"BƏNÖVŞƏ ƏTİRLİ ZƏRİF ŞEİRLƏR"

 

(Rəfail İncəyurdun şeirləri haqqında)

 

Neçə illərdir qəzet və jurnal səhifələrində onun şeirləri ilə rastlaşır, bu şeirlərdəki zərifliyi, incəliyi, xalq şeirindən gələn təmizliyi, saflığı duyur, sevinirəm. Rəfailin bir neçə şeir kitabı da çıxıb, amma onun şeirləri və şeir kitabları nadir hallarda tənqidçilərin marağına səbəb olub. Halbuki, Rəfailin şeirlərində incələməli cəhətlər çoxdur.

Bu gün qoşma yazan da çoxdur, gəraylı da. Deyərdim ki, onların sayı həndəsi silsilə kimi getdikcə artır. Amma "hər oxuyan Molla Pənah deyil", hər qoşma və gəraylı da şeir... Rəfailin qoşma və gəraylılarından söz açmamışdan öncə, istəyirəm çağdaş poeziyamızda xalq şeirinin bu əvəzsiz formalarının durumu barədə bir neçə söz deyim.

Qoşma və gəraylı aşıq şeirinin ən mütəhərrik və əsrlər keçdikcə sanbalını itirməyən, həmişə ehtiyac duyulan formalarındandır. Nə keçən əsrin otuzuncu illərində (o zaman ki, klassik və xalq şeiri formalarına "daloy" deyən vaxtlar idi), nə də əsrin son rübündə (Qərbdən gələn "izm"lərin Azərbaycan şeir ərazisinə daxil olduğu çağlardı) bu şeir formaları öz mövqeyini itirmədi. O səbəbdən ki, bu şeir formaları xalq ruhunu, xalq təfəkkürünü daha aydın və səlis, daha parlaq bədii boyalarla əks etdirmək baxımından misilsizdirlər. İkincisi, qoşmanı da, gəraylını da yaşadan ayrı-ayrı gözəl şairlərimiz var. Burada Səməd Vurğundan, Hüseyn Arifdən, Bəxtiyar Vahabzadədən, Məstan Günərdən, Nəbi Xəzridən, Hüseyn Kürdoğludan, Məmməd Aslandan, Məmməd İsmayıldan tutmuş bu günün yetkinlik yaşına çatmış Zəlimxan Yaquba, Məmməd İlqara, Məmməd Dəmirçioğluna, İslam Sadığa, Zirəddin Qafarlıya, İbrahim İlyaslıya, Məhəmməd Astanbəyliyə (burada iki mərhum şairimizin-Ağamalı Sadiqi, Akif Səmədi də unutmaq olmaz) qədər poeziya yolunun əzabkeşlərini xatırlayıram. Ona görə də lap yüzlərlə, minlərlə mənasız söz yığınından ibarət "qoşmaların", "gəraylıların" burada heç bir önəmi olmur.

Qoşmanı, gəraylını əsrlər boyu yaşadan nədir? Təkcə bu formalara xas olan poetik incəlik, zəriflikmi, hər saitin, samitin, hər sözün, hər misranın gözlərimiz qarşısında cilvələndirdiyi duyğular mənzərəsimi? İnsan qəlbinin, insan sevgisinin ən incə nüanslarını sözlərin cazibəsinə, sehrinə bürüməsindəmi? Əlbəttə, bunların hamısı vacibdir. Amma ən başlıcası, qoşmanın və gəraylının oxucuya aşıladığı qədərsiz hissi-emosional ovqatın yaratdığı haldır. Qoşma da, gəraylı da üç, dörd, beş, altı bənddə həyatın, gerçəkliyin, insan qəlbi ərazisinin ən münis bir hekayətini, sənə də, mənə də, bir başqasına da çatacaq hisslərin hekayətidir. Əvvəlcə bir "DÜNYA" hekayətini eşidək:

 

Kimə məlhəm oldu, kimi qanatdı,

Kimi süründürdü, kimə qanaddı?

Kimə işıqlıdı, odlu həyatdı,

Kimə əzəl gündən sönükdü dünya.

 

Bəzən xoş hökmünə qısıl anların,

Sonu yox bir haqqa qısılanların,

Çünki, taleyindən asılanların

Başının üstündə bir tükdü dünya.

 

Qan-qada üstünə qurulub bəşər,

Acizlər həyatın dibinə çökər.

Fağırın yolunda tikanlı çəpər,

Zalımın yolunda ütükdü dünya.

 

Haqqın aşığını tutdu sözündən,

Qartal baxışını vurdu gözündən.

Məcnuntək sevəni qovub özündən,

Çox eşqi dayaza ev tikdi dünya.

 

R.İncəyurd bütün poetik duyumu ilə müasir şairdir. Bir ayağı əsrlərin o tayında-, Ələsgər, Xəstə Qasım, Tufarqanlı, Qurbani torpağındadı, bir ayağı doğulduğu İncə dərəsinin gülləri sayrışan, çiçəkləri qönçə bağlayan qoşmalı, gəraylılı, sazında bülbüllər ötən şeir bağçasında...O, DÜNYA şeirlərində də Xəstə Qasım, Ələsgər havacatını ötür, amma bu havacatda həm də bu günün təfəkkürü duyulur.

 

Gədə yiyələnər gədə yurduna,

Hardadı yurd oğlu gedə yurduna?

Ayağın dəymirsə dədə yurduna

Ölün də heç nədi, dirin də heç nə.

 

Dağları, gülləri, quşları sevdik,

Doğulduq hər yaznan, qışları sevdik.

Yanağı göynədən yaşları sevdik,

Nə qaldı bu eşqin yerində?- heç nə.

 

Rəfail İncəyurdun Dünya ilə həsb-halı beləcə davam edir və biz Azərbaycan poeziyasında dünyanın namərdlərə, zalımlara rəhmdil, mərdlərə, həyatsevərlərə zalım olduğunu çox-çox şeirlərldə izləsək də, Rəfailin qoşmasında bu motivin yeni çalvarlarını hiss elədik. Özü də misal gətirdiyim şeir, Dünya haqqında nə birinci, nə də axırıncı şeirdir, onun "Dünya şeir sərgisi" hələ tamamlanmayıb.

Onun şeirlərinin havası bizim aşıq-xalq şeirinin göylərindən gəlir. Öncə dediyim kimi, bir az Xəstə Qasım, bir az Ələsgər, bir az Dədə Şəmşir havası İncəyurdun şeir havasına qarışır. R.İncəyurd günün mətləblərini və özünün ağrı-acılarını "köhnə havalar"da məharətlə dilləndirə bilir. Düşünürəm ki, Ələsgər Dədə yaşasaydı, bu məmləkətin başındakı fəlakətləri görsəydi, o da R.İncəyurd kimi "ya mədəd" deyərdi:

 

Kim deyir bir mənim məmləkətimdə,

Qisas qiyamətə qalar, ya mədəd.

Bir gün kərəm eylər haqqın yiyəsi,

Qanar qulluğunu qullar, ya mədəd.

 

Bir gün bu zalımnan küsən tapılar,

Millətin üstündə əsən tapılar.

Şeytanın yolunu kəsən tapılar,

Tapılar ya mədət, olar, ya mədəd.

 

"Torpaq" deyə-deyə, "el" deyə-deyə,

Var olan haqqımdan üzülüm niyə?

İncəyurd üz tutub üzü qibləyə,

Qılar son namazı, qılar, ya mədəd.

 

R.İncəyurdun iki misrası var-deyir ki, Mən şeir deyəndə ağı deyirəm, Deyirəm ürəyim boşala bəlkə. Doğrudan da, onun qoşma və gəraylılarında bir elegik ruh hakimdir. Ağı sözündə ağlamağa açıq-aşkar bir işarə var, amma şeirdə ağı demək ağlamaq deyil. Şeirdəki ağı ürəyi boşaltmaqdır. Yəni ürəkdə korun-korun tüstülənən o dərdi, o qəmi yaralı-yaralı, amma səssiz hıçqırmaqdı.

 

Bu infarktım, bu torpağım, bu odam,

Tale haqqdı,- haqdı qismət,

haqdı kam,

Bu dünyada bimar yaralı adamam,

Bu dünyanın bir yaralı yerində.

 

R.İncəyurdun bir də "TANRI SEVGİSİ" var.

Şairin üzü həmişə Allaha sarı olmalıdır. Bu təzadlı, son dərəcə qatmaqarışıq dünyada Allahdan başqa kimimiz var ki? Hər bir Allah şairinin içində haqqa qovuşmaq diləyi var və hər bir Allahı sevən şair bir az sufidir. Rəfailin də şeirlərində sufiliyin dən-dən cücərdiyini görürük. Olsun ki, bu, hələ inam-əqidə pilləsinə gəlib çatmaq dönəmində deyil, amma bu yola qədəm basmağın özünə də "mübarək olsun" deyirik.

 

"Allah!"-deyib əl-qol atdım,

Haqqa döndüm addım-addım.

Gözəlliyi gördüm, daddım,

Odnan közün arasında.

 

Ömür nədi?,- dərgaha yol,-

Şeytanı bol, mələyi bol.

Yol yiyəsi, pənahım ol

Göznən gözün arasında.

 

Tanrım! Məni mənnən qopar,

İncəyurdu haqqa apar.

Doxsan doqquz diləyim var

Birnən yüzün arasında...

 

Rəfail İncəyurd həm də gözəl təcnislər müəllifidir. Dodaqdəyməz təcnisləri də var və bu faktın özü onu göstərir ki, aşıq şeirinin ən çətin formalarında da məharətlə qələm işlətmək olar. Təki sözə hakim kəsiləsən, söz oyununu poetik inciyə çevirə biləsən.

 

Yola baxsam yornux gözüm qaralar,

Mövlanəyə baxdım, dedi: yeri di.

Ərşə-gürşə doy gəldiyim zamanlar

Yurd yerim də "Yahu" deyən yer idi.

 

Yar görmədim Tanrımisal yarımcan,

Özü verdi, alır alsın yarım can.

İndən belə o sevdaya yarımcan

Nə varmağın, nə qalmağın yeridi.

 

Yığvalı var səflərin də, köçün də,

Ömür lalsa, səda verməz köçündə.

yaxşı ki, əhli-hallar köçündə

İncəyurdun öz karvanı yeridi.

 

Təbii ki, bu kiçik yazıda İncə dərəsindən dünyaya, Allaha, keçmişə və gələcəyə boylanan bu günün şairi R.İncəyurdun bütün şeirlərindən söz açmaq niyyətim yoxdu. Onun yaradıcılığını təkcə qoşma-gəraylı şeir formaları ilə məhdudlaşdırmaq fikrim də yox. Rəfailin hecanın müxtəlif şəkillərində yazdığı və qətiyyən ən yaxşı qoşma və gəraylılarından qətiyyən geri qalmayan şeirləri də var. Həmkarım Rüstəm Kamal onun bir şeir kitabına yazdığı səmimi müqəddimədə deyir ki, Rəfail İncəyurdun sözü üçün ləhcə-şivə ilham mənbəyi, poetik sözü "eydirmək" imkanıdır, nazlanması, ərklənməsidir. Onun şeirlərində ləhcənin "görünməsi", israrla eşidilməsi yurd sevgisinin və qanın səsinin başqa bir adıdır, torpağın qorunması cəhdidir. Ləhcə bəzən sözün məkan mənsubluğunu göstərməklə yanaşı, təkrarsız məna-intonasiya qatı yaradır. Bunu Rüstəm Kamal deyir və mən də bu fikrə şərikəm. Təbii ki, məqamında. Ancaq narazı bir əlavəm var. R.İncəyurdun çox-çox şeirlərində bu ləhcə xüsusiyyətlərinin görünməsi ifrata çatanda sən ədəbi dili kifayət qədər mükəmməl bilən bir şair əvəzinə qarşında sazı sinəsinə alıb ləhcə ilə oxuyan bir yurdsevər qazaxlı aşıqla üz-üzə gəlmirsənmi? Ona görə də, hər ifaçının öz məqamı var. Bu baxımdan Hüseyn Arifdən öyrənmək hələ də gec deyil.

 

Sözümü tam deyib qurtara bilmədiyim bu yazını R.İncəyurdun bu misraları ilə başa çatdırıram:

 

Görürsən bir gözəl qiyafəsində

İldırım haraylı cəngavərləri

ya çiçək eləyir, ya lal eləyir.

Bir də görürsən ki, durduğu yerdə

Zərif könülləri işğal eləyir

Bənövşə ətirli zərif şeirlər...

 

 

Vaqif YUSİFLİ

 

Ədalət.- 2011.- 9 aprel.- S. 19.