İlham Əliyev:
"Dağlıq Qarabağa
müstəqilliyin verilməsi
mümkünsüzdür"
"Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
prosesində mövqeyimiz
birmənalıdır. Bu
məsələdə beynəlxalq
hüquq normaları tam şəkildə təmin edilməlidir".
APA-nın "AzərTAc"
agentliyinə istinadən
verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci
ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
həsr olunmuş iclasında deyib.
Prezident
bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
qeyd-şərtsiz icra edilməlidir: "Necə ki, Liviya ilə
bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri
bir neçə saatdan sonra icra edilməyə başlanıb. Mən
bu barədə artıq fikrimi bildirmişəm. Bir daha demək
istəyirəm ki, bu, ədalətsizlikdir, ikili standartdır və
bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək
mümkün deyil. Çünki ermənilər tərəfindən
azərbaycanlılara qarşı soyqırımı - genosid
törədilib. Xocalı soyqırımı törədilib. Ermənilər
tərəfindən günahsız insanlar vəhşicəsinə
qətlə yetiriliblər. Nədənsə o zaman dünya
birliyi bizim dərdimizə biganə qaldı. Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınmış əraziləri
uzun illərdir ki, işğal altındadır. Təhlükəsizlik
Şurasının 4 qətnaməsi qəbul edilib, ATƏT-in
qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam
Konfransı Təşkilatı, NATO-nun qərarları -
bütün bunlar işğal edilmiş torpaqlardan erməni
qoşunlarının çıxarılmasını tələb
edir. Ancaq məsələ həllini tapmır. Belə olan
halda haqlı olaraq Azərbaycan vətəndaşları sual
verirlər ki, nə üçün bizə qarşı
münasibət fərqlidir? Bunun səbəbi nədir? Mən
də bu sualı beynəlxalq ictimaiyyətə, beynəlxalq
aləmdə nüfuza malik olan ölkələrə
ünvanlayıram".
Dövlət
başçısı qeyd edib ki, Azərbaycanın ərazi
bütövlüyü bərpa olunmalı, işğala son
qoyulmalı və bu məsələ tezliklə həllini
tapmalıdır: "Çünki Azərbaycan
xalqının səbri tükənməz deyil". Prezident
danışıqlar prosesində Azərbaycanın
mövqeyinin birmənalı olduğunu vurğulayıb:
"Bu mövqe bizim arzularımıza deyil, beynəlxalq
hüquqa əsaslanır və beynəlxalq hüquq hələ
ki, dünyada başlıca meyardır. Biz indi
görürük ki, beynəlxalq hüquq normaları müxtəlif
yerlərdə kobudcasına pozulur. Ona görə də Azərbaycanın
ərazi bütövlüyü bərpa edilməli, heç
bir şərt irəli sürülməməlidir".
İ.Əliyev
vurğulayıb ki, hazırda danışıqlar masasında olan
təkliflər Azərbaycanın ərazi
bütövlüyünün bərpasını təmin edəcək.
Eyni zamanda, məsələ öz həllini Dağlıq
Qarabağda yaşayan insanların və oraya mütləq
qayıdacaq Azərbaycan vətəndaşlarının
muxtariyyət, özünüidarəetmə statusunda
yaşamasını təmin edə biləcək prinsiplər
əsasında tapa bilər: "Bir daha demək istəyirəm
ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi,
yaxud nə vaxtsa bunun edilməsi mümkünsüzdür. Bu,
danışıqlar mövzusu deyil və olmayacaq".
Prezident
bəyan edib ki, Azərbaycan imitasiya, danışıqlar naminə
danışıqlarda iştirak etməyəcək. İlham Əliyev
ölkədə inhisarçılığa qarşı
mübarizəni daha da gücləndirilməsinin vacibliyini
vurğulayıb. Prezident deyib ki, həm idxalda, həm də
ki, daxili istehsalda inhisarçılığa qarşı
mübarizə daha da güclü aparılmalıdır. Bəzi
hallarda inhisarçılıq deyəndə daha çox
idxalla bağlı olan məsələlər yada
düşür. Ancaq son hadisələr, xüsusilə Novruz
bayramı ərəfəsində müşahidə olunan mənzərə
onu göstərir ki, daxildə istehsal olunan malların qiymətlərinin
süni şəkildə qaldırılması halları
baş vermişdir. "Biz dərhal operativ şəkildə
lazımi tədbirləri gördük. Süni şəkildə
artırılan qiymətlərin tənzimlənməsi
üçün lazımi addımları atdıq. Ancaq həm
idxalla, həm də daxili istehsalla bağlı
inhisarçılığa yol verilməməlidir",
prezident bildirib.
Dövlət
başçısı qeyd edib ki, Azərbaycanın bazarı
demək olar ki, kifayət qədər məhduddur. "Əgər
hansısa bir böyük istehsalçı yaranırsa,- biz
istəyirik, maraqlıyıq ki, həm orta və kiçik
sahibkarlıq artsın, həm böyük şirkətlərimiz
olsun və onlar da güclənsin, dövlət tərəfindən
verilən dəstək, siyasi, iqtisadi dəstək artıq
böyük şirkətlərin yaranmasına xidmət
göstərir,- ancaq, böyük şirkət istər-istəməz
inhisarçıya çevrilir, bəzi hallarda öz
maraqlarının təmin olunması üçün qəbuledilməz
addımlar atır", o deyib. İlham Əliyev bildirib ki, belə
olan halda inhisarçılığa qarşı mübarizə
həm idxalda, həm daxili istehsalda daha da güclü
olmalıdır və elə etmək lazımdır ki,
xoşagəlməz hallara yol verilməsin. Bununla yanaşı
prezident vurğulayıb ki, korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin gücləndirilməsi gözəl
nəticələrini verir. Bu siyasət davam etdiriləcək.
"Bu, bizim şüurlu seçimimizdir və görülən
tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.
Biz burada bir neçə amili nəzərə
almalıyıq. Bu mübarizə genişmiqyaslı və
çoxşaxəli olmalıdır. Əlbəttə ki,
inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri
bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha da
güclü olmalıdır", o qeyd edib.
Həmişə
insanlarla təmasda olan zaman, xoşagəlməz hallar
haqqında məlumatlar vermələrini müraciət edən
prezident qeyd edib ki, Azərbaycanda ümumiyyətlə,
bütün sahələrdə ictimai nəzarət daha da
güclü olmalıdır. İslahatların dərinləşməsi
prosesi getməlidir. Bu da antikorrupsiya tədbirlərinin
arasında mühüm əhəmiyyətə malik olan sahədir.
Sağlam rəqabət təmin edilməlidir. Qeyri-sağlam rəqabət
aradan qaldırılmalıdır. Bütün sahələrdə
şəffaflıq təmin edilməlidir. "Bizdə bu sahədə
gözəl təcrübə vardır. Bizdə şəffaflıqla
bağlı məsələlər uğurla həllini
tapır. Azərbaycan Dövlət Neft Fondunu misal gətirmək
olar. Dünya miqyasında ən böyük və müsbət
qiymətlərə layiq olan qurumdur və biz şəffaflıqla
bağlı inkişaf etmiş ölkələrin bir
çoxundan qabaqdayıq. Bu sahədə əldə
olunmuş nailiyyətlər bütün başqa sahələrə
də şamil edilməlidir", prezident deyib. "Bu ilin
birinci rübündə ölkə iqtisadiyyatı uğurla
inkişaf edib və bütövlükdə 1,6% artıb. Ancaq
sevindirici hal isə qeyri-neft sektorunun 5,6 faiz
artmasıdır". Dövlət başçısı
bildirib ki, əsas vəzifə qeyri-neft sektorunu inkişaf
etdirmək, neft-qaz amilindən asılılığı
azaltmaq, beləliklə, ölkə iqtisadiyyatının
şaxələndirilməsinə nail olmaqdır: "Ona
görə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət
göstərilir, ölkədə aparılan sosial və
iqtisadi islahatlar, ilk növbədə bu məqsədə nail
olmaq üçün həyata keçirilir".
Prezident
qeyd edib ki, sənaye istehsalı bütövlükdə 0,3%
artsa da, sənayenin inkişafında əsas məsələ
qeyri-neft sənayesinin 9,8% artmasıdır: "Bu da onu
göstərir ki, qeyri-neft sektoruna qoyulan vəsait,
investisiyalar, sahibkarlara yaradılmış şərait
gözəl nəticələrini göstərib. Bütövlükdə
sənaye istehsalında o qədər də böyük
artımın olmaması neft-qaz sektorunda hasilatda müəyyən
azalmanın səbəbidir. Ancaq bu azalma əlbəttə ki,
müvəqqəti xarakter daşıyır və hazırda
Azərbaycanda neftin hasilatı demək olar ki, yüksək həddə
çatıb və bu səviyyədə qalacaq".
Qaz
istehsalından danışan prezident bildirib ki, növbəti
illərdə qoyulacaq investisiyalar hesabına qaz hasilatı da
artmalıdır: "Narahatedici məsələlərdən
biri odur ki, birinci rübdə inflyasiya 9,1% artıb. Bu, bizi
narahat edir. Ancaq hazırda inflyasiya birrəqəmlidir, elə
etməliyik ki, biz birrəqəmli inflyasiyanın səviyyəsini
saxlaya bilək. Bununla bərabər, əhalinin pul gəlirləri
16%-dən çox artıb. Yəni, əgər biz yenə də
inflyasiyanı əhalinin pul gəlirləri ilə müqayisə
etsək, görərik ki, gəlirlərdə real artım
müşahidə olunur. Əminəm ki, bu meyllər il ərzində
özünü daha böyük həcmdə göstərəcək".
Prezident
deyib ki, ölkədə yığılan valyuta ehtiyatları
34,2 milyard dollara bərabərdir: "Bu istiqamətdə də
bütün tapşırıqlar yerinə yetirilir və
valyuta ehtiyatlarımız artır. Ölkədə
böyük investisiya layihələri icra edilir və bu layihələr
böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm
investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta
ehtiyatlarımızı da artırırıq. Bu,
özlüyündə gözəl göstəricidir. Eyni
zamanda, bu, ölkənin iqtisadi və maliyyə
gücünü göstərir. Əminəm ki, ilin sonuna qədər
ölkənin valyuta ehtiyatları artacaq və bu artım
çox təsirli olacaq". Bütövlükdə iqtisadi
sahədə bütün tapşırıqların yerinə
yetirildiyini qeyd edən prezident birinci rübün
yekunlarının ilin sonuna qədər bu müsbət meyllərin
özünü göstərəcəyini söyləməyə
əsas verdiyini qeyd edib: "Sosial sahədə bütün
proqramlar həyata keçirilir. Bütün sosial məsələlər
həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində
proqram üzrə işlər aparılır. Məktəblərin,
xəstəxanaların, sosial obyektlərin, mədəniyyət,
idman obyektlərinin tikintisi investisiya proqramı çərçivəsində
müəyyən olunduğu kimi icra edilir. Birinci rübün
yekunlarına görə ölkədə orta əməkhaqqı
340 manat səviyyəsindədir. Əgər biz dollarla
hesablasaq, bu, haradasa 430 dollara yaxındır. Bu, yaxşı
göstəricidir. Orta əməkhaqqının artımı
ölkədə həm iqtisadi, həm də sosial sahədə
aparılan siyasətin əlamətidir. Biz bazar
iqtisadiyyatına sadiq olan ölkəyik. Eyni zamanda, sosial məsələlər
də Azərbaycanda uğurla həllini tapır. Əlbəttə,
bunun ən gözəl göstəricisi odur ki, Azərbaycanda
yoxsulluğun səviyyəsi ildən-ilə aşağı
düşür".
Dövlət
başçısı bildirib ki, 2010-cu ilin yekunlarına
görə Azərbaycanda yoxsulluq 9,1% səviyyəsində
olub: "Ümid edirəm ki, bu il ərzində həm
iqtisadi, həm də sosial sahədə görüləcək
işlər nəticəsində, eyni zamanda, bu il
maaşların və pensiyaların gözlənilən
artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində
yaşayanların sayı yenə də azalacaq". Hər bir
ölkədə yoxsulların olduğunu qeyd edən prezident
ölkədə aparılan quruculuq işlərinin, iqtisadi
islahatların, sosial proqramların bu ağır problemin həllinə
imkan yaradacağını qeyd edib: "Bununla bərabər,
bütün regionlarda regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı uğurla icra edilir. Bu ilin birinci
rübündə nəzərdə tutulmuş bütün
investisiya layihələri vaxtında həllini tapır. Birinci üç
ayda regionlarda təxminən on yeddi min yeni iş yeri
açılıb. Bu proses
davam edir. Bütövlükdə birinci
proqramın icrasından
sonra ölkəmizdə
930 min yeni iş yeri açılıb. Sahibkarlara kömək məqsədi
ilə kreditlər ayrılır və bu kreditlər gözəl nəticələrini
verməkdədir. Yəni, regionların
inkişafı proqramı
icra edilir. Regionlara səfərlərim mənə
imkan verir ki, görülən işləri özüm gözümlə görüm
və deyə bilərəm ki, hər bir bölgədə
inkişaf var. Ən önəmlisi odur ki, bu inkişaf
davamlıdır. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik.
Baxmayaraq
ki, son illərdə Azərbaycanda böyük
işlər görülüb,
biz daim inkişaf etməli, daim mövcud problemlərin həlli işində fəal olmalıyıq".
Prezident
bildirib ki, regionların sosial-iqtisadi inkişafı
proqramının icrası ilə bərabər, Bakıətrafı
qəsəbələrin sosial-iqtisadi inkişafı
proqramı da hazırlanır. Bu məqsədlə keçən
ay geniş müşavirə keçirilib. Bütün
tapşırıqlar verilib. Hazırda problemlər təhlil
edilir: "Əslində, biz bu problemləri bilirik. O problemlərin
həlli üçün xüsusi proqram qəbul olunandan sonra
biz bu il proqramda nəzərdə tutulacaq məsələlərin
bir hissəsini icra edəcəyik. Ancaq vaxt itirməmək
üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər
İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb ki, bu məsələlər
təxirə salınmadan həllini tapsın".
Dövlət
başçısının sözlərinə görə,
artıq qəsəbələrdə işlər
başlayıb. Qəsəbələrdə tez-tez olduğunu
vurğulayan prezident deyib ki, qəsəbələrdə son
illərdə böyük işlər görülüb:
"Tikilən məktəblər, demək olar ki, qəsəbələrdə
təhsil sahəsinin inkişafına müsbət təsir
göstərib. Bəzi qəsəbələrdə su
qıtlığı mövcuddur. Kanalizasiya problemi, demək
olar ki, bütün qəsəbələrə xas olan məsələdir.
Kanalizasiya problemi təkcə qəsəbələrdə
deyil, Bakı şəhərinin özündə də
qarşıda duran çox kəskin məsələdir. Bununla
bərabər, son illər aparılmış işlər nəticəsində
elektrik enerjisi ilə təminat yaxşıdır. Heç bir
şikayət, heç bir müraciət olmayıb. Qəsəbələrin
qazlaşdırılması prosesi gedir. Hazırda bu məsələ
demək olar ki, tam şəkildə həll edilib. Sadəcə,
növbəti bir neçə il ərzində biz yeni xətlərin
çəkilişi nəticəsində qazın təzyiqinin
də yaxşılaşdırılmasına nail
olmalıyıq".
Prezident
bildirib ki, səhiyyə məsələləri də müəyyən
dərəcədə həll olunub: "Amma yeni xəstəxanaların,
poliklinikaların tikintisinə ehtiyac var. Ən vacib məsələ,
- bu problemi bütün qəsəbələrə aid etmək
olar, - yollar məsələsidir. Demək olar ki, qəsəbələrin
yollarının əksəriyyəti torpaqdır. Hazırda
yol çəkilişi prosesi başlanıb. Geniş,
çox dəqiq və konkret proqram qəbul olunandan sonra
2013-cü ilə qədər qəsəbələrdə
mövcud problemlərin böyük əksəriyyəti həll
ediləcək. Baxmayaraq ki, bu çox böyük
proqramdır. Qəsəbələrdə hazırda 800 mindən
artıq əhali yaşayır. Bu özlüyündə
böyük bir şəhərdir. Bu məsələlər həllini
tapmalıdır".
Dövlət
başçısı başqa böyük infrastruktur layihəsi
- Beynəlxalq Dəniz Ticarət Limanından da danışıb.
Prezident çıxışında vurğulayıb ki,
informasiya-kommunikasiya sektorunda bu ilin birinci rübündə
çox böyük artım var. Bu sektor çox dinamik
inkişaf edir. Azərbaycan bu bölgədə artıq
informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə
çevrilir. Ənənəvi olaraq "Bakutel" sərgiləri
keçirilir. Azərbaycana və burada görülən
işlərə dünyada maraq artır. Bu sektorun
inkişafı Azərbaycanda ümumi intellektual potensialın və
intellektual imkanların inkişafına xidmət göstərəcək,
eyni zamanda, bu sektorun böyük kommersiya əhəmiyyəti
vardır. Artıq bu sektor yeni bir gəlir mənbəyinə
çevrilir. Gələcəkdə bu sektorda əldə
olunacaq gəlirlər ölkə iqtisadiyyatının
inkişafına çox güclü təsir göstərəcək.
Süni peykin yaradılması proqramı icra edilir. Prezident
ümid etdiyini bildirib ki, Azərbaycan yaxın zamanlarda öz
peykinə malik olacaq: "Bu, həm də ölkənin imici və
nüfuzu üçün çox vacib məsələdir. İlk
növbədə isə praktiki nöqteyi-nəzərdən
bu, çox vacib layihədir. Peykin kommersiya istismarından əldə
olunacaq gəlirlər də yaxşı imkanlar yaradacaq".
Dövlət
başçısının sözlərinə görə,
birinci rübündə görülən işlər göstərir
ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir, sosial məsələlər
həllini tapır, hər bir sahə üzrə konkret
proqramlar var: "Dünyada gedən proseslər, xüsusilə
neftin dünya bazarlarında kəskin şəkildə
bahalaşması istər-istəməz inflyasiya risklərini də
artırır. Belə olan halda biz gərək antiinflyasiya tədbirlərinin
gücləndirilməsində daha da məqsədyönlü
siyasət aparaq. Həm dünyada gedən proseslər, neftin
bahalaşması, eyni zamanda, ölkəmizdə
maaşların, pensiyaların gözlənilən
artırılması məsələləri istər-istəməz
inflyasiya risklərinə öz təsirini göstərəcək.
Biz çalışmalıyıq ki, 2011-ci ildə inflyasiya
birrəqəmli olsun və bütün antiinflyasiya tədbirləri
daha da güclü və məqsədyönlü şəkildə
həyata keçirilsin". İ. Əliyev istehlak qiymətlərinə
nəzarət edildiyini, daim monitorinq
aparıldığını, bundan sonra da bu məsələlərin
diqqətdə saxlanılacağını deyib.
Prezident
miqrasiya ilə bağlı məsələlərin də Azərbaycanda
uğurla həllini tapdığını bildirib:
"Miqrasiya da inkişafın təzahürüdür. Qanunsuz
miqrasiyaya qarşı ciddi tədbirlər görülür. Əgər
Azərbaycanda sürətli inkişaf olmasaydı, xaricdən
Azərbaycana işləmək üçün gələnlərin
sayı o qədər də çox olmazdı. Biz əlbəttə
ki, ilk növbədə daxili əmək
resurslarımızı müdafiə etməliyik. Baxmayaraq ki,
son illərdə Azərbaycanda bir milyona yaxın iş yeri
yaradılıb və bunun tam əksəriyyəti daimidir, yenə
də işsizlik məsələləri var. Elə etməliyik
ki, ilk növbədə Azərbaycan vətəndaşları
işlə təmin olunsunlar. Eyni zamanda, Azərbaycan dünya
iqtisadiyyatının bir parçasıdır və biz
bütün inteqrasiya proqramlarına çox müsbət
baxırıq. Azərbaycanda liberal iqtisadiyyat və işləmək
üçün bütün imkanlar var. Azərbaycan xalqı
qonaqpərvər xalqdır, Azərbaycanda quruculuq-abadlıq
işləri, müasir xidmətlərin yaradılması məsələləri
əlbəttə ki, miqrantları cəlb edir".
İ.Əliyev
qeyd edib ki, Azərbaycanda ictimai asayiş çox yüksək
səviyyədə qorunur, təhlükəsizlik tədbirləri
güclüdür: "Şəhərlərimizə xas olan əlamət
ondan ibarətdir ki, insanlar özlərini çox rahat hiss
edirlər". Prezident bildirib ki, növbəti aylarda
sahibkarlığın inkişafı işində əlavə
tədbirlər görüləcək. Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə artıq kreditlərin
verilməsinə başlanıb: "Bu kreditlər
bütün bölgələri əhatə edir. Bu il veriləcək
kreditlər hesabına yeni müəssisələr, yeni iş
yerləri yaradılacaq və ölkə iqtisadiyyatının
çoxşaxəli şəkildə inkişaf etməsinə
biz daha da böyük həcmdə nail olacağıq. Bu ilin
birinci rübünün uğurlu yekunları, xüsusilə qeyri-neft
sektorunun artımı, o cümlədən sahibkarlığa
göstərilən diqqətin nəticəsində
mümkün olub. Güzəştli şərtlərlə
verilən kreditlər, sahibkarlara dəstək, regional
inkişaf proqramının icrası və proqrama
vaxtaşırı əlavələrin edilməsi məsələləri
də əlbəttə ki, müsbət rol oynayır".
Dövlət
başçısı bildirib ki, hazırda
taxılçılığın inkişafı ilə
bağlı təkliflər paketi hazırlanır. Prezident ətraf
mühitin qorunması işində səylərin daha da
gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib
ki, hazırda bütün ölkədə içməli su və
kanalizasiya layihələri icra edilir. İ.Əliyev əlavə
edib ki, bu ay Bakı qəsəbələri ilə
bağlı proqram qəbul ediləcək: "Proqrama
çox ciddi nəzarət edilməlidir. Həm Bakı Şəhər
İcra Hakimiyyəti, həm rayon icra hakimiyyətləri, həm
də İqtisadi İnkişaf Nazirliyi tərəfindən
proqram vaxtaşırı təhlil olunmalı, əlavələr
edilməlidir. Bakı qəsəbələrinin
inkişafı proqramı çərçivəsində qəzalı
vəziyyətdə olan məktəblərin bərpası və
yenidən qurulması məsələləri öz həllini
tapmalıdır".
Son
illərdə bu sahədə çox böyük işlər
görüldüyünü deyən prezident iki mindən
artıq məktəbin tikilib istifadəyə verildiyini, əlavə
korpuslar tikildiyini qeyd edib: "Ancaq qəzalı vəziyyətdə
olan məktəblərin sayı hələ də kifayət qədərdir.
Burada əlbəttə ki, müxtəlif fikirlər ola bilər:
hansı məktəb qəzalı məktəb hesab
olunmalıdır və burada fikir müxtəlifliyi var. Çünki
mən bu məsələ ilə bağlı göstərişlər
vermişəm ki, qəzalı vəziyyətdə olan məktəblərin
sayını mənə versinlər və o məktəblər
hansı rayonlarda, hansı qəsəbələrdə yerləşir.
Hər halda, mən hesab edirəm ki, Azərbaycanda pis vəziyyətdə
məktəb olmamalıdır".
Prezident
qeyd edib ki, bütün məktəblər yaxşı vəziyyətdə
olmalıdır: "Büdcəyə əlavələr edilən
zaman bu məqsədlər üçün də vəsait nəzərdə
tutulacaq. Bununla bərabər, ölkədə uşaq
bağçaları ilə bağlı problemlər də
var. Bu problemlər müstəqilliyimizin ilk illərində
yaranıb. O vaxt uşaq bağçalarının bir hissəsi
özəlləşdirilib. Yaxud da ki, onlardan başqa məqsədlər
üçün istifadə olundu. Bəzilərində
dükanlar, restoranlar, digər məişət obyektləri
yaradıldı. Yəni, o dövrdə belə xoşagəlməz
hallara yol verilirdi. Ona görə, hazırda mövcud olan
uşaq bağçaları bizim tələbatımıza
heç uyğun gəlmir. Sovet vaxtında tikilmiş
bağçalar daha az əhaliyə hesablanmışdı.
Ona görə bu vəziyyət çox ciddidir. Burada yeganə
real yol ondan ibarətdir ki, yeni uşaq bağçaları
tikilməlidir. Mən hesab etmirəm ki, biz özəlləşdirmənin
nəticələrinə yenidən baxaq. Bu, mümkün
deyil. Azərbaycan bazar iqtisadiyyatına sadiq ölkədir. Azərbaycan
xarici və daxili investorlar üçün çox
etibarlı ölkədir və bu, bizim böyük nailiyyətimizdir.
Hamı bilir ki, Azərbaycan öz sözünə sadiqdir və
investisiyalar - istər xarici, istər daxili olsun - dövlət
tərəfindən qorunur. Bu siyasət bundan sonra da davam
etdiriləcək. Ona görə bizim bircə yolumuz qalır
ki, yerlər müəyyən edilsin və biz uşaq
bağçalarının tikintisinə geniş şəkildə
başlaya bilək. Ona görə bu göstərişi də
verirəm. Büdcəyə əlavələrdə bu məsələ
mütləq həllini tapmalıdır. Bu il və növbəti
illərdə uşaq bağçalarının tikintisi proqramı
icra edilməlidir".
Neft-qaz
sektorundan danışan dövlət başçısı
deyib ki, Azərbaycan öz imkanlarını genişləndirir
və bütün ölkədə qazlaşdırma prosesi
gedir: "Demək olar ki, hər həftə hansısa kənd
qazlaşdırılır. Bütün infrastruktur yenidən
qurulur, bu işlər müasir səviyyədə
görülür və hesab edirəm ki, növbəti iki il ərzində
ölkədə qazlaşdırma ilə bağlı əsas
məsələlər həllini tapacaq. Bu ilin birinci
rübündə Avropa İttifaqı ilə Azərbaycan
arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə
imzalanıb. Bəyannamədə Azərbaycan Avropa
istehlakçıları üçün təchizatçı
və kömək edən ölkə kimi göstərilir. Azərbaycanın
zəngin qaz ehtiyatları müxtəlif yollarla dünya
bazarlarına çatdırılır və
çatdırılmalıdır. Biz elə etməliyik ki, zəngin
qaz ehtiyatlarımızdan maksimum dərəcədə səmərəli
şəkildə istifadə edək, yaxın gələcəkdə
hasilatın həcmini artıraq. Bunu etmək
üçün, şübhəsiz, bizim üçün
mövcud olan bazarlarda qazımızın həcmini
artırmalıyıq və yeni bazarlara çıxmaq
üçün çalışmalıyıq. Hazırda
müxtəlif ölkələrlə ikitərəfli danışıqlar
gedir və əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan
arasındakı əlaqələr, imzalanmış sənədlər
bu məsələnin həlli üçün mühüm
addım olacaq".
Prezident
elektrik enerjisinin istehsalı sahəsində bütün
işlərin lazımi səviyyədə
aparıldığını, Azərbaycanın artıq
elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini də
deyib: "Bu il Füzuli Su Elektrik Stansiyası istismara verilməlidir.
Onun gücü 25 meqavatdır. "Cənub" Elektrik
Stansiyası da istifadəyə verilməlidir. Onun gücü
isə 800 meqavata yaxındır. Hazırda müxtəlif hesablamalara
görə 1000 meqavata yaxın əlavə enerji
gücümüz var ki, biz ondan istifadə etmirik. Gələcəkdə
əlbəttə ki, elektrik enerjisinin ixracı ilə daha da
ciddi məşğul olmalıyıq. Bunu etmək
üçün qaz sahəsində olduğu kimi, bu sahədə
də həm hazırkı bazarlara ixracı
artırmalıyıq, eyni zamanda, yeni bazarlara da
çıxmalıyıq. Bu məqsədlə hazırda Azərbaycanla
Gürcüstan arasında 500 kilovotluq enerji xətlərinin
tikintisinə başlanıb. Bu məqsədlə Samuxda yeni
böyük yarımstansiya tikilib. Neft və qazdan sonra
üçüncü vacib ixrac xəttimiz bu xətt
olmalıdır. Bununla bərabər, bərpa olunan enerji mənbələrinin
yaradılması prosesi gedir, kiçik su elektrik stansiyaları
tikilir, bir neçəsinin təməl daşı
qoyulub".
Dövlət
başçısı magistral yolların tikintisi ilə
bağlı əlavə tədbirlər görülməli
olduğunu da qeyd edib: "Bütün magistral yollarda işlər
gedir. Şəhərlərarası yollar, kənd yolları
tikilir. İlin sonuna qədər bu sahədə əlavə vəsaitin
ayrılması hesabına işi daha da sürətləndirməlidir.
Xüsusilə Bakı-Rusiya sərhədi yolunun davam etdirilməsi
üçün əlavə vəsait nəzərdə
tutulmalıdır ki, biz bu yolun tikintisini tezliklə başa
vuraq. Yolun böyük hissəsi artıq beynəlxalq
standartlara uyğundur. Sərhədə yaxın olan qalan hissənin
tikintisini də tezliklə təmin etməliyik. Bakı-Gürcüstan
yolunun bir hissəsi ikizolaqlı, bir hissəsi
dördzolaqlıdır. Nəzərə alsaq ki, o yoldan istifadə
çox intensiv xarakter daşıyır, biz ikizolaqlı hissəni
dörd zolağa genişləndirməliyik. Bu
tapşırığı da verirəm ki, Bakıdan
Gürcüstan sərhədinə qədər bu yolun hamısı
dördzolaqlı olsun".
Bu
layihəyə başlamaq üçün əlavə vəsaitin
nəzərdə tutulmalı olduğunu vurğulayan dövlət
başçısı deyib ki, Bakı-İran sərhədi
yolunun inşası da cədvəl üzrə gedir: "Bu yol
əvvəldən dördzolaqlı kimi nəzərdə
tutulmuşdu. Orada bütün işlər cədvəl
üzrə gedir. Bakı-Şamaxı yolu da demək olar ki,
Bakı-Balakən sərhəd yolunun bir hissəsidir. O da yenidən
qurulub. İkizolaqlı yol kimi qurulub. Hesab edirəm, bu yolu da
dörd zolağa genişləndirmək üçün əlavə
tədbirlər görülməlidir ki, bu yolla gedib-gəlmək
daha da rahat olsun".
Prezident
qeyd edib ki, Bakıda yeni qovşaqlar, körpülər, tunellər
tikilir. Bu işlər paytaxtın müxtəlif yerlərində
gedir. Bakı qəsəbələrinin proqramı çərçivəsində
qəsəbələrarası yolların tikintisi də nəzərdə
tutulur: "Bu işlər daha da sürətlə
aparılmalıdır. Bütün bu işləri görmək
üçün yaxın zamanlarda büdcəyə əlavələr
edilməli, dürüstləşmə
aparılmalıdır. İndi müvafiq göstərişlər
verilib, təkliflər hazırlanır. Nəzərə
almalıyıq ki, əlavə maliyyə resurslarımız
var, dünyada neftin qiyməti artıb. Təbii olar ki, biz həllini
gözləyən məsələləri elə bu il həll
edək və bu məsələləri gələn ilə
saxlamayaq. İlk növbədə qeyd etdiyim məsələlər,
infrastruktur layihələri əlavə edilməlidir, tikinti
işləri, sosialyönümlü tədbirlər,
dürüstləşmə zamanı nəzərə
alınmalıdır".
"Azərbaycanda
sosialyönümlü tədbirlər vaxtaşırı
aparılır" deyən prezident qeyd edib ki, həm
uzunmüddətli proqramlar çərçivəsində, həm
də lazım gələndə əlavə tədbirlər
görülür: "Mən onların arasında bu
yaxınlarda əhalinin suya olan borclarının silinməsi məsələsini
qeyd etmək istəyirəm. Bu, bizim sosial siyasətimizin nə
qədər güclü olduğunu göstərir. Bu addım
xoşniyyətli addımdır və hesab edirəm ki,
düzgün addımdır, sosial ədalət prinsipləri
baxımından düzgün addımdır, bazar
iqtisadiyyatı prinsipləri baxımından bəlkə də
o qədər də düzgün addım deyil. Ancaq bizim
üçün əsas məsələ prioritetlərin
düzgün seçilməsidir. Bu prioritetlər
sırasında sosial məsələlər birinci yerdədir".
Prezident
bildirib ki, 2006-cı ilə qədər pensiyaya
çıxmış vətəndaşların pensiyaları
artırılmalıdır. Çünki bu sahədə
müəyyən ədalətsizlik var: "Bu ədalətsizlik
ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar
tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya
çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə
qədər Azərbaycanda pensiyaya çıxanların
sayı haradasa 900 mindən artıqdır. Ölkədə
bütövlükdə 1 milyon 300 nəfərə qədər
pensiyaçı var. Onlardan 900 mini 2006-cı ilə qədər
pensiyaya çıxmışdır. Ona görə, ilk
növbədə onların pensiya təminatı
yaxşılaşdırılmalıdır ki, bu sahədə
heç bir ayrı-seçkilik olmasın və yaşlı
insanlar lazımi səviyyədə pensiya ilə təmin
olunsunlar. Bu bizim borcumuzdur, onlar işləyiblər,
çalışıblar, bu ölkəni yaradıblar, ölkənin
inkişafında çox böyük rol oynayıblar. Bizim
borcumuz onların maddi təminatını
yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada
edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya
çıxmış vətəndaşların pensiya təminatını
yaxşılaşdırmalıyıq".
Ədalət.- 2011.- 14 aprel.- S. 2.