"31 MART SOYQIRIMI"

 

Zaman-zaman qayıdılan mövzulardan, araşdırılan tarixi məqamlardan biri də xalqımızın məruz qaldığı soyqırım faktıdı. Bu fakt heç vaxt köhnəlmir, əksinə hər bir araşdırmada yeni mənzərələr, yeni gerçəkliklər üzə çıxır. Özü də soyqırım faktı təkcə tarixçilərin deyil, bütövlükdə xalqına, onun keçmişinə yaradıcı yanaşan, öyrənmək istəyən hər bir insanın, xüsusi ilə ziyalıların əsas illərindən biridir.

Bax elə bu mənada mətbuat sahəsində çalışanların, jurnalist təhqiqatçıların araya-ərsəyə gətirdikləri yeni bilgilər, o cümlədən məqalələr, kitablar, bütövlükdə soyqırımla bağlı araşdırılan informasiyalar, bilgilər arasında xüsusi yer tutur. Həmin bilgilərdən biri də bu gün əlimizdə olan və "Şərq" qəzetinin baş redaktoru, jurnalist təhqiqatçı Akif Aşırlının "31 mart soyqırım" kitabıdır. Bu kitab "Elm və Təhsil" nəşriyyatı tərəfindən bu günlərdə, daha dəqiq desək məhz 31 mart soyqırımı günü ərəfəsində işıq üzü görüb. Kitabın elmi redaktoru, professor Cahangir Məmmədli, rəyçiləri isə filologiya elmləri üzrə fəlsəfə doktoru Asif Rüstəmli və professor Alxan Bayramoğludur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabda söhbət 1918-1920-ci illər mətbuatında öz əksini tapmış Soyqırım faktlarının araşdırılması və onların yenidən ictimaiyyətə təqdim etməkdən gedir. Yəni müəllif Akif Aşırlı özünün zaman-zaman davam edən araşdırmaları nəticəsində həmin illərin aparıcı qəzet və jurnallarında işıq üzü görmüş Soyqırım faktlarının, eləcə də Bakıda və ölkənin müxtəlif guşələrində baş verən erməni terrorlarının gerçəkliklərini yeni bir nəfəslə oxuculara çatdırıb. Onun istinad etdiyi mənbələr, xüsusi ilə Qafqaz İslam Ordusunun tutduğu mövqeyi, həmçinin hadisələrin qanlı şahidləri olan insanların xatirələri, bir sözlə 1918-ci ilin mart ayının 18-dən 31-nə qədər törədilmiş cinayətlərin xronologiyası bizləri törədilmiş vəhşiliklərə qarşı səfərbər edir və hər bir Azərbaycan insanının yaddaşını ayıq, sayıq olmağa çağırır.

Düşünürəm ki, həmkarımız Akif Aşırlının bu kitabı tarixi araşdıranlar üçün də xüsusi ilə gənc tarixçi tələbələr üçün də dəyərli bir mənbədir. Məhz bu kitabda toplanmış faktlar onlara həmin illərin mətbuatındakı gerçək mənzərəni çətinlik çəkmədən öyrənməkdə yardımçı ola bilər. Kitabdakı faktların əsli əks olunan səhifələr də, o cümlədən köhnə Bakının mənzərələri diqqəti xüsusi ilə çəkir. Hər halda bu kitab Azərbaycan tarixini sevən hər kəs üçün hədiyyə sayıla bilər.

 

 

Ədalət.- 2011.- 9 aprel.- S. 21.