"Molla Nəsrəddin"
105 yaşını qeyd
edir
"Ey mənim müsəlman
qardaşlarım, sizi deyib gəlmişəm!"
"Molla Nəsrəddin" jurnalının 105 yaşı
tamam olur. Gəlin "Molla Nəsrəddin"in keçdiyi
yola nəzər salaq; "Molla Nəsrəddin" jurnalı
eyni zamanda Azərbaycanın ilk illüstrasiyalı
jurnalıdır. Jurnal çapa başlayan gündən təzyiq və senzuralardan keçərək düz
25 il sadə xalqın dilində yazıb. Üstəlik, Azərbaycan dilinin bütün şirinliyini publisistikaya gətirə bilib. "Molla Nəsrəddin" gələcəyə,
100 il sonraya da mesaj buraxmağı
unutmamışdı: "Ey
mənim bundan 100 il sonra yaşayacaq
nəvələrim və
nəticələrim. Ola
bilər ki, 100 il sonra kitablar
arasından saralmış,
birə yemiş, vərəqlərini toz basmış və üzülmüş "Molla
Nəsrəddin" jurnalına
rast gələsiniz və onu oxumağa
başlayasınız. Qorxuram
ki, o zaman bu rəhmətlik Molla Nəsrəddin bizim babalarımıza böhtan atıb deyəsiniz. Bildirəcəksiniz
ki, guya mənim bəhs etdiklərimi heç qədim dövrlərdə
yaşamış German tayfaları
da etməzdilər. Ey mənim xoşbəxt
nəvələrim və
nəticələrim, mən
qorxuram siz elə belə də deyəsiniz".
105 il keçdi və "Molla Nəsrəddin"in yazdıqları,
dedikləri biz nəvə-nəticələrinin
əlinə çatdı.
Amma biz Molla babamızı qınamaqla
yox, həqiqəti bəyan etdiyi, xalqa doğru yolu göstərdiyi üçün rəhmətlə
anırıq. Çünki
böyük ədib və dramaturq Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə işə başlayan
"Molla Nəsrəddin"
jurnalı elə ilk səhifələrində tutduğu
amalın cəhalət
yuxusunda olanları oyatmaq, fala baxdıran,
it boğuşduran müsəlmanları
elmə-biliyə çağırmaq
olduğunu bildirirdi. Həmin dövrdə xalqın onu başa düşən bir mətbu orqana ehtiyacı vardı. Cəlil Məmmədquluzadə nahaqdan
demirdi ki, "Molla Nəsrəddi"ni zəmanə özü yaratdı.
Filologiya
elmləri namizədi Allahverdi Məmmədli Cəlil Məmədquluzadənin
bu jurnalla Azərbaycan jurnalistikasının
və publisistikasının
satira istiqamətində
əsasını qoyduğunu
qeyd edir: "Yəni satirik publisistika yaratdı. İlk dəfə olaraq tənqidi realizm yaratdı. Bu jurnal vasitəsi ilə satirik qrafikanın, satirik karikaturanın əsasını
qoyub. Bu jurnalla, özü demişkən türkün açıq
ana dilində danışmağa başlayıb.
Yəni, aşağı
təbəqənin vəziyyətini,
onların arzularını
ifadə etməyə
başlayıb. Yəni
elita üçün
nəzərdə tutulan
bir jurnal buraxmayıb. Və bununla da Azərbaycan
dilinin şirinliyini publisistikaya gətirib".
Azərbaycanda, eləcə də
Şərqdə böyük
hadisə kimi qarşılanan bu ilk satirik mətbu orqanının birinci sayı 1906-cı il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1921-ci ildə
Təbrizdə, 1922 - 1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub.
25 il ərzində 748
nömrəsi dərc
olunub. Onlardan 340-ı
Tiflisdə, 8-i Təbrizdə,
400-ü Bakıda çıxıb.
Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə
də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə
müsbət təsir göstərib. "Molla Nəsrəddin"in səhifələrində
yer alan dünya hadisələrindən
tutmuş, cəhalət,
mövhumat, din, dil, məişət məsələləri
məktəb savadı
olmayan adi adamların başa düşəcəyi sadə
dildə yazılır
və satiranın gücü ilə onların beyninə yeridilirdi. "Molla Nəsrəddin"in aşkara
çıxarmaq istədiyi
acı həqiqətlərin
yeri bəzən boş qalır və ora "Senzura icazə vermədi" sözləri
yazılırdı.
A.Məmmədli "Molla Nəsrəddin"
jurnalının adını
o vaxt dəyişmək
istədiklərini bildirir:
"İstəyirdilər ki,
allahsızlar cəmiyyətinin
orqanı kimi fəaliyyət göstərsin.
Təzyiqlər göstərirdilər.
Guya, "Molla Nəsrəddin" jurnalında
qüsurlar var. "Molla
Nəsrəddin" jurnalı
həyatı hadisələri
obyektiv əks etdirmir. Onu tənqid
etməyə başlayırlar
və Cəlil Məmədquludzadə tənqidlərə
cavab olaraq artıq 26-cı ildən öz imzasını qoymaqdan imtina edir. Onun yazıları
redaksiya heyətinin adı ilə dərc olunmağa başlayır".
Nəşri ilə bağlı
bütün çətinliklərə
baxmayaraq, jurnal Azərbaycan xalqının
mütərəqqi qüvvələrini,
demokratik düşüncəli
insanlarını öz
ətrafında toplaya
bilib. "Molla Nəsrəddin" jurnalı
105 il sonrakı bir zamanda da
aktuallığı ilə
hələ də maraq doğurur. Allahverdi Məmmədli
"Molla Nəsrəddin"
jurnalında dərc olunan felyetonların 100 il bundan əvvəlin
felyotanları olmasına
baxmayraq, bu gün üçün də çox aktual olduğunu deyir: "Təsəvvür
edin ki, bu gün jurnalda
hər hansı bir felyetonun tarixini dəyişib dərc etsək, bu günün yazısı kimi qəbul oluna bilər. Bəli, bu felyotonlar o qədər aktualdır və bu günün
bütün suallarına
cavab verən felyetonlardır. Ona görə də, "Molla Nəsrəddin"in
felyetonları Cəlil
Məmmədquluzadə yaradıcılığı
ilə 100 il yaşayır və hələ neçə
100 illər də yaşayacaq."
Jurnalda müxtəlif satirik hekayə, felyeton, şeir, gülməli xəbərlər, atalar sözləri, məsəllər,
atmacalardan istifadə edilib. Karikaturalarsa müsəlmanları güldürməklə
yanaşı, onlara həqiqətin əsl üzünü göstərirdi.
"Molla Nəsrəddin"də
Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy
Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd
Səid Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı
və jurnalistlər,
o cümlədən, Şmerlinq,
Rotter, Əzim Əzimzadə kimi rəssamlar da fəaliyyət göstərib.
Ədalət.- 2011.- 8 aprel.- S. 8.