"Bizim camaat "paqon"dan qorxur"
Aqil Abbas: "Heydər
Əliyev olmasaydı,
indiyə qədər
Azərbaycanda 18 dəfə
inqilab olmuşdu"
- Aqil müəllim, son dövrlər
müxalifət liderlərinin
ərəb dünyasında
baş qaldıran inqilabların Azərbaycana
da gəlib çatacağı ilə
bağlı iddialarının
reallıqla hər hansı əlaqəsi varmı?
- Azərbaycanda inqilabın olacağı ilə bağlı səslənən
iddiaları qətiyyən
bölüşmürəm. Artıq Azərbaycanda inqilablar dönəmi bitib. Ölkəmizdə yalnız bir
dəfə inqilab olub ki, onun
da ağrı-acısını
hələ də yaşayırıq. Məhz bu
inqilabın nəticəsində
torpaqlarımız işğal
olundu, ölkə iqdisadiyyatı tamamilə süquta uğradı.
İndi-indi özümüzə gəlmişik ki, yenidən inqilabların olmasını istəmək
yalnız dövləti
sevməyən insanların
işidir. Heç bir
inqilab hər hansı ölkəyə uğur gətirməyib.
Rəhmətlik Heydər Əliyev
sübut elədi ki, hakimiyyətə gəlməyin bir yolu var, bu
da sivil yoldur. Əgər bu gün iqtidar sahibi olmaq istəyirsənsə
gərək ki, seçkilərə qatılıb
qalib gələsən.
İndiki halda isə
İlham Əliyevə
rəqib görmürəm.
Müxalifətin təşkil etdiyi
son aksiyalardan da heç bir nəticə gözləmirəm.
500-600 adamla inqilab
etmək tamamilə gülüncdür və bununla bağlı səslənən fikirlər
yalnız ikrah hissi doğurur. Əgər Heydər Əliyev olmasaydı, yəqin ki, ölkəmizdə indiyə qədər 18 inqilab olmuşdu. Bir daha demək istəyirəm ki, Azərbaycanın iqtisadi inkişafı, güclənməsi,
regionda artan əhəmiyyəti fonunda
inqilablardan danışmağın
özü belə absurddur. Azərbaycan xalqı İlham
Əliyevi dəstəkləyir
və heç bir qüvvənin ölkədə qarışıqlıq
yaratmaq meyllərinə
uymayacaq.
- Korrupsiyaya qarşı mübarizə
tədbirləri necə,
sizcə effekt doğurdumu?
- Azərbaycanda korrupsiyaya qarşı mübarizə
tədbirləri həmişə
olub, bu gün də davam edir. Bəzi
qüvvələr elə
fon yaratmağa
çalışırlar ki,
guya indiyə qədər ölkəmizdə
rüşvətə qarşı
hər hansı cəza tədbiri olmayıb, bu son vaxtlar başlayıb. Qətiyyən belə deyil,
korrupsiyaya qarşı
mübarizə tədbirləri
olub, var və bundan sonra da olacaq.
Sadəcə İlham Əliyev
belə halların yolverilməz olduğunu növbəti dəfə bəyan edib və bir daha
bununla bağlı prinsipial mövqeyini ortaya qoyub. Biz həmişə korrupsiyaya qarşı mübarizə tədbirlərinin
ən yüksək səviyyədə nəticələrini
görmüşük. 2005-ci ilin parlament
seçkiləri öncəsi
bir neçə nazirin, yüksək səviyyəli məmurların
məhz korrupsiyaya qarşı mübarizə
tədbirləri nəticəsində
həbs olunmasının
şahidi olmuşuq.
Bütün bunlar göstərir
ki, rüşvətə
qarşı mübarizə
həmişə olub və son aylar Prezidentin həyata keçirdiyi daha bir mübarizə tədbirlərindən şou
düzəltmək lazım
deyil.
- Son günlər mətbuat
orqanlarında Nəqliyyat Nazirliyinin fəaliyyəti diqqət
mərkəzinə gəlib, xüsusən sürücülərə
qarşı nəqliyyat müfəttişlərinin zorakı
davranışları pislənilir...
- Biz
demokratik ölkədə yaşayırıq. Kimisə
döymək, hədələmək olmaz. Bu yolverilməzdir və
qanunlarımız belə halları birmənalı şəkildə
yasaq edir. Amma gəlin etiraf edək ki, nəqliyyat müfəttişləri
ilə sürücülər arasında baş verən
qarşıdurmalarda hər ikisi eyni dərəcədə
günahkardırlar. Sürücülər bir çox hallarda
nəqliyyat müfəttişlərinin
çağırışlarına məhəl qoymur, onlarla
qarşıdurmaya getməkdə maraqlı olurlar. Qısa bir
araşdırma aparsaq görərik ki, əksər yük
maşınları onlar üçün nəzərdə
tutulan normadan artıq yük vururlar. Bu da yolların
dağılmasına gətirib çıxarır. Təklif
edirəm ki, nəqliyyat müfəttişləri ilə polislər
birgə hərəkət etsinlər. Çünki bizim camaat
"paqon"dan qorxur. Nəqliyyat müfəttişlərini
isə bir o qədər də ciddiyə almırlar və nəticə
etibarilə belə qarşıdurmaların, arzuolunmaz
söz-söhbətlərin yaranmasına səbəb olur.
- Artıq iki
çağırışdır ki, Milli Məclisin
üzvüsünüz. Məmur-deputat münasibətlərinə
dair fikirlərinizi bilmək maraqlı olardı. Başqa
sözlə icraedici hakimiyyətlə qanunverici hakimiyyət
münasibətlərini normal tənzimləyə bilirmi?
-
Şəxsən mən öz adımdan danışa bilərəm,
hər hansı deputatın adından yox. Millət vəkili
olduğum 6 ilə yaxın müddətdə hər hansı
dövlət qurumunun və ya məmurunun müraciətimə
laqeyd yanaşması hallarına bircə dəfə də
olsun rast gəlməmişəm. İndiyə qədər mənim
və köməkçimin vasitəsilə 100-dən
artıq seçici şikayətilə bağlı müvafiq
qurumlar qarşısında məsələ
qaldırılıb. Hamısına da cavab verilib və problemlərin
əskəriyyəti öz həllini tapıb. Bununla
bağlı müraciətlərimizə istər Milli Təhlükəsizlik
Nazirliyi olsun, istər Fövqəladə Hallar Nazirliyi,
bütün qurumlar canla-başla yanaşıblar. Amma elə də
olur seçici bizə şikayət edir, bunun əsasında etdiyimiz
müraciət araşdırılır və cavab verilir ki, vətəndaşın
qaldırdığı iddia əsassızdır. Bundan sonra
biz də araşdırıb seçicinin haqsız olduğunu
görüb, müvafiq qurumlarla razılaşmaq məcburiyyətində
qalırıq.
Ədalət.- 2011.- 15 aprel.- S. 3.