GEDƏR GƏLMƏZƏ

 

Dərd birmi, ikimi gülüm,

Cəm cəmin təkimi gülüm?

Götürüb çəkimi gülüm,

Göndərdin gedər gəlməzə.

 

Gələnim gələ bilərdi,

Dərdimi bölə bilərdi.

Halımı billə bilərdi,

Döndərdin gedər gəlməzə.

 

Ad qoydun adımı aldın,

Duzumu dadımı aldın.

Yandırdın odumu aldın,

Söndürdün gedər gəlməzə.

 

Sükut boyu kirimişdim,

Bulud üstə yerimişdim,

Yeri göyə dirəmişdim,

Endirdin gedər gəlməzə.

 

 

GEDƏSİ DEYİLƏM

 

Bu izi çoxları izləyib qağa,

Gedəsi deyiləm bu izə düşüb.

Bu izi çəkiblər sola, gah sağa,

Gedəsi deyiləm bu izə düşüb.

 

Bu izə düşüb də gedəni məlum,

Bu izdən yapışıb didəni məlum.

Bu izi o izdən edəni məlum,

Gedəsi deyiləm bu izə düşüb.

 

Tətiyi çəkilib, atıla bilər,

Ən ucuz qiymətə satıla bilər.

İz-izə söykənib qatıla bilər,

Gedəsi deyiləm bu izə düşüb.

 

Əyrisi bilinməz düzü görünməz,

Əllisi hardadır yüzü görünməz.

Neçə üzü var, bir üzü görünməz,

Gedəsi deyiləm bu izə düşüb.

 

Talanan ömrümə talan gətirib,

Əylimiş belimə palan gətirib.

Haqqıma söykənib yalan gətirib,

Gedəsi deyiləm bu izə düşüb.

 

Üz vurmayın,

üzdən salmayın məni,

Əl tutub əlimdən almayın məni.

İnsanam "Gürzə"

tək çalmayın məni,

Gedəsi deyiləm bu izə düşüb.

Bu axın içində üzmək haramdı,

Bu dözümsüzlükdü,

dözmək haramdı.

Yetimi-yesiri əzmək haramdı,

Gedəsi deyiləm bu izə düşüb

 

Hey gözə giriblər,

gözdən düşüblər,

Taqəti tükənib dizdən düşüblər.

Bu izə düşüblər, izdən düşüblər,

Gedəsi deyiləm bu izə düşüb.

 

 

DOSTLARA MƏKTUB

 

Gedirəm o kəndə

gözünüz aydın,

Aydınlıq taparam bulaq suyunda.

Uşaqlıq dostlarım,

dönün, qayıdın,

Rahatlıq taparsız ömrün yayında.

 

Yoluma çıxacaq o yollar yenə,

Yamaclar göz qoyub

sual edəcək.

Ayağa düşəcək cığırlar yenə,

Sevincək uşaq tək

öndə gedəcək.

 

Təpədən düşərmi dərələrdə çay?

Sussa da dincini alacaq hələ

Baharın yerini yenə tutub yay,

Bilin bizə sadiq qalacaq hələ.

 

Gözəllər göz olar gözümə, vallah

Çiçəklər ağlaşar göz yaşı ilə.

Güneylər gın verər

sözümə, vallah

Qayalar göz olar sərt daşı ilə.

 

Gedirəm o kəndə

gözünüz aydın,

Yadınlıq taparam bulaq suyunda.

Uşaqlıq dostlarım,

dönün, qayıdın,

Rahatlıq taparsız ömrün yayında.

 

 

Dəmir ÇEŞMƏLİ

 

Ədalət.- 2011.- 8 aprel.- S. 5.