Dövlət ilkin Vaxt Tezlik etalonu təsdiq edildi

 

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri Laboratoriyasında quraşdırılmış etalon kompleksi Dövlət ilkin vaxt və tezlik etalonu kimi təsdiq edilib. Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu (Fluke910R) və taymer-sayğacı analizator (Fluke6690) daxildir.

Vaxt və Tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS anteni ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir. Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa, vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonlarının və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

 

 

Ədalət.- 2011.- 15 aprel.- S. 7.