ERMƏNİ QİBLƏSİ

 

Hekayə

 

Maşının kirli pəncərəsindən görünən dünya onun doğma kəndi idi. Ağappaq qara bürünmüş təpələrin, dərələrin hər qarışını, əyri-üyrü yolların hər ayrıcını, hər çıxıntısını hamı kimi o da çox gözəl tanıyırdı. Tanıyırdı və sevirdi. Qocaman ağaclardan tutmuş körpə fidanlara, sal qayalardan tutmuş xışma-xışma çınqıllara, atlana-atlana axan Qarqar çayından tutmuş sızqa bulaqlara qədər, bu kəndin hər bucağını, hər guşəsini gözünə-könlünə köçürmüşdü. Taxta doqqazlara, qarğı çəpərlərə əlini sürtə-sürtə o qədər yüyürmüşdü ki, əl havasına tanıyırdı onları. Lap gözlərini də bağlasaydılar bu kəndi addım-addım gəzər, gözüyumulu başından girib ayağından çıxardı.

İndi onu bu doğmalıqdan qoparıb hara isə aparırdılar. Hara...bilmirdi.

Get-gedə uzaqlarda qalan qar örtüklü dərələrdə, təpələrdə o qədər qoyun-quzu otarmışdı ki...

İndi isə...

Kirli pəncərədən göyə baxdı.

Göy dolmuşdu, ağlamaq istəyirdi.

O da ağlamaq istəyirdi, amma ürəyinin guppultusu fikrini cəm eləməyə qoymur, beynini döyəcləyirdi. Eynən ağacları döyəcləyən ağacdələn kimi...

...Hər dəfə bu taqqıltıdan bezib ağacdələnləri daşlayanda nənəsi söylənərdi:

-Dəymə, ay bala, qoy ağacları qurddan, xəstəlikdən təmizləsinlər. Yoxsa azar vurar ağaclarımızı, mer-meyvə üzünə həsrət qalarıq.

-Ey, ay nənə lap adamın başını-beynini aparırlar.

İndi həmin taqqıltı düz beyninin içini dəlirdi: tak-tuk-tak-tuk.

Taqqıltıların içində olanlar kino lenti kimi gözlərinin önündən keçirdi. Sanki maşının kirli pəncərəsi televizor idi, o da yaşadığı dəhşətlərə bu televizorda baxırdı.

-Bu atasıyla böyük qardaşıdı. Ermənilər ağaca sarıyıb onların üstünə benzin tökürlər. Külək alovları o yana-bu yana yaydıqca qardaşının əriyən üzü, əriyən üzündə işartısı itən gözləri görünür. Bu gözlərdə nifrətdən başqa heç nə görmədi. Atası da, qardaşı da yana-yana əriyib qurtarırdılar. Sonra nənəsini, anasını, bacılarını lütləyib qarın üstündə ora-bura qovdular. Sonra...ağıla sığmayan, fikirə belə gəlməyən dəhşətlər bir-birini əvəz etdi. Onun 15 yaşı var idi. 15 yaşlı oğlan üzünü Allaha çevirib ölüm dilədi. Özünə ölüm. Ağlına gəlməyən ölüm isə bir addımlığındaydımı, beş addımlığındaydımı bilmirdi. Kaş öləydi. Kaş o hündür, ətli-canlı erməni 8 yaşlı bacısını avtomatın arxası ilə yerə yıxıb... İlahi, kaş o an öləydim düşündü. Amma ermənilər nənəsinin boğazına məftil dolayıb maşının arxasına bağlayandan sonra onu da itələyə-itələyə həmin maşına mindirdilər. Maşın kəndarası yolla şütüyəndə nənəsinin tükürpədən çığırtısını eşitdi. Getdikcə beyninə işləyən çığırtı da kəsildi. Və dəhşət filmi bitdi. Sonra ağappaq dünyanın içində mənzərə filmi başladı. Gözəl mənzərələr bir-birini əvəz etdikcə zamanın bu qısa kəsiyində olanlar ona yuxu kimi gəlirdi. Bu yuxunun içində onu ölümə doğru aparan yol isə çox uzanırdı. Osa həmən ölmək istəyirdi, həmən. Müəmmalı, fərqli bir ölümün astanasındaydı. Ölümün yolu qurtarmaq bilmirdi. Darıxırdı, ölmək üçün darıxırdı. Sakitcə maşının bir küncünə qısılıb, möhkəmcə qanrılıb bağlanmış əl-qolunun ağrısını uda-uda, bu gözəl, ağappaq dünyanı son dəfə süzürdü. Maşındakı ermənilər arada onu qapazlayır, təpikləyir, bizim dilimizdə söyür, təhqir edirdilər. Sürücü də onlardan geri qalmırdı. Hərdən əlini maşının sükanından çəkib, arxaya çevrilir və var gücü ilə onun başına yumruq endirirdi.

Osa dinmir, yağıların içində köməksiz halıyla uzaqlara baxırdı.

Dünənə kimi hər şey yerindəydi.

Dünənə kimi o məktəbdə oxuyurdu.

Dünənə kimi ailəsi sağ idi.

Dünənə kimi onun ad gününə hazırlaşırdılar.

Sabah isə onun on beş yaşı tamam olacaqdı.

Sabah isə o olmayacaqdı.

Sabah isə o sabahı görməyəcəkdi.

15 yaşının tamam olacağı gün yəqin ki, göylərdə olacaq. Hamının, doğmalarının yanında olacaqdı.

Qırıq-qırıq düşüncələrin içində gördüyü dəhşətlərin yuxu olmasını istəsə də, hər gözünü yumub açanda özünü yenə də ermənilərin arasında görürdü.

Yox, yuxu-filan görmürdü.

O, gerçəklərin arasında, acı həqiqətlərin əhatəsində idi.

Ən dəhşətlisi isə 8 yaşlı bacısının yaşadıqlarıydı. Bacısı bərəlmiş bəbəkləri ilə yerdə uzanıb qalmış, cantaraq erməni isə şalvarının toqqasını bağlaya-bağlaya özündən razı halda ona baxırdı.

Ürəyindən küt bir ağrı keçdi: ay Allah.

-Nə dedin?

Yanında oturan erməni bizim dildə soruşdu.

Cavab vermədi. Üzünü pəncərəyə sarı döndərib, içindəki ağrının göynərtisindən qovruldu. Qovruldu, qovruldu və bu çırthaçırtın içərisində bacısının onun dəftər-kitabını necə qarışdırdığını xatırladı. O da bacısının uzun hörüklərindən dartardı. Bacısı da çığırıb atasını köməyə çağırardı.

Atası da hər dəfə onu hədələyərdi: bax, ha bir də onu incitsən məndən incimə. Yaxşımı?

- Ay ata, de da. Mənim dəftər-kitabımı qarışdırmasın, şey-şüylərimi yoxlamasın.

- Əşşi, qarışdırsın da. Qarışdıranda noolur.

Bacısı da qaçıb atasının arxasında gizlənər, arada bic-bic gülərdü.

O da hirslənər, dişi bağırsağını kəsər, atasının qorxusundan bacısına heç nə deyə bilməzdi.

...Ah, kaş yenə də bacısı onun dəftər-kitabını qarışdırardı, nəsə axtarardı, tapardı. Hə, lap ona yazılmış sevgi məktublarını da tapardı. Lap hamıya göstərərdi, amma hamı sağ olardı.

Udqundu. Sürücünün vurduğu zərbənin təsirindən qırılan dişinin yerindən axan qanın tamından ürəyi qalxdı. Amma yenə də qanı tüpürmədi. Uddu, udqundu...

Sürücü bir də apxaya qanrılıb nifrətlə xırıldadı: Ara, yaxşı-yaxşı bax dünyaya. Axırıncı dəfə baxırsan. Gör sənin başını o dediyiniz erməni qibləsinə nə təhər kəsəcəklər.

Onun yanında oturan erməni də sürücünün sözünə qüvvət verdi.

-Düz deyirsən Aşot. Qoy türklər erməni qibləsini yaxşı tanısınlar.

-Ara, əllərim yaman geyişir. Türk qanı istəyir, türk qanı...hı, hı nə tikəliyərdim səni. Amma əmrdi də, gərək komandirə sağ aparıb verək. Komandir özü sənin başını xıx eliyəcək.

Maşın palçıqlı çuxura düşüb silkələndi. Ermənilər ha çalışdılarsa da maşını çaladan çıxarda bilmədilər. Düşüb maşının arxasından itələsələr də, yenə də bir şey çıxmadı.

Heç bilmədi maşından yerə necə atıldı. Əlləri arxasında bağlı halda var gücüylə qaçmağa başladı. Arxadan ermənilərin çığırtısı gəlirdi: Ara hara qaçırsan, ay köpəkoğlu. Dayan, yoxsa səni tutub it kimi gəbərdəcəm. Dayan demirəm, dayan...

Amma gec idi, dayanmaq ağlına da gəlmirdi. Var gücü ilə qaçırdı. İrəliyə qaçırdı. Hara qaçdığını isə bilmirdi. Əl-qolu bağlı olmasaydı güllə kimi vıyıldayıb uzaqda görünən meşəlikdəki ağacların arasında gözdən itərdi. Həmişə qaçışda birinci olardı. Heç kim ona çata bilməzdi. Amma indi əl-qolu bağlı olduğundan qaça bilmirdi.

Beləcə dartına-dartına, nəfəsi kəsilə-kəsilə qaçdı.

Qaçdı, qaçdı.

Ermənilər də çığrışa-çığrışa onun arxasınca .

İldırım sürətli fikirlər beynini ağacdələn kimi döyürdü. Axı bir az əvvəl ölmək istəyirdi. İndi hara qaçır, niyə qaçır. Ölümdənmi qaçırdı. Yox, gördüyü dəhşətlərdən, ailəsinin, doğmalarının başına gələn o vəhşətlərdən sonra sağ qalıb yaşamağı düşünmürdü. Bəs eləysə hara qaçırdı. Bir anlıq dayandı. Arxaya döndü. Ermənilər çathaçatdaydı. Səsi gəldikcə bağırdı:

-Hə, gəlin it uşağı, qorxmuram sizdən. Gəlin öldürün məni. Vəhşilər. Qaniçənlər. Cəlladlar. Sizin heç ananız, bacınız, balanız, doğmalarınız yoxdu. Niyə qırırsınız camaatı. Niyə, niyə, niyə?????

Özünü ona yetirən ən cantaraq erməni var gücü ilə qarnına bir təpik qoydu. Oğlan arxası üstə yerə, qarın içinə yıxıldı. Özlərini çatdıran o biri ermənilər də oğlanın harası gəldi təpikləməyə, söyməyə başladılar. Get-gedə huşunu itirirdi. Elə bil ayaqları yerdən üzülürdü, hansı bir boşluqsa onu özünə doğru dartırdı. Düşdüyü boşluğun qaranlığında qulaqları güyüldəyirdi. Daha heç nə hiss etmirdi.

...Gözlərini açanda özünü həminki yerində, maşının arxa oturacağında gördü. Üst-başı qanın, palçığın içində idi. Əl-qolu da qalxmırdı ki, ağzının-burnunun qanını silə. Hər yeri ağrıyırdı, göynəyirdi.

Bir yeri ağrıyanda anasından qabaq nənəsi özünü öldürərdi. Gah belinə bankə salar, itburnu dəmləyər, əvəlikli omac bişirər, onun yatağının yanından əl çəkməzdi. İndi yazıq nənəsi onu belə görsəydi nə edərdi görən. Yəqin ki, ermənilərin üstünə atılıb, üz-gözlərini cırmaq-cırmaq edərdi.Yazıq nənəsi.

Bir Allah bilir bədəni yollarda neçə tikə olub. Tikələri də ya sahibsiz itlər yeyir, ya da ac canavarlar.

...Ermənilər maşını çaladan çıxartmışdılar. Maşın qarşıdakı çayın üstündən keçib, irəlidə görünən qəbristanlığa tərəf şütüdü. Qəbirlərin arasındakı yolda silkələnib dayandı. Maşındakı ermənilər bər-bəzəkli bir qəbirin yanında duran qoca erməniynən nəsə danışandan sonra, onu maşından itələyib yerə saldılar. Qoca erməni yaşına uyuşmayan bir cəldliklə onu sürüyüb qəbirin yanına gətirdi. O biri ermənilər isə maşına minib harasa yollandılar. Soyuq iliyinə işləyirdi. Qoca erməni qəbirin baş tərəfində sırayla düzülmüş su dolu butulkaların bir neçəsini götürüb oğlanın başına, üstünə tökdü:

-Qoy üzünün palçığı yuyulsun. İndi gəlib sənin başını erməni qibləsinə kəsəcəklər. Barı o biri dünyaya bir az təmiz get.

Oğlan soyuqdan tir-tir titrəyirdi. Başından tökülən boğazından qoynuna dolub, ilan kimi bədəninin hər yerini dondururdu. Bədəni tamam keyimişdi. Daha dodaqları söz tutmurdu ki, bu qoca, qansız erməniyə desin ki, sizdən qorxmuram, ölümdən .

-, nədir, qorxursan türk küçüyü. Bax, bu qəbirdə yatan oğlan bizim komandir Levonun qardaşıdır. Sız azərbaycanlıların xəstəxanasında ölüb o vaxt. Nədi-nədi kor bağırsağı partlayıb. Kor bağırsaq da bəhanədi, onu sizin həkimlər bilə-bilə öldürüblər. Gör nə qəşəng oğlandı. Sizin mininizə dəyən oğlan idi. Yazığı 20 yaşında öldürüb sizin həkimlər. Komandir Levon da and içmişdi ki, girəvə düşən kimi 20 oğlan başı kəsəcəyəm qardaşımın qəbri üstündə. Qisasımı alacağam türklərdən. İndi getdilər komandir Levonu gətirməyə. Gör başını necə üzəcək erməni qibləsinə. Siz ....

Qoca erməninin sözü ağzında qaldı. Maşın vıyıltıynan gəlib onların yanında dayandı. Maşından düşən ermənilər oğlana yaxınlaşdılar. Hərbi geyimdə olan erməni yetirən kimi yerdə qurbanlıq quzu kimi uzanan oğlanın başını zərblə təpiklədi.

Havada parıldayan xəncər oğlanın çənəsinin altında xırçıldadı.

Ağappaq qarın üzərinə çılənən qan buxarlanıb qara hopurdu.

Oğlanın kəsilmiş başı boynundan ilişikli qalmışdı. Qoca erməni bir ayağını oğlanın sinəsinə qoyub var gücü ilə oğlanın başını dartıb, ilişmiş dərisindən qopartdı.

Və oğlanın hələ də dodaqları səyriyən başını komandirin ayağı altına atdı.

Komandir də dalı-dalı çəkilib qapıya cərimə zərbəsi vururmuş kimi oğlanın başını bir təpiklə göyə qaldırdı. Baş havada uçub bayaq gəldikləri maşın yoluna düşdü.

Başı kəsilən an oğlanın beynindən ildırım sürətiylə keçən fikir qorxudan bərəlmiş gözlərində donmuşdu.

Atası da eynən toyuqların başını belə kəsərdi. İti bıçaqla, iti hərəkətlə. Amma müsəlman qibləsinə.

 

 

Esmira MƏHİQIZI

 

Ədalət.- 2011.- 15 aprel.- S. 7.