"Buludların
yaranması prosesi Bakının üzərində
formalaşmır"
Hüseynqulu Bağırov: "Bu,
qlobal sabitliyin pozulmasının təzahürləridir"
Son
illər dünyada fəlakətlər baş verməkdədir.
Dəhşətli mənzərəni izləyəndə əksər
insanlar dünyanın sonunun çatdığını
düşünür. Bütün bu müşahidə olunan
faciəvi fəlakətləri
aidiyyəti qurumlar iqlim dəyişmələrinin təzahürü
kimi xarakterizə edirlər. Kainatın bir hissəsi olan Azərbaycanda
da indiyə kimi görünməyən hallar müşahidə
olunur. Bu və digər məsələlərə dünən
medianın suallarını cavablandıran Ekologiya və Təbii
Sərvətlər naziri Hüseynqulu Bağırovla
aydınlıq gətirməyə çalışdıq.
Nazirin dediklərindən də bir daha
anlaşılırdı ki, cərəyan edən prosesləri
araşdırmaqda elmin özü belə aciz durumdadır.
- Cənab nazir, son illər
müşahidə olunan
qeyri-sabit ekoloji vəziyyət nə ilə
bağlıdır?
- Bir
qayda olaraq qeyri sabit vəziyyət qlobal iqlimin qısamüddətli
nisbətən sabitləşdiyi dövrdə yaranır. Bir neçə on illikdə davam edir. Ola bilsin
ki, bu qeyri
sabitliyin ömrü sona çatıb. Ola bilsin bu qısamüddətli
hadisədir. Yaxud
da ola
bilsin bu, insan amilinin fəaliyyəti ilə gedən bir istiqamətli prosesin nəticəsidir. Bu daha obyektiv elmi
xarakter daşıyan araşdırmaların predmetidir.
Bizim vəzifəmiz gündəlik
baş verən hadisələrin səbəbini
araşdırmaq və
onun mümkün təsirlərindən qorunmağa
xidmətdir.
- Palçıqlı
yağışların yağmasına
səbəb nədir?
- Yağışların belə
bir formada palçıqla müşahidə
olunması yerli tozla bağlı ola bilməz.
Çünki buludların yaranması
Bakının üzərində
formalaşmır. Buludlar küləklə
hardasa yaranıb formalaşır. Son iki dəfə müşahidə olunan toz burulğanlarının
səbəbi Cənub-Şərqdə,
Cənubda formalaşıb
baş verən toz tufanlarının nəticələri ilə
əlaqədar olduğu
artıq aydındır.
- Belə çirkli yağışların
yağmasının nə
vaxta kimi davam edəcəyi gözlənilir?
- Qeyd etdiyim kimi
bu əsasən qlobal proseslərin nəticəsidir. Ona görə də onun nə qədər
davam edəcəyini proqnozlaşdırmağı heç
kəs risk edib üzərinə götürməz.
Əsasən Əfqanıstan, Pakistan və bir sıra
ərəb ölkələrindən
gələn toz burulğanlarının nəticəsi
olaraq belə hallar müşahidə olunur. Toz burulğanları ilə yuxarı qalxan xırda hissəciklər hava axınları ilə ayrı-ayrı ölkələrə
aparılır. Bu yaxınlarda Almaniya toz çovğunu oldu. Deməli, bu toz dumanları Almaniyaya gedib çıxa bilirsə, Azərbaycana da gələ bilər. Son illər isə belə halların sayı daha da çoxalıb. Bu da qlobal sabitliyin pozulmasının
təzahürləridir.
- Bəzi rayonlarda torpaq çatları baş vermişdi. Bu proses nə yerdədir?
-
Şübhəsiz, bu proses nəzarət altında
saxlanılır. Hər an izlənilir. Müşahidələrimiz
də davam etməkdədir. Hal-hazırda sabitləşmə
var. Amma bu o demək deyil ki, biz nə olacağını
bilirik. Bütün bunların hamısı qlobal proseslərdir.
- Gələcəkdə bu
hansısa təhlükə yarada bilər?
-
Düşünmürəm ki, bu qısa müddətli
prosesdir. Amma hardasa qlobal geoloji prosesləri əks etdirir.
-
Havaların istiləşməsi ilə əlaqədar olaraq
Kürdə suyun səviyyəsi yenidən artmaqdadır.
Bununla bağlı hansısa məlumata maliksinizmi? Əvvəlki
illərin müşahidəsindən çıxış edərək
hansısa təhlükəyə yol açacağı mümkündürmü?
- Bir
neçə gün əvvəl bizim Kür kanalında bu
işi aparan komissiyamız araşdırmalarını başa
çatdırıb. Əldə olunan məlumatlar tətbiq
olunub və hesabat hazırlanıb. Respublikada bu sahədə qərar
qəbul edən şəxslərə böyük bir hesabat
da çatdırılıb. Onun kiçik variantını isə
biz yəqin ki, ictimaiyyət üçün
açıqlayacağıq.
- Yay mövsümü gəldiyi
üçün meşə yanğınları təhlükəsi
də artır. Rusiyada və digər ölkələrdə
müşahidə olunan meşə yanğınlarının
qarşısını almaq üçün hansı tədbirlər
görülür? Belə bir olaydan uzaq olmaq
mümkündürmü?
- Bu
yanğınlar əksər hallarda insanların
davranışı sayəsində baş verir. Azərbaycanda
da ya çobanlar, ya da siqaretini atan insanlar tərəfindən
meşələrdə yanğınların baş verməsi
halları rast gəlinir. Yaxud da meşələrdən moruq
yığmağa gedən gənclər tonqal qalayır və
onu tam söndürmürlər. Belə hallarda
yanğınların törənmə ehtimalı da
böyük olur. Bizim meşələrimizin xüsusiyyəti
belədir ki, yanğınlar törənsə belə
geniş yayılmır. Digər bir tərəfdən də
Azərbaycanda yanğınsöndürmə işi effektivdir.
Siz özünüz də görürsünüz ki, Azərbaycan
yanğınsöndürənləri hətta maddi-texniki
imkanları daha da inkişaf etmiş ölkələrdə
baş verən yanğın hallarının aradan
qaldırılması prosesində yaxından iştirak edir. Həmçinin
də bizim özümüzün də mərkəzimiz var.
Meşəçilərimiz bu sahədə geniş təcrübə
əldə ediblər. Azərbaycanın meşələrində
yanğın halları baş verəndə də bir neçə
saatdan uzun çəkmir. Nadir hallarda bir gün və yaxud
gün yarım, iki gün davam edə bilər. Baş verən
yanğınlar da elə böyük miqyasda ziyanla nəticələnmir.
- Yanğınların tez-tez
baş verdiyi müxtəlif ölkələrin meşələri
ilə Azərbaycan meşələrinin fərqi varmı?
-
Bizim meşələrimiz daha rütubətli, enliyarpaq meşələrdir.
Onlar da yanğınlara daha davamlı sayılır. O meşələr
ki, yana
bilərdi ola bilsin onlar tarixən
yanıb qurtarıb. Gəncə və onun ətraf ərazilərində torpağın
tərkibinə nəzər
saldıqda Eldar şamı külü
ilə zəngindir. Ehtimal etmək olar ki, tarixi dövrlərdə
nə zamansa quraqlığa dözümlü
bu cür meşəliklə örtülü ərazilər olub. Amma mütəmadi yanğınlar
nəticəsində artıq
sıradan çıxıb.
Bizim meşələrimizin azalmasına
səbəb yanğın
deyil, kənd təsərrüfatı ehtiyacları
üçün insanların
istifadəsi olub.
Kənd təsərrüfatında istifadə
olunan ən qiymətli torpaqlar tarixən meşəliklər
olub. O yerdə ki, dəmyə nəsə istehsal etmək olursa, orada ağac daha rahat bitir.
Bizim ərazilərimizdə ağaclar
tarixən zəngin olub. 500-200 il
bundan əvvəl tarixə söykənən
ağaclar olub. Azərbaycan dövləti Rusiyaya ilhaq olunanda Rusiya hökuməti xanların torpaqlarını
xəzinəyə daxil
etmişdi. Həmin torpaqların
böyük əksəriyyəti
meşə ilə örtülü ərazilər
idi. Məhz həmin meşə
ilə örtülü
ərazilərdə gəlmə
adamların kəndləri
salınmışdı. İndi o kəndlər olan yerlərdə demək olar ki meşə
yoxdur. Çünki meşəliklər kəndlərə çevrilməklə
həm də əkin yerlərinə çevrilib. Torpağın qatı göstərir ki, həmin ərazilər tarixən meşəlik olub.
- Azərbaycanda hansı bölgələrdə
təhlükəli ərazilər
var?
- Biz heç də ərazilərimizdə nəzarətdən
çıxacaq bölgə
olması proqnozunu gözləmirik. Amma hamımızın köməyimiz sayəsində
fəlakətlərin qarşısını
ala bilərik. Meşələrimizdə yanğınların 70-80 faizi
insanların davranışı
nəticəsində əmələ
gəldiyi üçün
biz bu ehtimalı azalda bilərik.
- İşğal
altında olan ərazilərdəki meşələrin
qorunması prosesi necə həyata keçirilir? Beynəlxalq
qurumlarla bu sahədə iş aparılırmı?
- İşğal altında
olan meşələrimizin
qorunması istiqamətində
problemlərin yaşandığı
bəllidir. Bununla bağlı beynəlxalq qurumlarla işlərin görülməsinə gəlincə,
belə bir fəaliyyət var. Amma beynəlxalq qurumların bu qədər ədalətsiz, o qədər
də səmimi olmayan mövqe, ikilistandartlarla yanaşması
fonunda siz gözləyirsiniz ki, onlar bizim təbii
sərvətlərimizi, o cümlədən
də meşələrimizi
qoruyacaq? Onlardan kömək gözləmək
mümkün deyil.
Hesab edirəm ki, Ermənistanın ikiüzlü mövqeyində
dəstək taparaq,
total müharibə mübarizəsindən
əl çəkməlidir.
Həmin total müharibənin
tərkib hissəsidir
danışıqlar illuziyası
yaratmaq. Müharibənin başqa formaları
da var. O cümlədən
özünə məxsus
olmayan təbii sərvətləri talan etmək, yaşıllıqları
məhv etmək, çayları çirkləndirməkdir.
Bununla da düşmənçiliyini
bildirir və bu istiqamətdə işini də davam etdirir.
- Təxminən nə qədər
ziyan vurulması ilə bağlı məlumatlar varmı?
- Mənə
çətindir bununla bağlı nəsə demək. Bizim
komissiyamız var və o mütəmadi olaraq bu istiqamətdə
məlumat toplamaqla məşğuldur.
- Əhali arasında daha çox
istifadə olunan polietlin torbaların zərərindən həmişə
danışılır. Onun zərərinin aradan
qaldırılması üçün nəsə
düşünülürmü?
-
Nazirlər Kabinetinə bununla bağlı bizim tərəfimizdən
təklif olundu ki, heç olmasa Azərkimya istehsal etdiyi
polietlin torbalara zərəri aradan qaldıracaq qatqı əlavə
etsin. Həmin qatqı polietlin torbaların qısa müddətdə
təbiətdə dağılmasına səbəb olur.
Hazırda bu məsələyə baxılır və məsələ
müzakirə obyektidir. Amma onların indiki halda iqtisadi
durumları o qədər də yüksək deyil və əlavə
xərclər tələb edən işlərə getmək
istəmirlər. Belə hallarda konsensius olmalıdır. Nazirlər
arasında müzakirələr, yazışmalar
aparılır və hamı tərəfindən dəstəklənən
birvariant üzərində də durulur. Bu isə xeyli vaxt
aparır. Prinsip etibarilə bundan ikinci çıxış
yolu da var. Tutaq ki, biz Azərbaycanda həmin torbaların tez
parçalanmasına nail olduq. Axı bunun fəsadları var və
o da nəzərə alınmalıdır. Uzun müddət
onu satışa qədər saxlamaq imkanları da məhdudlaşır.
Belə olan halda insanların özü bu məsələni həll
etməlidir.
- Nəyi nəzərdə
tutursunuz?
- Məsələn
Almaniyada təkrar istehsal mümkündür. Niyə?
Çünki ayrıca yığıldığı
üçün onu çeşidləməyə əlavə
vəsait xərclənmir. Şirkətlərə də onu az
müddətə toplayıb təkrar xammal kimi istifadə etmək
sərf edir. İsraildə isə bu proses çox baha
olduğu üçün buna gedilmir. Çünki İsraildə
də insanlar tullantını çeşidli yığmaq istəmirlər.
Belə olan halda şirkətlər əlavə
çeşidləmə zavodları tikməyə məcburdur.
Bu isə qiyməti daha da bahalaşdırır. Digər bir tərəfdən
də bu məsələ davranışla, psixologiya, təfəkkürlərlə
bağlıdır. Əgər
bir polietlin torpaqları
və yaxud da istənilən bir tullantını
ayrı-ayrı yığsaq, onda bioloji qalıqlardan kübrə
istehsal etmək olar. İndiki şəraitdə isə
çox nadir hallarda bu baş verir. Tullantılara nəzarət
işimiz olsa da emalı bizim vəzifəmiz deyil. Buna
baxmayaraq, biz çox yaxşı avadanlıq
almışıq. Yaratdığımız obyektlərin
birində planımız var ki, tullantıları biz
özümüz yığaq və həmin avadanlıqlar vasitəçiliyi ilə emal
edəcəyik. Bizə nə qədər lazımdırsa o qədər
yığacayıq. Onları əridib yenidən kökü
qapalı ağac yetişdirmək üçün qablar
hazırlanacaq. İldə milyona qədər ağac əkilmək
üçün yerdən çıxarılıb gətirilir.
Ona görə də yaxşı olar ki, elə ağacların
kökü həmin qaba salınsın və orada yetişdirildəkdən
sonra götürülüb torpağa salınsın.
- Nazirliyin balansında olan bəzi ərazilər
bəzi bələdiyyələr tərəfindən
qeyri-qanuni istifadə olunur. Bilmək olarmı hansı bələdiyyələr
tərəfindən belə bir addım atılır?
-
Bizim son yoxlamalarımız Şamaxı, Quba, Qusar,
İsmayıllı rayonlarında olub və belə faktlar əldə
olunub. Məsələn, Qusarda hardasa 14 hektara qədər ərazi
20-yə qədər insana verilib. Amma xəritələr
göstərir ki, həmin torpaqlar meşə fonduna məxsusdur.
Hazırda bu məsələ ətrafında diskusiya gedir.
Onlar da sübut etməyə çalışırlar ki, həmin
torpaqlar bələdiyyəyə məxsusdur. Biz
inanırıq ki, bizim xəritəmizdə göstərilən
ərazilər doğrudur. Ona görə də sənədləri
hüquq mühafizə orqanlarına vermişik.
- Meşəbəyinin
döyülməsi faktı ilə bağlı nə deyə
bilərsiniz?
- Bu
məsələ ilə bağlı araşdırmamız
başa çatıb. Meşəbəyinin döyülməsi
faktı yoxdur. Döyülməsi barədə xəbər
yayılan şəxs stenokardiya ehtimalı ilə xəstəxanaya
götürülsə də onda belə bir əlamət
aşkarlanmayıb. Sağlam şəkildə də evə
buraxılıb. Həmin şəxs öz ərazisində
yeni Meşə İdarəsinin Rəisi təyin olunanda nə
vaxtsa kiminsə onun üzərinə məsuliyyət
düşməsini istəməyib. Bütün ərazilərdə
qəbul-təhvil prosesi gedir. Aparılan bu təhvil prosesdən
hansısa meşəbəyi boyun qaçırmayacaq. Buna
baxmayaraq araşdırma aparılıb və bu
araşdırmaların bəzilərində onun özü
iştirak edib, aktlara qol çəkib. Qırıntılar
aşkarlanıb və bu qırıntıları görəndə,
onun üstünün açıldığını hiss edəndə
həmin ərazidən qaçmaq istəyib. Belə bir mifi
ortaya atmağı düşünüblər.
Araşdırmalar onu göstərir ki, belə bir fakt yoxdur. Həm
xəstəxanadan
arayışlar götürülüb, həm də
qonşularla, iş yoldaşları ilə
danışıqlar aparılmış
və onlardan da arayışlar hazırlanıb. Bu sadəcə
olaraq öz canını qurtarmaq cəhdi daha çox
özünü göstərir. Görünən odur ki, daha fəal
bir mövqe götürülüb.
Gültəkin Qəhrəmanlı
Ədalət.- 2011.- 14 aprel.- S. 3.