FESTİVALIN
"REANİMASİYASI"
Hərfi
mənada latın dilindən tərcümədə"
reanimasiya" həyata qayıdış, dirilmə və ya hərəkətə
gəlmə deməkdir.
Bəli,
Bakıda keçirilən ən möhtəşəm
festivallar sırasında 25 illik qəribə, qulaq
batırıcı sükut vardı. Sükut ən möhtəşəm
festivallarımızdan olan Qara Qarayev adına Beynəlxalq
Müasir Musiqi Festivalının "dirilməsi" ilə
pozuldu. Bu gün belə uzun səssizliyin səbəblərindən
yox, nə gözəl ki, onun yenidən ictimaiyyətimizə bəxş
etdiklərindən öyünərək
danışırıq. Yaşanan son yeddi gün
Bakının demək olar ki, bütün mədəniyyət
mərkəzlərində bayram, həyəcan, sevinc,
anşlaq var idi. Sonuncu dəfə 21 il bundan öncə
keçirilən festival "reanimasiya" etdi. Bir çox
yeniliklərlə qayıdan festival illər əvvəl
tamaşaçısı olmuş, indi isə yaşa dolmuş
auditoriyasını təzədən topladı. Müasir
kamera və simfonik musiqiləri dinlətdi.
Qeyd
edim ki, sayca dördüncü olan bu festivaldan öncəkilər
1986, 1988 və 1990-ci illərdə keçirilmişdi. Həmin
dövrdə hər üç festivalda XX əsrə aid Qərbin
klassik və müasir bəstəkarlarının, SSRİ-də
nadir hallarda ifa olunan və ya ümumiyyətlə qadağan
edilən bəstəkarların - Arnold Schönberg, Oliver
Messiaen, John Cage və György Ligetinin unudulmaz musiqiləri səsləndirilmişdi.
Əslində bütün əsərləri birləşdirən
əsas məqam onların eyni epoxada doğulmaları idi. Bu
ecazkar tədbirin təşkilatçılığı
dirijor Rauf Abdullayevin, bəstəkarlar Oleq Felzer və Fərəc
Qarayevin çiyinlərində idi.
Festivalın
Qara Qarayevin adını daşıması heç də təsadüfi
deyildi. Qara Qarayev sənətdə sürətli bir inkişaf
yolu keçmiş, öz möhtəşəm
yaradıcılığına görə bütün
mümkün fəxri adlara layiq görülmüş, müəllimi
Dmitri Şostakoviçlə eyni pillədə duran dünya
şöhrətli bəstəkardır. Digər xalqlara
qeyri-ordinar kultumuzun nümayişində önəmli rol
oynayan bəstəkar bir çox əcnəbi mədəniyyətlərə
nümünə olacaq əsərlər yaratmışdır.
O, istər ənənəvi janrlarımızda dəyişiklik
etməklə, istərsə də milli musiqimizə bəzi
modern musiqi formalarını gətirməklə janr rəngarəngliyi
yaradan möhtəşəm musiqiçidir. Türk şairi
Nazim Hikmət demişkən, "Q.Qarayevin
yaratdığı musiqi təkcə bərəkətli Azərbaycan
torpağının, onun orijinal mədəniyyətinin inciləri
deyil, bütün dünya musiqisinin bəzəyidir. Q.Qarayev
bir də ona görə ölməzdir ki, tərbiyə etdiyi
bəstəkarların böyük bir dəstəsini qoyub
getmişdir. Həmin bəstəkarlar onun işini davam etdirəcəklər".
Bu sözlər böyük bəstəkardan sonra dönə-dönə
təsdiq olunmuş və indi onun adı ilə bağlı
keçirilən konsert proqramlarında da həmin sübutu əla
görmək olurdu.
7
gün, 7 gecə davam edən bu festival akademik musiqini sevənlərə
nağıl kimi keçdi. Tərtib edilmiş proqramda elektro
akkustik musiqinin olması, bəzi filmlərin təqdimatı,
musiqi tarixi ilə bağlı konfransların keçirilməsi,
çoxlu sayda əcnəbi musiqiçilərin tədbirə
cəlb edilməsi layihənin maştabından xəbər verirdi.
Həm də Şərq və Qərb mədəniyyətlərinin
qaynayıb-qarışmasını, yerli sənət nümunələrimizin
dünyaya inteqrasiyasını nümayiş etdirirdi. Musiqi
kollektivlərindən Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Simfonik Orkestrı, Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri, bir çox premyerlərin və
interpretatsiyaların ifaçısı olmuş Reconsil Vien
ansamblı, 2003-cü ildə Ştuttqartda yaranmış
Ascolta ansamblı, müasir dövrün 30 - dan şox yeni əsərinin
ilk ifaçısı olan Bakılı Con Tempo ansamblı və
dünya şöhrətli Percussion ansamblı iştirak
edirdilər. Almaniyadan, Avstriyadan, Böyük Britaniyadan,
İsveçrədən, Rusiyadan, Gürcüstandan Bakıya
gəlmiş sənət adamları tamaşaçıya Yer
kürəsini dolanmadan dünya musiqisi ilə canlı
tanışlığa imkan yaratdı.
Konsertlərə
2 apreldə açılış edilmişdi. Həmin
axşam Rauf Abdullayevin dirijorluğu ilə Arif Məlikovun
"IV simfoniyası", Anton von Veberin
"Passacaglia"sı, Oliver Messiaenin "Ekzotik
quşlar"ı, Vitold Lutovskinin "Orkestr üçün
kitab"ı, Vladimir Tarnopolskinin "....deyə bilmədiyim
sözlərin küləyi"... səsləndi. Sonuncu əsər
həyatdan vaxtsız köçmüş musiqiçi Oleq
Kaqana həsr edilmişdi. Əsər forma cəhətdən
qeyri-dəqiq və pauzalarının olmaması ilə diqqət
çəkirdi.
Aprelin 3-də isə
alman kirxası avstriyalı Reconsil Vien ansamblını qonaq etdi. Zalda əyləşənlər
Alban Berg, Gerard Grisey, Manuela Kerer, György Ligetin yaradıcılığından
parçaları dinlədilər.
Qeyd edim ki, səslənən əsərlərin sırasında
olan Aleksandr Vagendristelin 2011-ci ildə yazdığı "Dioscuri"("Zevsin övladları")
kamera konserti böyük bəstəkarın
oğlu Fərəc Qarayevə həsr olunmuşdu və konserti ifa edən
iki ansambl bir-birinə bənzəməyən
ekizləri xatırladırdı.
Bu "ekiz ansambl"
templəri və koloritləri ilə fərqlənirdilər. Bu isə dinləyicidə olduqca qəribə assosiasiyalar yaradırdı.
Elə həmin gün Rüstəm Mustafayev adına
Dövlət İncəsənət
Müzeyində gürcü
qızı Nino Jvania pianoda Karlheinz Stockhausenin "Lütsiferin
röyası"nı solo ifa etdi. Baş
qəhrəman Lütsifer
əsər boyu kürsüsündə əyləşərək
musiqinin onu ram etməsi ilə mübarizə aparırdı.
O, zalda əyləşən
tamaşaçıya diqqətlə
finalda nə baş verəcəyinin marağını yaratmışdı.
Pianonun ahəngi ilə çarpışan Lütsifer
sonda məğlub olur. Çıxış bitdikdə səslənən
alqışlar əsərdə
baş verən hadisələrin notlarda uğurlu əksini sübüt etdi. Konsert proqramlarından başqa
festival günlərində Müzey Mərkəzində
"dəyirmi masa"
arxasında çıxışlar,
elmi diskussiyalar keçirildi. "Qara
Qarayev: XXI əsrdən
baxış", "Messiaen:
XXI yüzilin bəstəkarı",
"00-incı illərin musiqisində
maksi və mini" və s. mövzular üzrə keçirilən
bu elmi-nəzəri konfransın aparıcılığını
sənətşünaslıq doktoru Rauf Fərhadov
üzərinə götürmüşdü.
Digər
maraqlı məqam 4 aprel tarixində Dövlət Gənc
Tamaşaçılar Teatrında XX əsrin əvvəllərində
çəkilmiş avanqard və ekspressionist ruhlu filmlər və
bu filmlərdə canlanan hadisələrə
yazılmış adekvat musiqinin təqdimatı idi. Səhv
etmirəmsə bu cür tədbir Bakıda ilk dəfə
keçirilirdi. Xatırladım ki, səssiz filmlərə
musiqi bəstələmə ideyası ilk dəfə
2004-cü ildə Ştuttqartda reallaşıb. İlk filmlərin
musiqisini heç də həmişə peşəkar bəstəkrlar
nota almayıb. Çox zaman filmi adi pianoçular
müşayiət edib. 80 illik zaman intervalından sonra əvvəllər
dadaist sənətkarlar tərəfindən lentə alınan
filmlərin musiqisi reinkarnasiya edildi. Bu cür eksperiment
yaşamış filmlər çox maraqlı idi. Filmlər
arasında rəssam Salvador Dalinin şəxsən rejissorluq
etdiyi və çəkildiyi "Əndəlüsün
köpəyi" də vardı.
Solo
konsertlərin birində Beatris Vagner də Beynəlxalq
Muğam Mərkəzində tamaşaçılara
fleytası ilə Avropanın avanqard klassiklərinin, müasir
alman bəstəkarlarından əsərlər ifa etdi. Alman
fleytaçı ilk dəfə olaraq Azərbaycanlı bəstəkar
Türkər Qasımzadənin "Erin Lesser üçün
solo"sunu dinləyiciləri ilə bölüşdü. Festival
öz auditoriyasına film primyeri də təşkil
etmişdi. 5 apreldə baş tutan yığıncaqda alman
xanımı Arina Kritsa "İşıqdan şənbə"
filmini qonaqlara təqdim etdi. Yeri gəlmişkən deyim ki, WDR
(Westdeutcher Rundfunk) şirkəti 1984-cü ildə Karlheinz
Stockhausenin 25 illik əməyinin nəticəsi olan
"İşiqdan Şənbə" heptologiyasından
"Şənbə" operasını
ekranlaşdırıb. "Zamanla üz-üzə" adlanan
konsert günündə isə ukraynalı dirijor və bəstəkar
Vlad Runçakın rəhbərliyində Arnold Schönberqin
"II simli kvartet", Aleksandr Raskatovun "Xeina" və
Toru Takemitsunun "Andrey Tarkovskinin xatirəsinə nostalgiya"
əsəri dinlənildi. Qeyd edək ki, Andrey Tarkovski görkəmli
rus rejissoru olmuşdur və "Nostalgiya " adlı film onun
yaradıcılığında önəmli rol
oynamışdı.
Bəlkə
də konsertlərdən ən unudulmazı 6 apreldə oldu. Həmin
axşam Kirxada yaşlı, orta və gənc nəslin bəstəkarlarının
əsərləri səhnəyə çıxdı. Con
Tempo ansamblının ifasında Xəyyam Mirzəzadənin
"Qüruba Doğru", Firudin Allahverdinin
"Aclıq", Oleq Felzerin vətən həsrətli əsəri
"Çapıq", Vasif Abdullayevin "Qarabağ
balladası", Rüfət Xəlilovun "Gözləmə"
və İsmayıl Hacıbəyovun "İstək" əsərləri
səslənərkən musiqidən musiqiyə keçid
üçün tarın həzin ifasından istifadə
edildi. Salondan, yəni auditoriyanın sırasından salon boyu
addım-addım səhnəyə yaxınlaşan tar
ifaçısı sonda səhnəyə çıxaraq
"Qarabağın balladası"nı çaldı. Filarmoniyada
baş tutan "Traume"-"Xəyal" isimli proqramın
leytmotivi zərb alətinin üzərində idi. Həmin
gün simfonik musiqi sevərlərin diqqətini çəkən
Elmir Mirzoyevin məhz bu festival üçün
yazdığı "Evridikanın qisasının
identifikasiyası" oldu. Əsər məşhur yunan əsatirlərindən
və Jean Cocteaunun filmindən ilhamlanaraq
yaradılmışdı. Baş qəhrəman -Evridika fleyta
ilə ülviliyi və paklığın təmsilçisi,
zərb aləti isə dəhşət və qorxunun
daşıyıcısıdı. Cəhənnəmlə
çarpışan qadın müasir zəmanəmizin real həyat
prototiplərini xatırladırdı.
8
aprel tarixində Qara Qarayev adına IV Beynəlxalq Festival
öz işini Azərbaycan Dövlət filarmoniyasında Rauf
Abdullayevin rəhbərliyi ilə Qara Qarayevin, Alban Bergin, Fərəc
Qarayevin violin konsertlərini təqdim etməklə bitirdi. Yaşadığı
zəmanənin bəzi çətinlikləri üzündən
nəinki Avropanın, hətta yerli konsert salonlarına belə
ayaq basa bilməyənlər üçün bu bir hədiyyə
idi. Böyük həvəs və peşəkarlıqla
hazırlanmış festival bakılılarda dolğun, rəngarəng
təəsuratlar buraxdı. Həqiqətən də həzin
duyğulara və zövqə köklənmiş bu tədbirın
təşkilatçılarının və işçi
qrupunun sərf etdiyi əmək hər cür sayqıya
layiqdi. Çünki festival uzun zamandır ki,
"mürgülü tamaşaçımız"
üçün əsl hadisə idi.
SƏMA BABƏKQIZI
Ədalət.- 2011.- 9 aprel.- S. 16.