"AZƏRBAYCAN" TƏHSİLİN YENİ MƏKANI

 

Zaman və məkan kəsimindən asılı olmayaraq hər bir dövlətin və millətin inkişafında təhsilin müstəsna rolu var. Elmi və təhsili olmayan millət heç vaxt qabaqcıl millətlər sırasında ola bilməz. Cəmiyyətin inkişafı da təhsilin inkişafından asılıdır; intellektin formalaşması, maddi sərvətlərin insan kapitalına çevrilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlanması, dünyanın qabaqcıl dövlətlərinin uğurlarına yiyələnməkdə təhsil önəm daşıyır. Qloballaşan Azərbaycanda cəmiyyət quruculuğunun siyasi, sosial və mədəni inkişaf problemlərinin dünyada baş verən dəyişikliklərlə paralel öyrənilib mənimsənilməsi, dövlətin gələcək strategiyasının müəyyənləşdirilməsi, milli dövlətçiliyimizin qorunub saxlanması və dünya təhsil məkanına inteqrasiya ali təhsilin üzərinə böyük vəzifələr qoyur.

Postsovet məkanında Azərbaycanın ali təhsil müəssisələri kommunist ideologiyasına, sovet qayda-qanunlarına əsasən idarə olunurdu, təhsilin məzmunu və formaları da bu ideologiyaya uyğun müəyyənləşdirilirdi. Ali məktəblərimiz dünyanın tanınmış universitetlərindən təcrid olunmuş şəkildə fəaliyyət göstərir, tələbə qəbulu dövlət hesabına aparılırdı. "Sanballı" ixtisasların daimi sakinləri isə öz yerlərini kağız üzərində tuturdular. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı siyasi sabitlik, iqtisadi dirçəlişlərlə yanaşı özəl təhsil üçün də yaddaqalan bir hadisə oldu. Azərbaycan üçün yeni olan bu təhsil dünya təhsil sektorunda artıq öz yerini tutmuşdu. Bazar iqtisadiyyatı şəraitində məhz azad rəqabətə imkan yaratmaqla tərəqqiyə nail olmaq mümkündür. Müstəqilliyin ilk illərində özəl ali məktəblər fəaliyyətə başladı, ixtisas şəbəkəsi genişləndi, seçim imkanları artdı, eyni zamanda ümumavropa təhsil təcrübəsinin qabaqcıl üsulları həyata keçirilməyə başlandı. Bu müddət ərzində Təhsil Nazirliyinin səyi və rəhbərliyi ilə onların sayı minimuma endirilmiş, maddi-texniki bazanın, infrastrukturun, təhsilin məzmununun, idarəolunma və beynəlxalq əlaqələrin genişləndirilməsi bir tələb kimi qarşıya qoyulmuşdur. Ali təhsilli mütəxəssis tənqidi təfəkkürə, mədəni-intellektual səviyyəyə, İKT-dən istifadə və birgə fəaliyyət bacarıqlarına malik olmalı, daim öyrənmək, ixtisas səviyyəsini təkmilləşdirməyə meyil göstərmək, yaradıcılıq, təşəbbüskarlıq, əməksevərlik, intizamlılıqla fərqlənməli, sağlam rəqabətə dözümlü olmaq, müstəqil qərarlar qəbul etmək, bəşəri və milli dəyərləri qiymətləndirə bilməyi bacarmalıdır.

Dünyada artıq qəbul olunmuş bir reallığı dərk edən Azərbaycan gənci bu gün açıq rəqabət mühitinə qatılmaq üçün məhz özəl təhsil müəssisəsində oxumaq gerçəkliyini dərk edir. Təhsilin yüksək ödənişli əsaslarla olmasına baxmayaraq, bu gün 600-dən yuxarı bal toplayan abituriyent nüfuzlu özəl ali məktəbi seçir. Xüsusi reytinqə malik Qafqaz, Xəzər, Qərb, Odlar Yurdu universitetlərinin sırasına son illərdə daha bir universitet - "Azərbaycan" Universiteti də daxil olmuşdur.

"Azərbaycan" Universiteti 1991-ci ildə respublikada tədris olunan ilk özəl universitetlərdəndir. Uzun illər köhnə tədris korpusunda fəaliyyət göstərən universitet bu zaman kəsimində təhsil üçün ideal şərait yaratmaqla rəqabətə tab gətirmişdir. 2010-cu ildə ölkə rəhbəri İlham Əliyevin təhsilə diqqət qayğısı, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə universitet yeni binaya köçürüldü. Universitetlə ətraflı tanışlığım da Gənclər gününə həsr olunmuş ümumrespublika konfransının keçirilməsi ərəfəsində oldu əmin oldum ki, Azərbaycanın həyati əhəmiyyətli problemlərini həll edə biləcək, həm daxildə, həm xaricdə ləyaqətlə təmsil edə biləcək yüksək ixtisaslı mütəxəssis hazırlığına ehtiyacını ödəyən bir reytinqli universitet var.

Yeni məkan ilk baxışdan insana isti ab-hava, səmimi münasibət, doğma hisslər aşılayır. Müasir Avropa standartlarına uyğun inşa edilən bina təhsilin yüksək səviyyədə tədrisi üçün maksimum imkanlarla təchiz olunub. Bütün auditoriyalarda stasionar proyektorlar və kameralar quraşdırılıb. Müasir tələblərə cavab verən geniş akt zalı, kiçik konfrans zalı, kitabxana, oxu zalı, İnternet klub tələbələrin ixtiyarına verilib. 6 auditoriya tam kompüterləşdirilmiş, Vi-Fi sistemi, studiya, mətbuat mərkəzi müxtəlif təhsil üsullarına xidmət edir. Boş vaxtlarında esselərini, tapşırıqlarını yerinə yetirmək üçün tələbələrə geniş şərait yaradılıbdır. Universitetin rektoru, AMEA-nın müxbir üzvü A.Musayev kəmiyyətin keyfiyyətə keçməsini həmişə diqqət mərkəzində saxladığını və artıq universitetə yüksək balla seçmə gənclərin qəbul olunduğunu qeyd etdi. Həmçinin bildirdi ki, universitetdə çalışan müəllimlərin əksəriyyəti xarici ölkələrdə təhsil almış, beynəlxalq təhsil standartlarına bələd gənc mütəxəssislərdir. Ölkənin bir çox dövlət təhsil müəssisələrindən daha əvvəl, 2006-cı ildə AU Boloniya bəyannaməsinin tələblərinə qoşularaq təhsili kredit - çoxballı sistem əsasında həyata keçirir. Universitetdə riyaziyyat və informatika, Azərbaycan dili və ədəbiyyatı, xarici dil, tarix müəllimliyi, jurnalistika ixtisasları ilə yanaşı, sivil dünyaya çıxış üçün bu gün xüsusi əhəmiyyət kəsb edən dünya iqtisadiyyatı, dövlət və bələdiyyə idarəetməsi, mühasibat uçot və audit, menecment, marketinq kimi müasir ixtisaslar üzrə təhsil aparılır. Universitetdə tədrisin özəlliklərindən biri də 2008-ci ildə Təhsil Naziri tərəfindən təsdiq edilmiş Azərbaycanda mövcud ali təhsil standartlarından fərqlənən birgə BBA proqramının (Biznes İnzibatçılığı Proqramı) tətbiqidir. Proqram Corciya Dövlət Universiteti və Qafqaz Universitetləri ilə əməkdaşlıq əsasında həyata keçirilir. İlk 2 il ərzində bütün tələbələrə ingilis dilindən vərdiş və bacarıqlarını yaxşılaşdırmaq üçün intensiv ingilis dili dərsləri keçilir, son iki ildə isə əsasən ingilis dilində aparılır. Reytinqinə görə ABŞ-da ilk onluğa daxil olan proqram tələbələrə 4 ixtisasdan birini (mühasibat uçotu, maliyyə, menecment, marketinq) seçmək hüququ verir. Proqramda milli xüsusiyyətlər nəzərə alınır və onu bitirənlər milli diplomla yanaşı CDU-nun sertifikatını da əldə edirlər.

Bu gün respublikanın bir çox ali təhsil müəssisələrində dünya universitetləri ilə beynəlxalq proqram və layihələrin həyata keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılır. "Azərbaycan" Universitetinin bu sahədə də fəaliyyəti ürəkaçandır. Ali təhsilin zamanın tələblərinə uyğun qurulması, keyfiyyətinin yüksəldilməsi, maliyyələşdirilməsi və təkmilləşdirilməsi sahəsində Azərbaycan Universiteti beynəlxalq əlaqələrini günü-gündən genişləndirir. Universitet Almaniyanın Zigen, İsveçin Lund, Riqanın Turiba, Koreyanın Sungkyunkvan, Türkiyənin Yaşar Universitetləri, həmçinin Qafqaz Universiteti ilə müqavilələr əsasında tələbə mübadiləsi həyata keçirilir. Elmi işlər üzrə prorektor prof. Xaləddin İbrahimlinin dediklərinə əsasən, dünyanın çoxsaylı universitetlərində təhsil alan milyonlarla tələbə tələbə birliklərində bir araya gələrək yaşadıqları ölkənin, şəhərin, toplumun, təhsil aldıqları universitetlərin çeşidli problemləri ilə məşğul olur, universitetlə toplum arasında əlaqələrin güclənməsinə öz pozitiv töhfələrini verirlər. Azərbaycan Universitetində "Sosial iş" ixtisası üzrə tətbiq edilən proqramda tələbələrin əsas fəaliyyət vektorlarından biri də məhz toplumdakı zümrələrlə işə ünvanlanıb. Professorun fikrincə, bu ixtisasın tələbələri tələbə təşkilatlarının bir araya gəlməsində müəyyən uğurlar qazanacaq.

Bu gün özəl ali təhsil müəssisəsində müxtəlif mövzuda seminar, elmi-praktik konfrans və digər tədbirlərin təşkilinə dövlət təhsil müəssisələrindən az diqqət ayrılmır. Yüksək ödənişli təhsilin yalnız ixtisaslı kadr deyil, ümumavropa məkanında Azərbaycanı təmsil edəcək şəxsiyyət yetişdirdiyini önəmə alan universitetin bu günlərdə Gənclər gününə həsr olunmuş "Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər" mövzusunda keçirdiyi gənc tədqiqatçıların ümumrespublika elmi-praktik konfransının işini xüsusi qeyd etmək olar. "Azərbaycanda inkişaf etmiş iqtisadi bazasının formalaşması: nəzəriyyə və praktika", "İnkişaf etmiş cəmiyyət quruculuğunun siyasi, sosial və mədəni inkişaf problemləri" bölmələrində respublikanın ali təhsil müəssisələri ilə yanaşı, Türkiyənin Yalova Universiteti və "Card Pro" Company birliyinin gənc tədqiqatçılarının 100-ə yaxın məruzə və tezisləri dinlənilərək müzakirə edilmişdir. Konfransın işində iştirak edən millət vəkili Ə.Əhmədov, Sahibkarlar təşkilatları Milli Konfederasiyasının sədri, Təhsil Şurasının sədri prof. Ə.Ağayev, Qafqaz Universitetinin Elmi işlər üzrə prorektoru çıxış edərək universitetin rektoru A.Musayevə qısa müddətdə Azərbaycan Universitetinin öndə gedən universitetlərdən biri olacağına inamlarını bildirmişlər.

Bu gün cəmiyyətdə heç də hamı təhsilin hansı əsaslar üzərində qurulduğunu və nə qədər önəmli olduğunu anlamır. Dünyanın qabaqcıl ölkələrində gənclər universitetlərin ən yaxşılarına daxil olmağa can atır, təhsil haqqından asılı olmayaraq dövlət də bu universitetlərə ayırdığı hüquq və imtiyazlara görə onlardan yalnız zəkalı, Azərbaycanı dünyaya tanıda biləcək kadrlar gözləyir. "Azərbaycan" Universitetində 2 günlük konfransın gedişində müşahidə etdiyim müasirlik, intellekt, elmi potensial, tələbə-müəllim əməkdaşlığında qarşılıqlı anlaşma, tolerantlıq, ən əsası, isti münasibət, ab-hava məndə belə bir fikir oyatdı ki, potensial imkanlarına və onlara verilən müstəqil idarəolunma nəticəsində yaxın gələcəkdə Azərbaycanın özəl universitetləri dünyanın ən yaxşı universitetləri ilə rəqabətə girə bilər.

Bu gün Azərbaycan özünün keçid dövrünü yaşayır. Keçid bir sistemdən digərinə keçid deyil, həm də pedaqoji-psixoloji prosesdir. Keçid dövrü şüurda, təfəkkürdə, düşüncə tərzində, dünyagörüşündə dəyişikliyin, yeni sistemin tələblərinə uyğun şəxsiyyətin formalaşdırılması deməkdir. İnsan psixikasında yeniləşmənin baş verməsi isə mürəkkəb, çoxşaxəli prosesdir ki, burada təhsil sistemi həlledici təsirə malikdir. Şəxsiyyətyönümlü yanaşmada "Azərbaycan" Universitetinin gələcək strategiyasının modern mahiyyəti milli dəyərlərin nəzərə alınması, öz simamızı qorumaqla, milli xüsusiyyətlərimizi təlqin etməklə dünya arenasına daxil olmaq bacarığıdır.

  

  

Nazilə ABDULLAZADƏ

 

Ədalət.- 2011.- 14 aprel.- S. 6.