ABŞ- İslam Dünyası forumu
işinə başladı
Vaşinqtonda ABŞ- İslam Dünyası forumu
işinə başlayıb. APA-nın voanews.com
saytına istinadən verdiyi xəbərə
görə, forumda ABŞ və 30-dan çox müsəlman ölkəsinin lideri qatılıb. Builki forum ərəb dünyasında mühüm ictimai-siyasi
proseslərin baş verdiyi
bir zaman keçirilir. Tədbirin əsas
məqsədi də ərəb dünyasını bürümüş hadisələrin qlobal və regional təsirlərini
şərh etməklə yanaşı, siyasi
və mədəni fərqlərə üstün
gələrək, qarşılıqlı anlaşmanı dərinləşdirmək
imkanından istifadə etməkdir.
İki
gün sürəcək forumda ABŞ və müsəlman
ölkələri arasında münasibətlərə təsir
göstərən mühüm məsələlər Amerika və
müsəlman ölkələrinin rəsmiləri,
aparıcı ekspertlər, siyasətçilər və mətbuat
üzvləri tərəfindən geniş müzakirə
olunacaq. Tədbirin açılışında
çıxış edən İslam Konfransı Təşkilatının
baş katibi Ekmeleddin İhsanoğlu ABŞ-ın Yaxın
Şərqdə münaqişələrin həllində
rolu, müsəlman dünyasının problemlərini
ünvanlamaq üçün ABŞ və müsəlman
ölkələri arasında əməkdaşlığın
artırılması və İKT-nın müsəlman
dünyası ilə münasibətlərdə rolunun
tanınması kimi məsələlərin vacibliyini
vurğuladı.
Forumun
ilk günü dəyirmi masa formatında keçirilən
iclasda ABŞ-ın təhlükəsizlik məsələləri
üzrə müşaviri olmuş Zbiqnev Bjezinski, ABŞ
senatoru Con Kerri, Türkiyə baş nazirinin xarici siyasət məsələləri
üzrə müşaviri İbrahim Kalın və
İordaniyanın Xarici İşlər naziri Nasir Cude
iştirak edirdi. Time jurnalının redaktoru Fərid Zəkəriyyənin
apardığı iclas iştirakçıları ərəb
dünyasında bu gün baş verən siyasi hadisələrin
qlobal və regional təsirləri, ABŞ-ın proseslərdə
rolu və Türkiyənin ərəb ölkələri
üçün model ola bilməsi kimi məsələləri
şərh etdilər.
Müzakirə
iştirakçıları Yaxın Şərq probleminin həll
olmamasının ümumilikdə bütün proseslərə
və regionun demokratikləşməsi istiqamətində
səylərə mənfi təsir göstərdiyini qeyd etdilər.
Zbiqnev Bjezinski Yaxın Şərq probleminin həllinin strateji
zərurət olduğunu vurğuladı. O bildirdi ki,
ABŞ-ın məsələni həll edə bilməməsi
vəziyyətin mürəkkəbləşməsinə gətirib
çıxara bilər. Zbiqnev Bjezinski sülhə nail olmaq
üçün ABŞ səylərini sürətləndirməlidir.
ABŞ
senatoru Con Kerri qeyd etdi ki, regionda hərəkatlar daxildən
baş qaldırsa da, Birləşmiş Ştatların fəal
rol oynaması gözlənilirdi. Lakin senatorun sözlərinə
görə, məsələ təkcə ABŞ və bu
ölkələr arasında münasibətlər deyil, həm
də bu ölkələrin hökumətləri ilə öz
xalqları arasında münasibətlərdədir. O,
ABŞ-ın Liviyada proseslərə tez reaksiya verdiyi qeyd edərək,
Misirdə başlamış hərəkata müdaxilə etmədiyini
bildirdi, belə ki xalq özü Mübarəkin hakimiyyətdən
getməli olduğu qərarını vermişdi. Senatorun
bildirdiyinə görə, ABŞ regionda dominantlıq deyil, əməkdaşlıq
etməlidir. O, Yaxın Şərq və Şimali Afrika
regionunda iqtisadi vəziyyətin mürəkkəb olduğunu
vurğuladı. Senator Kerri bildirdi ki, iqtisadi problemlər həll
olduğu halda, Yaxın Şərqdə yeni inkişafa nail
olmaq mümkündür.
Türkiyə
baş nazirinin müşaviri İbrahim Kalın ölkəsinin
ərəb-müsəlman dünyasında proseslərlə
bağlı mövqeyini şərh edərək, Türkiyənin
Liviyada münaqişəyə son qoymaq üçün son təşəbbüslərini
göstərdi. "Baş nazirin
açıqladığı yol xəritəsinin əsas maddələri
atəşkəsə nail olmaq, humanitar yardımın
çatdırılması üçün dəhliz
açmaq və demokratik prosesə keçid üçün
danışıqlara başlamaqdan ibarətdir." İbrahim
Kalın əks halda Liviyada uzun müddətli vətəndaş
müharibəsi və bunun nəticəsində infrastrukturun
dağılması, ölkənin Tripoli və Benqazi nüfuz
dairələri arasında bölünməsinin baş verə
biləcəyini dedi.
Yaxın
Şərq və Şimali Afrika ölkələri
üçün Türkiyə
modeli məsələsinə gəldikdə, İbrahim
Kalın bildirdi ki, bu proses qarşılıqlıdır;
Türkiyə regionda maraq doğurduğu qədər
özü də region ölkələrində gedən proseslərlə
yaxından maraqlanır. Lakin o bildirdi ki, Türkiyə
heç bir ölkəyə öz sistemini qəbul etdirmək
niyyətində deyil.
Müzakirə
iştirakçıları İranın regionda mövqeyi məsələsinə
də toxundular. Zbiqnev Bjezinskinin fikrincə, ABŞ-ın
İran probleminə cavabı konstruktiv nəticə verməlidir.
O, İran məsələsinin hərbi yolla həllinin ABŞ
üçün olduqca pis nəticələr verə biləcəyini
bildirdi. "Biz İranın özündə prosesin
başladığını görürük. İranda qərbyönlü
insanlar var. Bu qüvvə özü İranı dəyişikliyə
aparacaq. ABŞ-ın birbaşa müdaxiləsi isə arzu
olunmazdır." -deyə o vurğuladı.
Forumun
birinci gününün sonunda ABŞ Dövlət katibi Hillari
Klinton tədbir iştirakçılarına müraciətlə
çıxış edəcək. Azərbaycan
Respublikasının ABŞ-dakı səfiri Yaşar Əliyev
də ABŞ-İslam Dünyası Forumunda iştirak edir. Qətər
hökumətinin dəstəyi ilə hər il keçirilən
ABŞ- İslam Dünyası forumu müsəlman ölkələrinin
liderləri ilə Birləşmiş Ştatlar rəsmiləri
və siyasətçiləri arasında dialoq şəklində
qurulur. Forum 11 sentyabr hücumlarından sonra Amerika və
müsəlman ölkələri arasında anlaşma yaratmaq
məqsədilə 2004-ci ildən keçirilməyə
başlayıb. Adətən Qətər paytaxtı Dohada
keçirilən forum bu il ilk dəfədir ki,
ABŞ-da, paytaxt Vaşinqtonda təşkil edilir.
Ədalət.- 2011.- 14 aprel.- S. 4.