"OSMANLI
SULTANLARI"
Qarşımda
çox nəfis şəkildə çap olunmuş bir kitab
var. Bu kitabı Azərbaycan ictimaiyyətinə
"Çaşıoğlu" nəşriyyatı təqdim
edib. Amma kitabı çapa millət vəkili, professor Nizami Cəfərovun
rəhbərlik etdiyi Atatürk Mərkəzi hazırlayıb.
Kitabın ön sözündə Türkiyə
sultanlarının, bütövlükdə Osmanlı dövlətinin
tarixinə ümumi bir nəzər yetirilib. Müxtəlif mənbələrə
istinad edilməklə Osmanlı dövlətinin banisi olan Ərtuğrul
Qazi, onun atası Gündüz Alp (və ya Süleyman şah)
və ya onun atası Qayı Alp və digərləri barəsində
müəyyən bilgilər verilməklə bu kitabın
oxucularda maraq doğurmasına təşəbbüs göstərilib.
Təbii ki, qardaş millətin, böyük Osmanlı
imperiyasının tarixi hər kəs üçün diqqət
çəkəndi.
Görünür
elə kitabda araşdırmaları yer almış Osman Musayev,
Dəyanət Osmanlı və Altay Cəfərov bu kitabda
Osmanlı sultanlarının hər biri barəsində şəkilləri
təqdim etməklə konkret məlumatlar veriblər. Yəni
bu kitab Osmanlı sultanları haqqında yığcam bilgi əldə
etmək imkanı verən çox dəyərli bir mənbədi.
Çünki istər Yavuz Sultan Səlim, istər Sultan birinci
Mustafa, istər sonuncu Sultan Mehmet Vəhdəddin barəsində
olan bütün bilgilərdə türk Osmanlı dövlətinin
sərhədləri göstərilməklə bu sultanların
hakimiyyətdə olduqları illərdə həyata keçirtdikləri
islahatlar, iştirakçısı olduqları müharibələr
və digərləri barəsində konkret bilgilər var.
Ən
maraqlısı da odur ki, kitabda sonuncu Xəlifə Əbdül
Məcid Əfəndi barəsində də konkret bilgilər
verilir. Kitabın sonunda isə Osmanlı tarixi xronologiyası və
xronologiyanın əsas dönəmləri tarixi
ardıcıllıqla əks olunmuşdur.
Düşünürəm
ki, "Osmanlı sultanları" kitabı da həm geniş
oxucu ictimaiyyəti tərəfindən, həm də türk
tarixini öyrənmək istəyənlər tərəfindən
diqqətlə qarşılanacaq və onlara
yardımçı olacaqdı. Bütövlükdə isə
Azərbaycan da Atatürk Mərkəzinin gördüyü bu
iş təqdirəlayiqdir.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 9 aprel.- S. 21.