VAQİF
SULTANLININ "HEÇLİK VADİSİ" KİTABI NƏŞR
OLUNUB
Bu
günlərdə yazıçı-ədəbiyyatşünas
Vaqif Sultanlının "Heçlik
vadisi" adlı kitabı nəşr olunmuşdur. Azərbaycan
Dövlət Nəşriyyatının nəfis şəkildə
çap etdiyi kitaba müəllifin eyniadlı essesi, müxtəlif
dövrlərdə qələmə aldığı povest və
hekayələri daxil edilmişdir.
Qeyd
edək ki, kitaba daxil edilən yazıların bir qismi əvvəllər
nəşr edilmiş, digər qismi isə ilk dəfədir
ki, oxuculara təqdim olunur.
Azərbaycanın
görkəmli yazıçısı Çingiz Hüseynov
kitaba yazdığı "Məktub şəklində
müqəddimə" adlı ön sözdə qənaətlərini
belə ifadə edir: "Yadımdadır, o vaxt
yazdığın hekayələrini oxumuşdum, bəyənmişdim
- görürəm ki, təriflərimdə
yanılmamışam, onların lirik üslubu, romantik ruhu, fəlsəfi
düşüncələrə vadar edən və ümidlər
dolu məzmunu, ab-havası, sadə, lakin gizli məna
daşıyan adları belə - göstərir ki,
seçdiyin nəsr yolu sənin yolundur".
Kitab
müəllifin bir qədər həzin, kədərli ruhda qələmə
aldığı "Heçlik vadisi" adlı essesi ilə
başlayır: "Yaşanmış illərin arxasından
dönüb geriyə baxanda dumanlı bir heçlik vadisindən
savayı nəyinsə xatıra gəlmədiyi o uzaq
keçmişdən görünməz, bilinməz xəyalların,
gerçəkləşməsi mümkün olmayan, sərgərdan
arzuların arxasınca qaçmaqda, mənasız
qovğalarda, çəkişmələrdə xərclənərək
tükənən bir ömrün əzabları,
ağrıları boylanır".
Təxminən
eyni ovqata köklənmiş "Ölüm yuxusu"
povestində qəbiristanlığın
köçürülməsi cəmiyyət həyatında
baş verən ciddi xaos, çaxnaşma kimi
canlandırılır. Bu xaos təsvir olunan obrazların
daxili-mənəvi dünyasını aşkarlamağa imkan
verir. Qəbiristanlığı uçuran buldozerçinin
intihar etməsi ilə tamamlanan povestdə yazıçı mənəvi-əxlaqi
dəyərlərə qarşı çıxmağı
ölümlə eyniləşdirmək məramı izləmişdir.
Kitaba
daxil edilmiş "Dərviş", "Mağara",
"Nəvai-Qumru", "Qütb gecəsi", "Vətən",
"Ada", "İlğım" və digər hekayələr
özünəməxsus dil və üslub xüsusiyyətləri
ilə seçilməkdədir. Hekayələri birləşdirən
ümumi cəhət onların daxili-mənəvi ovqata
köklənməsi, cəmiyyətə hakim olan insanın
özgələşmə probleminə etiraz motivləri ilə
seçilməsidir.
ƏBÜLFƏT MƏDƏTOĞLU
Ədalət.- 2011.- 14 aprel.- S. 6.