BAKIDA BEYNƏLXALQ
FORUM
Paytaxt beynəlxalq tədbirə ev
sahibliyi edir
Dünəndən
etibarən paytaxt Bakıda, "Gülüstan"
sarayında Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu öz işinə başlayıb. Tədbirin ilk
günündə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun rəsmi
açılış mərasimində iştirak ediblər.
Qeyd
edək ki, "Ümumi dəyərlərə qovuşaq,
müxtəlif mədəniyyətlərlə zənginləşək"
devizi altında keçirilən Forumda 20 dövlətin mədəniyyət
nazirləri, bir neçə ölkənin nazir müavinləri,
aparıcı beynəlxalq təşkilatlar, o cümlədən
İSESKO-nun baş direktoru, YUNESKO-nun baş direktorunun
müavini, Avropa Şurası Parlament Assambleyasının sədri,
bir sıra dünya şəhərlərinin merləri,
görkəmli mədəniyyət xadimlərinin, alimlərin
və mütəxəssislər də daxil olmaqla 500 nəfərə
yaxın nüfuzlu nümayəndə iştirak edir.
YUNESKO,
BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ-ın
Şimal-Cənub Mərkəzi, İSESKO kimi mötəbər
beynəlxalq qurumların dəstəklədiyi və
dünyada ilk dəfə bu formatda keçirilən Forumun əsas
məqsədi mədəniyyətlərarası dialoq sahəsində
Azərbaycanın reallaşdırdığı təşəbbüsləri
regional müstəvidən çıxararaq qlobal səviyyəyə
qaldırmaq, ölkəmizdə daimi əsasda fəaliyyət
göstərən Beynəlxalq Forum yaratmaqdır.
Onu
da deyək ki, müzakirəyə çıxarılan məsələlərin
genişliyi ilə diqqəti çəkən Forumda "5 A-Mədəniyyətlərarası
Əməkdaşlıq Platforması"nın əsasının
qoyulması nəzərdə tutulur. Tədbirdə geniş tərkibdə
nümayəndələrlə təmsil olunan Avropa, Asiya,
Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan
dilində "A" hərfi ilə başlandığı nəzərə
alınaraq, rəmzi olaraq yeni platformanın adı "5
A" kimi təklif edilib.
Azərbaycan
Prezidenti İlham Əliyev açılış mərasimində
nitq söyləyib. Avropa Şurası Parlament
Assambleyasının sədri Mövlud Çavuşoğlu,
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri,
YUNESKO-nun strateji planlaşdırma üzrə baş
direktorunun müavini Hans D""Orvil, BMT-nin Sivilizasiyalar
Alyansı Katibliyinin icraçı direktoru Mark Şuer, Krans
Montana Forumunun prezidenti Jan Pol Kerteronun
çıxışlarından sonra BMT baş katibinin
Portuqaliyadan olan sabiq xüsusi nümayəndəsi Viktor Ancelo
məruzə edib.
Xatırladaq
ki, "Euronews" televiziya kanalının rəsmi olaraq
informasiya dəstəyi verdiyi Ümumdünya Forumu Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
keçirilir. 2010-cu il sentyabrın 23-də Prezident İlham Əliyev
Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyasında 2011-ci ilin
aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan
etmişdi.
Forum
üç gün ərzində sessiyalar, beynəlxalq konfrans,
seminarlar və mədəni tədbirlərlə öz
işini davam etdirəcək.
Gültəkin
Ədalət.- 2011.- 8 aprel.- S. 5.