SON
GÖRÜŞ, YAXUD ÜRƏYİMDƏ QALAN SÖZ
Məşhur
jurnalist, gözəl ziyalı və ictimai xadim, mərd və
ləyaqətli insan, əvəzsiz dost, Sadıq müəllim
haqqında bu sətirləri yazıram və yaza-yaza da
gözlərim önündən çoxsaylı
görüşlərimiz keçir. Müxtəlif vaxtlarda
müxtəlif münasibətlə çəkdirdiyimiz
fotolara baxıram. Bir şəkli isə daim gözlərim
qarşısındadır: kübar görkəmi,
ağır, təmkinli hərəkətləri, gülərüz,
yaraşıqlı siması ilə... Yox, bu, fotolarda olan şəkli
deyil. Uzun illər ərzində qəlbimdə çəkdiyim,
yaratdığım şəkildir.
Aradan
gör nə qədər illər keçib. Ancaq elə bil
ki, indi bu dəqiqə ayrılmışıq. Bəli, uzun
illərin amansız ayrılığı, həyatın namərd
gərdişi Sadıq müəllimin doğma və əziz
simasını hələ də ürəyimdən,
yaddaşımdan silə bilməyib...
Aydın
həqiqətdir: uzun həyat yolları bizi müxtəlif
vaxtlarda, müxtəlif münasibətlərlə insanlarla
görüşdürür, tanış edir. Ancaq orası da
var ki, həmin insanların heç də hamısı ürəyimizə
yatmır, bu münasibətlər dostluğa,
yoldaşlığa, sirdaşlığa çevrilir.
Sadıq Qarayev isə sözün həqiqi mənasında
yaddaqalan şəxsiyyət idi. Danışığı, hərəkətləri,
münasibət və davranışı ilə ürəklərdə
əbədi həkk olunurdu.
Dəqiqlik
naminə deyək ki, Sadıq Qarayevlə 1980-ci ilin aprel
ayında tanış olmuşuq. Düzdür, bir jurnalist olaraq onun
imzası ilə çoxdan tanış idim. O illərdə
respublikanın bir nömrəli mətbuat orqanı olan
"Kommunist" qəzetində Sadıq Qarayevin imzasına
tez-tez rast gəlirdik. Ancaq şəxsi
tanışlığımız, dediyim kimi, 1980-ci ilin aprel
ayında oldu.
..."Kommunist"
qəzetinin partiya həyatı şöbəsinin müdiri mərhum
Hüseynqulu Xanlarov:
-Sadıq
Qarayev səni axtarır - dedi.
-Axı,
biz heç tanış deyilik...
Elə bu
zaman qapı açıldı. İçəri ucaboy,
gülərüz bir adam girdi. Düzdür, "Kommunist"
qəzetinə işə təzəcə qəbul
olunduğumdan əməkdaşların hamısını
üzdən tanımırdım. Bununla belə, daxili bir
intuisiya ilə hiss etdim ki, bu gələn məhz Sadıq
Qarayevdir.
Hüseynqulu
müəllim gülə-gülə bizə
yaxınlaşdı:
- Di
tanış olun, - dedi, - bayaqdan bir-birinizi
axtarırsınız.
Sadıq
müəllimlə elə isti, mehriban, mərhəm şəkildə
görüşdük ki, elə bil çoxdanın
tanışlarıydıq. Hal-əhval, iş-güc
qayğıları, dost-tanış... O da məlum oldu ki,
bizim ümumi dostlarımız, tanışlarımız da
var. Hər halda, bu ilk tanışlıq, ilk görüş
bizi bir-birimizə əbədi bağladı. Sadıq müəllim
dünyasını dəyişənə qədər elə
bir həftə, elə bir ay olmadı ki, zəngləşməyək,
görüşməyək. Görüşlər
üçün Sadıq müəllim maraqlı bəhanələr,
əsaslar da tapırdı. Ürək
yaxınlığından, qəlb ehtiyacından doğan bu
görüş və söhbətlərdən böyük
zövq alırdım, rühən dincəlirdim, zənginləşirdim,
belə bir mükəmməl insanla dostluq etdiyimdən qəlbim
məmnuniyyət hissi ilə dolurdu. Bu yerdə yadıma bir
atalar sözü düşür: "Ata xəzinədir,
qardaş arxa. Dost isə həm xəzinə, həm də
arxadır". Mübağiləsiz olaraq deyə bilərəm:
Sadıq müəllim bax, bir əvəzsiz xəzinə idi.
Sadıq
Qarayev "Kommunist" qəzetində, ümumiyyətlə,
Azərbaycan jurnalistikasında öz yeri, mövqeyi, sanbalı
olan bir adam idi. Əgər onun fəaliyyətini bircə
cümlə ilə xarakterizə etmək mümkün olsa belə
deyərdik: Obyektivlik və prinsipiallıq. Sadıq müəllimin
mövzu dairəsi çox geniş idi. Ancaq o nədən
yazırsa yazsın hadisələrə dərindən
nüfuz etmək, prinsipial və ədalətli mövqedə
dayanmaq həlledici meyar idi. Bu isə təbiidir ki, çox
hallarda vəzifə və səlahiyyət sahiblərinin
ürəyincə olmurdu. Yadımdadır ki, dəfələrlə
Sadıq Qarayevə məhz belə cəsarətli və
prinsipial yazılarına görə hücumlar olmuş, səlahiyyətli
komissiyalar ayrılmış, yoxlamalar
aparılmışdır. Lakin heç bir təhlükə və
yoxlama onu bu yoldan - haqq və ədalət yolundan döndərə
bilməmişdi. Bir halda ki, söhbət Sadıq Qarayevin bir
jurnalist kimi yaradıcılıq xüsusiyyətlərindən
düşdü, hökmən bunu da xatırlamaq
lazımdı: Sadıq müəllim yazmaq istədiyi hər
hansı mövzunu həftələrlə, aylarla öyrənirdi,
müşahidələr aparırdı, təhlil edirdi, ictimai
rəyi izləyirdi. Yalnız tam əminlikdən sonra yazı
masasının arxasına keçirdi. Təsadüfi deyildir
ki, uzun yaradıcılıq illəri ərzində bir dəfə
də olsun Sadıq müəllimin yazılarında
yalnışlığa yol verilməmişdir. Sadıq Qarayev,
sözün həqiqi mənasında usta jurnalist idi. O, həyatın
nəbzini tuta bilirdi, ən vacib məsələləri
seçib ön plana çəkirdi, diqqəti həmin məsələlərin
həllinə yönəldirdi. Heç də təsadüfi
deyildir ki, onun iqtisadi, sosial və mədəni həyatının
müxtəlif sahələrinə aid yazdığı aktual məqalələr,
problem səpkili materiallar həm yuxarı dairələrdə,
həm də geniş oxucu kütləsi arasında
böyük əks-səda doğururdu. Hətta həmin
materiallar əsasında Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin bürosunda geniş müzakirə
aparıldığı, müvafiq qərarlar qəbul etdiyi
hallarda olmuşdur.
Sadıq
Qarayev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirmişdi. Bundan başqa, Moskvada Ali Partiya Məktəbini
başa vurmuşdu. Bir müddət Azərbaycan KP Mərkəzi
Komitəsində məsul vəzifədə
çalışmışdır. Dəfələrlə onu
müxtəlif rayonlara məsul vəzifələrə dəvət etmişdilər.
Ancaq bu vəzifələrin hamısından imtina etmiş,
"Kommunist" qəzetinin bölgə müxbirliyini daha
üstün tutmuşdu. Sözün düzü, bir
çoxları kimi, mən də bunun mənasını
çətin başa düşürdüm. Hətta ürəyimdə
təəccüb də edirdim: hamı Mərkəzi Komitəyə
rayon partiya komitəsinin katibliyinə, icariyyə komitəsinin
sədrliyinə can atır. Sadıq müəllim isə...
Çox qəribədir.
Bunun səbəbini
çox sonralar, daha dəqiq desək, Sadıq Qarayevi bir insan
və şəxsiyyət kimi dərindən tanıyandan, bələd
olandan, necə deyərlər, kəsb edəndən sonra anlaya
bildik. Sadıq Qarayev bütün qəlbi ilə jurnalistikaya,
"Kommunist" qəzetinə bağlı idi.
Şan-şöhrət, vəzifə və karyera ona yad idi.
Sakit, azad, yaradıcı həyatı hər şeydən
üstün tuturdu. Sadıq Qarayev öz şəxsiyyətinə
yüksək hörmət edən, öz sözünün qədir-qiymətini,
çəkisini bilən insan idi. Bölgə müxbiri kimi
xidmət etdiyi rayonlarda onu sevir və hörmət edir, diqqət
və qayğı göstərirdilər. Hamı rayon partiya
komitəsinin katibindən tutmuş sadə insanlara qədər
hamı bu insana xüsusi hörmət və ehtiramla
yanaşır, onunla hər görüş və söhbətdən
məmnun olurdular. Mən dəfələrlə Sadıq
Qarayevin xidmət etdiyi rayonlarda ezamiyyətdə olarkən
bunun bir daha şahidi olmuşam.
Məlumdur
ki, bölgə müxbiri institutu jurnalistikanın ən
çətin və məsuliyyətli sahələrindən
biridir. O illərdən "Kommunist" qəzetində isə
bu vəzifə ikiqat şərəfli və məsuliyyətli
idi. Məsələ burasındadı ki, bölgə
müxbiri xidmət etdiyi rayonlarda təkcə özünü
yox, həm də bütövlükdə redaksiyanı təmsil
edir. Onun nəinki təkcə yazıları, həm də
şəxsi keyfiyyətləri, davranış və
münasibətləri, hətta geyim-keçimi və s. diqqət
mərkəzində olur. Bu cəhətdən cəsarətlə
deyə bilərik ki, Sadıq Qarayev işlədiyi kollektivə
əlavə hörmət və şərəf gətirirdi,
onun adını daim uca tuturdu.
Hərdən
özüm-özümə düşünürəm:
Görəsən, Sadıq Qarayev jurnalistikanın indiki vəziyyətini
görsəydi nə edərdi, nə düşünərdi?
Cavab birmənalıdır: Ürəkdən təəssüf
edərdi, jurnalistikanın bu qədər ucuzlaşmasına,
adiləşməsinə, hörmətdən düşməsinə
dözə bilməzdi.
Sadıq
müəllimlə çox səfərlərdə
olmuşuq. Bu insanda nə qədər incəlik, həssaslıq,
diqqət və qayğı vardı. Adamı darıxmağa
qoymazdı. Maraqlı lətifələr danışardı.
Orası da var ki, Sadıq müəllim
rastlaşdığı qəribə hadisələri də,
necə deyərlər, lətifələşdirməyi
bacarırdı.
...Əksər
hallarda olduğu kimi, bu dəfə də Bakıdan rayona
birlikdə qayıtmalı olduq. Elə məsələlər
olurdu ki, mən sürücü eşitməsin deyə
pıçıltı ilə danışırdım.
Sadıq müəllim mənim narahatlığımı
görüb:
- Narahat
olma, - dedi - Qulaqları pis eşidir.
Aradan
xeyli keçdi. Bir gün Sadıq müəllim zəng edib
özünəməxsus şaqrar gülüşlə:
-
Keçən dəfəki sürücü bizi
aldadırmış - dedi - sən demə,
danışdıqlarımızın hamısını
eşidib.
Sonra hər
ikimiz bu sözü tez-tez təkrar edirdik.
- Qulaq məsələsi...
Sadıq
müəllimin doğma qardaşı yox idi. Ancaq biz
hamımız Sabiri (hazırda Ucarda yaşayır) Sadıq
müəllimin qardaşı bilirdik. Bu iki insan arasında nə
qədər doğma, isti, mərhəm münasibət
vardı. Onları demək olar ki, həmişə bir yerdə
görmək olardı. Sadıq müəllim heç kimə
açmadığı ürək sözlərini, qəlb
sirrini Sabirə edirdi.
Yeri gəlmişkən,
onu da əlavə edim ki, həyatda Sabir kimi sədaqətli
ürək dostu tapmaq çox çətindir. Sabirin Sadıq
müəllimi, ardınca da Aqil müəllimi (əslində
Sabiri Aqil müəllimlə Sadıq müəllim tanış
etmişdi. Yevlaxda müxtəlif rəhbər vəzifələrdə
çalışmışdı. O da Sadıq Qarayev kimi bu
dünyadan vaxtsız köçmüşdü) əbədi
itirdikdən sonra necə hallar keçirdiyinin, nələr
çəkdiyinin canlı şahidiyəm. Dəfələrlə
onun hər iki mərhumun qəbri üstündə
saatlarla ağladığını, dərin ruhi həyəcan
keçirdiyini, dərindən sarsıldığını
eşitmişəm, görmüşəm. Sabir bu gün də
çoxlarından fərqli olaraq hər iki ailədən
ayağın çəkmir, onların xoş günlərində
də, qayğılı anlarında da birlikdə olur.
Dünyanın, münasibətlərin dəyişdiyi, əsl
dostluğun, sədaqətin çox zaman nələrəsə
qurban verildiyi bu günlərimizdə belə adamları
görəndə inam və ümidlərimiz artır,
dünya belə yaxşılardan hali deyil deyə
düşünürük, yaşamaq həvəsimiz bir az da
artır.
Yuxarıda
da dediyimiz kimi, Sadıq Qarayev məşhur və istedadlı
jurnalist, gözəl ziyalı və ictimai xadim, əvəzsiz
dost olmaqla bərabər, həm də qayğıkeş və
mehriban ailə başçısı idi. Vaxtının
çox hissəsini onlarla keçirirdi. Getmədiyi, gəzmədiyi
istirahət yerləri yox idi. Həmişə də ailəsi,
uşaqları ilə bir yerdə. Ancaq həyatın
amansız və qaçılmaz gərdişinə bax ki,
Sadıq müəllim onların ərsəyə çatan vaxtını, toy-düyünlü,
xoşbəxt günlərini görə bilmədi.
Doğrudan
da, o dünya varsa, həqiqətən ruhlar
başımızın üstündə hərlənirsə
şəksiz-şübhəsiz Sadıq müəllimin ruhu o
dünyada ailəsindən, balalarından sarı sakit və
arxayındır. Böyüyüblər, həyatda öz yerlərini
tutublar, atalarının adına layiq ömür sürür,
bu adı doğrultmağa, layiqincə yaşatmağa
çalışırlar.
Müxtəlif
qayğılardanmı, hərəmiz bir tərəfdə
olduğumuzdanmı, ya nədənsə uzun müddət idi
ki, Azad müəllimlə görüşə bilmirdim. Bəlkə,
elə ona görəydi ki, Mingəçevir şəhər
Prokurorluğunun ikinci mərtəbəsinə çıxanda
ürəyim həyəcan və intizarla
çırpınırdı. Qapını açanda isə
donub qaldım. Elə bil ki, qarşımda dayanan Sadıq
müəllimin özü idi. İlahi, insan bir-birinə nə
qədər oxşayarmış! Boy-buxun, hərəkət,
danışıq, davranış... Görünür, Azad
müəllim belə qəribə vəziyyətlə
çox rastlaşmışdım. Ona görə də
özünü tez ələ aldı:
- Xoş
gəlmisiniz, əyləşin, həmişə siz gələsiniz...
Azad
Qarayev indi Mingəçevir şəhər prokurorudur. Əvvəllər
respublika prokurorluğunda müxtəlif vəzifələrdə
çalışıb. Başqalarını deyə bilmərəm,
ancaq mən Azad Qarayevin məhz Mingəçevirdə işləməsində
təbii bir qanunauyğunluq, mizan-tərəzi görürəm.
Uşaqlıq, gənclik illərinin keçdiyi doğma şəhər...
Adamları yaxşı tanıyır, kimin kim olduğunu dəqiq
bilir. Üstəlik, ata yolu, Sadıq Qarayevin yolu, silinməz-pozulmaz
xatirələr... Azad müəllim bu barədə belə
deyir:
-
Tanıdığım, tanımadığım adamlar gəlir,
o illərdən, atamla bağlı xatirələrdən
danışırlar. Bunları eşitmək, əlbəttə,
xoşdur, həm də etiraf edim ki, boynuma əlavə yük,
məsuliyyət qoyur.
Azad
müəllim danışır, mən isə həyatın,
taleyin, qismətin bu qəribə təsadüfünə
ürəkdən sevinirəm, qədirbilən, nəcib və
xeyirxah insanlara "sağ olun" deyirəm.
...
Ağdamda iş otağımda oturmuşdum. Telefon zəng
çaldı. Dəstəyi götürdüm. Sadıq
müəllim idi. Həmişəki kimi gümrah, şaqrar səslə
danışırdı:
-
Ağdama gəlirəm - dedi.
Uzun illərin
adətinə uyğun olaraq:
- Qərvəndin
girəcəyində yolunuzu gözləyirəm - dedim.
Heç yarım saat keçməmiş gəldi. Yenə də
Sabirlə. Görüşdük, hal-əhval tutduq.
- Qohumlara
baş çəkməyə gəlmişəm - dedi.
Vədələşdik
ki, onları elə burada, Qərvənd kəndindəki yeməkxanada
gözləyim. Tez qayıtdılar. O gün axşama qədər
bir yerdə olduq. Ötənlərdən, baş verən
gündəlik hadisələrdən danışdıq, məzəli
lətifələr söylədi. Gözlərimiz yaşarana
qədər güldük. Səhhətində, əhval-ruhiyyəsində
elə bir ciddi şey hiss etmədim. Ayrılanda:
- Sabah
Bakıya gedirəm - dedi - Gəlsən zəng elə...
Elə bu
vaxt indi də səbəbini bilmədiyim qəribə bir hadisə
baş verdi:
-
Sadıq müəllim, -dedim - Yevlağa qədər sizinlə
gedək, deyiləsi sözüm var...
Sadıq
müəllim ilk anda təəccüblənsə də, bir
söz demədi. Mənim maşınıma mindi. Sabir isə
arxadan gəlirdi. Yenə də şirin, məzəli söhbətlər.
Yevlağa çatanda isə:
- Nəsə
deməliydin axı, - deyə üzümə baxdı.
-
Yadımdan çıxdı, sonra deyərəm...
- Vaxt tap
gəl - dedi. - Bəlkə, o vaxta qədər yadına
düşdü.
-
Yaxşı - dedim - mütləq gələcəm.
Əslində
isə deyiləsi elə bir sözüm yox idi. Heç
Bakıya getməyə də macalım olmadı. Ona görə
ki, cəmi iki gün sonra Sadıq Qarayevin qəfil ölüm
xəbərini eşitdim.
Sonralar,
elə indinin özündə də axırıncı
görüşümüzü tez-tez xatırlayıram.
"Biz bir-birimizdən niyə ayrıla bilmirdik?" - deyə
düşünürəm. Bu, hansı möcüzəli
qüvvənin təsiri ilə əbədi
ayrılacağımızı hiss etdiyimizdən idimi, ya
başqa bir səbəb vardı? Demək çətindir.
... Aradan
gör nə qədər illər keçib. Ancaq elə bil
ki, indi, bu dəqiqə ayrılmışıq, sabah, saat
neçədə, harda görüşəcəyimizi dəqiqləşdirib
ayrılmışıq. Bəli, uzun illərin amansız
ayrılığı, həyatın namərd gərdişi sadiq müəllimin
doğma və əziz simasını hələ də
ürəyimdən, yaddaşımdan silə bilməyib...
Ziyəddin SULTANOV
Ədalət.- 2011.- 9 aprel.- S. 12.