Müdafiə Nazirliyinin xəstəliklərin
monitorinqinin aparılması
laboratoriyasının açılışı oldu
Aprelin
12-də Azərbaycan Müdafiə Nazirliyinin Bakı şəhərində
xəstəliklərin monitorinqinin aparılması
üçün yüksək müasir standartlara cavab verən
laboratoriyasının açılışı olub. ABŞ-ın
Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, açılış
mərasimində ABŞ-ın Azərbaycandakı səfiri
Metyu Brayza, ABŞ-ın Təhlükənin Azaldılması
üzrə Müdafiə Agentliyinin rəhbəri Ken Mayers və
Azərbaycanın hökumət rəsmiləri iştirak ediblər.
Obyektin tikintisi ABŞ Müdafiə Departamentinin Bioloji Birgə
İştirak Proqramının (BBİP) ikitərəfli əməkdaşlıq
çərçivəsində ABŞ hökuməti tərəfindən
maliyyələşdirilib.
Mərasimdə
çıxış edən M.Brayza laboratoriyanın
açılışını alqışlayaraq, bunu
ABŞ-Azərbaycan əməkdaşlığının
genişləndirilməsinin rəmzi adlandırıb:
"Yoluxucu xəstəliklərin yayılmasının
qarşısını almaq üçün amerikalı və
azərbaycanlı yüksək vəzifəli dövlət rəsmiləri
və ekspertlər birgə işləyərək Azərbaycanın
imkanlarını daha da gücləndirirlər. Biz gələcəkdə
də bu sahədə əməkdaşlığımızı
gücləndirmək niyyətindəyik. Birləşmiş
Ştatlar səhiyyənin gücləndirilməsi sahəsində
azərbaycanlı tərəfdaşlarına dəstək
göstərməsinə hazırdır".
Səfirlikdən
verilən məlumatda o da bildirilir ki, ABŞ-Azərbaycan əməkdaşlığının
nəticəsi olaraq Dövlət Baytarlıq Xidməti, Səhiyyə
və Müdafiə Nazirlikləri üçün Azərbaycanın
müxtəlif yerlərində 10 Epidemioloji Monitorinq
Stansiyası tikilib. Müdafiə Nazirliyinin Epidemioloji Monitorinq
Stansiyasının tikintisində isə 1 milyon dollardan
çox vəsait sərf olunub. Bu, BBİP çərçivəsində
istifadəyə verilmiş birinci laboratoriyadır. BBİP
laboratoriyalar Azərbaycanda tam şəkildə fəaliyyətə
başlayandan sonra qısa müddətdə xəstəliklərlə
bağlı məlumatları yerli və ümumrespublika
laboratoriyalarına çatdıracaq.
Ölkə,
region və rayon səviyyəsində xəstəliklərə
nəzarət və diaqnostika imkanlarının gücləndirilməsi
məqsədilə ABŞ Müdafiə Departamenti proqramı
çərçivəsində Birləşmiş Ştatlar
Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Özbəkistan
və Ukrayna hökuməti ilə tərəfdaşlıq
edir. Xəstəliklərin monitorinq və hesabatının
gücləndirilməsi, xəstəliklərin
qarşısının alınması, potensial olaraq yerli əhali
və kənd təsərrüfatına zərər gətirə
bilən xəstəliklərin yayılması təhlükəsi
barədə həyəcan siqnalının tez
çatdırılmasına əmin olması bu və
başqa milli şəbəkələr tərəfdaşların
sistemləri ilə bağlantı yaradacaq.
Ədalət.- 2011.- 13 aprel.- S. 5.