ƏN QİYMƏTLİ
YADİGAR
(Sənədli hekayə)
Görkəmli
ədib, xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı
- Süleyman Rəhimovun unudulmaz xatirəsinə hörmət
və ehtiramla...
Böyük
sənətkarlar, tarixi şəxsiyyətlər barəsində
söz demək, fikir yürütmək çətin
olduğu qədər də məsuliyyətlidir.
Xalqımızın böyük sənətkarı
Süleyman Rəhimovun nəhəng
yaradıcılığı barəsində söz demək
fikrində deyiləm. Çoxdan ürəyimdə
yığılıb qalan və yaddaşımda iz buraxan
hamı ilə indilikdə ustadın yubileyi ərəfəsində
danışmağı, yazmağı özümə borc bilirəm.
Başqaları
kimi mən də Süleyman müəllimi hələ orta məktəbdə
oxuduğum illərdən əsərlərini oxuya-oxuya
tanımışdım. Sonralar tale elə gətirdi ki, bu
böyük insanın ailə üzvləri, yaxın
qohumları ilə tanış oldum. Bu da institut illərindən
başlandı. Süleyman müəllimin baldızı Azadə
xanımla tibb institutunda bir qrupda oxuyurduq. Böyük ustad barəsində
az-çox nə eşitsəydik, nə öyrənsəydik
bizim üçün xoş və maraqlı olardı. Bəzən
Azadə xanım bizi - qrupla evlərinə dəvət edərdi
(İmtahan qabağı hazırlaşanda və s.). Belə
get-gəlişlər bizi bu ailəyə daha da
yaxınlaşdırdı. Sən demə, qruppamızdakı
Firəngiz adlı qız Süleyman müəllimin oğlu
Oqtayın xoşuna gəlibmiş. Bu xoşa gəlmək daha
da ciddiləşdi və hələ biz institutu bitirməmiş
Oqtayla Firəngizin toyu oldu.
Sözümün
canı var. Qruppamızın tələbələri o vaxt
böyük qürur hissi ilə yaşayırdı. Elə
bil hardasa ağlımıza gəlməyən bir möcüzə
baş vermişdi. Bir vaxt həsrətiylə
yaşadığımız böyük sənətkar indi
bizim üçün lap yaxın olmuşdu. Sən demə
Süleyman müəllimə çatdırıblarmış
ki, aramızda bir oğlan var, şeir yazır.
Günlərin
bir günü dedi:
- Bu
oğlandı şairlik eləyən?
Başımı
aşağı salıb, dinmirdim. Süleyman müəllim
ağır-ağır sözünə davam etdi:
- Nə
olar. Azmı həkimlər var həm şairdi, həm
yazıçıdı, həm də tarixi şəxsiyyətlərdi.
(Çexovun,
N.Nərimanovun, A.Səhhətin adlarını çəkdi).
Mənim
o zamankı yazı-pozu həvəsim birə-beş artdı.
Qalın şagird dəftərində
roman yazmaq "eşqinə" düşdüm (o dəftər
hələ də durur). Nə
isə. İllər keçdi.
İnstitutu bitirdik. Hərəmiz bir tərəfə
düşdük. Beş il Türkmənistanda işlədikdən
sonra doğma respublikamıza qayıtdım. Ağcabədi Mərkəzi
Rayon Xəstəxanasına işləməyə göndərildim.
Günlərin
bir günü eşitdim ki, Süleyman Rəhimov rayonumuza
seçicilərlə görüşə gəlir.
O
vaxtlar Ağcabədidən Süleyman müəllimi Azərbaycan
SSR Ali Sovetinə deputatlığa namizəd göstərmişdilər.
Belə hallarda qabaqcadan qaydasınca hazırlıq gedirdi.
Çıxış edəcək adamlar Raykomun ideoloji
şöbəsi tərəfindən hazırlanırdı.
Təbiidir
ki, Süleyman müəllim yazıçı olduğundan
çıxışa hazırlaşanların əksəriyyəti
ədəbiyyat müəllimləri, orta məktəbin
yuxarı sinif şagirdləri olardı. Məni heç yerə
çağırmamışdılar və bilirdim ki,
çıxış edənlərin siyahısında adım
yoxdur. Buna görə də çıxış etmək barəsində
fikirləşirdim. Lakin çoxdan görmədiyim
böyük sənətkarın məğrur, cazibədar
görkəmi üçün içimdə bir həsrət
hissi vardı. Nəhayət dedilər ki, yazıçı
Raykomun qonaq evindədir. Bu həsrət hissi dəfələrlə
məni qonaq evinin qapısına getməyə məcbur etsə
də içəri keçmək mümkün
olmamışdı. O vaxtlar Raykomun qonaq evi alınmaz qala hesab
edilirdi. Oraya quş da qona bilməzdi. İllah da o zamankı
Raykomun əzazil birinci katibinin qoyduğu qayda-qanunu kimin həddiydi
pozsun.
Mədəniyyət
evinin qapısında adam əlindən içəri keçmək
olmurdu. Qabaq cərgələrdən birində yer tapıb,
oturmuşdum. Adətən qabaqcadan namizədin vəkilinə
söz verərdilər. Bu dəfə başqa cür oldu.
Raykomun ikinci katibi giriş sözü dedikdən sonra, bir-bir
qabaqcadan hazırlanmış adamlara söz verdi.
İçimdəki hisslər məni rahat buraxmırdı.
Çıxış etmək üçün yazıb
göndərdiyim kağız parçasına baxıb kənara
qoymuşdular. Əlimi qaldırıb söz istədim.
Yığıncağı idarə edən bir an duruxdu.
Dönüb bayaqdan başını aşağı
salmış və kağız üzərində
cızma-qara eləyən Raykomun birinci katibinə, sonra da
Süleyman müəllimə baxdı. Süleyman müəllimin
mehriban səsi eşidildi:
-
Söz verin, qoyun o yoldaş çıxış eləsin, -
dedi.
Dərhal
tribunaya tərəf addımladım. Çox həyəcanlandım.
O biriləri kimi qabaqcadan hazırlanmış
"konspektim" yox idi. Ani sükutdan sonra özüm ələ
ala bildim və danışdım. Danışdıqca arabir
dönüb Süleyman müəllimin mənə dikilən
qartal baxışlarına baxırdım. O baxırdı,
baxışlarında bir təbəssüm vardı, bu
xoş, mülayim, ilıq təbəssüm bütün sifətini
işıqlandırdı. Mənə elə gəlirdi ki, o
işıq mənim də daxilimə, qəlbimə nüfuz
edir və məni isindirirdi. Bayaqkı həyəcanım
artıq yoxdu. Özümü rahat hiss edirdim. Arabir onun
razılıqla başını hərəkət etdirməsi
mənə qüvvət verirdi.
Azərbaycan xalqının böyük
oğlu, Azərbaycan ədəbiyyatının bu görkəmli
nümayəndəsini Balzakla müqayisə edirdim. Bu
müqayisədə onun Balzakdan çox-çox yüksəkdə
durduğunu sübuta yetirmək üçün
danışırdım. Çıxışımın bir
yerində təxminən belə dedim: "Vaxtı ilə
Balzak demişdir ki, yaşadığım cəmiyyətin eybəcərliklərini
toplayıb qələmə ala bilsəydim, özümü bu
cəmiyyətin katibi sanardım. Balzak bu arzusuna nə dərəcədə
nail olmuşdu, deyə bilmərəm, lakin,
xalqımızın görkəmli söz ustadı Süleyman
Rəhimov bu arzuya çoxdan nail olmuşdur. Böyük Səməd
Vurğun çıxışlarının birində
demişdir: "S.Rəhimov ədəbiyyatımızın
uzaq vuran topudur"". Sürəkli alqışlar
altında səsim eşidilməz oldu. Onun dodaqları
qaçdı, gülümsəyirdi, qəflətən əlini
qaldırdı, zal sükuta qərq oldu və onun əzəmətli
səsi zalı bürüdü:
- Həkim,
- dedi, - çox zirvəyə qalxma, qoy görək, külək
bizi uçurar, mənim Balzaka böyük ehtiramım var.
Hamı
əl çalırdı, onun təvazökarlığını
alqışlayırdılar! Mən artıq ürəyimi
boşaltmışdım, tribunadan düşürdüm. Məndən
sonra namizədə söz verdilər. Onun
çıxışının yaddaşımda qalan hissələrini
olduğu kimi verməyə çalışacağam.
Ağır addımlarla tribunaya gəldi. Bir an zal sükuta
daldı. İçini anlatdı, gülümsədi və əlindəki
qələmi bir neçə dəfə o tərəf, bu tərəfə
çevirdi. Aramla sözə başladı:
-
"Çox sağ olun, - dedi. - Zəhmət çəkib bu
görüşə gələnlərin hamısı, bu zalda
oturanların da, oturmayanların da hamısı (ayaq üstə
duranlar da vardı), mümkün edib bura gələ bilməyənlərin
də hamısı sağ olsunlar. Burada çıxış
edib mənim barəmdə xoş söz deyənlər də
sağ olsunlar. Görürsünüz, mən özümə
vəkil-zad gətirməmişəm və buna ehtiyac da yoxdur.
Niyə? Ona görə ki, mənim vəkilim elə budey, bu
camaat özüdü-sizsiniz"
Əlini zalda oturanlara uzatdı, hamı əl çaldı.
Yenə əlini qaldırdı və sözünü davam
etdi.
-
"Elə bu sözləri Mərkəzi Komitədə də
dedim. Dedim ki, mən həmişə o rayona bir
yazıçı kimi görüşə getmişəm, o
camaat məni yaxşı tanıyır. Elə indi də bir
yazıçı kimi görüşə gedirəm,
deputatlığa namizəd kimi yox, ona görə də mənə
vəkil-zad gərək deyil. Bir də ki, gərək düz
danışasan. Burada gizlətməli bir şey yoxdu. Siz səs
versəniz də, verməsəniz də mən deputatam.
Adım düşüb o siyahıya, deməli mənə səs
verəcəklər. Axı, başqa bir kəs yoxdu məndən
savayı. Görüşə o namizəd gələr ki,
özündən başqa bir para rəqibi də olsun. O da
desin ki, ay camaat, vallah-billah, bağ belə, bostan belə,
dağı dağ üstə qoyacağam, sizi süd
gölündə çimizdirəcəm- amanın bir
günüdü, mənə səs verin. Mənim də rəqibim
var, özümün də bu qələmimdən başqa
heç nəyə gümanım getmir. Nə vəzirəm, nə də böyük vəzifə
sahibiyəm, heç oturmağa kabinetim də yoxdu, yalandan vəd
verim ki, filan-beşməkan. Mən yazıçıyam,
aranızda yazan-pozan varsa ona kömək edə bilərəm.
Bax, indicə burada bir həkim çıxış elədi,
o məni Balzakdan nəhəng eləyən həkim. Onu çoxdan tanıyıram,
amma sonralar yox oldu, bilmədim
necə oldu. Bakıda oxuyanda
arabir görərdim onu, özü də deyərdilər şeir-zad yazır."
Onun
yaddaşına heyran qalmışdım. Mənə elə gəlirdi
ki, o, məni çoxdan unutmuşdu. Yaradıcılıq
planlarından danışdı, suallara cavab verdi. Beləcə,
namizədlə seçicilərin görüşü
dönüb oldu yazıçı ilə oxucuların
görüşü. Mədəniyyət evindən
çıxanda yenə ona yaxın düşə bilmədim.
O əzazil katiblə maşına oturub, qayım-qala qonaq evinə
getdilər.
Aradan
iki ilə yaxın vaxt keçmişdi. Belə oldu ki, məni
mərkəzi rayon xəstəxanasına baş həkim
qoydular. Xəstəxana bərbad haldaydı. Qabaqdan qış
gəlirdi. Xəstəxana binasının təmir işləri
bir yana, istilikvermə sistemi ən çətin problem idi. Əldəqayırma
"solyarka peçlərindən" istifadə etməklə
palataları qızdırmaq istəyirdik. Müraciət etmədiyimiz
baş idarə, nazirlik qalmamışdı. Amma heç bir nəticə
yoxdu. Respublika Kommunal Təsərrüfat nazirinin qəbuluna
düşə bilmirdim, müavinləri mənə məhəl
də qoymurdular.
Səhiyyə
nazirliyinin, Raykomun məktublarına belə reaksiya vermirdilər.
Qəflətən Süleyman müəllim yadıma
düşdü. Evinə zəng elədim (o vaxt Süleyman
müəllim heç yerdə işləmirdi, doğrudan da
oturmağa kabineti da yoxdu).
Telefonda
təmkinli, əzəmətli səsini eşitdim.
Özümü təqdim etdim, vəziyyəti dedim.
Gülümsədi və:
- A
bala, səhv salmısan, - dedi. - mən yazıçıyam, nə
kommunal təsərrüfat, nə də təmir-tikinti naziriyəm.
-
Süleyman müəllim, - dedim, - Siz bizim rayonumuzun
deputatısınız axı, sizə səs vermişəm.
Guldü:
- Get
səsini geri götür.
Sonra əlavə elədi: - Zarafat eləyirəm, gəl bizim
evin yanına, hara deyirsən gedək, görək nə
çıxır. Amma maşınım-zadım yoxdu ha, nə
də taksi pulum yoxdu. - Yenə gülümsədi: -
Zarafat edirəm, birdən inanarsan ha, - dedi.
Bir
azdan maşına oturub, hökumət evinin yanında
düşdük. Maşında soruşdu:
- Bəs
o dağ boyda pambıq tayaları olan rayonun zəhmətkeşlərinə
xidmət edən xəstəxananın istilik sistemi niyə o günə
düşüb?
Dərdimi
bir az geniş danışdım. Dəfələrlə qəbuluna
düşə bilmədiyim Kommunal Təsərrüfat
nazirinin qapısında oturan qız, (o qız ki, məni
içəri buraxmazdı) Süleyman müəllimi görən
kimi ayağa qalxdı və Süleyman müəllim heç
nə demədən qapını açıb, içəri
keçdi. Mən də onunla dabanqırma içəri
keçdim (bu dəfə imkan tapıb, məni saxlaya bilmədi).
Nazirlə görüşdülər, salamlaşdılar, mən
hələ də ayaq üstə durmuşdum. Süleyman
müəllim məni əli ilə göstərib:
- Bu
oğlanı görürsən, - dedi, - məni hədələyir
ki, gələn dəfə səs verməyəcək mənə.
Mən də nə edim, qorxuram qalam qutuda, biabır olam. Vermədi vermədi də,
zorla səsini əlindən alacam?!
Hər
ikisi ürəkdən güldülər. Və mən qəbuluna
düşə bilmədiyim nazir dedi ki, bu oğlan nə istəyir?
İstəyimi tələm-tələsik dedim. Nazir
gözlüyünü taxıb, qayğılı halda dilləndi:
-
Bunların Raykomunun məktubu var bizdə, cavab vermişik ki, xəstəxananın
istilik sisteminin təmiri bizim səlahiyyətimizə daxil
deyil.
Süleyman
müəllim uğundu:
- Tay
deynən gələn dəfə deputat olmaqdan əlimizi üzək
də, - dedi. Nazir də güldü və əlavə elədi:
- Yox
- dedi, - ona imkan vermərik, daha Siz gəlmisiniz, əlac nədi,
gərək bir şey eləyək.
Nazir
dəstəyi götürdü zəng elədi, kiminləsə
danışdı və üzünü mənə tutub dedi:
- Sən
qayıt get rayona, bir-iki günə briqada gələr, hər
şey düzələr. Daha dağ boyda kişiyə zəhmət
veribsən.
Xudahafizləşdim,
Süleyman müəllim qaldı nazirin yanında (özü
dedi onu gözləməyim) mən çıxdım.
Doğrudan bir neçə gündən sonra təmir
briqadası gəldi. Və burasını da qeyd edim ki,
Ağcabədi mərkəzi rayon xəstəxanasına elə
bir istilik sistemi düzəltdilər ki, hələ də
istifadə edilir və rayonda mərkəzi istilik sisteminə
çevrilib. ("Meymunun dəfni" povestimdə bu hisslərimi
vermişəm).
Sonralar
Bakıya köçdüm və Süleyman müəllimlə
arabir görüşdüm, hər dəfə
soruşardı:
-
Yazıdan-pozudan nəyin var?
Bir də
dedi ki, onları yığ gətir, baxım.
Mərkəzi
mətbuatda çıxan hekayə və povestlərimi
toplayıb, verdim. Soruşdu ki, sən Yazıçılar
İttifaqının üzvüsən? Dedim, - xeyr.
Bağlamanı verəndə:
- Bir neçə gündən sonra, - dedi, - gələrsən apararsan.
Bir neçə
gündən sonra getdim. Çox məmnun idi.
Gülümsəyirdi.
- Balam, - dedi, - xəbərimiz yoxmuş, sən əməlli-başlı
yazıçıysanmış. Süleyman müəllimin zarafatına
bələd olduğumdan
heç nə demədim.
- Yazıb qoymuşam arasına, - dedi. - sənə zəhmət
vermişəm, verərsən
Yazıçılar İttifaqına.
İki nəfərdən də alarsan əlavə.
Sonralar
hər məni görəndə soruşardı:
- Nə
oldu, qəbul olundun?
-
Xeyr, deyirlər hələ baxacağıq.
-
Onlara qalsa. Yaxşı, qoy başım açılsın
özüm məşğul olacağam səninlə, - deyərdi.
Axırıncı
dəfə Respublika Klinik Xəstəxanasında
görüşdük. Qızlarından biri ilə gəlmişdi.
Əlində əsa vardı, dizlərindən şikayət
edirdi. Əyninə plaş geymişdi. Yenə əzəmətliydi,
yenə baxışları qartal kimi uzaqlara zillənmişdi.
Sol döşünə vurduğu ulduzun üstünü
(Sosialist Əməyi Qəhrəmanı ulduzunun) plaşın
yaxası tez-tez örtərdi. Qızı əlini uzadıb,
plaşın yaxasını açardı:
-
Lazım deyil, bala, - dedi.
- Ay
dədə, niyə? Qoysana ulduzun görünsün.
- A
qızım, - dedi, - bu camaat məni ulduzsuz da tanıyır.
Tanıyan tanıyır, tanımayana o ulduz də gərək
deyil.
Yenə
məndən soruşdu:
- Nətərsən,
həkim? Yazıdan-pozudan nəyin var?
Dinmədim.
Bu rəhmətlik ustadın yanında yazıdan-pozudan
danışmaq mənim üçün çətindi.
- Nə
oldu, - dedi, - ittifaq məsələsi? Gülümsədim:
-
Deyirlər ki, hələ baxmayıblar, vaxtları yoxdu, -
dedim. Başını buladı:
-
Yaxşı, - dedi, - qoy başım açılsın, əlimdə
yazım var, özüm sənlə məşğul olacam.
Sonralar
üzvülüyə keçəndə, artıq Süleyman
müəllim həyatda yox idi.
Dedilər
ki, zəmanəti ancaq sağ adam verə bilər. Başqa bir yoldaşdan al gətir. Elə bil qəlbimə
nəsə sancıldı.
Maddım-maddım bu sözü
deyən cavan oğlanın üzünə
baxırdım. Bilmirdim mənim
ürəyimdən keçənləri
o oxuya bilir, ya yox. "Süleyman müəllim tək mənim üçün yox, bu cəmiyyət üçün həmişə
sağdır, həmişə
yaşayır" - deyirdim,
içimdə. Zəmanəti götürüb çıxdım.
Ürəyimdəki ağrını yüngülləşdirmək üçün bu əhvalatı hörmətli
yazıçımız Cəmil
Əlibəyova danışdım.
Rəngi
tutuldu. Başını
bulayıb dedi:
-
Dünyada nə qədər sadəlöv adamlar var ey, deyirəm.
Həkim, mən yazaram, sabah gəlib götürərsən,
fikir vermə.
Süleyman
müəllimin verdiyi zəmanəti indi arxivimdə ən qiymətli
yadigar kimi saxlayıram.
Nurəddin Qənbər
Ədalət.- 2011.- 14 aprel.- S. 7.