Azərbaycanlı ifaçının Böyük Britaniyada qələbə yürüşü

 

Emin Ağalarovun albomu CITY BEAT radiosunda lider oldu

 

Tanınmış azərbaycanlı müğənni bəstəkar Emin Ağalarovun (EMIN) "Wonder" albomu Böyük Britaniyada uğur qazanmaqda davam edir. ANS PRESS-in müğənninin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, albom Britaniyanın məşhur CITY BEAT radio dalğalarında həftənin lideri olub.

Qeyd edək ki, martın 28-dən etibarən Londonda Emin Ağalarovun "Wonder" albomunun satışı təşkil edilib. İngiltərədə yazılmış albomda yer almış 12 mahnıdan 9-nun müəllifi Emin Ağalarovun özüdür. Albomda yer almış "Obvious" hiti bu günlərdə Britaniya radiostansiyalarının hit-paradlarında lider mövqedədir. Mahnını 60 milli regional stansiyalar səsləndirir. "Obvious" ötən ay İngiltərədə səsləndirilən 25 mahnının içində olub. Britaniyanın BBC-2 radiostansiyası bu mahnını hər gün bir neçə dəfə səsləndirir.

Onun "Wonder" diski artıq bir sıra ölkələrdə, o cümlədən Rusiya, Ukrayna təbii ki, Azərbaycanda musiqisevərlərə təqdim edilib. Bəstəkar müğənninin hədəfi indi digər ingilis dilli ölkələrdir.

 

 

Ədalət.- 2011.- 12 aprel.- S. 8.