NƏĞMƏLƏNƏN RƏNGLƏR

 

(Tanınmış rəssam Arif Əzizin yaradıcılığından etüdlər)

 

Respublikamızın əməkdar incəsənət xadimi, YUNESKO yanında Beynəlxalq Rəssamlıq Akademiyasının akademiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, tanınmış rəssam Arif Əziz yarım əsrə yaxındır ki, Azərbaycan təsviri sənətinin inkişafına öz layiqli töhfəsini verməkdədir. Bu uzun müddət ərzində o, bir rəssam kimi öz bacarığını təsviri sənətin müxtəlif sahələrində sınamış, əksər sahələrdə kamil sənət nümunələri yaratmış, sənətdə öz üslubunu, dəst-xəttini ərsəyə gətirməyə müvəffəq olmuşdur.

Hər bir rəssamın yaradıcılığında mərhələlər, bu mərhələləri səciyyələndirən cəhətlər olur. Əlbəttə, bu xüsusiyyət Arif Əzizin yaradıcılığından da yan keçməmişdir. Rəssam yaradıcılıq aləminə qrafika vasitəsilə qədəm qoymuş, sonralar dəzgah rəngkarlığında rəngarəng kompozisiyalar yaratmışdır. Əslində portret janrını da rəssamın yaradıcılığının əsasən erkən dövrünə şamil etmək lazımdır. Son dövrlərdə isə onun yaradıcılığında portretlər daha çox simvolik obrazlarla əvəzlənir ki, bu da yaradıcı rəssam təxəyyülünün evolyusiyasından, onun sənətdə öz üslubunu dərinləşdirmək meyllərindən xəbər verir.

Arif Əzizin palitrası həm də ona görə əlvan və zəngindir ki, o, məhz doğma Azərbaycan torpağındakı milli rənglərdən yaranmışdır. Milli kolorit bu palitranın əlvan, canlı və inandırıcı görünməsinin bəlkə də əsas şərtidir. Lakin rəssam bu rəngləri təbiətdən əxz etməkdə kifayətlənməmiş, onların hər birinə sirli ahəng vermiş, lirik ecazkarlıq qatmışdır. Məhz bunun nəticəsidir ki, rəssamın tablolarında rənglər sanki dilə gələrək insanla danışır, daşıdıqları fəlsəfi və romantik mahiyyəti ifadə edirlər.

Çağdaş Azərbaycan təsviri sənətində bir qrup rəssam vardır ki, onların yaradıcılığında Abşeron mövzusu, Abşeron motivləri önəmli yer tutur. Adətən belə rəssamları abşeronçu adlandırırlar. Abşeron mövzusu təsviri sənətimizdə əsasən ötən əsrin 60-cı illərində təşəkkül tapmışdır. Artıq yarım əsrdir ki, bu mövzu öz spesifikliyi, zəngin etnoqrafizmi, milli ahəngi və lirikası ilə bir çox rəssamlarımızın dəst-xəttini müəyyən etmişdir. Arif Əziz də məhz belə abşeronçu rəssamlardandır. Abşeron mövzusu rəssamın yaradıcılığının böyük bir hissəsini əhatə edir. Abşeron torpağına tükənməz məhəbbət Arif Əzizin ürəyində hələ uşaqlıq illərindən kök salmışdır. Doğulub boya-başa çatdığı doğma Qala kəndi, qədim abidələr, qalalar, məscidlər, hər yerə səpələnmiş neft buruqları, dəli xəzrinin soyuq, lakin doğma nəfəsi, sahildəki qayalara çırpılan coşqun Xəzər, əyri-üyrü meynə tənəkləri, talvarlardan sallanmış üzümlər, əncir, tut, nar, heyva ağaclarıg Bütün bunlar rəssam təxəyyülünün formalaşmasında silinməz iz buraxmışdır.

Xarakterik haldır ki, Abşeron mövzusuna daha çox rəngkarlıqda təsadüf olunur. Yəqin ki, bu cəhət əlvan koloritin milli hissləri daha qabarıq ifadə edə bilmək imkanları ilə əlaqədardır. Arif Əzizin də Abşeron mövzusu onun rəngkarlığı ilə sıx bağlıdır. Həm də bu mövzu rəssamın yaradıcılığının başqa bir cəhəti olan dekorativizm ilə qarşılıqlı mütənasibliyə, vəhdətə malikdir.

Arif Əzizin dəst-xəttində özünü büruzə verən dekorativizm milli koloritlə səsləşir. Azərbaycan təbiətinə və məişətinə xas olan isti, "çığıran" rənglər, əlvan kolorit, özünəməxsus rəng yaxma texnikası bu dekorativliyi bir qədər də qüvvətləndirir.

Rəssamın yaradıcılığında tematik əhvali-ruhiyyə güclüdür. Bu əhvali-ruhiyyə onun müraciət etdiyi əksər janrlarda özünü büruzə verir. Bir rəssam kimi Arif Əziz daha çox məişət, mənzərə, natürmort janrlarında tablolar çəkir. Bu janrlarda, xüsusilə məişət və natürmortda milli-etnoqrafizm təzahürləri özünü qabarıq göstərir və palitranın əlvanlığı ilə yadda qalır.

Lakin rəssamın dekorativizmi üçün daha xarakterik olan məqam kompozisiyalarda tez-tez rast gəlinən ağ cizgilərdir. Bu ağ cizgilər onun fərdi dəst-xəttinin yüksək bədii məqamı olub özündə sənət kamilliyi nümayiş etdirir. Arif Əziz bu ağ cizgiləri komrozisiyadakı əşyalara, onların tutumuna şamil etmir - bu cizgilər yalnız kolorit səciyyəlidir və belə demək mümkünsə, xəyali mücəssimə daşıyır. Bəzən bu ağ cizgilər kompozisiyanı başdan-başa bürüyərək maraqlı bir ritm, ekspressiya yaradır. Diqqət çəkən cəhət bundadır ki, bu ağ cizgilər milli koloritə zərbə vurmur - bu məqam çox maraqlıdır. Adətən Azərbaycan koloritində ağ rəngə rast gəlmirik - bizim milli kolorit şux, əlvan rənglərlə təcəssüm olunur. Arif Əziz isə ağ rəngə milli ruh daxil etməyi bacaran sənətkardır; onun ağ ştrixləri milli atributların əks olunduğu kompozisiyalarla, əsasən natürmort və tematik tablolarla canlı həmahənglik təşkil edir.

Rəssam bu ağ cizgiləri özünəməxsus tərzdə yaradır. Onlar tablonun səthindən lap az qalxmış, qabarmış kimi təsir bağışlayırlar. Bu torabənzər bəyazlığın altından isə milli məişət əşyaları - dolçalar, müxtəlif qablar, kuzələr və s. boylanırmış kimi görünür.

Arif Əzizin ağ ştrixlərdən məharətlə istifadə etməsi milli sənətimizdə orjinal bədii forma olmaqla bərabər, həm də rəssamın dəst-xəttindəki fərdiliyi, bənzərsizliyi ifadə edir. Bəzi sənətşünaslar "Bu ağ cizgilər onun vizit vərəqəsidir" - söyləyirlər. Bu, həqiqətən də belədir. Rəssam öz yaradıcılığının yetkin mərhələsinə bu bəyazlıqla gəlib çatmış, bənzərsiz üslubunu yaratmışdır. Bəyaz cizgilər Arif Əzizin yaradıcılığı üçün o qədər səciyyəvidir ki, rəssamı bəzən Arif Əziz Bəyaz kimi təqdim edirlər.

Professor Arif Əziz həm də pedaqoji fəaliyyət göstərir. Əslində onun yaradıcılıq fəaliyyəti hər zaman pedaqoji işi ilə əlaqədar olmuşdur. Moskvada ali təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra o, demək olar ki, hər zaman pedaqoji fəaliyyət göstərmiş, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müxtəlif yönümlü rəssamlıq ixtisasları üzrə dərs demiş, universitetdə rəhbər vəzifələr tutmuşdur. Rəssam bu gün də universitetdəki "Dekorativ-tətbiqi sənət" kafedrasına başçılıq edir.

Arif Əzizin yaradıcılığı təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də yaxşı bəllidir. Bir çox rəssamlarımız kimi, Arif Əziz də dünyanın müxtəlif ölkələrini gəzmiş, öz fərdi sərgilərini nümayiş etdirmişdir. Rəssamın əsərləri Rusiyada, Türkiyədə, Seneqalda, Hindistanda, Bolqarıstanda və başqa ölkələrdə dəfələrlə sərgilənmişdir. Arif Əziz doğma Azərbaycan toprağını tərənnüm etsə də, müxtəlif xalqların milli özünəməxsusluğunu rənglərin dili ilə canlandırmağı, əks etdirməyi bacarır. Onun "Seneqal lövhələri" seriyası bu baxımdan olduqca xarakterikdir. Əsasən rəng "oyunu"nun yer aldığı bu oynaq, ekspressiv tablolarda Afrikanın isti rəngləri effektli həmahənglik yaradır və sanki özündə ənənəvi yerli musiqinin ritmik sədalarını əks etdirir.

Rəssamın Türkiyə seriyası daha geniş və əlvandır. Arif Əziz qardaş Türkiyə ilə sıx dostluq və yaradıcılıq əlaqələrinə malikdir. Onu burada tanıyır və sevirlər ki, bu da səbəbsiz deyil. O, xeyli müddət Türkiyədə çalışmış, burada pedaqoji fəaliyyət göstərmişdir. Rəssamın yetirmələri arasında azərbaycanlı tələbələrlə yanaşı, Türkiyəni və digər ölkələri təmsil edən tələbələr də var. Bu gün onların bir çoxu sənətdə öz imzasını təsdiq etməyə müvəffəq olmuş və populyarlıq qazanmışdır. Türkiyədəki fəaliyyəti Arif Əzizin həm yaradıcılıq, həm də pedaqoji işinin mühüm tərkib hissəsidir.

Sənətdə dekorativizmin öz xüsusiyyətləri, atributları vardır. Arif Əzizin dekorativizmi məhz milli palitra üzərində bərqərardır. Ənənəvi şərq incəsənətində olduğu kimi, burada da rəssam kölgə-işıq effektindən yan keçir. Bunun əvəzində o, kontrastlı rəngləri, yaxud bir rəngin müxtəlif çalarlarını növbə ilə verərək kompozisiyada optik dolğunluq, həm də əlvanlıq effekti yaradır. Dekorativizm mövzu etibarilə daha çox nağıllar, əfsanələr, folklorla bağlıdır. Lakin Arif Əziz bu mövzulara nisbətən az müraciət edir. Rəssam süjet etibarilə real həyat lövhələrini, ona doğma olan Bakı, Abşeron motivlərini əks etdirməyi üstün tutur. Zəngin koloritli, milli səciyyə daşıyan bu görüntülərdə dekorativlik məhz rənglərin və doğma süjetin dili ilə öz ifadəsini tapır.

Rəssamın sənət yolu barədə çox fikirlər səslənmiş, yazılar dərc olunmuş, mötəbər imza sahibləri mətbuat vasitəsilə öz fikirlərini bildirmişlər. Bu yazılarda Arif Əzizin yaratmış olduğu sənət məktəbi yüksək qiymətləndirilir. Rəssam haqqında ölkəmizdə və xaricdə Azərbaycan, rus, ingilis və s. dillərdə çoxsaylı yazılar, oçerk və məqalələr dərc edilmişdir. 2003-cü ildə, Arif Əzizin 60 illik yubileyi keçirilən günlərdə bu yazıların xeyli həssəsi "Şəxsiyyətin və sənətin nuru" adlanan topluda bir araya gəldi.

Söylənildiyi kimi, Arif Əzizin sənət dünyasına bir çox nüfuzlu imza sahibləri qiymət vermişlər. Filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev, milliət vəkili, akademik Ziyad Səmədzadə, sənətşünaslıq doktoru, professor Nurəddin Həbibov, tanınmış teatrşünas-alim, sənətşünaslıq doktoru İlham Rəhimli, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, tanınmış jurnalist və ictimai xadim Qalina Mikeladze, şair Zülfüqar Şahsevənli və bir çox başqaları Arif Əziz yaradıcılığının müxtəlif cəhətləri barədə söz açmışlar.

Arif Əzizin demək olar ki, yarım əsrlik fəaliyyəti heç zaman diqqətdən kənarda qalmamış, sənətsevərlər və rəhbər qurumlar tərəfindən qiymətləndirilmişdir. O, əməkdar incəsənət xadimi, professordur. İki il öncə isə Arif Əziz YUNESKO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Rəssamlıq Akademiyasının üzvü seçilmişdir. Bu hadisə Azərbaycan incəsənətinin beynəlxalq miqyasda tanınmasının, uğur qazanmasının bariz göstəricisidir. Çünki Beynəlxalq Rəssamlıq Akademiyasına üzv seçilməyin şərtləri heç də asan deyil. Yalnız yüksək bədii dəst-xəttə malik, öz yaradıcılığı ilə sənətdə məktəb yaratmış, öz ardıcıllarını yetişdirmiş istedadlı sənətkarlar bu nüfuzlu beynəlxalq qurumun üzvü ola bilərlər. Arif Əzizin də bu quruma üzv seçilməsi həm rəssamın özünün, həm də onun sənətini dəyərləndirənlərin nailiyyətidir.

Arif Əziz bu gün də bir neçə onillik bundan əvvəl olduğu kimi, böyük həvəslə çalışır, doğma Abşeron toprağının gözəlliklərini, onu düşündürən irili-xırdalı mövzuları kətana köçürür, mənalı əsərlər, rəngarəng kompozisiyalar yaradır. Rəssam hər gün fırçasını, palitrasını əlinə alır, kətan önünə keçib böyük həvəslə çox sevdiyi yaradıcılıq işinə davam edir. O, rəngləri dilləndirməyi bacaran rəssamdır. Bu rənglər, bu palitra yarım əsr öncə olduğu kimi, indi də öz gənclik təravətini qoruyub saxlayır.

  

  

Xəzər Zeynalov

 

Ədalət.- 2011.- 8 aprel.- S. 5.