BİRİNCİ OLMAQ SƏADƏTİ

 

Valideynlərimin dediyinə görə, danışmağa başlayanda ilk sözüm "Qaqarin" olub. Təbii qarşılayın, 1961-ci ilin aprelində yaş yarımlıq bir körpə ətrafında hər kəsdən "kosmos", "kosmonavt", "sputnik", "Qaqarin" kəlmələri eşidərsə, nə ola bilər? O vaxtlar Moskvada oxuyan atamın qucağında ölkə paytaxtının küçələrini gəzərkən coşqu, sevinc içində bir-birini salamlayan insanlardan eşitdiyim sözlərin içindən məhz "Qaqarin"i seçmişəm. Bəlkə də uşaq dilinə yatımlı söz olduğu üçün. Və təbii ki, ilk sözlərimi, nə də həmin o ilk uçuşu xatırlamıram.

(Bir dəfə mənə danışmışdılar ki, Qaqarin uçanda bütün radiolar Levitanın səsi ilə bu xəbəri verdiklərindən ilkin olaraq "Vnimanie! Vnimanie! Qovorit Moskva! Rabotayut vse Radiostansiyi Sovetskoqo Soyuza!" sözünü eşidəndən sonra çox adam qorxub ki, yəqin müharibə başlayıb). Amma düşünürəm ki, Qaqarin seçim məsələsində hər zaman şanslı olub. Əslində o, həm taleyin, həm tarixin, həm də planetin seçilmişi idi. İndi kimsənin tükünü də tərpətməyən Kosmonavtika günü ərəfəsində mən həmin təqvim tarixinin təntənə ilə qeyd olunduğu vaxtları da yada salıram. Bir vaxtlar uşaqların kosmonavt olmaq arzularını yada salıram. Hamının əzbər bildiyi familiyaları yada salıram. Kosmosu ilkin fəth eləmiş böyük Sovet xalqının sülhə inamını yada salıram. Təbliğat vasitələri o qədər effektli işləyirdi ki, müharibədən ən böyük itkilərlə, dağıntı ilə çıxmış vətəndaşları inandırmışdılar ki, Kosmosun kimin nəzarətində olması həm də sülhə təminatdır. Yəqin ki, yalan da deyildi. Və o vaxtlar birinci kosmonavtı alqışlayan insanlar əslində gələcəkdə hər raketin uçuşu ilə azadlıqlarının nə qədər qısıtlandığının fərqinə varmırdılar. Heç kosmonavtlar özləri də fərqinə varmırdılar. Birinci kosmos fatehləri guya nəyə görə uçduqlarını bilirdilərmi? Bildikləri bir həqiqət vardı - bu sahədə amerikalıları keçmək. Hətta 12 aprel tarixinin seçilməsi də Amerika ilə bağlı idi. Gizli məlumatlar okeanın o tayında uçuş hazırlıqlarından xəbər verirdi. Baş konstruktor Sergey Korolyova "Vostok" gəmisini fəzaya amerikalılardan daha tez buraxmaq əmri verilmişdi. Aprelin 11-17-si arası uçuş gerçəkləşdirilməli idi.

İlkin olaraq müxtəlif aviasiya polklarından 20 cavan pilot seçilmişdi. Ümumi cəhətləri qısaboylu olmaqları imiş. Bu parametr Korolyovun istəyi idi. Kosmik raketin içində kosmonavtın oturacağı yer çox da böyük deyildi. Raket insan uçuşu üçün yox, nüvə başlığını daşımaq üçün nəzərdə tutulmuşdu. 20 nəfərin içindən 6-sı ilk kosmonavt dəstəsinin siyahısına düşür. Bu altılığın içindən isə 2 nəfər axıra qalır. Kosmodromda dövlət komissiyasının iclasında iki familiya səslənir: Qaqarin və Titov. Bu iki nəfər isə son ana qədər kimin adının ilk kosmonavt kimi tarixə keçəcəyindən xəbərsiz olub. Mənə elə gəlir ki, ruslar tarixə keçəcək soyadın həm də tarixi olması faktorunu nəzər alıblar. Qaqarinlər Rusiyada məşhur knyaz nəslidi. Amma kosmonavtın bu nəslə aid olub-olmadığını bilmirəm.

Yuri Qaqarin 1934-cü ilin 9 martında Smolenski ətrafı əyalət kəndlərindən birində doğulub (burda da bir şans məsələsi var. 8 Mart Qadınlar bayramında doğulsaydı bəlkə də şöhrətinə kölgə düşərdi). Uşaqlığı alman işğalı dövrünə təsadüf etdiyindən orta məktəbi doğru-düzgün oxuya bilməyib. Bu səbəbdən peşə məktəbinə getməli olub. Aviasiya məktəbinə daxil olanda isə boyunun balaca olması tibb komissiyasını tərəddüddə qoyub. Sonralar məşq uçuşlarında təyyarəni yerə endirən zaman zolağı daha yaxşı görmək üçün oturacağını döşəkçə ilə hündürləşdirirmiş. Həmin döşəkçəni də hər zaman özü ilə gəzdirirmiş. Qəribədir ki, uçuşa mane olan bu keyfiyyət sonra onun seçilməsində məziyyət olur. Qaqarin bəxti gətirən adam idi.

Bu gün milyonlar ödəyib turist kimi Kosmosa çıxmaq şansı olan insan övladı üçün hər şey adiləşib. Amma o vaxt 1961-ci ilin aprel günlərində insanın Kosmosda özünü necə aparacağını kimsə bilmirdi. Psixoloqlar və həkimlər Korolyovu inandırmışdılar ki, Yerdən uzaqlaşan və öz doğma planetinə kənardan baxacaq insan ağlını itirə bilər, gəmidəki idarəetmə sistemini qarışdıra bilər. Məhz bu səbəbdən sistemi blok edirlər və şifr yazılmış paketi kabinəyə qoyurlar. Əgər pilotun ağlı yerində olsa paketi aça biləcək və əlahiddə vəziyyətdə sistemi idarə edəcək. Əvvəlcədən ilk uçuş haqqında SİTA-nın üç məlumatı hazırlanır. Birinci variantda təntənəli, uğurlu uçuş məlumatı. İkinci halda raket orbitə çıxa bilməsə, tayqa və ya okeanda harasa düşsə kosmonavtın axtarışı üçün müxtəlif ölkələrə müraciət və üçüncü variant kosmonavtın faciəli şəkildə həlak olması haqqında məlumat. Xoşbəxtlikdən ikinci və üçüncü variant lazım olmur.

108 dəqiqə çəkən uçuş və ondan sonra sadə kəndli balasının başına yağan şöhrət yağışı. XX əsrdə kimsənin şöhrətini onunla müqayisə etmək olmur. Onu tanıyanların dediyinə görə, Qaqarin şöhrət imtahanından üzüağ çıxa bilmişdi. Dünyanın çox məşhur adamları onunla görüşüb əlini sıxmağı şərəf bilirdilər. Dünyanı idarə edən Tanrı başçıları da dünyaya kənardan baxmış insana Tanrı kimi baxırdılar. Bu şöhrətin ağırlığını daşımaq böyük igidlikdi. Ətrafında hər kəs sənə heyranlıqla, müqəddəs bir kimsə kimi baxırsa, ağlın çaşa bilər. Sənin təbəssümün dünyanı məftun edirsə, sən özün də bu cazibəyə qapıla bilərsən.

Məşhur təbəssümü ilə bərabər alnındakı çapıq da onun sifət cizgilərini bənzərsiz edirdi. Bu çapıq haqqında da o dövrün qəzetçiləri müxtəlif cür yazırlar. Deyirlər ki, Krımda dincələn kosmonavt dənizdə batan uşağı xilas edəndə alnı qayaya dəyib parçalanır və həkimlər onun həyatını xilas eləməli olurlar. Bir başqaları da yazırlar ki, sanatoriyada bir tibb bacısı ilə özəl münasibətləri olur. Görüşdükləri otağa qəfildən kimsə girəndə qadını pis vəziyyətdə qoymamaq üçün ikinci mərtəbənin pəncərəsindən tullanmalı olur. Eniş bu dəfə uğursuz alınır. Gül ləklərini çevrələyən kərpiclər alnını dağıdır. Birinci kosmonavt dəstəsinin kuratoru Kamanin xatirələrində yazır ki, "Qaqarini qan içində görəndə qorxumdan intihar haqqında da düşündüm. Onu xilas eləmək mümkün olmasaydı, yəqin ki, edərdim də". Az sonra partiya qurultayının qonağı olan Qaqarin və Titovun şəkillərini çəkmək qəzetçilərə qadağan olur və KQB əməkdaşları buna xüsusi diqqət edirlər.

Yenə deyilənlərə görə, öz "Volqa"sı ilə qırmızı işıqda keçib bir təqaüdçünün köhnə "Pobeda"sını vurur. Hadisə yerinə gələn milis işçisi təbii ki, Qaqarini tanıyıb farağat durur və "günahkarı" cəzalandıracağını söyləyir. Qaqarini başqa maşınla hadisə yerindən uzaqlaşdırırlar. Amma özünün yox, günahsızın cəzalanacağından ehtiyat edən Qaqarin yenidən ora qayıdır və günahlarını yumağa çalışır. Maşını dağılan təqaüdçünün pulunu verir, onu cəzalandırmağa qoymur. Bu olaydan sonra xarakterində çox şeylər dəyişməyə başlayır. Şöhrətin məstedici havasından ayılmağa çalışır.

Kosmonavt Vladimir Komarovun həlak olması isə bütün kosmonavtları, ilk növbədə Qaqarini silkələyir. Komarovun uçuşunda dublyor o olmalı idi. Yəni həmin vaxt Komarovun yerinə Qaqarin də uça bilərdi. Kosmosdan ölüm qoxusu gəlməyə başlayır. Bəşəriyyətin ilk kosmonavtını belə hadisələrdən sığortalamaq qərarı alınır və ona uçuş yasağı qoyulur. Kosmonavtların hazırlıq mərkəzinə rəis vəzifəsini Qaqarinə tapşırırlar. Bu Qaqarin isə artıq uşaq təbəssümü ilə hamıya baxan leytenant deyildi. Hamıya cavabdeh olan, məsuliyyət daşıyan polkovnik Qaqarin idi. Yeni eksperimental stansiyanın proyekti üzərində qızğın iş gedir. Və onu sakitləşdirmək üçün adını ekipajlardan birinin siyahısına salırlar. Yeni uçuşa hazırlıq həyatının mənasına çevrilir. Dünyanın bütün ölkələrində gül-çiçək, sevgi heyranlıqla qarşılanan dünya oğlunun həyatında adi günlər başlayır. Hər dəfə Kosmosa çıxan yoldaşlarına uğurlu uçuş arzulayan Qaqarin özünün də yenidən uçacağına inanır. Amma yuxarıların qərarı qəti idi. Ölkənin simvollarından birinə çevrilmiş bu cavan oğlanı hər vəchlə qorumaq lazım idi. Yenə deyilənlərə görə, həmin dövr onun həyatında depressiya başlayır və içkiyə meyillənir. Sağlığında müqəvvaya çevrilmək qorxusu onu təqib edir...

Bəzən mənə elə gəlir ki, hər şey yadımdadı. 1961-ci ilin aprel ayı, Moskva küçələri. Atamın boynuna sarılıb ətrafdakı adamların coşqusunu seyr edirəm. "Kosmos", "kosmonavt", "Qaqarin" sözlərini eşidirəm. Birinci sözümü seçirəm - Qa-qa-rin! Təbii ki, yaşyarımlıq uşağın bunları xatırlaması mümkün deyil. Mənə danışılmış söhbətlərin təəssüratıdı. Bir kinoxronikanın. Sovet hakimiyyətinin tarixində görünməmiş bir hadisə - gənc bir leytenantın şərəfinə Moskvada nümayiş keçirilir. Ölkənin başçısı onunla bir maşında xalqı salamlayır. Yox, deyəsən, səhv elədim. Mənim uşaqlığımda dövlət başçısını Qaqarinin yanında göstərməzdilər. Brejnevin zamanı idi Xruşşovun adına yasaq qoyulmuşdu. Bütün görüntülərdə Xruşşov kəsilib atılırdı. Böyüklər danışırdılar ki, bax, təyyarənin trapından düşən Qaqarini Xruşşov qarşılayıb, maşında da yanında odu. Amma uzun müddət Nikita Sergeyeviçin görüntüləri rəfə qoyulur. Brejnev bu şöhrəti onunla bölüşə bilmir. Amma tarix tarixdi. Hər şeyi özü öz yerinə qoyur. Bunları söhbətlərdən xatırlasam da Qaqarinin həlak olma xəbərinin televizordan oxunmasını unuda bilmirəm. Bu, bir şok idi. o zaman onun ölümünə kədərlənməyən, təəssüflənməyən Sovet insanının olduğuna inanmıram. 1968-ci ilin mart ayının 27-si. 2-ci sinifdə oxuyurdum. Yadımdadır ki, məktəbdə söhbət ancaq bu barədə idi. Qaqarin martda doğulub, martda həlak olub. Bir neçə il bundan əvvəl Rusiyada Qaqarinin 75 illiyini qeyd elədilər. Mən düşünürəm ki, hər halda Kosmonavtika günü bizim, o zamankı Sovet insanlarının hər birinin günüdü. Ən azından neçə illər Kosmodromda bütün kosmonavtların hərbi salam verib qarşısından keçdikləri insan azərbaycanlı olub.

... İndi bu hadisələrin üstündən uzun illər keçib. Qaqarinin ölümü ilə bağlı çox müxtəlif versiyalar səsləndirilir. Hətta həmin qəzada ölməyib guya sağ qaldığını iddia edənlər də olub. Sınaq uçuşunda qırıcı təyyarəni içkili vəziyyətdə idarə etdiyini də deyiblər. Ancaq bütün bunlar o qədər əhəmiyyətsiz məsələlərdi ki... Görünür, tale onu adiləşib hamıya tay olmaqdan bu şəkildə qorumuşdu. Şəkillərdən bizə baxan xoş təbəssümünü bu şəkildə qorumuşdu. Tale onu Birinci eləmişdi. İndi Kosmosda stansiyalar da var, kosmonavtlar uzun illər orda yaşaya da bilirlər, Yerin ətrafında minlərlə süni peyk fırlanır. Həmin peyklərin vasitəsilə biz dünyanın hər bir ucqar nöqtəsində nələr baş verdiyindən xəbər tuturuq, internetə qoşuluruq, mobil telefonla danışırıq. Xüsusi xidmət orqanları hər hərəkətimizə nəzarət edə bilir, azadlığımız bu şəkildə qısıtlanır. Deyə bilmərəm ilk kosmonavtların bunların olacağından xəbəri vardı, ya yox, onlar öz işlərini yerinə yetirirdilər, dövlətin mənafeyini qoruyurdular. Bəzən canları bahasına. Hər uçuş zamanı kosmik fəza zibillənir, çirklənir. Yer kürəsinin anasını ağlatdı Yer övladı, indi də göylərə əl uzadır. Dua üçün yox, dağıtmaq üçün. Amma xoş təbəssümlü o cavan oğlanın bütün bunlara dəxli yoxdu. Birinci olmaq səadətini tale ona vermişdi, onu seçmişdi. Elə mən də...

 

 

İradə TUNCAY

 

Ədalət.- 2011.- 12 aprel.- S. 3.