"Dəyirmi masa" keçirildi
Azərbaycan
Sosial Münasibətlər Akademiyasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı
ilə "Çernobıl AES-də qəza nəticəsində
zərərçəkmiş vətəndaşların sosial
hüquqlarının həyata keçirilməsi" mövzusunda
dəyirmi masa keçirilib.
APA-nın
məlumatına görə, AHİK-in sədr müavini Cavanşir Alxasov
bildirib ki, bu il Çernobıl Atom Elektrik Stansiyasındakı
qəzanın 25 ili tamam olur: "Təhlükə radiusuna və
ətrafa sızan radioaktiv maddələrin miqdarına görə
Çernobıl qəzası "Xirosimo
bombaları"nın 20 dəfəlik gücünə
ekvivalent olub. Qəza nəticəsində milyonlarla insan zərər
çəkib, yüz minlərlə adam evsiz-eşiksiz
qalıb, ətraf mühitə ciddi zərbə vurulub. Ən
çox ziyan qəza obyektinə yaxın ərazidə
yaşayan Rusiya, Ukrayna, Belarus əhalisinə dəyib.
Rusiyanın tanınmış radioloqları etiraf edirlər
ki, fəlakətin nəticələrinin belə ağır olacağı gözlənilmirmiş.
Şüalanmadan 10-20 il keçdikdən sonra belə
onkoloji (şiş) xəstəliklər əmələ gəlməyə
başlayır. Faciə qurbanlarına hörmət və
ehtiram əlaməti olaraq Birləşmiş Millətlər Təşkilatı
26 apreli Beynəlxalq Xatirə Günü elan edib".
C.Alxasov deyib ki, Çernobıl AES-də
qəzanın nəticələrinin aradan
qaldırılmasında digər ölkələrlə
yanaşı, Azərbaycanın 7 mindən çox vətəndaşı
iştirak edib. Onlardan bir qismi Slavutiç şəhərinin
tikintisində iştirak edib. Həmin şəxslərin 5200 nəfəri sonralar
sağlamlıqlarını itirərək əlil olub: "Bu
gün də respublikamızda sağlam
"çernobılçı" yoxdur, ya tam müayinə
olunmamışlar, ya da tam müalicə olunmayanlar var". Tədbirdə
iştirak edən Səhiyyə Nazirliyinin böyük məsləhətçisi
Yusif Babayev isə bildirib ki, Çernobıl əlillərinə
yüksək səviyyədə səhiyyə xidməti
göstərilir.
"Çernobıl
Əlilləri İttifaqı"nın prezidenti Mir Həsən
Həsənov da əlavə edib ki, əvvəllər Çernobıl
əlillik dərəcələrinin müəyyənləşdirilməsi
zamanı çətinliklərlə üzləşir,
imtiyazlarından istifadə edə bilmirdilər: "Artıq
Çernobıl əlillərinə əlillik dərəcələri
ömürlük müəyyənləşdirilir. Bununla da
onların sosial imkanları genişləndirilir".
Ədalət.- 2011.- 15 aprel.- S. 7.