"YÜZ
İL DƏ KEÇƏRSƏ BU AYRILIQDAN..."
Söhrab Tahir: "Məni təqib
edən jandarmalardan qurtarmaq üçün özümü dərədən
atdım və bilirdim ki, ölməyəcəyəm"
(əvvəli ötən şənbə
sayımızda)
- Elə söhbət ki, Sovet
dövründən, o taylı, bu taylı Azərbaycandan gedir,
mənim yadıma bir maraqlı məqam düşdü.
1981-ci ildə Şüvalanda yazıçıların
yaradıcılıq evi açılırdı.
Açılışda Ümummilli Lider Heydər Əliyev də
iştirak edirdi. O zaman bu açılışı və
oradakı çıxışları radio vasitəsilə
canlı dinləyirdim. Siz o zaman tribunada çıxış
edərkən dediniz ki, özümü burada qərib hiss edirəm.
Bu zaman Heydər Əliyev sözünüzü kəsdi ki,
şair, niyə özünü qərib hiss edirsən və
aranızda maraqlı bir dialoq oldu. Xahiş edirəm bu
barədə bir az ətraflı danışardınız...
-
Doğrudan da o vaxt Heydər Əliyevlə aramızda çox
maraqlı bir söhbət oldu. Mən qəribəm deyəndə,
mərhum prezidentimiz dedi ki, niyə özünü qərib
hiss edirsən? Dedim ki, bəs biz vətəndən aralı
düşmüşük, ürəyimiz niskillə doludur.
Cavab verdi ki, onun günahı burada oturan şair və
yazıçılardadır. Siz niyə o taydakı şair və
yazıçıların əsərlərinin burada, bu
taydakı şair və yazıçıların əsərlərinin
o tayda çap olunmasına təşəbbüs göstərmirsiniz?
Nə vaxt bu məsələ ilə bağlı mənə
müraciət etdiniz, kömək etmədim? Əgər bu əsərlər
həm o tayda, həm də bu tayda dediyim kimi çap olunarsa, hər
iki Azərbaycan arasında mədəni körpü yaranar, əlaqələr
daha da genişlənər və heç kəs
özünü burada qərib hiss etməz. Şair, sən
öz evindəsən. Biz bir ata-ananın
övladlarıyıq. Ona görə də sən burada
özünü qərib hiss etmə. Bu sözlər zalda
gurultulu alqışlarla qarşılandı. Sonra Heydər Əliyev
üzünü mənə tutub "Şari, davam elə"
- dedi. Mən də bundan ruhlanıb dedim ki, bəs, bildiyiniz
kimi Azərbaycan tarixin günahı üzündən iki yerə
parçalanıb. Bu zaman Heydər Əliyev yenə sözümü
kəsib dedi: "Şair, dayan!". Dayanı qorxa-qorxa fikirləşdim
ki, yaman yerdə axşamladım. Bayaqkı qayğıdan
ruhlanıb deyəsən böyük siyasi səhv
buraxmışam. Heydər Əliyev soruşdu: "Niyə
deyirsən ki, Azərbaycan tarixin günahı üzündən
iki yerə parçalanıb?" Açığı yenə
qorxdum ki, bunun axırı yaxşı olmayacaq. Zala da dərin
bir sükut çökmüşdü. Belə bir vəziyyətdə
qorxa-qorxa soruşdum: - Bəs nə deyim, yoldaş Əliyev?
Qayıtdı ki, denən Azərbaycan imperialist qüvvələrin
günahı üzündən iki yerə parçalanıb.
Bu södən sonra zalda bir anlıq çaşqınlıq
yarandı. Çünki heç kəs gözləmirdi ki,
Heydər Əliyev Azərbaycanı iki yerə bölənləri,
yəni İran və Rusiyanı adı ilə deycək və
birdən sanki nə baş verdiyini zaldakılar anladı. Bu
zaman zalda bir alqış qopdu ki, gəl görəsən. Az
qala alqışlardan tavan tərpənirdi. Heydər Əliyev
düz 15 dəqiqə zaldakıları sakitləşdirə
bilmədi. Sevincindən ağlayan kim, bir-birini qucaqlayan kim. Gurultulu alqışlar da ki, öz yerində. Sovet
dövründə ilk dəfə idi ki, yüksək tribunadan
Cənubi Azərbaycan məsələsi
qaldırılırdı. Həmin andaca bu baradə Moskvaya xəbər
çatdırdılar və elə oradaca hiss etdim ki, onu
telefona çağırdılar. Sonralar eşitdim ki, bu
çıxış Heydər Əliyevə müəyyən
qədər başağrısı yaradıb.
- Bunlar təbii ki, gözəl
xatirələrdir. Bildiyimiz kimi sizin vətən, torpaq, inqilab
haqqında şeirlərinizlə bərabər lirik şeirləriniz
də çox gözəl, çox səmimi, çox sevilən
və heç vaxt təravətini itirmir. Hansı dövrdə
desən aktualdır və hər biri də sanki real bir
obrazdır. Bu baxımdan bilmək istərdik ki, lirik şeirlərinizin
hər birinin konkret tarixçəsi var ya şair təxəyyülünün
məhsuludur?
- Yəni
sənin fikrin belədir ki, şair hər hansı sevgi
haqqında şeir yazırsa onun avtobioqrafik sənədi,
sübutu, səbəbi olmalıdır. Amma məlumun olsun ki,
gündəlik həyat haqqında yazandan şair olmaz, olsa da
ortabab şair olar. Əsl şair gördüyü, hissindən
keçirdiyi sevgilərdən material yığır. O vaxta qədər
yığır ki, o materiallar şair ürəyində tamam
bişir, pörşələnir, alov qalxır və onda
şeir yaranır. Belə yaranan şeiri təbii ki, hər
bir oxucu da oxuyur, sevir və özününküləşdirir. Şair
yazdığı lirik şeirlərindəki hisslərin
hamısını keçirməyib. Ədəbi
müşahidələrdən, nağıllardan, əfsanələrdən,
faciəyə
uğramış insanların həyatından və sairdən
olan hisslər yığılır, ümumiləşdirilir, şah
misra yaranır və hansısa sevgi şeiri, məhəbbət
poeması meydana gəlir.
- Sizin keçdiyiniz keşməkeşli
həyat yolu çox zəngin və maraqlıdır. Bildiyimizə
görə, uzun illərin həsrətindən, yəni 1988-ci
ildən sonra İranla sərhədlərin
açılmasından istifadə edib doğma vətənə
getmisiniz. Mümkünsə təxminən 40 ilin
ayrılığından sonra doğmalarınızla
görüşüb, yaşadığınız hissləri
bizimlə bölüşərdiniz...
- Mənim
həyatım çoxcəhətlidir və bunlar barədə
hələ heç kimə danışmamışam. Əlbəttə,
mən inqilabçı, döyüşkən
şair olaraq Bayron kimi, Macarıstanda bir şair var idi...
- Yəqin ki,
Şandor Petofini demək istəyirsiniz...
-
Doğrudur, Şandor Petofi kimi səngərdə
döyüşməmişəm. Bunlar bildiyiniz
kimi səngərdə həlak olublar. O şairlərin həyatındakı
bəzi məqamlar mənim də həyatımda təkrar
olunub. Müxtəlif illərdə bizim həyatımız
gizdi partiya təşkilatı ilə əlaqədar olub.
O gizli partiya təşkilatının əlaqələri
çox geniş idi və biz bunun vasitəsi ilə Avropadan
Şərqə qədər gedib-gələ bilirdik. 1979-cu ildə
ki, İranda şah rejimini devirən inqilab baş verdi və o vaxtlar bizim təşkilatdan o taya
gedib inqilaba kömək edənlər çox oldu. Bir tərəfdən də şair kimi çox
ölkələrdə olurduq. Məsələn,
bir dəfə Moskva-Frankfurt-Dəməşq-Tehran marşrutu
ilə təyyarədə Tehrana gəlmişdim. Aeroportda mizin üstündə mən 17
yaşımda aldığım pasportumu gördüm. Baxdım və gördüm ki, mənim pasportumdur və
tez çəkildim kənara. Bu zaman bir nəfər mənə
yaxınlaşıb dedi ki, siz Söhrab Tahirsiniz? Soruşdum ki, məni necə tanıdın?
Cavab verdi ki, televizorda hərdən-bir
görürük və əlavə etdi ki, nə əcəb
bura gəlmisən. Dedim, necə yəni niyə gəlmisən?
İnqilab hər yanı bürüyüb.
Dedi ağeyi Söhrab, siz bizim orada ehtiyyat qüvvəmizsiniz. Sizi
buraya işləməyə, yaşamağa çağıracaq və sizi
burada gül-çiçəklə qarşılayacaqlar.
İndi gəlməyinizin əhəmiyyəti
yoxdur və bununla yalnız həyatınızı korlaya bilərsiniz.
Dedim ki, axı mən gizli gəlməmişəm. Cavab verdi ki, dəxli yoxdur, səni ittiham edə bilərlər,
başqa ad qoya bilərlər. Odur ki, tez
qayıtmağın məsləhətdir. Mənim
17 yaşımda aldığım pasportla Sovet adamı
İran inqilabına kömək məqsədi ilə istifadə
edibmiş. Sən demə mənə qayğı
göstərən həmin adam da Pişəvəri
hökumətində baş prokuror olmuş Firudin
İbrahimlinin qohumlarından imiş. Sonralar məlum
oldu ki, o mənə düzgün məsləhət
vermişdi. O qədər romantik idim ki, istəyirdim
şah rejiminə qarşı baş verən İran
inqilabında mən də iştirak edim. Bizim
buradan çağrılıb iştirak etməyimizə isə
Xameyini ehtiyac görməyibmiş. Həmin
adamdan soruşdum ki, bəs mən Tehranda yaşayan
qardaşımı görə bilərəmmi? Dedi bir
şərtlə, ünvanı bilirsənsə get uzaqdan bax,
amma qətiyyən yaxınlaşmaq olmaz. Elə
də elədim. Getdim qardaşımgil
yaşayan küçəyə, ağaclıqda dayanıb
guya ağacları seyr edirdim. Səhər
9-un yarısında qardaşım evdən çıxdı, maşına oturub işə
getdi. Arvadı da dalınca baxıb,
qayıdıb girdi evə. Mən də
qayıtdım geri. Beləcə 40 ildən
sonra qardaşımı gördüm, lakin onunla
qucaqlaşıb, görüşə bilmədim. İlk dəfə doğmalarımdan bu yolla
qardaşımı Tehranda gördüm. Lakin
doğma vətənə sən deyən kimi sərhədlər
açılandan sonra qızım Nəsibə ilə
getmişəm. Bu, 1990-cı ilin 20 yanvar
hadisəsindən sonra mart ayının əvvəllərində
olmuşdu. O zaman qızım 8-ci sinifdə oxuyurdu. Onu da götürüb getdim Lənkərana. O
zaman sərhədlər təzə
açılmışdı və gediş-gəliş bir az asanlaşmışdı. Bakıda
isə komendat saatı idi deyə şəhərə
giriş-çıxış bağlanmışdı. Belə bir vəziyyətdə maşınıma
minib və uzun illər öncə ayrıldığım vətənə
getmək qərarına gəldim. Bizi Bakıdan kənara
çıxmağa qoymurdular. Bir rus
generalı əsgər paltarında bizi Şıxov istiqamətində
saxlamışdı. Çox xahiş, minnətdən
sonra dedi ki, sabah sizi buraxaram. Gedib səhər yenidən gəldik və
doğrudan da bizi buraxdı. Sonra Lənkəranda
da bizi saxladılar. Bir təhər burdan da
keçib Astaraya gəldik. Burada da bir
ukraynalı zabitin köməyi ilə sərhəddi
keçdik. Mən də 20 yanvar şəhidlərinə
görə saqqal saxlamışdım deyə görkəmim
xeyli dəyişmişdi. İran sərhədçiləri
ilə də xeyli söhbət etdik və bu zaman gördüm
ki, bir xeyli aralıda qızım Nəsibəni bir
yaşlı kişi qucaqlayıb,
hönkür-hönkür ağlayır. Sərhədçilərdən
soruşdum o kimdi? Dedilər ki, bəs, sənin
dayın oğlu Bijəndi. Sən demə
düz 2 aydır şəffaf sərhəd məsələsindən
sonra öz "Mersedes" maşını ilə hər
gün bura gəlib gedirmiş ki, birdən Söhrab gələr,
yolu tanımaz. Arxadan yaxınlaşıb
Bijən deyib çağırdım. Qızımı
buraxıb, atıldı mənim boynuma. İlahi,
insan necə də ürəkdən ağlayarmış, necə
səmimi insanlardı bunlar. Dedi gedək nənəgilə.
Heç demə Tehrandakı qardaşlarım da
gəliblərmiş ki, Söhrabı birinci özləri
qarşılasınlar. Qapının
düyməsini basdım. İkinci mərtəbədə
ekranda məni görüblər və dedilər kimsən?
Dedim, qonağam. Qonaq deyən
kimi qapını açdılar. Bijən
dayıoğlu da xeyli aralıda
durmuşdu ki, görək qohumlar məni
tanıyacaqmı. Keçdim içəri,
gördüm 2 xalam və 2 qardaşım oturublar. Qızıma baxdılar, mənə baxdılar bir
şey başa düşmədilər. Birdən
Xanım adlı xalam soruşdu ki, ay bala, adın nədir?
Dedim Xanım xala, məni tanımadınmı? 40 il keçməsinə baxmayaraq, arvad səsimdən
dərhal məni tanıdı. O saat bir nalə çəkib,
əl ataraq üzünü cırdı. Qardaşlarımın
biri boynumu, biri dizimi qucaqlayıb ağlayırdılar. O
biri xalam dedi ki, Söhrab, sən də ağla, yoxsa pis olarsan.
Dedim, ay xala, mən elə 40 ildir ağlayıram, daha
gözümün yaşı quruyub. Beləcə
40 ildən sonra qohumlarla görüşdüm.
Təbii ki, bu hissləri sözlə ifadə eləmək
mümkün deyil. Sonralar onlar da bu taya gəlməyə
başladılar və beləcə qohumlar arasında əlaqə
yarandı.
- Mən bunları soruşdum ki, bu
sizin həyatınızın bir tarixidir və qoy gələcək
nəsillərə çatsın. Belə keşməkeşli,
çətin yollarla keçib və Söhrab Tahir nəhayət,
gəlib çatdı 85 yaşına. Təbii ki,
hamımız bu həyatda qonağıq və bir az gec, bir az
tez haqq dünyasına qovuşacağıq. Bizim
üçün bilmək maraqlı olardı, Söhrab Tahiri
özündən sonra şair və şəxsiyyət kimi
yaşadan nə olacaq? Onun keşməkeşli, faciəli, həsrət
və niskil dolu həyatı, yoxsa zəngin
yaradıcılığı?
- Əlbəttə,
burada şəxsiyyət, yaradıcılıq və tale amili
də var. Mənim taleyim dediyin kimi faciəli olub, ürəyim
sınıq olub. Mən hər gecə yatanda həmişə
yuxuda o taya keçirdim. Jandarma əsgərləri
məni təqib eləyir və mən başlamışam
uçmağa. Təqibdən qutarmaq
üçün özümü dərəyə
atmışam və bilmişəm ki, ölməyəcəyəm.
O tay haqqında o qədər yuxu
görürdüm ki, sayı-hesabı yox idi. Belə
bir faciə dolu ədəbi yaradıcılığım,
döyüşkən əsərlərim məni məndən
sonra da inanıram ki, yaşadacaq. Özüm
də Sovet dövründə çox sadə və təvazökar
bir həyat yaşamışam, şöhrət dalınca
qaçmamışam. Televiziya ilə çıxış edəndə
də həmişə danışdıqlarıma fikir
vermişəm ki, o taya keçəndə mənə ziyan
verməsin. Mən inanırdım ki,
mütləq o taya qayıda
biləcəyəm. Vətənə
bu dərəcədə olan sevgim, vətənpərvərliyim
özümdən sonra məni yaşadan amillərdən
olacaq. Hərdən o taydan
cavanlar gəlir yanıma, deyirlər ki, Söhrab müəllim,
sizin hər televiziyadakı
çıxışınızı kasetlərə
yazıb hər yerə yayırıq. Sənə
o tayda sonsuz bir sevgi var. Nə o tayı, nə də bu tayı
pisləmirsiniz. Amma həqiqəti elə
şirin dillə deyirsiniz ki, hamının ürəyindən
xəbər verirsiniz. Məsələn,
çıxışlarınızın birində dediniz ki,
İran dövlətindən bir xahişim var: qoy İranda
dövlət iki dildə, həm fars, həm
də Azərbaycan dilində idarə olunsun. Bu
zaman inqilabi hərəkat da müəyyən qədər zəifləyər,
dava-qırğın da olmaz. Bu sözləriniz
hamının ürəyinə yağ kimi
yayılıb. Ona görə də inanıram ki, həm o
tayda, həm də bu tayda yaşadığım həyat,
ömrümü bütünlüklə xalqıma, Azərbaycanın
bütövlüyünə, dövlətimə həsr etməyim,
bu yöndə yazdığım əsərlər məndən
sonra bəlkə məni yaşadacaq...
- Bəlkə yox, mütləq
yaşadacaq. Çünki Azərbaycan ədəbiyyatında,
tarixində, ictimai fikrində elə bir iz qoymusunuz ki, bu iz Azərbaycan
və xalqımız durduqca yaşayacaq. Deyirlər şərab
qaldıqca qiymətə minir. Söhrab Tahirin də həyat və
yaradıcılığı illər keçdikcə daha da
qiymətə minəcək və neçə-neçə nəsilə
vətəni sevməyi, onun uğrunda necə
döyüşməyi öyrədəcək. Biz buna
inanırıq. Bir daha sizin 85 illik yubileyinizi təbrik edirik və
sonda mümkünsə deyərdiniz, Söhrab Tahir bu yubileyi
necə görmək istəyir?
- Mən
heç vaxt yubiley keçirmək fikrində olmamışam.
Bu tayda Qarabağ dərdi, müharibə şəraiti, o tayda
isə milli məhdudiyyətlər hələ də qalır.
Belə bir vəziyyətdə yubiley keçirmək mənə
yaraşmaz. Yubiley keçirən şair dostlarıma da pis
baxmıram. Gedirəm, təbrikimi çatdırıb
çıxış da edirəm. Onların bəlkə də
haqqıdır. Ancaq faciəli həyat yaşamış, vətən
dərdinin nə olduğunu qanı ilə, canı ilə hiss
etmiş bir insan kimi, Qarabağ boyda bir dərdimiz ola-ola, o
tayda milli problemlər qala-qala yubileyi qeyd etmək mənim həzm
aparatımdan keçmir. Bəzən dostlar deyirlər ki,
Söhrab müəllim, sizin yubileyinizi keçirmək istəyirik.
Onda deyirəm ki, bunun adını yubiley yox,
yaradıcılıq gecəsi qoyun. Beləliklə mən
heç vaxt yubiley keçirmək həvəsində
olmamışam.
- Arzu edək ki, növbəti
yubileyinizi işğaldan azad olunmuş Qarabağ
torpağında, milli məhdudiyyətlərə son
qoyulmuş o tayda keçirək və yəqin ki, onda buna etiraz
etməzsiniz?
- Paho! Bax o başqa bir yubiley olacaq. Onda
o mənim yox, Azərbaycan ədəbiyyatının yubileyi
olacaq. Belə yubileyə əlbəttə
etirazım yoxdur və Qarabağda, Cənubi Azərbaycanda keçirilən belə
yubileylərdə başda oturaram, sən də mənim
yanımda. Bütün
iştirakçıların qarşısında sevdiyin o
"Azərbaycan" poemasını da söyləyərsən.
- Allah
bizi bu arzuya qovuşdursun. Amin!
- Amin!
Elçin MƏMMƏDLİ
Ədalət.-
2011.- 9 aprel.- S. 10.