GÖZƏL

 

Nə batmısan yenə sən qüssəyə, məlalə, gözəl?

Bəzə bu məclisi, gəzdir büllur piyalə, gözəl.

 

Çəməndə gül açılıb, yasəmən gülür bağda,

Dolubdur şehlə səhər, dağ döşündə lalə gözəl.

 

Unut keçib gedəni, gəl bu gün bərabər olaq,

Nə tutmusan məni bu sorğuya, sualə gözəl?

 

Təbiətin belədir adəti: versə, alır,

Öyünmə hüsnünə, bir gün gedər zəvalə, gözəl.

 

Gözəldə qəlb ara, Mir Mehdi, uyma hər sənəmə,

Gözəllik azdı, yetişsin gərək kəmalə gözəl.

 

 

PƏRİZADƏ DEYİN

 

Məni sevdayə salan nazlı pərizadə deyin,

O keçən dəmləri salsın nə olar yadə, deyin.

 

Bir zamanlar o mənim könlümü almışdı ələ,

Vermiş öz könlünü indii nə üçün yadə, deyin.

 

Sanmasın qəlbimi sındırmağı canan bir hünər,

Yaxşılıq yaxşıdır ancaq qoca dünyadə, deyin.

 

Soldurur hər çiçəyi, hər gülü bağlarda xəzan,

Biz də bir gün solarıq, sovrularıq badə, deyin.

 

Ayrılıb getsə də canan, o vəfasız gözəli –

Heç unutmaz yenə Mir Mehdi Seyidzadə, deyin.

 

 

AY GÖZƏLLƏR GÖZƏLİ

 

Ay gözəllər gözəli, söhbəti şirin, məzəli,

Sənin eşqinlə gəlib vəsdə, yaratdım qəzəli.

 

Çox gözəl gördü gözüm, uymadı könlüm telinə,

Xoşdur insanə də novbar kimi eşqin əzəli.

 

Küsmərəm bəxtimə, etsən mənə yüz cövrü-cəfa,

Yaradır taleyi insanın, əzizim, öz əli.

 

Səni kim görsə, könül verməsə, yox onda könül,

Kim düşüb eşqinə sevməz belə dilbər gözəli?

 

Odlu Mir Mehdinin ilhamı daşan çay kimidir,

Yüz xəzan gəlsə də, gəlməz hələ ömrün xəzəli.

 

 

VƏTƏNİMSƏN

 

Eşq aləminin qumrusuyam, yar, çəmənimsən,

Bir bülbülünəm, ətri gözəl yasəmənimsən.

 

Min lalə alıb rəngi zərif, al yanağından,

Ey afəti-can, dilbəri-simin bədənimsən.

 

Min fitnə ilə aldada bilməz səni əğyar,

Sən qəlbimin aramisən, ey yar, mənimsən.

 

Yanlışdı sənə ruh deyim, ey nazlı nigarım,

Sən sinədə çarpan ürəyim, cismü tənimsən.

 

Mir Mehdini kim ayrı salar öz vətənindən,

Ey Azər eli, sən vətənimsən, vətənimsən!

 

 

GÖRƏNDƏ SAÇLARINI

 

Üzüldü tel kimi könlüm, görəndə saçlarını,

Kəməndi-eşqinə düşdüm hörəndə saçlarını.

 

Bədirlənən ayın üstündə bir bulud sandım –

Gümüş kimi sinən üstə sərəndə saçlarını

 

Qızılgül ətri kimi uçdu hər yana qoxusu –

Səhər küləklərinə sən verəndə saçlarını.

 

Sənin məhəbbətinə öylə bağlanıb ürəyim,

Öpüb buraxmaram, üz döndərəndə saçlarını.

 

İlanvuran kimi Mir Mehdi yatmadı gecələr,

Görəndə əfi kimi yan-yörəndə saçlarını.

 

 

MƏNƏ BAXDIN

 

Ey sevgili yar, nazlı baxışla mənə baxdın,

Sandım ki, səni qismət edibdir mənə baxtım.

 

Yoxdu diləyin həmdəmim olaq, nə üçün, yar?

Ulduz kimi birdən-birə sən ruhuma axdın.

 

Mən vəslə ümid eylədim, amma nə edim ki,

Alt-üst edib ümidimi, şimək kimi çaxdın.

 

Nazəndə gözəllərdə sanırdım ki, vəfa var,

Əğyarın əlindən gül alıb köksünə taxdın.

 

Mir Mehdi deyir: baxtıma bax, sevgili canan,

Bir ay kimi gəldin, məni sən gün kimi yaxdın.

 

 

KÖNÜL OTAĞINDA

 

Gəzib çox həsrət ilə, sevgilim, sorağında,

Söyüd kimi əsirəm çayların qırağında.

 

Gözümdən ayrı olanda, könüldəsən hər an,

Xəyalın ilə könül əylənir fərağında.

 

Baxanda qönçəyə bənzətdim al dodaqlarını,

Var ancaq özgə lətafət sənin dodağında.

 

Gəzək bizim Xəzərin sahilində gəl, gözəlim,

Əlim əlində, gözüm gül kimi yanağında.

 

Coşub yenə sənə Mir Mehdi nəğmələr qoşsun,

Var həsbihalı səninlə könül otağında.

 

 

HƏMDƏMİM OLSA

 

Hal əhli olan, qəlbi duyan həmdəmim olsa,

Sıxmaz məni könlümdə nə dərdim, qəmim olsa.

 

Əzmimlə, iradəmlə mən öz sinəmi gərrəm –

Tufanlara, dəryadə kiçik bir gəmim olsa,

 

Öz yurdumuzun sazı kimi keyfim olur saz,

İstər zilim olsa, mənim istər bəmim olsa.

 

Dostlar məni şən görmüş həyatımda həmişə,

Sarsılmaz iradəm, necə ağır dəmim olsa.

 

Mir Mehdi, mənə təbim əgər çıxsa vəfasız,

Dünya qaralar gözlərimə, aləmim olsa.

 

 

MİR MEHDİ SEYİDZADƏ

 

Ədalət.- 2011.- 9 aprel.- S. 20.