngiltərədən Stephen Mumberson və Azərbaycandan mənim, işlərimizin böyük sərgisini təşkil edəcək. Amma hələlik bu sərgiyə qatılıb-qatılmayacağımı bilmirəm. Çünki bu cür dəvətlərdə bəzən təşkilatçı tərəf iştirakçının yol xərcini ödəyə bilmir. Daha doğrusu, yol xərcini iştirakçı özü ödəməli olur, qalan xərcləri təşkilatçı öz üzərinə götürür. İndi də belə bir vəziyyət yaranıb.

- Siz Azərbaycanda karikaturaçıların təşkilatını yaradan, ona uzun müddət rəhbərlik edən bir şəxs kimi, həm də bir çox beynəlxalq karikatura qurumlarının üzvü, paralel olaraq keçirilən beynəlxalq sərgilərdə münsiflər heyətinin üzvü, hətta İnternet saytı olan kimi tanınırsınız. Açıq deyin bu sənət sizi, ailənizi dolandırırmı?

- İndiki düzünü öyrənmək istəyirsiniz deyim. İnanın ki, bəzən elə məqamlar olur ki, aldığım ödülləri, çəkdiyim karikaturaları da yandırıb məhv etmək istəyirəm. Çünki həyatımı həsr etdiyim və bundan başqa özgə heç nə bacarmadığım karikatura sənəti yaşamaq, fəaliyyət göstərmək üçün çox gücsüzdü, imkansızdı. Yalnız aldığım 150 manat müəllim maaşı ilə ev kirəsi ödəməklə ailəmi dolandırmağa gücüm çatır. Ona görə də hərdən həyatımı həsr etdiyim bu sənətə qarşı içimdə bir nifrət qığılcımı alışır. Amma karandaşı götürəndə yenə hər şey əvvəlki nöqtəyə qayıdır.

- Əvvəldə dediniz ki, nəslinizdə rəsmlə maraqlanan bir kimsə olmayıb. Bəs sizin övladlarınız necə karikatura çəkməyə maraq göstərirlər?

- Oğlum 5-ci sinifdə oxuyana qədər bu işlə maraqlandı. Hətta bir neçə karikaturası mükafat da, ödül də aldı. Amma mən müəyyən vasitələrlə onu bu yoldan çəkindirməyə çalışdım. Şükürlər olsun ki, o özü də karandaşı bir tərəfə atıb, texniki elmlərə meyil göstərməyə başladı. Düşünürəm ki, mənimlə müqayisədə o daha düzgün qərar qəbul edib. Əgər karandaşa həvəsi qalsa, gələcəkdə paralel bu işlə də məşğul ola bilər.

Həyatının müxtəlif məqamlarından söhbət açan Seyran müəllim hələ İmişlinin Cəfərli kəndində anbardar karikaturasını çəkəndə ona olan təpkilərdən, məktəbdə qarşılaşdığı haqsızlıqlardan, həmçinin dostluq şarjları ilə bağlı müəyyən anlaşılmazlıqlarla qarşılaşdığını da xatırlatdı. Xarici səfərlərdən yadında qalan təəssüratlarını söylədi. Ancaq mən onu dinlədikcə aşkarca hiss edirdim ki, Seyran Cəfərli sənətinin həqiqətən vurğunudur. O, çətinliklərdən danışsa da, dünya çapında tanınan, qəbul edilən əsərləri ilə daxilən öyünür. Azərbaycana gətirdiyi ödüllərin sayını zaman-zaman artırmaqda israrlıdır. Axı o hər yerdə Azərbaycanın bayrağını dalğalandırır. Deməli, biz də onun yanında olmalı, ona dayaq durmalı, ona yeni üfüqlərin açılmasında həm maddi cəhətdən, həm də mənəvi yardımçı olmalıyıq.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 8 aprel.- S. 4.