Legionerlərin gəlməyi Azərbaycan futbolunu zəiflətdi"

 

İNTİQAM VALEHOĞLUNUN TƏQDİMATINDA

 

"Neftçi"nin veteranları deyiləndə ilk yada düşən isimlərdəndir Səməd Qurbanov. Çünki çox az oyunçulardandır ki, karyerasını bu kluba həsr edib. 58 yaşında olmasına rəğmən bu gün də doğma klubuyla nəfəs alır. Komandaya ilk gəlişini isə belə xatırlayır.

-1968-ci ildə Bakıya gəldim və 1971-ci ildə gənclərdən ibarət Azərbaycan Milli komandasıyla SSR-nin "Ümid" kubokunun qalibi oldum. Həmin vaxt millinin kapitanı mən idim. 1971-ci ildə məni "Neftçi"yə götürdülər. Heç zaman da ehtiyatda qalmadım. "Spartak", "Torpedo", "TSKA" kimi klubların diqqətində olsam da "Neftçi"ni dəyişmədim.

 

"Start fiti səslənəndən sonra futbolçular əsməyə başlayırlar, qorxurlar"

 

- Səməd müəllim, bəs hazırda nə işlə məşğulsunuz?

- Bildiyiniz kimi 25 il hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışam və hazırda təqaüddəyəm. İndii AFFA-da azyaşlı futbolçuların seleksiyası üzrə mütəxəssis kimi çalışıram, gənc futbolçuların üzə çıxarılmasına kömək göstərirəm.

- Bildirdiniz ki, gənc futbolçuların seleksiyası ilə məşğulsunuz. Ümidverici nəsə var?

- Var. Yaxşı uşaqlar çoxdur. Sadəcə, öz üzərlərində işləməlidirlər, hər şey də özlərindən asılıdır. Gərək dözümlü, çalışqan olasan. Böyüdükcə bir az çətin olduğuna görə, çoxu yarıdan qaçır.

- Adətən futbolumuzda Gəncə-Tovuz məktəblərini favorit kimi göstərirlər. İndi yenə həmin məktəblər üstündür, yoxsa digər rayonlardan da perspektivli oyunçular yetişir?

- Regionlarımızda-Siyəzəndə, Qazaxda, Tovuzda, Şamaxıda yaxşı futbol oynaya bilən uşaqlar var. Amma yenə də deyirəm ki, hər şey çalışmaqlarından asılıdır.

- Milli çempionatımızın oyunlarını meydandan izləyirsiniz, yoxsa ancaq televizordan seyr edirsiniz?

- Meydandan da izləyirəm, başqa ölkədə olanda isə televizorda baxıram. Amma adətən stadiona gedirəm.

- Premyer-liqamız çempionatların reytinq sıralamasında xeyli irəliləyib. Fikrinizcə, bu irəliləyiş yalnız kağız üzərindədir, yoxsa oyun keyfiyyətində artım hiss olunur?

- O gün Berti Foqtsun bir fikrini eşitdim. Deyir ki, start fiti səslənəndən sonra futbolçular əsməyə başlayırlar, qorxurlar. Əgər futbolçu ki, özünü meydanda göstərmədisə, o nə futbolçudur? Foqtsun bu fikirləri çox xoşuma gəldi. Oyunçununku odur ki, fit çalındı başladı, fit çalındı qurtardı. Nə azarkeşə, nə televiziyaya fikir vermək lazım deyil. İdmançı kimi mübarizə aparmaq lazımdır. Bizim futbolçular sanki açıla bilmirlər, özlərini göstərə bilmirlər, çəkinirlər. Amma ümumilikdə irəliləyiş hiss edirəm.

 

"Rauf Əliyev və Əfran İsmayılov daha çox xoşuma gəlir"

 

- Sizcə nədən çəkinirlər?

- Tutaq ki, hansısa güclü ölkəylə futbol oynayırsan. Nə olsun ki, səndən güclüdü? Çalışmalısan, özünü sübut etməlisən ki, ondan güclüsən.

- İndi üzdə olan futbolçularımızdan konkret kimin oyununu bəyənirsiniz?

- Rauf Əliyev və Əfran İsmayılov daha çox xoşuma gəlir. Amma onlar da gecə-gündüz çalışmalıdırlar. Məşqdə bir saat, saatyarım qaçmaqla futbol olmaz. Gün ərzində heç olmasa 5-6 saat məşq eləməlidirlər. Məşqdən sonra da bir saat əlavə özləri işləməlidirlər. Bax, onda futbolçu olacaqlar. Yoxsa məşqdə vaxt keçirməklə futbol olmur.

- Səməd müəllim, hazırda çempionatda 12 komanda çıxış edir. Hərəsinin də heyətində 20-30 futbolçu var. Bu isə 300-ə yaxın oyunçu deməkdir. Bu qədərinin içərisində kimsə açıq-aşkar fərqlənə bilirmi?

- Elə bir oyunçu yoxdur. Burada hamısı eynitipli oyunçulardır. Təxminən belə-aldım pas, məndən uzaq, verdim pas. Kimsə topu alsın, driblinq göstərsin, ağlıyla kombinasiya yaratsın, belə şeylər yoxdur. Bizim oyunçuların əsas prinsipi budur ki, top məndən uzaq olsun. Bilirsənmi bunun səbəbi nədir?

- Nədir?

- Bizdə 17-18 yaşlı yaxşı futbolçular var. Legionerlərin gəlməyi Azərbaycan futbolunu zəiflətdi. Bizim uşaqlar qalıb ehtiyat oyunçular skamyasında, onlar oynayırlar. Cavan oyunçularımız buna görə arta bilmir.

- Elə məhz bu məqamın üzərində dayanmaq istəyirəm. Doğrudur, bu gün elə legionerlər gətirilib ki, vaxtında Avropada sözünü tam deməsə də, nüfuzlu çempionatlarda oynayıblar, az-çox tanınıblar. Amma nəzərə almaq lazımdır ki, meydanda futbolu adlar yox, oyunçular oynayır. Belə oyunçuların gətirilməsinə nə ehtiyac var?

- Mən olsaydım, ancaq yerli oyunçulara üstünlük verərdim. Azərbaycan bayrağını ancaq onlar təmsil edə bilər. Dünyanın o başından gəlib mənim bayrağımı yox, öz cibini fikirləşir, 1-2 il pulunu qazanıb gedir. Legionerlərə nə klublarımız, nə də milli komandamız lazımdır.

 

"Məşqçi gəlmə, oyunçu gəlmə, hərəsi də özüylə 15-20 nəfər gətirir"

 

- Yəqin ki, "Şaxtyor"un "Barselona"yla son oyununda meydanda bir erməninin də olduğuna fikir verdiniz. Ukraynalıların heyətində oynayır. Amma nə qədər acı da olsa, bəyənməsək də bu həqiqətdir ki, bir erməni bu gün Messiyə qarşı oynayır. Bunun erməni futbolu üçün nə qədər böyük əhəmiyyət daşıdığını deməyə ehtiyac yoxdur. Başqa idman növlərində isə bədxahlardan çox üstünük. Amma futbolumuzda yalançı xəyallar qurmağa çalışırıq. Axı niyə biz Messiyə, Ronaldoya qarşı oynaya bilmirik? Niyə ancaq öz qazanımızda qaynayırıq?

- Öz qazanımızda qaynayırıq deyəndə ki, bizdə ağıllı futbolçu yetişmir. Allah rəhmət eləsin, Anatoli Banişevski, Əli Rəhmanov kimi ağıllı oyunçuların qıtlığıdır. Çempionatda oynayanların isə cəmi 20 faizi azərbaycanlılardır. Əgər bayaq dediyiniz 300 nəfərin hamısı özümüzünkülər olsa, onlardan 11-12 nəfər keyfiyyətlisini seçmək olar. Lap 50 nəfər də seçmək olar. Həmişə legionerlərin əleyhinə olmuşam. Məşqçi gəlmə, oyunçu gəlmə, hərəsi də özüylə 15-20 nəfər gətirir.

- Siz də "Neftçi"nin canlı əfsanələrindənsiniz. Əsasən legionerlərdən təşkil olunmuş "Neftçi"nin oyunlarına baxmağa həvəsiniz varmı?

- "Neftçi" hamımızın canımız, qanımızdır. Bu komandayla yatıb, bu komandayla durmuşuq. Əgər indi başqa komandalar bu siyasəti aparırlarsa, flaqman da titulunu qorumaq naminə belə eləməlidir. Açığı, xoşuma gəlir və hər zaman oyunları ürəyimi alıb.

- Son oyunları xoşunuza gəlirmi?

-Gəlir.

- Belə söz-söhbətlər var ki, "Neftçi" flaqman olduğundan ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslər də bu komandanın çempion olmasında maraqlıdır. Elə "İnter"lə oyunda verilən şübhəli penalti də söz-söhbəti artırdı. Flaqmanın ehtiyacı varmı ki, hansısa çimərlik hakimi ona kömək eləsin?

- İnanmıram ki, hakimlər bilə-bilə "Neftçi"nin xeyrinə qərar verirlər. Orada oynayan uşaqlar da var.

 - Bəlkə də bu suala görə məni qınayacaqlar. Amma etiraf etmək lazımdır ki, son neçə ildə ölkə çempionatındakı turnir cədvəlinin son 4 pilləsinin "daimi sakinləri" var. Bunlardan biri "Turan", digəri MOİK-dir. İndi isə "Muğan" da bu sıraya qoşulub. Əgər belədirsə, elə birincilik 12 deyil, 8 komandayla keçirilsin. Onsuz da son 4 pillənin sahibləri yerləri öz aralarında "bölüşdürürlər". Belədə azarkeşlər də daha keyfiyyətli futbol izləyərlər. Çünki İlk "altılıq" komandalarını və "Qəbələ"ni çıxmaq şərtiylə kimsə oyun göstərmir. Bu il birinci dəstədən də "Abşeron" gəlir...

- Çox gözəl fikirdir. Amma bu qərarı vermək AFFA-nın rəhbərliyindən asılıdır. Zəif komandalara görə premyer-liqanın marağı bir az da itir. Səkkiz güclü komandayla lap yaxşı olar. "Abşeron" da bu il güclülər dəstəsinə iddialı gəlir. Məşqçiləri Mirbağır İsayev də gözəl oğlandır, gözəl insandır, işgüzardır. "Abşeron"un məşqlərini izləmişəm, sağlam komandadır, gəncdirlər.

 

"O, Messi kimi bir oğlandır..."

 

- Nə əcəb məşqçi kimi çalışmadınız?

- Həm yaşım artıb, həm də əvvəldən polisdə çalışmağa həvəsim böyük idi. Amma istənilən komandanı çalışdıra bilərəm.

- Milli komandamızın oyunlarına baxırsınız?

- Baxıram. Amma yenə də təkrar edirəm ki, oyunçularımızda qorxaqlıq var. Məsələn, Elvin Məmmədov çox texnikalı oyunçudur. Amma meydanda özünü elə aparır ki, elə bil kimdənsə incikdir. O Messi kimi bir oğlandır, üzərində işləsə həmin fintlər Elvində də var.

- Millinin əsas oyunçuları klublarında heyətə düşməyə çətinlik çəkirlər. Bəlkə bu da səbəbdir?

- Razıyam. Yoldaşlıq oyunlarında başqa oyunçular da sınanmalıdır. Hətta Milli komanda iki yerə bölünməli və yoldaşlıq oyunu keçirilməlidir. Amma bunlar 5-6 nəfərdən yapışıblar və neçə illərdir ki, onlar oynayırlar. Hətta klublarımızla da yoldaşlıq oyunu keçirmək mümkündür.

- Berti Foqts ayda 95 min avro məvacib alır və hazırda qrupda beşinci yerdəyik. Eyni pilləni 8 min dollar alan Şahin Diniyev və digərləri də tuta bilirdi. ...Bu məşqçi bizə lazımdırmı?

- Doğrusu bu mənim səlahiyyətimdə deyil. Amma oyunçu yoxdursa Foqts neyləməlidir?

- Əgər belədirsə, biz Foqtsu neyləyirik ki?

- Məşqçidir də gətiriblər (gülümsəyir) Amma kimsə bundan soruşmalıdır ki, qardaş 3 ildir burdasan, neynəmisən?

- Millidə köməkçi məşqçi kimi işləyərsiniz?

- Mənlik deyil, yaşım keçib.

 

" Həyat yoldaşımın futboldan zəhləsi gedir"

 

- Dünya futbolunu izləyirsinizmi, kimlərə azarkeşlik edirsiniz?

- "Barselona"nın oyunu xoşuma gəlir. Orada hamı peşəkardır, ağıllıdır. Messi, Xavi digərləri "əjdaha"dır, "professor"dur.

- Bu yaxınlarda "Neftçi"nin keçmiş oyunçularından biri bildirmişdi ki, bəzi oyunçular bir az tanınandan sonra klounluq edirlər. Bu "ulduzluq xəstəliyidirmi?"

- Kim özünü belə aparırsa ulduz ola bilməz. Kənardan ona kloun kimi baxırlar (gülümsəyir). Bizim ulduz futbolçularımız vaxtında olub. Amma Qurban Qurbanov, Mahmud Qurbanov, Vidadi Rzayev da yaxşı oynayıblar.

- Həyat yoldaşınız pedaqoqdur. Adətən xanımlar futbolla o qədər də maraqlanmırlar. Sizdə bu mənada vəziyyət necədir?

- Həyat yoldaşımın futboldan zəhləsi gedir.

- Oyunlarınıza baxırdımı?

- O sonradan bildi ki, mən futbolçuyam.

- Karyeranızla bağlı tez-tez ailədən uzaqda olmusunuz. İndi o günlərə heyfsilənirsiniz?

- Heyfsilənirəm. Ayda 3-4 dəfə evə buraxırdılar.

- Futbolçu olanda siqaret çəkmisiniz?

- Yox. İndi isə arabir çəkirəm.

- Hobbiniz varmı?

- Ovu xoşlayıram. Bir də yaxın dostlarımla oturub söhbətləşməyi, deyib-gülməyi çox sevirəm.

-Avtomobil sürməklə aranız necədir?

- Atıq 35 ildir ki, avtomobil sürürəm. Cavan vaxtı bərk sürsəm də, indi bütün qaydalara riayət etməyə çalışıram.

- Futbolumuzun maddi durumunda sizin dövrünüzlə müqayisədə çoxmu fərq var?

- Əlbəttə. Amma o vaxt aldığımız özümüzə bəs edirdi. Allah Ulu Öndərimizə rəhmət eləsin. Heydər Əliyev bizim komandanı, şəxsən də məni çox istəyirdi, hər mövsümün sonunda bizi qəbul edirdi. Ev, maşın, mebel kimi problemlərimizi yoluna qoyurdu. Həmişə bizə deyirdi ki, bir fikriniz olsun-siz Azərbaycan xalqını təmsil edirsiniz. Bu da bizə ruh verirdi.

- Tanınmış futbolçulardan kimlərləsə ailəvi dostluq edirsiniz?

- Ailəvi dostluq eləmirəm. Amma "Neftçi"nin bazasına gedirəm, veteran futbolçularla görüşürəm.

- Bəlkə də bir ildən artıqdır ki, sizi mətbuatda görmürəm. Özünüz qaçırsınız, yoxsa həmkarlarımız qeyri-fəaldırlar?

- Doğrusu belə şeylərdən qaçıram. Efirlərə isə ümumiyyətlə getməyi sevmirəm.

- Futbolçularımıza və azarkeşlərə nə arzu edirsiniz?

- Futbolçularımıza gözəl oyun, azarkeşlərə isə gözəl oyunlara baxmağı arzu edirəm. Amma bəzi komandalarımızın oyunlarına baxanda bir şey xoşuma gəlmir. Hər klub bir baraban gətizdirir tappatap, oyuna baxmaq yaddan çıxır (gülür). Baxın, Türkiyəylə oyunda hamı özü gəlmişdi. Axı onları kim stadiona gətirmişdi? Heç kim. Yaxşı oyun olsa azarkeşlər də özləri gələcək.

  

 

Ədalət.- 2011.- 15 aprel.- S. 6.