Azərbaycandan ucalan haqq səsi
Birinci Ledi Tanrı kitabının
müdafiəsinə qalxdı
Azərbaycan
çox mürəkkəb bir coğrafi məkanda yerləşir.
Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq
baxımından da kifayət qədər həssaslıq var. Lakin
bütün bu məsələlərə rəğmən Azərbaycan
dini və milli tolerantlıq baxımından bölgə
dövlətləri arasında liderlik edir. Bu artıq
demokratiya adlı bəhanənin təsiri deyil. Bu
Türkün mental məsələsi olaraq hər zaman
özünü göstərib. Necə ki, yüz illər
öncə böyük Türk sərkərdəsi Atilla
qarşısında diz çökən Roma Papasının
başını kəsmədi (Halbuki, həmin Papanın
indiki övladları Atillanın nəvələrinin
qanını da içməyə hazırdı), necə ki,
türklər Konstantinopolu fəth edərkən bir kilsənin
bir daşına belə toxunmadılar (Amma bu gün Qarabağda
məscidlər uçurdulur, qəbirlər təhqir edilir),
necə ki, amansız xaç yürüşlərindən
sonra türklər Avropaya ayaq açanda bir toyuğun belə
başını kəsmədi (Bunun üstündən tarix
keçəndən sonra Qərb Anadoluda açıq-aşkar
işğalçılıq həyata keçirdi) və s. və
i.
Bu
gün ölkəmizin ətrafında və daxilində digər
dinlərin daşıyıcısı olan xeyli sayda millətlər
yaşayır. Azərbaycanda bütün dinlərə və
digər millətlərə mənsub olan toplumlara tarixən
tolerant münasibət bəslənilib. Bu münasibət, təbii
ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və
formalaşdırılması da mümkün deyil. Çünki
tolerantlıq hər kəsin fərqli ifadə tərzinə
hörmətlə, ziddiyyət təşkil etsə belə
onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə
Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri,
tarixi ənənələri və bütövlükdə
türk millətinin xarakteri ilə bağlı olan məsələdir.
Azərbaycandan ABŞ-a demokratiya dərsi
Dünyada
müsəlman dövləti kimi tanınan Azərbaycanda
müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər
qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş
və vətəndaşlığı olmayan insanlar
yaşayır. Kimsə dini əqidəsinə, milli mənsubiyyətinə
görə burada təzyiqə məruz qalması, yaxud hər
hansı bir pis münasibətlə üzləşməsindən
giley belə etməyib. Bu da ondan irəli gəlir ki, Azərbaycan
tarixən tolerant münasibət sərgiləyən bir
ölkə olub.
Bu
sahədə Azərbaycan demokratiya carçısı kimi
tanınan Avropa və ABŞ-a nümunə olacaq bir dövlətdir.
Azərbaycan torpaqlarını işğal edən ermənilər
dini etiqad baxımından xristiandır, amma nə Bakıda nə
də ölkənin digər bir bölgəsində
xristianların dini heysiyyatlarını təhqir edən
xırda bir hərəkətə belə yol verilməyib. Bu
baş versə belə Azərbaycan dövləti belə
addımları cəzalandırmaq gücündədir. Demokratiya
və insan haqlarından dəm vuran ABŞ-da isə
keşiş cildinə girən biri müsəlmanların
müqəddəs kitabını yandırır və cəzasız
qalır.
Hardasız ay din aşiqləri?
Dünya
müsəlmanları bu hərəkətə etirazını
bildirdi. Hətta etirazın həddini aşıb qəzəbini
günahsız insanları qətlə yetirməklə
soyudanlar da oldu. Baş vermiş hadisə ilə bağlı
etiraz aksiyası keçirməyən dindarlar məmləkətindən
biri də Azərbaycan oldu.
O Azərbaycan
ki, qanunvericiliyə uyğun məktəbli qızlara hicabı
qadağan etməyə, lisenziyasız məscidlərin
qapanmasına görə özünü radikal dindar
adlandıranlar yaxa cırıb, qan tökürdülər. Bəs
indi hardaydı onlar? Axı islamın müqəddəs
kitabı təhqir olunmuşdu? Niyə küçəyə
çıxmadılar? Niyə təhsil nazirliyinin
qarşısında olduğu kimi ABŞ səfirliyi
qarşısında da qəfləti aksiya keçirmədilər?
Əslində cavablar aydındır.
Azərbaycan
tolerant, dünyəvi respublikadır. Burada heç bir normal
dini düşüncəyə qadağa yoxdur. Əksinə əhalinin
böyük himssəsi müsəlman olduğundan İslam
dininə xüsusi rəğbət və ehtiram var. Xarici təsirlərlə
meydanlara çıxan dindarların əvəzindən isə
Azərbaycandan ucalan haqq səsinin müəllifi Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban Əliyeva oldu.
Tanrı haqqı
Müqəddəs
kitabın yandırılmasını "dindarlar"ın
susqunluqla qarşıladığı bir məkanda və
zamanda Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu çərçivəsində keçirilən
"Qadınlar: Mədəniyyətlərarası Dialoqun Əsas
Təmsilçiləri" sessiyasındakı
çıxışında Mehriban xanımın etirazı
eşidildi: "Bəzi qüvvələr insanların müqəddəs
hissləri ilə oynayırlar. Bütün dinlər bir-biri ilə
çox yaxındır, ən müxtəlif dinə
tapınan biz insanlar bir Tanrıya dua edir. Dualarımızın
mahiyyəti də eynidir. Təəssüf ki, bu gün
insanlıqla bir araya sığmayan bir faktla üzləşmişik.
Özünü din xadimi adlandıran bir nəfər müqəddəs
Qurani-Kərimi yandırıb. Bu hərəkətə nə
ad vermək olar? Onun məqsədi nədir? Bu, hansı
qüvvələrin sifarişidir? Çox təəssüf
edirəm ki, beynəlxalq ictimaiyyət müqəddəs
Quranın yandırılması faktına reaksiya verməyib,
münasibət bildirməyib".
Ölkənin
ali zirvəsindən edilən kifayət qədər sərt
bir bəyanatdır. Digər İslam ölkələrində
baş vermiş xoşagəlməz hadisəyə
çılğın və başıpozuq reaksiya göstərilmişdisə
Azərbaycanda bu rəsmi və sivil qaydada edildi. Həm də
okeanın o tayına demokratiya və insanın Tanrı
inancına hörmətin qorunmasının nə demək
olduğu izah olundu.
Çingiz
Ədalət.- 2011.- 12 aprel.- S. 2.