BƏRDƏ - ONU SEVƏNLƏRİN ŞƏHƏRİ...

 

Rəhbərlik camaat əlbir olanda

 

Son vaxtlar yolu Bərdə şəhərindən düşənlər əvvəl-əvvəl çaşıb qalırlar. Küçələrdə, meydanlarda insanların, maşın-mexanizmlərin coşğulu hərəkəti qeyri-adi mənzərə yaradır. Əslində diqqət yetirib məsələnin mahiyyətini öyrənincə, hər kəsin qəlbində xoş ovqat yaranır, gözəl təəssüratların ilkini başlayır. Axı bura Bərdədir. Qədim dövrlərdən bu günlərimizə qədər min illərlə yol gələn məşhur Azərbaycan şəhəri, Qarabağımızın şanı-şöşrəti! Ötənlər, keçənlər, olanlar bəs etmir bu qədim yurda. Heç bəzi məqamlarla razılaşmırlar bərdəlilər. Bu şəhərə yaraşdırmırlar çox şeyləri. Elə bu səbəbdən də rayonun yeni icra başçısı Vidadi İsayevin çağırışına, demək olar ki, kəndli-şəhərli bütün rayon camaatı qoşulub. Hamı yaşadığı kəndin, şəhərin təmizliyi, abadlığı üçün nəsə bir iş görmək istəyir, hamı özünü bu ümumrayon tədbirlərinin fəal iştirakçısı kimi düşünür. Ən azından istək və arzuları, sevinci, duaları ilə.

Çoxdan tanıdığımız Vidadi müəllim qonşu Tərtər rayonunda da camaatla əl-ələ verərək geniş miqyaslı tədbirlərin təşəbbüskarı olub. Bütün hallarda xalqa, dövlətçiliyə və prezidentə sədaqət görülən işlərlə şərtlənir, göstərilən yüksək etimad qazanılan real uğurlarla doğrulur. Bu gün Bərdədə də məhz belə bir gözəl əhval-ruhiyyə hökm sürür və hamı gələcəyə daha böyük inamla baxır.

 

2000 İL BUNDAN ƏVVƏL BAĞDADA BƏNZƏDİRDİLƏR

 

Bəzən adam başqa bir cəhətdən də təəccüblənir. Nədən Bərdədə tarixi-mədəni abidələrə bu dərəcədə həssaslıqla yanaşılır? Təbii səbəbdir. Axı Bərdə ən qədim yaşayış məskənlərindən biri olmaqla yanaşı, elə də geniş arxeoloji qazıntıların, tədqiqatların aparılmadığı yerdir. Baxın, hələ az miqdarda tapılmış arxeoloji materiallar Bərdənin hansı dövrlərinə işıq salır, onun əzəmətini əks etdirir. Makedoniyalı İsgəndər, Selevkilər, Roma imperatoru Avqust dövrünə aid pullar Bərdənin hələ eramızdan əvvəllər ellin ölkələri ilə əlaqələrini göstərir. İran tarixçisi Həmdullah Qəzvini Bərdənin Makedoniyalı İsgəndərin dövründə (e.ə. 336-23-cü illər) salındığını yazmışdır.

Xəlifə Osmanın və Əməvi xəlifəsi Müaviyənin dövründə Bərdə artıq ərəb qoşunları tərəfindən tutulmuşdu. Həmin vaxtlar Bərdə şəhərinin əhalisi 100 min nəfərdən çox olub.

VIII-IX əsrlərdə Bərdə mühüm ticarət və mədəniyyət mərkəzi idi. Xilafətin paytaxtı Bağdad şəhərini Azərbaycanla birləşdirən ticarət yolları həm də Bərdədən keçirdi. Bu səbəbdən də Azərbaycanın şimalında şəhərlərarası məsafələr Bərdədən hesablanırdı. Ərəb müəllifləri Bərdəni "Arranın anası", "Azərbaycanın Bağdadı" adlandırırdılar.

Hazırda Bərdə rayonu ərazisində eramızın əvvəllərindən XIX əsrə qədər tikilib müəyyən görkəmləri ilə saxlanılan 20-dən çox tarixi və mədəniyyət abidələri qorunub saxlanılır. Məsələn, el arasında Nüşabə qalası deyilən Bərdə türbəsinin 800, Torpaq Qala adlandırılmış köhnə şəhər divarlarının isə 1500 ilə yaxın yaşı var. Eləcə də V əsrin yadigarı Qarı körpü, VII-IX əsrlərə aid olan Tərtər çayı üzərindəki körpünün qalıqları.

 

SON BİR AYDA 200.000 AĞAC VƏ GÜL KOLU

 

VƏ YA "BU PALMA DA MƏNDƏN HƏDİYYƏ..."

 

İndi Dövlət Proqramının icrası tədbirlərində Bərdənin sosial iqtisadi inkişafına xüsusi önəm verilməklə və rayon mərkəzinin modernləşməsini sürətləndirməklə yanaşı, onun qədim tarixi keçmişinin daha diqqətli və səmərəli öyrənilməsi, mövcud abidələrin bərpası və qorunması istiqamətində də geniş işlər aparılır.

Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası yüksəlişin Azərbaycan modelinin tərkib hissəsi olaraq xalq tərəfindən böyük maraq doğurur və dərin razılıqla, sevinclə qarşılanır. Bu səbəbdəndir ki, müəyyən olunmuş tədbirlərin icrasında hamı fəal iştirak etməyə, hər kəs öz töhfəsini verməyə çalışır.

Məlumdur ki, 2010-cu il Ekologiya ili kimi qeyd olundu. İl ərzində bu işə ciddi yanaşılmadığından rayonun yeni rəhbərliyi bütün məsələlərlə yanaşı şəhərin yaşıllaşdırılması tədbirlərinin daha effektiv şəkildə davam etdirilməsini vacib bilmiş, bütün bunlar əhali tərəfindən rəğbətlə qarşılanmışdır.

Aprel ayının əvvəllərinə kimi təkcə Bərdə şəhərinin ərazisindən 1500 maşın yükündə tullantı təmizlənərək daşınmışdır.

Son bir ay ərzində şəhər və ətrafında 200 min ədəd (!) bəzək və meyvə ağacları, gül kolları əkilmişdir.

Burada çox maraqlı və ibrətamiz faktlar da diqqəti çəkib. Rayon rəhbərliyinin elə ilk günlərdən yorulmadan şəhərdə qurduğu planlı abadlıq və quruculuq işlərinə dəstək verən, bütün bu xoş tədbirlərdən ruhlanan bərdəlilər bəzi hallarda həyətlərindəki bahalı dekorativ ağaclardan da gətirib küçələrin, meydanların gözəlləşdirilməsinə hədiyyə edirlər.

Hazırda təkcə rayon mərkəzinin abadlıq, quruculuq və müasirləşdirmə işlərinə 360 briqada cəlb olunub. Yerli işçi qüvvəsi bəs etmədiyindən, digər rayonlardan da sənətkarlar dəvət edilib.

Şəhərin ucqarlarından sonra, kəndlərin də qazlaşdırılması işi sürətlə davam etdirilir.

Şəhərin işıqlandırma sistemi yenidən qurulur. Bəzək və müasirləşdirmə tədbirlərində yerli məmulatlardan daha çox istifadə olunur.

145 min nəfər əhalisi olan Bərdə rayonununun elektrik, mavi qaz yanacağı və içməli su təminatı bu yaxınlaradək ən problemli sahələr kimi narahatlıq yaradırdı. Hazırda əksər yerlərdə fasiləsiz təminat bərpa olunub və bu istiqamətdə daha effektiv tədbirlər görülür.

İnsanlarda çox doğma və təəssübkeş bir inam yaranıb: həmişə adı qürurla, iftixarla çəkilən qədim Bərdənin keçmiş şöhrəti qayıdır axı deyəsən!

 

BU SÖHBƏT BİTMƏDİ, DAVAM EDƏCƏK...

 

Görürsünüz səhifədə digər məsələlərə yer qalmadı. Bir çox faktlar, rəqəmlər, göstəricilər indən belə daha sürətlə yeniləşəcək, uğurlara işıq salacaq yəqin ki. İndi yer qalmasa da, vaxtımız ki qalır. Qoy 2-3 üç ay da keçsin, biz bu şəhərə bir də qayıdarıq. Qədimliklə müasirliyin qovuşduğu doğma Bərdəyə...

  

  

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 12 aprel.- S. 7.