Kəmaləddin Heydərov səfirləri qəbul etdi

 

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 15-də ABŞ-ın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayzanı qəbul edib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları haqqında, habelə nazirlik tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. Görüşdə, həmçinin vacib infrastrukturun mühafizəsi, Xəzər dənizində baş verə biləcək fəlakətlərin aradan qaldırılması ilə bağlı təlimlər, daşqınların idarə olunması, ABŞ-ın Avropa Komandanlığı Ordu Mühəndis Korpusu ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Öz növbəsində, səfir Azərbaycan və ABŞ-ın müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Kəmaləddin Heydərov Macarıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı da qəbul edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. Səfir də öz növbəsində, görülmüş işləri yüksək qiymətləndirərək, hər iki dövlətin müvafiq qurumları arasında, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərilməsinin əhəmiyyətini qeyd edib.

 

 

Ədalət.- 2011 .- 16 aprel.- S. 3.