Azərbaycanlı kosmonavtın düşüncələri

 

Yuri Qaqarinin göyə çıxmasının 50 illiyinə həsr olunur

 

Dünya binə olandan çox hadisələr baş verib. Onların bəzilərini tarix öz yaddaşından silib. Amma elə hadisələr var ki... İnsan övladının kosmosa ilk uçuşunun isə tarixin yaddaşında daimi qalması üçün limiti tükənməzdi.

Kosmosa yol açılmasının 50 illiyi tamam olur. 1961-ci il aprelin 12-də Yuri Qaqarin ona qədər heç bir bəşər övladının bacarmadığı işə imza atdı. Gedib kosmosu gəzib gəldi. Qısa müddət olsa bütün dünyaya yuxarıdan aşağı baxdı. Qəhrəmanın sovet adamı olması o zaman bizim üçün ikiqat bayram idi. Qaqarini əlləri üzərinə qaldıran sovet dövləti onun zabit papağını hər an əsas rəqibi Amerikanın gözünə soxurdu. Düzdü, indi SSRİ var, onun ideologiyası. Qaqarin isə qəhrəman kimi bu gün yaddaşlardadı. Bu gün texnika, texnologiya o qədər irəli gedib ki, insan övladını təəccübləndirmək çətindi. İndiki gənclərə Qaqarinin göyə uçması barədə yazı bəlkə adi görünür. Çünki elə bir zamana gəlmişik ki, pulu arzusu olan hər bir kəs kosmosa səfər edə bilər, yol açıqdı. Amma bu Qaqarinin 50 il öncə göstərdiyi qəhrəmanlığın çəkisini qətiyyən azaltmır.

50 il öncə Qaqarinin fəth etdiyi kosmosun sonrakı illərdə peyk sürətilə inkişaf edən kosmonavtikanın Azərbaycanla bağlı məqamları da var. Birincisi, digər müttəfiq respublikalar kimi Azərbaycan da SSRİ ərazisində kirayə yaşadığından qələbə sevincindən bizə pay düşürdü. İkincisi, SSRİ- kosmik uçuşlara nəzarət edən, necə deyərlər, kosmonavtlara göyə uçmaq üçün sürücülük vəsiqəsi verən dövlət komissiyasına uzun illər azərbaycanlı general Kərim Kərimov rəhbərlik edirdi. Üçüncü faktı da deyim. Kosmonavtlar arasında yazılmamış qanun var. Uzun illərdi ki, onlar uçuşdan əvvəl məşhur azərbaycanlı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən "Səhranın bəyaz günəşi" filminə baxırlar. Yazılmamış qanuna kosmonavtlar bu gün əməl edirlər.

Qaqarindən sonra kosmosu su yoluna döndərən sovet kosmonavtları arasında Bakı ilə müəyyən bağlılığı olanlar da var idi. Lakin azərbaycanlı kosmonavtın göyə çıxmasını görmək bizə nəsib olmadı. SSRİ dağılıb öz işinin dalınca gedəndən sonra isə kosmonavtika aləmində maraqlı hadisə baş verdi. Bizə bir köynək yaxın olan, Güney Azərbaycan əsilli ABŞ vətəndaşı Anyuşa Ənsəri göyə çıxdı. Amma bu hadisənin özü ürəyimizdən tikan çıxara bilmədi. Anyuşa xanım bir köynək bizə yaxın olsa da... Biz hələ göydə öz adamımızı axtarırıq.

Sizi bilmirəm, mən axtardığımı tapmışam. Qaqarinin kosmosu fəth etməsinin 50 illiyi ərəfəsində tər-təmiz azərbaycanlı kosmonavtla görüşə bildim. Bu dəqiqə onun kimliyi barədə ətraflı bilgi verməyim mümkün deyil. Ağlınıza hərbi sirr ya siyasi senzura ilə bağlı pis fikirlər gəlməsin. Sadəcə, adını tarixə yazmağa hazırlaşan həmyerlimiz göyə dəyib qayıtmamışdan əvvəl adını açıqlamaq istəmir. Deyir ki, qaqa, hər halda azərbaycanlıyıq, düşər-düşməzi olar.

Göyün dərinliklərinə uçmaqla başımızı ucaltmağa hazırlaşan həmyerlimiz düşüncələri qeyd olunan əlyazmasını mənə etibar elədi. Dedi ki, hələ kompüterdə yaxşı yaza bilmirəm. Yazı ilə tanış ol, xoşuna gəlsə, vur qəzetə getsin. İnşallah sağ-salamat uçub gələn kimi xərcliyin məndə...

Sözün açığı, qara-qura xətlə yazılan "Düşüncələr" mənə maraqlı gəldi. Qaqarinin tarixi qəhrəmanlığının 50 illiyi ərəfəsində lap aktual səslənir. Nöqtəsinə-vergülünə toxunmadan "Ədalət" üçün hazırladım. Siz tanış olsanız pis olmaz...

"Qoca tarix yeni qəhrəmanını tanımağa hazırlaşır. Azərbaycan xalqı ilk dəfə öz doğma övladını kosmosa-göyün düz yeddinci qatına göndərəcək. Böyük Azərbaycan şairi Səməd Vurğunun sözünə qüvvət,

 

Eşqidir mehrabı uca göylərin!

 

Əminəm ki, bu uçuşla Odlar yurdu Azərbaycan yenidən dünyanın diqqətini cəlb edəcək. Dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən,

 

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin...

 

Sözün düzü, ilk azərbaycanlı kosmonavt kimi adımı tarixə yazdırmaq asan başa gəlmədi. Ruslar son vaxtlar qiymətləri lap göyə qaldırıblar. Sovetlər vaxtı bir dəstə gül, Bir "Kürdəmir" çaxırı ilə bütün Moskvanı almaq olurdu. İndi uçuşa icazə üçün yalan olmasın bir vaqon pul istədilər. Adam tapmaq, rüşvət, lənət şeytana, hədiyyə vermək üçün xeyli əziyyət çəkdim. Necə deyərlər, gedib göyü görüb gəldim. Neynək, pul əl çirkidi, qədər canım sağdı, yenə qazana bilərəm. Dost-tanışların canı sağ olsun. Əsas odur ki, adım tarixə düşəcək. Qaqarin, Tereşkova, Leonov, Canıbekov, Musa Manarov kimi məşhur kosmonavtların adlarının yanında mənim adım çəkiləcək. Bəzilərinin ürəyi partlayacaq. Bir qonşum var, "Porşe" sürür. Özünü elə aparır ki, elə bil Volqa dağını bu yaradıb. Arvadı bizim uşaqların anasına salam belə vermək istəmir. Nədi-nədi, atası iki il icra hakimiyyətində komendant işləyib. Mənim kosmonavt olduğumu, göyə uçduğumu eşidən kimi ər-arvad infarkt keçirəcəklər. Onların açığına telekanallar bütün günü məni göstərəcək. "ATV maqazin", "Toy olsun", "Etiraf". "Mətbəx" verilişləri məndən müsahibə götürəcək.

İnşallah göyə çatan kimi orda 10-15 hektarlıq yerə nişan vuracam. Qoy qalsın orda, gələcəkdə bağdan-zaddan tikərəm. Onsuz da torpağın qiyməti qalxır. Uşaqlar da böyüyür. Fürsət düşmüşkən torpaq məsələsini həll edim. Ədalət Şükürov Ayda torpaq ala bilir, mən ilk kosmonavt kimi bu işi niyə həll edə bilməyim? Hazır özüm getmişkən... Göydə torpaq məsələsini həll edəndən sonra ayağımı aşıracam ayağımın üstünə. Yerdən apardığım "Can canadı, can cana" mahnısına qulaq asacam özümçün.

Artıq siyasi proseslərə girməyin tam zamanıdı. Göydə olanda bu barədə ətraflı düşünərəm. Müxalifətə bir etiraz bəyanatı göndərəcəm ki, lap buludları deşsin. Deputatlıq haqqında da düşünmək lazımdı. Tanışım var, əvvəl təkər qaraldırdı, indi qəzet açıb, təsisçi baş redaktordu. Deyirlər ki, Mətbuat Şurasında hamı başına and içir. Kosmosa gedib gələn kimi ona 5-10 manat verəcəm ki, deputat olmaq üçün mənə platforma-zad yazsın. Camaat öz ilk milli kosmonavtına səs verməyəcək? Göyə çıxa bilirəmsə qutudan niyə çıxa bilməyim?

Gələcək planlarım çoxdu. Göyə qalxanda adamın başına lap yaxşı ideyalar gəlir. Orda fikirləşməyə bolluca vaxtım olacaq. Bir azdan məni məşqə çağıracaqlar. Uçuşdan qabaq bir neçə ay qaçıb-tullanmalıyıq. Qaçmaqla elə əvvəldən heç aram yoxdu. Gedim görüm məşqçinin başını qata bilirəm..."

Gələcək kosmonavt məşqçinin başını qatmaqda olsun, biz Qaqarinin tarixi uçuşunun 50 illiyini qeyd etməyə hazırlaşaq. Bir gözümüzü qulağımızı da televiziyadan çəkməyək. Görək ilk azərbaycanlı kosmonavt göyə vaxt çıxır? Bu qəhrəmanımızın adı, soyadı nədi, hansı rayonnandı, kimlərdəndi...

 

 

Etibar Cəbrayıloğlu

 

Ədalət.- 2011.- 9 aprel.- S. 13.