TANINMAYAN
TANIDIĞIM
Natiq Səfiyev reklamdan çox
yaradıcılığa üstünlük verir
Bu
günlərdə yaradıcılığına və
insanlığına çox böyük önəm verdiyim dəyərli
ziyalılarımızdan biri şair Ramiz Məmmədzadə
telefon söhbəti zamanı sözarası soruşdu ki, Natiq
Səfiyevi tanıyırsan, yoxsa yox. Mən təbii ki, bu imza
ilə qarşılaşdığımı, ancaq söhbətin
konkret kimdən getdiyini bilmədiyimi söylədim. Elə
Ramiz müəllim də özünəməxsus şəkildə
vurğuladı ki, Natiq həqiqətən zəhmətkeş,
tərcümə işini gözəl bilən, böyük
pedaqoji təcrübəsi olan ziyalıdır və eyni
zamanda, həm də birlikdə ali təhsil alıblar. Necə
deyərlər, onu özü qədər tanıyır və
istəyir ki, bu dəyərli insanla mən həmsöhbət
olum və onu yaxından tanıyım.
Təbii
ki, bu təklif ürəyimcə oldu və Ramiz müəllimin
məsləhəti ilə Natiq Yusif oğlu Səfiyevlə
redaksiyamızda üz-üzə oturduq. Öncə bir-birimizin
barəsində bir balaca fikir mübadiləsi etdikdən sonra
onun razılığı ilə diktafonu ortaya qoydum:
-
Natiq müəllim, gəlin sizi oxuculara elə öz sözlərinizlə
təqdim edək.
- 1939-cu
ilin mart ayının 21-də Bakı şəhərində həkim
ailəsində doğulmuşam. 1957-ci ildə Quba rayon Alpan kənd
orta məktəbini bitirmişəm, sonra həyatımın əməklə,
zəhmətlə bağlı illəri başlayıb.
Öncə Bakı Teleqrafında korrektor işləyib, bir il
sonra isə o vaxtkı APİ-nin İbtidai təhsilin
pedaqogikası və metodikası fakültəsinə daxil
olmuşam. İnstitutu bitirib, Neftçala rayonundakı 1
nömrəli məktəbə işləməyə göndərildim,
oradan da ordu sıralarına çağırıldım. Elə
orduda da yaradıcılığa olan meyillərim
özünü göstərməyə başladı. İlk
məqalələrim məhz xidmət etdiyim diviziyanın
"Keşikdə" qəzetində işıq üzü
görməyə başladı. Ordudan təxris edildikdən
sonra Abşeron rayonunda müxtəlif vəzifələrdə
işləməyə başladım. Pioner və məktəblilər
evinin müdiri oldum. Bu iş mənə imkan verdi ki,
"Abşeron" qəzeti ilə əməkdaşlıq
edim. Necə deyərlər, illər ötdükcə həyatımda
da bir-birini əvəzləyən dəyişikliklər
baş verir, müxtəlif vəzifələrə irəli
çəkilirdim. Sonra məktəb direktoru, direktor
müavini, komsomol işçisi və s. vəzifələri
icra etdim. Amma ixtisasımı dəyişmək istəyi mənə
rahatlıq vermirdi. Ona görə də yenidən M.F.Axundov
adına Rus dili və Ədəbiyyatı İnstitutunun II
kursuna qəbul olundum. İnstitutda oxuduğum illərdə
qiyabi təhsil aldığım üçün əmək
fəaliyyətimi də davam etdirirdim. Demək olar ki, 1972-ci
ildən 2008-ci ilə qədər Xırdalan şəhərindəki
1 saylı məktəbdə rus dili və ədəbiyyatından
dərs dedim. Burada rus dili kabineti, dostluq muzeyi yaratdım. Dəfələrlə
qəsəbə sovetinin deputatı seçildim, yerli və
Ali məhkəmədə xalq iclasçısı oldum. Amma
bu ictimai işlərin çoxluğuna baxmayaraq, mən öz
yolumu axtarır, ürəyimə hakim kəsilmiş
yaradıcılığım, daha çox isə tərcümə
işinin qulpundan yapışırdım. Onu da deyim ki, müəllim
kimi işlədiyim illərdə 14 respublika, 6 ümumittifaq
elmi-praktik konfranslarda məruzələrlə
çıxış etmişəm. Çoxlu mükafatlar,
diplomlar, fəxri fərmanlar almışam. Müsabiqələrin
istər beynəlxalq, istər ümumittifaq, istərsə də
respublika müsabiqələrinin iştirakçısı
olmuşam. SSRİ Pedaqoji Elmlər Akademiyasının
keçirdiyi müsabiqəsində II yeri tutmuşam,
ümumiyyətlə isə çoxlu sayda
yaradıcılıq diplomlarının, döş
nişanlarının sahibi olmuşam, "Qabaqcıl maarif
xadimi", "SSRİ maarif əlaçısı"
adlarına layiq görülmüşəm. AYB-nin və
AJB-nin üzvüyəm.
-
Natiq müəllim, sizin pedaqoji fəaliyyətiniz
çoxşaxəli və necə deyərlər, kifayət qədər
zəngindir. Fəaliyyətiniz dövründə rus dili
müəllimlərinə kömək məqsədi ilə
metodik kitablar da hazırlayıb çap etdirmisiniz, məqalələriniz
müttəfiq respublikalarda, o cümlədən
Bolqarıstanda, eləcə də ingilis, fransız, alman dillərində
də çap edilibdir. Təkcə son illərdə 7
kitabınız işıq üzü görüb. Bu
kitabların da böyük əksəriyyəti sizin tərcümənizdir.
- Bəli,
keçən əsrin 80-ci illərində müəllim
yoldaşlarımdan biri mənə bolqar və rus dillərində
çap edilən "Kartinnaya qalereya" jurnalının iki
illik nömrələrini hədiyyə etdi. Jurnalları
gözdən keçirəndə bolqar
yazıçılarının hekayə və
nağılları diqqətimi çəkdi. Ürəyimin
hökmü ilə onları tərcümə etməyə
başladım. İlk tərcüməm bolqar
yazıçısı İvan Boqdanovun
"Yazıçı və oğlan" hekayəsi oldu.
Hekayə "Abşeron" qəzetində işıq
üzü gördü. Bu məni daha da həvəsləndirdi.
Elə o həvəslə də demək olar ki, işə
daha ürəklə girişdim. Ardıcıl olaraq respublika qəzetləri,
"Azərbaycan təbiəti" və "Azərbaycan"
jurnallarında və digər jurnallarda 40-dan artıq tərcümələrim
çap olundu. Sonra bu tərcümələri iki kitab
halında nəşr etdirdim. Həm də mən həmin
jurnallardan dünyanın ən məşhur muzeyləri, rəssamları,
heykəltaraşları barəsində olan yazıları da tərcümə
edirdim. Sonra "NLO" jurnalının və "Meqapolis
Novosti" qəzetindən də tərcümələr edərək
oxucuların ixtiyarına təqdim etdim. Bir sözlə, bu
iş məni özünə elə cəlb etdi ki, tərcümələrdən
ayrı özümü təsəvvür edə bilmədim.
Təkcə 2010-cu ildən bu ilin əvvəllərinə kimi
dünya yazıçılarının 125 nağıl və
hekayəsini, həmçinin dünya xalqlarının 350-dən
çox nağıllarını doğma dilimizə tərcümə
edib oxucuların ixtiyarına vermişəm. Necə deyərlər,
bu tərcümələr mənə həm ömür bəxş
edib, həm könül rahatlığı, həm də
oxucularımıza mənim könüllü xidmətim
sayıla bilər.
-
Natiq müəllim, sizin imzanız bugünkü mətbuatımızda
kifayət qədər görünməkdədir və bu
özünü təsdiq etmiş imzanın sahibi xidmətinin
qarşılığında nə alıbdır?
- Əvvəldə
də qeyd etdiyim kimi, 1963-cü ildən jurnalistika ilə məşğulam.
Bu illər ərzində istər SSRİ, istərsə də
respublika qəzet və jurnallarında 6000-dən çox
müxtəlif janrda yazılarım işıq üzü
görüb. Mən demək olar ki, jurnalistikanın bütün
janrlarında qələmimi sınamışam. Hətta
1976-cı ildən 1992-ci ilə qədər dövlət
televiziya və radiosu ilə əməkdaşlıq etmişəm.
Radioda 53, televiziyada isə 136 verilişin yayımlanmasında
və səslənməsində mənim əməyim, yəni
təqdim etdiyim süjetlər əsas rol oynayıbdı. Daha
çox isə "Pioner və məktəblilər"
baş redaksiyası ilə əməkdaşlıq etmişəm.
Bax, bütün bunların müqabilində çoxlu diplom və
fəxri fərmanlar almışam. Ancaq təəssüf ki,
müstəqillik dövründə mənim xidmətlərim əlaqədar
təşkilatların diqqətini çəkməyib. Nə
mətbuat günündə, nə də digər əlamətdar
məqamlarda bir dəfə də olsun məni xatırlayıb
sevindirmək istəməyiblər. Təbii ki, bu da mənə
müəyyən qədər təsir edib. Hətta müraciətlərimə
də cavab verilmir. Amma neyləmək olar, görünür bu
mənim taleyimdir və mən də taleyimə boyun əymədən
öz yaradıcılığımla, tərcümələrimlə
məşğulam. Yəqin nə vaxtsa kimlərinsə
yadına düşüb xatırlanaram.
- Bu
illər ərzində gördüyünüz işlərə
görə peşiman deyilsiniz ki?
- Belə
baxanda insan heç vaxt gərək
peşimançılıq hissi yaşamasın. Çünki
artıq nə etmisənsə onu da yaşamısan. Yəni
edilməli olanı etmisən. Ona hansı qiymət verilib-verilməyib
bu başqa məsələ. Amma mənə ağır gələn
odur ki, uzun illər nə Abşeron rayonunun indiki Xırdalan
şəhərində çalışdığım məktəbdə
pedaqoji kollektivdə, nə də rayonun təhsil idarəsində
mənimlə bağlı müsbət fikirləri ortaya qoyan,
bu fikirləri təqdimatlarla gerçəkləşdirən
olmayıb. Sadəcə hamı quru sözlərlə mənə
təşəkkürünü bildirib, işimi tərifləyib,
geniş ictimai və pedaqoji fəaliyyətimi dilə gətirib.
Məktəblilərlə Azərbaycanın
tanınmış söz-sənət adamlarının
görüşlərini keçirməyi, beynəlmiləl
dostluq klublarını yaratmağı, məktəblilər
arasında torpağa, millətə, beynəlmiləlçiliyə
sevgilər aşılamağım sadəcə bir vəzifə
kimi xatırlanıb. Amma heç kim mənə hansısa bir
fəxri ad vermək və yaxud dəyərli bir hədiyyə
ilə adımı çəkmək fikrində olmayıb. Hətta
rayon təhsil şöbəsinin müdiri Nadir Ağayevə
dəfələrlə müraciət etmişəm. O da
öz növbəsində dəfələrlə bildirib ki,
qoy yuxarıdan desinlər, mən də sənə təqdimat
yazım. Başa düşə bilmirəm ki, məni
hamıdan yaxşı tanıyan Nadir müəllimə niyə
kimsə nə isə deməlidir.
-
Maşallah olsun, artıq ömrün 70 ilini arxada qoymusunuz. Sizə
qarşı hansı biganəliklər olmasından
asılı olmayaraq, siz öz istedadınızla
özünüzü kifayət qədər təsdiqləmisiniz.
Bu mənada qarşıdakı illər üçün nələri
düşünürsünüz?
-
Öncə onu deyim ki, həyatımdan, gördüyüm
işlərdən narazı deyiləm. Mən bir vətəndaş
olaraq üzərimə düşən işin öhdəsindən
gəlməyə çalışmışam. Təkcə
son illərdə 7 kitabım işıq üzü
görüb. Barəmdə isə Akif Şahverdiyevin
"Ömrə sığmayan həyat", "Natiq Səfiyevin
biblioqrafik göstəriciləri" ( tərtib edəni
Güntəkin İlyasova), "Qırx il mətbuatda" (tərtib
edəni Hikmət Məlikzadə) və çoxlu sayda məqalələr,
elmi-publisistik yazılar yazılıb. Hətta üç filmə
də çəkilmişəm. Bütün bunlardan başqa
"Həyatımın sevincli anları" rubrikası
adı altında mətbuatda çıxışlar da
etmişəm. Həyatda dostlarımdan, tanış olduğum
xeyirxah insanlardan həmişə səmimiyyət
görmüşəm, uğurlarıma onların necə
sevindiyini hiss etmişəm, heç vaxt var-dövlət hərisi
olmamışam, öz halal əməyimlə
yaşamışam. Dərs dediyim məzunlarla bu
gün də ən doğma adamlar kimi görüşürəm.
Sadəcə yaradıcılığıma, xidmətlərimə
laqeydlik hərdən məni sıxır. Bu da bizim indi
mentalitetimizdə mövcud qüsurlardan bəlkə də
birincisidir. Yəqin nə vaxtsa bu da düzələr. O ki, qadın
sabahkı işlərə... Mənim bircə işim var. O da
qələm və ağ kağızla bağlıdır!..
...Mən
Natiq Səfiyevlə çox məqamlardan, çox mətləblərdən
danışdım və bir daha əmin oldum ki,
ömrünün gözəl çağlarını
yaşayan Natiq müəllim gənclik həvəsi ilə
yazıb-yaratmaq gücündədir. Tanrı bu gücü, bu
həvəsi ona çox görməsin.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 13 aprel.- S. 4