Xoşqədəm
Hidayətqızı: "Əsas odur ki, qadını sındırmasınlar"
"Üç nöqtə" qəzetinin
baş redaktoru Xoşqədəm Hidayətqızının
Milli.Az xəbər portalına müsahibəsi
Müsahibimlə
söhbətim onun redaktoru olduğu qəzet redaksiyasında,
qaynar bir iş şəraitində baş tutdu. Bu,
işgüzar bir xanımın özünə
arzuladığı həyatın bir məqamıdır.
Müsahibə zamanı həmkarım gah bizimlə
danışır, gah gələn zənglərə cavab
verir, gah da televiziya işləri ilə bağlı zənglər
edirdi. Maraqlıdır, televiziya məkanı 14 illik qəzetçilik
təcrübəsi olan bir jurnalistin qarşısında
hansı mübahisəli məqamları ortaya
çıxarıb?
- Xoşqədəm xanım, qəzetin
sizə verə bilmədiyi hansı tələblərinizi bu
gün televiziya ödəyir?
-
Uşaqlıqdan ən böyük arzum televiziyada işləmək
olub. Bu gün mən o arzuma çatmışam. Mən bundan
böyük zövq alıram.
- Verilişlərinizdə
axıdılan göz yaşlarından
ağırlaşmırsınız ki?
-
Düz buyurdunuz, mən əvvəlki layihədə çox
yüklənmişdim. Deyəcəksiniz ki, axı bu layihə,
o biri layihədən daha ağırdır. "Sən tək
deyilsən" verilişində o qədər problemli
insanlarla qarşılaşırdıq ki, belə şeylərdən
yorulmuşdum. Həqiqətən də "Səni
axtarıram" verilişinin bir az gec başlaması mənə
bir az rahatlıq verdi. İndi daha rahatam, heç olmasa sonda
sevinc göz yaşları olur.
- Problemləri araşdıran
veriliş olaraq, insanların daha çox nədən şikayətçi
olduğunu müşahidə edirsiniz?
- Problemli
insanlar çoxdur. Xüsusən də boşanmaların
sayının artması diqqət çəkir. Bilirsiniz, bizə
ən çox müraciət edənlər tənhalar,
boşanandan sonra uşaqlarına aliment ala bilməyən
analardır. Bu problem məni çox
düşündürür. Bu günlərdə televiziyadan
çıxanda gördüm ki, bir qadın həyətdə
oturub ağlayır. Hamı onu atıb - həyat
yoldaşı, atası, qardaşı. O, öz
hüquqlarını müdafiə etməyin yollarını
bilmir ki, harasa müraciət edib, heç olmasa özünə
gələnə qədər uşağını internata
versin. Bu cür verilişlər lazımdır. Mən
özüm də "Sən tək deyilsən" layihəsinə
qədər bu cür verilişlərin əleyhinə idim. Düşünürdüm
ki, xəyanət, zorakılıqla bağlı
mövzuları müzakirəyə çıxara bilmərəm.
Amma sonradan bizə məktublar, şikayətlər gələndə
gördüm ki, bu cür verilişlərə ehtiyac var.
- Deməli, insanlara daha çox
hüquqlarını öyrətmək lazımdır.
-
Baxır onu tamaşaçıya necə catdırırsan. Yəni
format elə olmalıdır ki, tamaşaçı ona
baxsın.
- Qadınlara qarşı qəbul
edə bilmədiyiniz münasibət nədir?
- Bəzi
kişilər - elə həmkarlarımızın da
sırasında var - qadınların uğurunu
qısqanırlar. O qısqanclığı hiss edirəm.
Ümumilikdə deyim ki, bizdə qadınların fəaliyyətini
qəbul etmirlər, belə bir şey yoxdur. Amma çox
böyük qısqanclıq var. Bilmirəm niyə. Bu
qadın işləyir də, sən də çox işlə.
- Xoşqədəm xanım,
münasibətlərinizdən belə aydın olur ki, siz cəmiyyətin
qadına gözəllik təşnəsi kimi
yanaşmasını tələb edirsiniz.
-
Qadına hörmətlə yanaşmaq lazımdır. Yolunu
qapatmaq yox, əksinə, kömək etmək gərəkdir. Gözəllik
təşnəsi kimi baxmasalar da olar. Əsas odur ki,
qadını sındırmasınlar.
- Bu sualı mütləq verməliyəm.
Müsahibə verdiyiniz ərəfədə nə qədər
zənglərə cavab verdiniz, anında problemləri
çözdünüz və s. Maraqlıdır, bu qədər
gərgin iş rejimində formada qalmağı necə
bacarırsınız?
-
İş rejimim ağırdır. Bir də ki, hər gün
səhər idmandayam. Tennis oynayıram, qaçıram, evdə
də idman eləyirəm. Amma səhər 10.00-da işimdə
oluram. Axşam 11-də evimə gedirəm, uzağı 12-də
yatıram.
- Yenidən ailə qurmaq barədə
düşünmürsünüz?
-
Tahirə xanım, mən oğlumu evləndirməyi
düşünürəm, mənim o yaşım deyil.
- Amma evlilik verilişlərinə
hansı yaşda desəniz evlənmək üçün gələnlər
olurdu. Məsələn, elə sizin
çalışdığınız kanalda...
- Əvvə
- Belə deyirlər ki, gözəl
qadınlar həmişə cəmiyyətdə "məhəbbət
dolu təkliflərin" hədəfində olurlar. Belə
problemlərlə üzləşməli olmursunuz?
-
Xeyr. Nə belə təkliflər alıram, nə də o təkliflərlə
uğraşacaq vaxt var.
- Belə deyirlər ki, qadın
karyerada uğur qazanırsa, mütləq nəyisə qurban
verməli olur. Sizin qurbanınız oldu?
-
Xeyr.
- Gələcəkdə deputat
olmaq istəmirsiniz?
-
Yox. Mən mətbuatda uğurla öz işimi davam etdirməyi
düşünürəm. Həm qəzetdə, həm
televiziyada çalışmaqdan zövq alıram. Bu, mənə
yetər.
- Televiziyaya bu qədər
xüsusi məhəbbət qəzetinizi sizdən
küsdürməz ki?
-
Yox... Mən qəzetimi ikinci övladım sanıram, onu
heç vaxt atmaram. Mən qəzetimdə də oluram, televiziyada da oluram, paralel olaraq iş gedir. Sadəcə olaraq,
çox çalışıram.
Ədalət.- 2011 .- 15 aprel.- S. 3.