Aran rayonumuz -
SAATLI
Çoxdan
yolumu salmadığım Saatlı rayonu başqa bölgələrimiz
kimi simasını son vaxtlar xeyli dəyişib. Geniş və
rahat küçələr, meydançalar, istirahət yerləri
səliqəlidir. İnşa edilən yeni inzibati və fərdi
binalar rayon mərkəzində xoş ovqat yaradır. 93 minə
yaxın əhalisi olan rayonda tikinti-abadlıq işləri indi
də davam etdirilir. Ulu Öndərin muzeyi və heykəli yerləşdiyi,
rayon İcra Hakimiyyəti binasının
qarşısındakı park yenidən qurulur. Müxtəlif
təşkilatları, müxtəlif insanları birləşdirən
bu tikinti meydançasında indi işlərin
qızğın vaxtıdır.
Ancaq
hər il olduğu kimi ötən il də rayonda
tikinti-abadlıq işlərinə xeyli önəm
verilmişdir. "Şəhidlər Xiyabanı"nda, H.Əliyev
prospektində, Nəsimi küçəsində daş-hasar
işləri zövqlə görülmüş və müasir
görkəmə salınmışdır. H.Əliyev
prospektinə, M.P.Vaqif, M.Əzizbəyov, Cavanşir, Nəsimi
və başqa küçələrə 18400 kvadrat metr
çınqıl örtük salınmış,
küçələrə 32874 min kvadrat metr asfalt döşənmişdir.
Saatlı şəhərindən Sarıcalar kəndinə qədər
uzanan və "Qazanbatan yolu" adlanan ərazidə 10
kilometr keyfiyyətli asfalt çəkilmişdir.
Saatlı-Muğanlı-Məzrəli yolunun yenidən
qurulması üçün 1317,0 min manatlıq iş
görülmüşdür.
Milli
Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin yeni
inşa edilmiş inzibati binası, Saatlı rayon İcra
Hakimiyyətinin təmir edilmiş inzibati binası, Varxan kənd
ərazisində tikilmiş Seysmik stansiya 2010-cu ilin alın təridir.
Yol kənarında, küçə və meydançalarda əkilmiş
61900 müxtəlif növ ağaclar da saatlılıların
daha sağlam yaşamalarına, dincəlmələrinə
hesablanmışdır.
Ötən yayın problemləri
2010-cu
ilin mayında Kür və Araz çaylarında, Sarısu
gölündə baş vermiş daşqınlar nəticəsində
Saatlı rayonu da kifayət qədər maddi və mənəvi
ziyan çəkmişdir. Fəlakətin daha iri miqyas
almaması üçün rayon rəhbərliyi, idarə və
təşkilatların müxtəlif texnikaların köməyi
ilə insanlarla bir yerdə olmasına baxmayaraq bir sıra
yaşayış məntəqələri - Novruzlu, Nərimankənd,
Musalı kəndləri, Nərimankənd köçkün qəsəbəsi
daşqına məruz qalmışdır. Bir sözlə,
1028 evdə yaşayan 5479 nəfər Saatlı sakini sel
daşqınlarının yaratdığı çox ciddi
problemlə üzləşməli olmuşlar. 5951,8 hektar əkin
sahəsi, on minlərlə ağac, kənd təsərrüfatı
sahələri, məişət və ev avadanlıqları su
altında qalmışdır. Fəlakətin nəticələrini
aradan qaldırmaq üçün Saatlı şəhərində
yerləşən Fövqəladə Hallar Nazirliyinin qərargahı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2010-cu il
tarixli Sərəncamına əsasən ciddi işə
başlamışdır.
Sakinlərə
ümumilikdə 1050720 manat məbləğində kompensasiya
ödənilmişdir. Ötən ilin avqust ayından isə bərpası
mümkün olmayan evlərin tikintisinə
başlanılmışdır. Yeni Novruzlu kəndində 178
evdən ibarət yeni qəsəbə
salınmışdır. Dəlilər, Nərimankənd,
Musalı kəndlərində isə bu işlər hələ
də davam etdirilir.
Yeni
Novruzlu kəndindəki yeni qəsəbənin
açılışında iştirak və
çıxış etmiş Prezident İlham Əliyev hər
cür şəraiti olan bu yaşayış massivindəki
uğurlu işlərdən razı qaldığını
bildirmişdir.
Saatlı həm də kənd təsərrüfatı
rayonudur
Heç
şübhəsiz ki, haqqında
danışdığımız təbii fəlakətin
Saatlı rayonuna ciddi problemlər verməsinə baxmayaraq,
insanların əli işdən soyumamışdır. 2010-cu
ildə saatlılılar 7694 ton pambıq tədarük
etmişlər. 55453 ton taxıl da ötən ilin göstəricisidir.
Heyvandarlıq məhsullarında da artıma nail olunmuş,
6809 ton ət, 35700 ton süd istehsal edilmişdir. İndi
Saatlıda iribuynuzlu mal-qaranın sayı 65550,
xırdabuynuzluların sayı isə 92862 başdan
çoxdur. Əvvəlki illərlə müqayisədə
heyvandarlıq sahəsində xeyli artımın olması
sakinlərin bu sahəyə marağından xəbər verir.
9703 təsərrüfat subyektinə bu sahəni inkişaf
etdirmək üçün 1911869,60 manat vəsait ödənilmişdir.
Pambıq toxumu istehsalçılarına 32226 manat, taxıl
toxumu istehsalçılarına isə 146430 manat dövlət
büdcəsi hesabına vəsait verilmişdir.
Saatlı
rayonunda pambıqçılıq, taxılçılıq,
heyvandarlıq sahələrindəki istehsalı genişləndirmək
üçün meliorasiya işləri,
sahibkarlığın inkişafı həmişə diqqət
mərkəzində saxlanılır.
"Uğurlarımız
bütün sahələrdə var"
Saatlı
rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin
iş otağında görüşümüz isə zərurətdən
doğdu. Çünki məktəblərdən birinə
baş çəkmək üçün onun
razılığı olmalı idi.
-
Rayonda olmağını bilirdim. Bilirdim ki, həm də məktəblərlə
maraqlanacaqsan.
Rayon
təhsili haqqında qısa məlumatı mən verim, sonra
istədiyin məktəbi özün seç! Təkcə
ötən il dövlət vəsaiti hesabına Kamallı kəndində
180 nəfər şagird üçün, yeni salınan qəsəbədə
- Novruzlu kənd məktəbində 132 nəfər şagird
üçün günün tələblərinə cavab verən
məktəb binaları inşa etmişik. 18 təhsil müəssisəsində
təmir-tikinti işləri aparmışıq. 50 yerlik
uşaq bağçası və körpələr evini də
ötən il tikmişik. 93 nəfər məzunumuzun da tələbə
adına layiq görülməsi 2010-cu ilin payına
düşür. Vaxtın olsa, Mərkəzi Rayon Xəstəxanasına
da baş çək! Məlumat üçün deyim ki,
Prezidentimiz İlham Əliyev cənabları bu müəssisənin
əsaslı təmiri üçün 30 mart 2010-cu ildə Sərəncamla
1,5 milyon manat vəsait ayırmışdır. Xəstəxananın
dam örtüyü dəyişdirildi, kommunikasiya xətləri,
istilik sistemi yenidən quruldu. Poliklinika da çox gözəl
və əsaslı təmir edildi. Varxan, Dədə Qorqud,
Novruzlu kəndlərində yeni tibb müəssisələri
tikildi. Saatlıdakı 330 abonent də telefon xəttinə
ötən il qoşulmuşdur. Elektrik təsərrüfatına
yeni texnologiyaya əsaslanan 1698,74 min manatlıq işin
görülməsi də 2009-cu ilin uğurudur.
Uğurlarımız bütün sahələrdə var.
Tikinti-abadlıq işlərini də özün gəzib
görmüsən. Saatlı rayon İcra Hakimiyyətinin
başçısı Siraqəddin Cabbarovun bu uğurlarda
payı isə hamıdan çoxdur. Çünki hər
tikintiyə hər gün özünün nəzarət etməsi
vacibdir, mütləqdir. Qaldı kəndə getməyinə,
elə ötən il tikilib istifadəyə verilmiş Bəylər
kənd ümumi orta məktəbi lap yerinə düşər,
orada çox şey görəcəksən.
Bu da kənd məktəbi
Rayondan
o qədər də uzaq olmayan İ.Ağamirzəyev adına
127 şagird üçün inşa edilmiş Bəylər kənd
ümumi orta məktəbi 2010-cu ilin isti yay günlərində
tikilib başa çatdırılmışdır. 17 nəfər
müəllim kollektivi olan bu 2 mərtəbəli bina
Saatlı təhsilinin ən müasir tikililərindən, ən
qabaqcıl məktəblərindəndir. Çox xoşdur ki,
məktəbdəki şagirdlərdən bir-ikisi istisna
olmaqla, bütün uşaqlar məktəbli
formasındadır. Divardan asılmış portretlər,
müdrik kəlamlar, müxtəlif cədvəllər, divar qəzetləri,
metodiki tövsiyyələr, guşələr, sinif rəhbərlərinin
nəzarət jurnalları, kabinələr, idman zalı - bir
sözlə, hər şey gözəl və yerindədir.
Yeni məktəbin bağçasındakı müxtəlif
ağacların çoxu da yeni əkilib:
- Bax
bu gördüyün bağça meşə idi, az vaxtda
salmışdıq. Ağaclardan bir neçəsi də əvvəldən var idi. Daşqınlar vaxtı burda kəndlərdən gələn
xeyli qonağımız
oldu. Ona görə də bir az səliqə-səhmanı saxlaya
bilmədik. Məktəbimizdəki nizam-intizam, tədris
isə kollektivin öz uğurudur. Kənd olanda nə olar, gərək işlədiyin yerdə bir iz də
qoyasan. Nəzərə
alsaq ki, təhsilin inkişafına
respublikada, eləcə
də rayonda diqqət xüsusilə artıb, onda mən elə də böyük iş görməmişəm...
Məktəbin direktoru Zakir Əmişov Saatlıda mənim son müsahibim oldu.
Səxavət Məmmədli
Ədalət.- 2011.- 8 aprel.- S. 7.