ÜRƏYİMİZDƏSƏN
Əlimdə qələm... Qarşımda bir
qom kağız... Düşüncələr alıb
aparıb məni... Yaman çətin gəlir qələmə
dost haqqında xatirələr! Bilmirsən haradan
başlayıb, harada nöqtə qoyasan. Heç nəyi də
unutmayasan...
Tərəddüdlər
içində çırpınıram. Qulağıma bir səs
gəlir - tanış, doğma bir səs: - Starik, haradan yada
düşmüşəm belə?
-
Viloş, əzizim, - deyirəm, - sən həmişə
yaddasan - doğmalarının, dostlarının,
oxucularının... Ay insafsız, yaman tez ayrıldın bizdən.
Bu ayrılıq yandırdı, yaxdı bizi. 70
yaşını da sənsiz keçirdik. Qəzetlər,
jurnallar səndən yazdı... Oxuduq, kövrəldik. Əlimizdən
başqa nə gəlir ki? Eh, ürəyində nə qədər
arzuların var idi... Tez-tez özünü qınayardın:
"Qardaş, çox olub ki, vaxtın, ömrün qədrini
bilməmişəm, ayları, illəri küləyə vermişəm.
Belə olmasaydı nə qədər işlər görər,
nə qədər kitablar nəşr etdirərdim!" Yox, əzizim,
belə deyil. Bu, sənin ürəyinin genişliyindən irəli
gəlirdi. Sən qədərincə şeirlər, poemalar
yazmısan, dünyanın bir çox görkəmli sənətkarlarının,
o cümlədən Dağıstanın xalq şairi Rəsul
Həmzətovun "Mənim Dağıstanım"
kitabını və özbək şairi Rəmz Babacanın
"Dirilik suyu" poemasını dilimizə çevirməklə
adını yaddaşlara həkk etmisən, bir insan kimi də,
sənətkar kimi də!
-
Nahidcan, adam öz yaxşı cəhətlərini də,
nöqsanlarını da hamıdan yaxşı bilir.
- Elədir.
- Mənim
bir şeirim var.
- Yəqin
"Etiraf"ı deyirsən.
- Hə.
Bu şeirin xüsusi tarixçəsi var. O zaman cavan ailə
idik. Natella xanımla ömrümüzün ən gözəl
günlərini yaşayırdıq. Uşaqlar hələ
balaca idi. Özün bilirsən ki, hərdən dostlar
saqqızımı oğurlayırdılar. Başım
qarışırdı yemək-içməyə. Ev-eşik
də yaddan çıxırdı, yazı-pozu da. Belə vaxtlarda Natella
xanım qaşqabağını sallayır, məndən
küsürdü. Günlərin birində qəlbimdə
puçurlanan bu misralar kağız üstə
köçdü. Oxudum Natella xanıma. Bir az fikrə getdi,
sonra da qayıtdı ki, ver özüm oxuyum. Onun səsində
şeir daha çox xoşuma gəldi. O səs
üçün yamanca qəribsəmişəm. Bir
möcüzə olaydı, o günlərə
qayıdaydıq. Yenə küsəydik, barışaydıq.
Mən "Etiraf"la onun könlünü dindirəydim.
Kövrək səslə asta-asta deyəydim:
Darıldın, əzizim,
nöqsanlarıma,
Səni darıxdırır bəzi
səhvlərim.
Düzü, özümün də
gəlir arıma –
Nöqsanlar üstündə əsir
mehvərim.
Bəzən mürgüləyən
çağımda nöqsan,
Qonub yuxu kimi hər kirpiyimə.
Girlənib solumda-sağımda
nöqsan,
Yol tapıb işləyib lap iliyimə...
Nöqsan var - bilmədən,
duymadan, mənə
Nöqsansız bildiyim adamdan
keçib.
Nöqsan var - ruhumun dərinliyinə
Çox gec tanıdığım
nadandan keçib.
Günahdır - heç kəsdə
günah görmə sən,
Ovsanatdan çıxır başa
qaxılan...
Hər şeyə tələsib qərar
vermə sən –
Deyirlər, ağlamaz özü
yıxılan.
Nöqsanlar gecdən-gec
gözümə dəyib –
Vardır hər birindən xəbərim
mənim.
Dəyəndə şətəli
özümə dəyib,
Kimsəyə dəyməyib zərərim
mənim.
Nə çoxmuş
nöqsanım. Bəlkə yox sanı...
İradəm onları yığa
da bilər.
İnsana inamdan doğan
nöqsanı
İnsana inamım boğa da bilər.
-
Qardaş, yaman kövrəltdin məni.
-
Kövrəlmək adamı duyğulandırır.
-
"Azərbaycan yazıçıları" ensiklopedik
sorğu kitabını vərəqləyirdim. Vilayət,
öz aramızdır çox təvazökarlıq eləmisən.
Daha bu qədər də yox.
- Onu
mən buraxmamışam ki...
- Elədir,
ancaq faktları ki özün vermisən. Bir bax, oxuyuram.
Rüstəmzadə Vilayət Məhəmməd oğlu -
şair, tərcüməçi, ədəbiyyatşünas.
1968-ci ildən
Yazıçılar Birliyinin üzvü.
1937-ci
il avqustun 12-də Gürcüstanın Borçalı rayonunun
Bala Muğanlı kəndində anadan olmuşdur. Marneuli Dövlət Pedaqoji Məktəbini,
Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu (1964)
bitirmişdir. İlk mətbu şeiri -"Tut
kötüyü" 1956-cı ildə Marneulidə -
"Stalin yolu" qəzetində çap olunmuşdur. O
vaxtdan fəal yaradıcılıqla məşğuldur. Əmək
fəaliyyətinə "Azərnəşr"də tərcüməçi-redaktor
kimi başlamışdır. Sonra M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin aspirantı olmuşdur (1968-71). Bir
müddət Azərbaycan Mədəniyyət Nazirliyinin
aparatında çalışmış, M.F.Axundov adına
Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan
Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatını
tədris etmişdir. "Azərbaycan" jurnalında tənqid
və ədəbiyyatşünaslıq şöbəsinin,
"Azərnəşr"də, "Yazıçı"
nəşriyyatında bədii tərcümə redaksiyasının
müdiri, Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin
orqanı (yeddi dildə nəşr edilən) "Sovet Azərbaycanı"
qəzetinin baş redaktoru, "Azərnəşr"də
böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni
Əlaqələr Mərkəzinin məsul katibi, "Türk
dünyası" jurnalının baş redaktorunun birinci
müavini, "Amal" qəzetinin baş redaktorunun birinci
müavini vəzifələrində işləmişdir".
-
Qardaş, bütün həyatım gəlib keçdi xəyalımdan...
- Məncə
kitablarının, eləcə də rus, özbək və
gürcü dillərindən elədiyin tərcümələrin
də siyahısı tam deyil. Burada "Oxu,
bülbülüm, oxu", "Qəlbimin gözü ilə",
"Ağlama məhəbbətim, ağlama"
kitablarının və 15 tərcümə kitabının
adı var.
- Düz
deyirsən, qardaş, bioqrafiyam da kasıb verilib,
kitablarımın sayı da tam deyil. Keçənə güzəşt
deyərlər. Bunun üçün başqalarında
günah görmürəm, öz tənbəlliyim, bəlkə
də özümə laqeydliyim üzündən belə olub.
Neyləyəsən, keçmişi qaytarmaq mümkün
deyil, heyifsilənməyin mənası yoxdur.
- Əziz
dost, gəl bunları unudaq...
- Nə
deyirəm, unudaq...
-
Viloş, əzizim, ilk tanışlığımız
yadındadır?
- Əlbəttə
ki, heç yaddan çıxarmı o günlər?! O zaman mən
Moskvada - M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdum.
Bakıya - Teleradioya
təcrübə keçməyə gəlmişdim. Komitənin
sədri Teymur Əliyev (şair Teymur Elçin) məni
televiziyanın Bədii verilişlər baş redaksiyasına
məsləhət gördü. Təklif ürəyimdən
oldu. Ancaq bu sevinc çox çəkmədi. Orada üzümə
soyuq baxdılar. Bir həftə gəldim-getdim. Nə bir
tapşırıq verdilər, nə də oturmağa stul.
Yenidən Teymur müəllimə müraciət etmək istəyirdim
ki, qarşıma sən çıxdın.
- Hə,
yadıma düşdü. Dodağımda siqaret iş
otağımdan çıxanda səninlə üz-üzə
gəldim. Çəkinə-çəkinə məndən
siqaret istədin. Bu, tanışlığımız
üçün bir körpü oldu, oradan-buradan
danışdıq. Sonra çayxanada oturub xeyli dərdləşdik.
O gündən bir-birimizə bağlandıq. Təcrübə
günlərində səmimiyyətin, geniş biliyin və
xoş, maraqlı söhbətlərinlə teleradio
işçilərinin rəğbətini qazandın. Şeirlərin
televiziya ekranında, radio dalğalarında səsləndi.
Bizim redaksiya üçün də xeyli veriliş
hazırladın. Təcrübə müddəti başa
çatanda: "Ay eloğlu, - dedin, - sən məni jurnalist
elədin".
Qonorarını
hesabladılar - 500 manat. Qol çəkib bu məbləği
alanda gözlərinin içinəcən sevinirdin! Əlini
çiynimə vurub: "Ay Nahid, - dedin, - indiyəcən
heç vaxt əlimə bu qədər pul gəlməyib.
Moskvaya çatan kimi sənin sağlığına
özümü yaxşıca təzələyib,
dostlarımı sevindirəcəyəm. Neçə ildir əynim
gözəgəlimli bir kostyum, palto görməyib. İndi isə,
əzizim, düş qabağıma. Gedək oturaq
Dağüstü parkın kababxanasında. Bir-birimizi
yaxşı-yaxşı tərifləyək.
Mən
gülümsədim. Sən isə: "Bəs mənə
"yaxşı yol" arzulamaq istəmirsən? - deyə ərklə
əlini kürəyimə vurdun.
-
İstəyirəm, ancaq bir şərtim var.
-
Şərtinə quzu kəsərəm.
- Sən
mənim qonağım olacaqsan, - dedim. - Mən səndən
bir yaş böyüyəm. Elədirmi?
- Elədir.
- Həm
də sən tələbəsən.
-
Starik, başa düşdüm. Getdik ey, sonrasına
baxarıq...
* * *
Nəinki
"sonrası", çox sonralar belə birər-birər
xatirimdədir, Viloş. Qulaq as, danışım.
Yay
payıza, payız
qışa qovuşdu. Yeni il ərəfəsində Moskvaya
ezamiyyətə getməli oldum. Mehmanxanada rahatlanıb, bir az
dincələndən sonra cib dəftərçəmi
çıxarıb moskvalı dostlara zəng etmək istərkən,
xəyalıma ilk gələn sən oldun. Yataqxanada səni
çətinliklə tapdılar. Dəstəyi
götürüb: "Ya vas sluşayu" (Mən sizi
eşidirəm) - dedin.
Mən
azərbaycanca cavab verdim:
-
Viloş, salam, mənəm - Nahid.
Sevinclə
bildirdin:
- Ay
eloğlu, xoş gəlib səfa gətirmisən.
Mən
səni qaldığım mehmanxanaya, sən isə məni
yataqxanaya dartmaq üçün nə qədər cəhd elədik.
Sənin sözünü yerə sala bilmədim, 13 saylı
tramvaya minib yola düzəldim.
Soruşa-soruşa
gəlib əvvəlcə yataqxananı, sonra da sənin
"baş qərargah" sayılan məşhur
"odanı" tapdım. Qucaqlaşıb öpüşdük. Mən Bakıdan
gətirdiyim nemətlərdən düzəltdiyim kiçik
sovqatı stolun üstünə qoydum: iki-üç nar, alma,
armud, qoz ləpəsi, yanında da bir şüşə
"Gəncə" konyakı.
Sən
minnətdarlıq elədin:
-
Çox sağ ol, qardaş! Ancaq nahaq əziyyət çəkmisən.
-
Xoşdur, - dedim.
Sümükləriməcən
donmuşdum. Sən əl-ayağa düşdün. Tələsik
dolabdan götürdüyün iri, "yetimdoyduran" fincana
silələmə çay süzdün.
- Hələlik,
- dedin, - bunu vur bədənə, canın qızsın,
sonrasına baxarıq.
Kəkotunun
xoş ətri burnuma vurdu.
-
Vilayət, - dedim,- bu ətir mənə çox doğma gəlir.
Gülümsündün:
- Sənin
yaman hissiyyatın var haa. Starik, desəm bəlkə də inanmayacaqsan. Bunu mənə
gədəbəyli dostum pay gətirib. Bir atımlıq
qalmışdı. Görünür, sənin qismətinmiş...
-
Çox sağ ol. Bu soyuqda sənin bu çayın nəyə
desən dəyər.
Donum
açıldı, özümə gəldim. Sən stolun
üstündəki dolu şüşəyə, çapma qədəhlərə
işarə ilə:
-
Deyirəm, isti-isti bir "xoş gördük" eləyək,
- dedin.
- Eləyək... ancaq...
- Nə
ancaq?
-
Gözüm su içmir sənin o şüşəndən...
-
Qorxma, ehtiyat fondundandır, əsil gürcü
"çaça"sıdır. Gədəbəy kəkotusunun
çayını içdik, indi isə Borçalı
çaçasını nuş eləyək, olsun bərabər.
- Nə deyirəm.
Qonağın borcudur ev sahibinin dediyini eləsin.
- Əzizim,
sən qonaq deyilsən, sən mənim bu kasıb odamın
yaraşığısan.
Qədəhlər
doldu. Sən ayağa qalxıb üzümdən öpdün.
-
Qardaş, xoş gəlmisən! - dedin. - Dostluğumuzun şərəfinə!
- "Literaturnaya qazeta"nın süfrənin üstünə
salınmış qoşa səhifəsini yana çəkdin.
Nə yox idi stolun
üstündə: soyutma kartof, selyodka, göbələk
qızartması, kolbasa, bujanina, turşuya qoyulmuş kələm-xiyar...
Əsl tələbə süfrəsi!
Təzəcə
"zakuska" eləmişdik ki, qapı zərblə
açıldı. Bir dəstə tələbə
hay-küylə içəri daxil oldu. Uca boylu, qıvrım
saçlı oğlan gürcü ləhcəsilə ucadan
qışqırdı:
- Salyut
Azerbaydjanu! Slava Rustamzade!
İkimiz
də ayağa qalxdıq. Məni dostlarınla tanış elədin.
İkisi gürcü, biri osetin, biri də ukraynalı idi. Məclis
qızışdı, nə qızışdı! Çox
keçmədi ki, başqa bir dəstə də gəldi.
Onlar Orta Asiyadan idi. Üçüncü dəstədəkilərin
hamısı Pribaltikadan idi.
Tərpənməyə
yer yox idi. Qonaqlar gedib öz otaqlarından stul, qab-qacaq gətirdilər.
Yemək-içmək də öz yerində.
-
Uşaqlar, darısqallığa fikir verməyin, - dedin. - Bizdə
gözəl məsəl var, təki ürək geniş olsun.
Qonaqlar
yerbəyerdən:
-
Viloş, - dedilər, - sən heç narahat olma, bu əsil
qonaqlıqdır. Bağışla
ki, narahatçılıq yaratdıq. Gərək səni bu
gün qonağınla tək buraxaydıq.
Sən qədəhini
yuxarı qaldırıb:
-
Qardaşlar, - dedin, - bu mənim üçün də, əziz
qonağım üçün də olduqca xoşdur. Sizin
sağlığınıza! Siz mənim
qolum-qanadımsınız!
Başımızı
qaldıranda gördük ki, axşam düşüb. Mən əyilib yavaşca sənin
qulağına pıçıldadım:
-
Viloş, qadan alım, gecdir, mən getmək istəyirəm.
-
Hara?
-
Orasını özün yaxşı bilirsən.
Saatına
baxıb:
-
Nahidcan, - dedin, - Tibb institutunun yataqxanası burada - beş
addımlıqdadır. Bizi ora karnavala dəvət eləyiblər.
İstəyirəm sən də mənimlə gedəsən. Bu da ömürdə bir
gündür. Onlarda belə tədbirlər bayram kimi
keçir. İnanıram ki, darıxmayacaqsan.
Nə
qədər o yan-bu yana çəkdimsə də səni yola
gətirə bilmədim. Ancaq getməyimə sevindim. Orada neçə-neçə
həmyerlimizlə tanış oldum. İndi görkəmli
şair-tərcüməçi kimi tanınan Səyavuş Məmmədzadə
də onların arasında idi. Biz eyni stol arxasında cəmlənib,
şampan şərabı sifariş elədik...
Böyük
salon əlvan şarlar içində üzən nəhəng
gəmiyə bənzəyirdi. Mahnılar, rəqslər
dalğa-dalğa axıb gedir, şux gülüşlərə
qovuşurdu...
Artıq
iki saatdan çox idi ki, buradaydıq. Sən növbəti
sağlıq deyəndə qonşu stoldan nidalar ucaldı:
-
Vilayət Rüstəmzadə, Vilayət Rüstəmzadə!
Sən
ehtiramla:
-
Rüstəmzadə sizi eşidir, - dedin.
Xorla
cavab gəldi:
-
Şeir istəyirik!
Sən
üzünü salona tutdun:
- Əziz
dostlar, buradakı gənc şairlər, yazıçılar
adından salamlarımı, təbriklərimi sizə -
bütün karnaval iştirakçılarına yetirmək
istəyirəm.
Sonra
xalqımızın iftixarı, böyük Səməd
Vurğunun "Mən tələsmirəm" şeirini
söylədin. Özü
də necə?! Zal coşdu, dalğalandı. Biz səni ürəkdən
təbrik elədik, sağlığına badə
qaldırdıq. Alqışlar isə ara vermirdi...
Bir məhəbbət
şeirilə zalı yenidən təlatümə gətirdin.
Yataqxanaya
qayıdanda gecədən keçmişdi. Qəhvə dəmlədin.
Üzbəüz oturduq. Gözüm birdən yazı stolunun
üstündəki şəkilləri aldı - Səməd
Vurğunun və Nazim Hikmətin şəkillərini.
-
İkisi də mənim Tanrımdır, - dedin. - Səmədi
də, Nazimi də əzbər bilirəm. Onların şeirlərindən
doymuram. Xeyli vaxtdır ki, "Nazim Hikmət balladası"
adlı poema üzərində işləyirəm. İstəyirsən,
bir parça sənin üçün oxuyum. Bir dost kimi qiymət
ver, gör necə gedir. Yazmağına dəyər, yoxsa...
- Demək
ilk oxucun mən oluram?
- Demək
niyə? Bu həqiqətən belədir.
Başladın
aram-aram oxumağa:
Moskva.
Tver bulvarı.
Bayırda
dekabr qarı.
Yaxınlaşırdı
1962-ci ilin yanvarı.
Moskva.
Tver bulvarı.
O
qarlı qış axşamı
Gertsenin
evində
Səni
gözləyirdi hamı.
Səni
gözləyirdi cavanlar,
Səni
gözləyirdi səni sevənlər,
Səni
gözləyirdi şeir yazanlar,
Səni
gözləyirdi
şeiri-sənəti
qananlar...
Səni
gözləyirdilər,
Səni
gözləyirdik,
Səni
gözləyirdim.
Gəldin,
bizi məyus qoymadın.
Şeir
oxumaqdan,
sual-cavabdan
doymadın.
Gəldin
görüşümüzə
bir
dünya
hərarət
gətirdin.
...Bu,
bizim son görüşümüz oldu.
Ayrılanda
niyə gözlərin doldu?!
Səndən
bir foto-şəklimiz qaldı yadigar,
Bir də
- bu həzin misralar:
Bir
şərqi söyləyəlim –
Şərqilərin
anası.
Bir
şərqi söyləyəlim –
Yaşamağın
mənası...
"Yaşamaq
güzel şeydir,
be
kardeşim...
yazdın,
ustad
Parçanı
oxuyub, nigaran-nigaran üzümə baxdın:
- Hə,
qardaş, necədir? Bir şey çıxar, yoxsa yox?
- Təbrik
edirəm, - dedim, - Gün o gün olsun ki, onu kitab şəklində
görək.
Gecənin
yarısınacan söhbət elədik, danışdıq,
güldük... Sən Moskvada təhsilini başa vurub
Bakıya qayıtdın. Hər dəfə görüşəndə
soruşurdum:
-
"Nazim Hikmət balladası"nın taleyi necə oldu?
Sən isə
eyni cavabı verirdin:
-
Yazıram, qardaş, yazıram. Çətin gedir, ancaq
dayanmıram.
Bu
minvalla 1963-cü ildə başladığın bu əsərə
1979-cu ildə nöqtə qoydun. Mənə
bağışladığın "Qəlbimin gözü
ilə" kitabında həmin poemanı görəndə
çox sevindim. Ürəyimdə Moskva xatirələri
oyandı...Və zaman keçdi, böyük bir ömrün
ayrı-ayrı məqamları da qovuşdu bu xatirələrə.
Hansını danışım, hansını deyim...
Qardaşım
Fərrux Atatürk prospektində təzə mənzilə
köçmüşdü. Bir dəfə bizə gələndə,
içəri girər-girməz:
- Dostun sənə
salam göndərdi, - dedi.
-
Hansı dostum?
-
Vilayət Rüstəmzadə.
-
Haradan tanıyırsan onu?
-
Qonşumuzdur, - dedi, - çox qılıqlı, şirin
adamdır. İlk tanışlığımızdan
qaynayıb-qarışdıq. Elə hey səndən
danışır...
-
Çoxdanın dostuyuq, bir-birimizə xüsusi hörmətimiz
var.
-
Dost olmalı insandır, - dedi qardaşım. - Bizim binada
yaşayanların çoxu Akademiyanın ayrı-ayrı
institutlarında çalışır, qalanları isə ali
məktəb müəllimləridir. Hamımız onu
çox istəyirik. Axşamlar həyətdə onun
başına yığışırıq. Vilayət bizdən
cavan olsa da, elə bil müdrik müəllimdir, biz isə onun
tələbələri. Həmişə Vilayətin sehrində,
cazibəsindəyik. Şirin söhbətlərindən, bir
aktyor məharətilə şeir oxumasından doymuruq.
Qardaşımın
sənə böyük hörməti var idi, dostlaşıb-doğmalaşmışdınız.
Sən
də Fərrux barədə həmişə xoş sözlər
deyir, fikirlər söyləyirdin:
-
Nahid, - deyirdin, - Fərrux müəllim kimi qonşu ilə
adam fəxr edir.
* * *
Qayınatan,
ölməz sənətkarımız, SSRİ xalq artisti
İsmayıl Dağıstanlı ilə xoş münasibətimiz
var idi. O zaman mən
Azərbaycan Televiziyasının Ədəbi-dram Verilişləri
Baş redaksiyasının baş redaktoru işləyirdim.
İsmayıl müəllim tez-tez redaksiyamızın
qonağı olurdu. Hər dəfə iş
otağının qapısı ağzında görünəndə,
bir qayda olaraq özünəməxsus pafos və aktyor ədası
ilə ucadan:
-
Şairin yaxın dostu, əzizim Nahidə atəşin
salamlar! - deyirdi.
İsmayıl
müəllim çox xeyirxah insan idi. Yaxşılıq eləməkdən,
kiminsə işinə yaramaqdan zövq alırdı. Söhbətlərimizin
birində ürək ağrısı ilə:
-
Vilayətin çörəyi daşdan çıxır, -
dedi. - Ailəsini ürəyi istəyən kimi dolandıra
bilmir. Mənim də
hərdən özümə yazığım gəlir. Azərbaycan
səhnəsində Leninin obrazını yaradasan, bu qədər
titulların, orden-medalın olsun, qızlarına, nəvələrinə
ürəyin istəyən köməyi eləyə bilməyəsən.
İndi mənim gedib rayonlarda mühazirə oxuyub, monoloq,
şeir deyən vaxtımdır? Bunun müqabilində
aldığım nədir? On-on beş manat! Vallah, maddi imkan
olsa, Vilayəti çox qayğılardan aralayaram. Daha ailəsini
dolandırmaq üçün özünü oda-közə
vurmaz, oturub şeirini yazar, tərcüməsini eləyər,
kitablarını buraxar. O boyda istedad
çırpına-çırpına qalıb.
İsmayıl
Dağıstanlı həqiqəti deyirdi. Doğrudan da sən
yazdıqlarından, elədiklərindən qat-qat çox əsər
yazar, iş görə bilərdin. Neyləməli, Tanrı hər
birimizə bir cür qismət verir. Ancaq belə bir fikir də
var ki, taleyimizi göydə Allah, yerdə isə
özümüz yazırıq. Deyən yordum səni,
Viloş, çox danışdım.
- Bilsən
necə şad eylədin ruhumu... Yaşa, starik, yaşa. Məni
məndən yaxşı tanıdığın
üçün, unutmadığın üçün
yaşa!
- Sən
həmişə yaddaşlardasan. Buna əmin ol, rahat yat,
Viloş.
* * *
O, həmişə
yadımızda, yaddaşımızdadır. O, dostluğu
çox uca tuturdu. O, yolları, səyahətləri çox
sevir, SSRİ-nin bu başından vurub o başından
çıxır, məşhur sənətkarlarla
görüşür, onların əsərlərini tərcümə
eləyir, sevincli, kədərli günlərdə onların
yanında olurdu.
Dostları
sırasında bütün dünyada tanınan Rəsul Həmzətov,
Çingiz Aytmatov, Mustay Kərim, David Kukultdinov, Qaysın
Quliyev kimi söz nəhəngləri var idi. Onlar Vilayəti qardaş kimi
sevirdilər.
O, məclislərin
ürəyi idi. Tez-tez başına
yığışırdıq. İndi hərdən Vilayətin
qələm dostları - Kələntər Kələntərli,
İlyas Tapdıq, Musa Ələkbərli onun bacısı
oğlu Zakirin İstiqlal küçəsindəki qədim,
doğma kafesində cəm olur, dərdləşirik. Hər dəfə
Vilayəti xatırlayır, şeirlərini yada
salırıq. Kövrək xatirələr dil açır...
Bu
yaxınlarda qardaşı İbadət mənim iş yerimə
- Respublika Xatirə Kitabı Redaksiyasına gəlmişdi.
Söhbət zamanı onun dediyi "Vilayət hamını
qorudu, özündən başqa" sözləri qəlbimi
yaman göynətdi...
Nahid Hacızadə
Ədalət.- 2011.- 9 aprel.- S. 18.