POEZİYAMIZIN
OQTAY RZA ÜNVANI
"Oqtay
Rza daim həyatla ünsiyyətdədir, təbiətin
qoynundadır. Onun gözəlliklərini şair kimi duyur,
geoloq kimi axtarır, bu da onun şeirlərinin təravətini
artırır".
Nəriman Həsənzadə, xalq
şairi
"Ədəbiyyat"
qəzetində (18.III.2011) Oqtay Rzanın "Rübai
karvanı, dördlük çələngi" silsiləsindən
yeni şeirlərini oxuyanda şairin vaxtilə mənə hədiyyə
etdiyi eyni adlı kitabını (O.Rza "Rübai karvanı,
dördlük çələngi", Bakı, 2006)
xatırladım. Kitab rəfindən götürüb vərəqlədim,
müəllifin Vətənə, insana, torpağa, gözəlliyə
tükənməz məhəbbətini tərənnüm edən
rübailərini bir daha oxuyub duyğulandım:
Sarı köynəyini geyinib
bağlar,
Meşədə yarpaqlar xəzələ
dönüb.
Heyranı olduğum dilbər
qovaqlar
Şalını itirən gözələ
dönüb.
Bu son misra məni
çox təsirləndirdi. Düşündüm, qovaq örtüyünü
itirmiş olsa da, özünü itirməyib, qamətini, əzəmətini saxlayıb.
Onun gözəlliyinin sirri də bundadır. Maddi itkiyə nə var ki, o, yerinə
gələndir. Vay o gündən
mənəviyyat aşılana,
vicdan itə. Oqtay Rza ürək
yanğısı ilə
yazır:
Tikanı gül kimi iyləyənlər
var,
Bülbülə torağay
söyləyənlər var.
Babamız Füzuli eşitsin – indi
Salamı da rüşvət eyləyənlər
var.
İclasda söz alıb
danışsa əgər,
"Sevin təbiəti, sevin" -
söyləyər.
Amma axırıncı kəkliyi də
o,
Öldürüb kef
üçün kabab eyləyər.
"Rübai
karvanı, dördlük çələngi"
kitabının nəşrindən sonra keçən müddətdə
mətbuatda müntəzəm çıxışları, nəhayət,
"Ədəbiyyat qəzeti"ndə dərc olunan
rübailəri göstərir ki, bu klassik janr Oqtay Rza
yaradıcılığında ötəri deyil, poetik
ovqatın tələbidir. Müəllif romantik, fəlsəfi-psixoloji,
ictimai-siyasi düşüncələrini yığcam,
lakonik, qısa həcmli nümunələrdə oxucuya
çatdırmağa çalışır:
Başqadır gördüyüm mənzərə
indi,
Səhv düşüb qapıyla
pəncərə indi.
Bir vaxt allahsızlıq dərsi
keçənlər
Şəriət öyrədir gənclərə
indi.
Nə qədər dərdi var qoca
dünyanın,
Suyu zəhərlənib neçə
dəryanın.
Tək qalan ceyranın səsinə
səs ver,
Səs ver harayına yalqız durnanın!
Qəzetdə
yer alan rübailərin nikbin, inam ovqatlı son bəndini
oxuyanda elə bil ahıl yaşlı müəllifin xarakterini
əks etdirən portret cizgilərini gördüm:
Vətənin mərd qızı,
oğlu qocalmaz,
Torpağa köküylə
bağlı qocalmaz!
Nurlu sifətinə
qırış qonsa da,
Müdrik adamların ağlı
qocalmaz!
Adətim
üzrə zəng vurub yeni rübailərini oxuduğumu dedim,
uğurlar arzuladım. Cavabında Oqtay Rzanın özünəməxsus
gümrah, gur, bir qədər avazlı səsini eşitdim:
-
Diqqətinə görə minnətdaram, əziz dost!
Yaş
öz işini görür. Ahıl adam kövrək olur,
tez-tez ötüb-keçənləri xatırlayır. Çox
vaxt elə xatirələrlə yaşayır. Sanki hər
şey dünən olub, əlini uzatsan çatar o günlərə,
illərə...
Qonşu
məktəblərdə oxuyurduq, Oqtay məndən dörd
yaş böyük idi. O vaxt Salyan rayon mərkəzi
kitabxanası ilə uşaq kitabxanası bir binada yerləşirdi.
Mən yaşıdlarımla kiçik qonşu otaqdan
boylanıb mərkəzi kitabxananın oxu zalına baxanda orada
bizdən böyükləri - Əliağa
Kürçaylını, Ağacavad Əlizadəni, Xəlil
Rzanı görürdük. Oqtay onlardan 5-6 yaş kiçik
olsa da kitabxanadakı ədəbi birlikdə iştirak edirdi. Hələ
beşinci sinifdə oxuyanda rayon qəzetində şeiri
çap olunmuşdu. Bu balacaboy, civə kimi bir yerdə qərar
tutmayan, xoşsifət oğlan mənə simsar
görünürdü. İkimiz də atasız
böyüyürdük. Onun ali təhsilli müəllim
atası repressiya qurbanı olmuşdu. Oqtay lap sonralar mənə
"Açıq məktub"unda yazacaqdı:
Oxşar taleyə bax - hər
ikimizin
Uşaqlıq
çağımız Muğanda keçib.
Döyüb qapımızı
yetimlik bizim,
Başımız üstündən
tufan da keçib.
Maddi-mənəvi
sıxıntılar, ehtiyac onu sındıra bilmədi, səylə
oxudu, o vaxt respublikada məşhur olan Azərbaycan Sənaye
İnstitutunun (indiki Neft Akademiyası) geoloji kəşfiyyat
fakültəsini fərqlənmə diplomu ilə bitirdi,
dissertasiya müdafiə edib geologiya-mineralogiya elmləri namizədi
alimlik dərəcəsinə layiq görüldü. Dosent vəzifəsində
uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində
coğrafiya fənnini tədris etdi. Və heç vaxt qələmi
əlindən düşmədi, "Geoloq-mineroloq, müəllimlik
mənim peşəm, şairlik isə taleyimdir", - dedi.
Geoloq
kimi doğma Azərbaycanı qarış-qarış gəzdi,
Böyük və Kiçik Qafqaza təşkil olunan
axtarış-ekspedisiyalarında iştirak etdi. Kəşfiyyat
səfərlərinə xüsusi önəm verən Oqtay ərazisi
Yer kürəsinin altıda bir hissəsini əhatə edən
keçmiş Sovet İttifaqının ucqarlarına gedib
çıxdı. Sakit okeanı, "Antipodlar
adası"nı, Kola körfəzindən tutmuş
Kamçatkayadək böyük bir ərazini geoloq kimi gəzib-dolaşdı.
"Geologiyanın əsasları" adlı iki hissəli dərsliyin
müəlliflərindən biri oldu, mətbuatda elmi-kütləvi
məqalələrlə çıxış etdi. Elmi fəaliyyəti
Oqtay Rzanın poeziya aləmini zənginləşdirdi. Ədəbiyyatşünas
həmkarları onun şeirlərinin böyük bir qismini
"ölkəmizin poetik coğrafiyası"
adlandırdılar. Bu qeyri-adi, heyrətamiz poeziya çələngində
"Geoloq marşı"ndan başlamış
"Gördüm səni uzaqlarda, Azərbaycan!" silsilə
şeirləri yer aldı.
Yola salacaqsan min qərinəni
Qəm-kədər qismətin
olmasın, Vətən!
Təbiət füsunkar yaradıb
səni,
Bircə çiçəyin də
solmasın, Vətən! –
deyən,
doğma yurduna, ocağına, torpağına, təbiətinə
vurğun şairə həmyerlisi, dəyrəli pedaqoq,
yazıçı-publisist Qulam Sadiq "Oqtay Rza çiçəyi
var söz gülşənində" kitabını həsr
edib. Və xüsusi vurğulayıb ki, ixtisasca geoloq-mineroloq
olan, yəni sözün həqiqi mənasında, yerin
altındakı, üstündəki bütün mineralların
quruluşunu mütəxəssis kimi gözəl bilən Oqtay
Rza bu qanunauyğunluqlara poetik ruh, bədii vüsət verərək
oxuculara çox orijinal, bənzərsiz poeziya nümunələri
bəxş edib:
Nə qədər sirr,
düyün açılır gündə,
Vətəndaş, kəşf elə
özünü sən də.
Mineral deyilsən,
adamsan, bacar
Gah sərt, gah yumşaq ol, yeri gələndə.
"Oqtay
Rzanın yaradıcılığı" kitabının
müəllifi, tanınmış ədəbiyyatşünas,
yazıçı-publisist Allahverdi Emin yazır: "Oqtay Rza
poeziyasında elmlə-idrakla şeiriyyətin ittifaqı
vardır... Onun şeirlərində elmi fikirlə bədii
pafosun vəhdəti, bir-birini tamamlaması
güclüdür".
"Oqtay
Rzanın şeirlərində ictimai-sosial və mənəvi-əxlaqi
kateqoriyaların qırmızı xətlə
keçdiyini" xüsusi vurğulayan Allahverdi müəllim
göstərir ki, şairin poeziyasında İnsan - yaradan,
quran, fəaliyyətdə olan İnsan bədii obraza
çevrilir. İnsanda ən ülvi keyfiyyətlərin
şahı sayılan "Ədalət" anlamına Oqtay
Rza həssaslıqla yanaşır. Bu insani-əxlaqi meyar əbədi
motivdir:
Öz-özünə yaranmayıb
Ürəyimin hərarəti.
Güvəndiyim,
inandığım
Ulu qüvvə ədalətdir
Amalıma çevirmişəm
Əzəl gündən həqiqəti,
Çünki düzlük bizim
müdrik
Babalardan əmanətdir.
Oqtay
Rzanın elmi fəaliyyətinə, bədii
yaradıcılığına həsr olunan kitabda ədəbiyyatşünas-tənqidçilərin,
elm-sənət adamlarının və şairin qələm
dostlarının ürək sözləri yer alıb.
Milli
Elmlər Akademiyasının müxbir üzvü, professor
Ramiz Qurbanov yazır: "Oqtay Rzanın "İşıq
sürətilə uçası olsam" şeiri elmlə
poeziyanın vəhdətinə ən səciyyəvi
misaldır:
Şan-şöhrət qucmaram,
dövlət qucmaram,
Qaçmaram meydandan, mübarizədən;
İşıq sürətilə
hələ uçmaram –
Bir az lazımamsa bu dövrana mən".
Tanınmış
şair-publisist Əbülfət Mədətoğlu: "Azərbaycan
ədəbi mühitində elə bir söz sahibi yoxdur ki,
Oqtay Rzanı tanımamış olsun. Çünki təpədən
dırnağa, bütün canıyla, qanıyla bir
şirinliyin, bir dadın, duzun bütövlüyü olan Oqtay
Rza hər sözüylə, hər beytiylə, hər bir
addımıyla istər xeyirdə, istər şərdə
iştirakından asılı olmayaraq ətrafındakıları
özünə cəlb edir. Hər kəsin diqqət mərkəzində
olur".
Qələm dostu Adil Cəmil:
Məramındır xeyirxahlıq,
Yox qəlbində başqa niyyət.
Sən olmasan azalardı
Şerimizdə səmimiyyət.
Onu
yaxından tanıyanların sözləri Oqtay Rzanın ədəbi
mühitdə bir şəxsiyyət, bir şair, bir pedaqoq
olmaqla yerini müəyyənləşdirir. Eyni zamanda o,
sözün əsl mənasında xalqına, Vətəninə,
doğulduğu torpağa qəlbən vurğun insandır.
Yurdum Odlar diyarıdır,
Bu torpağın balasıyam.
İlhamımı ömür boyu
Vətənimdən alasıyam, -
deyən
şairin "Doğmalıq" şeiri bu baxımdan
xüsusilə diqqət çəkir:
El yaşadır kəlamını
Qorqudun,
Ney tütəyin
sirdaşıdır, tar udun.
Doymaq olmur havasından
bu yurdun –
Yağışında, çisəyində
- doğmalıq!
Hər daşında, kəsəyində
- doğmalıq!
Mənə
və Oqtay Rzaya eynilə doğma olan yerlərə yolum
düşəndə elə bil onun səsini eşidirəm:
Fəsillər arxada, fəsillər
öndə,
Yaş məhək
daşıdır insan ömrünün;
Bizim Qalalı da, sizin Cəngən
də
Ağrı-acısını
dadıb sərt günün.
Salyanda
müqtədir şairimiz Əliağa Kürçaylının
adını daşıyan küçədə Oqtay
Rzanın qürurla gəzdiyini, özünəməxsus avazla
pıçıldadığı misraları
xatırlayıram:
Bir ucun söykənir Kür sahilinə,
Kimin nəfəsidir bu həzin
külək?
Kürçaylı küçəsi,
əzizsən mənə
Kürçaylı şeirinin son
misrasıtək!
Ədəbiyyatımıza
solmaz poeziya çələngləri bəxş etmiş Əliağa
Kürçaylı, Xəlil Rza Ulutürk, Ağacavad Əlizadənin
işıqlı xatirələrini əziz tutan, gözəl ənənələrini
yaşadan Oqtay Rzanın şeirimizdə öz ünvanı
var. Zamanın və Məkanın fövqündə duran bu
ünvan şeirsevərlərin, oxucuların qəlbindədir.
Ürəklərdə ucalan heykəlləri uçurmaq
mümkün olmadığı kimi ünvanları da silmək
mümkün deyil. Nə qədər şeirimiz, sənətsevərlərimiz,
qədirbilən oxucularımız var, bu ünvan olacaq və
sahibinin adını yaşadacaq.
Əlövsət Bəşirli
Ədalət.- 2011.- 9 aprel.- S. 17.