"Tanıyaq,
tanıtdıraq"
Badamdar
mədəniyyət evində "Miras" Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyi və Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin Kitabxana Direktorları
Şurasının birgə təşkilatçılığı
ilə "Tanıyaq, tanıtdıraq" silsiləsindən
ilk tədbir keçirilib. Lent.az-ın məlumatına görə,
tədbiri giriş sözü Badamdar Mədəniyyət
evinin direktoru Fəridə Babayeva açaraq, silsilə tədbirlərin
keçirilməsinin önəmindən danışıb.
Daha
sonra "Miras" Birliyinin uşaq və gənclərlə
iş şöbəsinin rəhbəri Cəfər Mənsimi
də çıxış edərək, tədbirin məqsədlərindən
söz açıb. O bildirib ki, "Tanıyaq,
tanıtdıraq" adlı silsilə tədbirlərin
keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin
dünyagörüşünün hərtərəfli
inkişafına dəstək olmaq, onları müasir Azərbaycan
yazarlarının yaradıcılığı ilə
yaxından tanış etmək, kitaba və mütaliəyə
maraqlarını artırmaqdır: "Elə bu səbəbdəndir ki, bu gün də
biz öz tədbirimiz özünəməxsus
yaradıcılığı ilə seçilən Qələndər
Xaçınçaylıya həsr olunub. Bundan başqa, tədbirlər
proqramında istedadlı gənc yazarlardan bir neçəsinin
kitablarının çap edilməsi də nəzərdə
tutulub".
Millət
vəkili, yazıçı-publisist Aqil Abbas qeyd edib ki, Qələndər
Xaçınçaylının
yaradıcılığındakı vətən həsrəti,
vətən nisgili əslində gənclərimizə örnək,
nümunədir. Bakı şəhəri Mədəniyyət
və Turizm İdarəsi Kitabxana Direktorları
Şurasının direktoru Nüşabə Ələkbərova,
şairlər İslam Sadıq, Ənvər Əhməd, Yusif
Nəğməkar, professor Qurban Bayramov da
çıxış edərək Qələndər
Xaçınçaylının
yaradıcılığından söhbət açıblar.
Bundan başqa, uşaq yazıçısı Gülzar
İbrahimovanın "Uşaqlarımıza kitabı sevdirək"
adlı məruzəsi dinlənilib. Tədbirdə şairin
şeirlərindən nümunələr səsləndirilərək,
kitablarından ibarət sərgi nümayiş olunub.
Bədii
hissədə Murad Rzayevin rəhbərlik etdiyi "Qarabağ
bülbülləri" ansamblının ifasında
maraqlı konsert proqramı təqdim edilib.
Ədalət.- 2011.- 14 aprel.- S. 8.